Kənan Kərimzadə “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransında iştirak edib
Fevralın 28-də Sumqayıt şəhərində “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransı keçirilib. “Şəhərsalma və Memarlıq İli”nə həsr edilən konfrans “Təşkilati mədəniyyət” və “Məktəb mühitinin pedaqoji dizaynı” mövzularını əhatə edib. Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə reallaşıb. 300 nəfər təhsil işçisinin qatıldığı konfransda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Milli Məclisin deputatı Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri, müəllimlər və psixoloqlar iştirak ediblər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva konfans iştirakçılarını salamlayaraq regionda təhsil sahəsində əldə olunan nəticələr haqqında məlumat verib. İdarə müdiri tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin cəmiyyətə, dövlətə faydalı vətəndaş kimi yetişməsi, idarəetmədə şəffaflıq və obyektivliyin təmin edilməsinin əsas prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında milli inkişafın təminatında təhsilin müstəsna rolu olduğunu dilə gətirərək belə bir tədbirin ikinci böyük sənaye şəhəri olmaqla yanaşı elm, təhsil və mədəniyyət mərkəzi hesab edilən Sumqayıtda keçirilməsindən məmnun olduğunu söyləyib. Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi ilə icra olunan dövlət strategiyaları, o cümlədən dövlət proqramları nəticəsində ölkədə genişmiqyaslı islahat tədbirlərinin həyata keçirilməsindən və bu islahat tədbirlərinin təhsil sahəsini də əhatə etməsindən bəhs edib. Elm və təhsil nazirinin müavini bildirib ki, Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub və bu işin mərkəzində məhz Azərbaycan müəllimi durur. Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin konfrans iştirakçılarına videomüraciəti nümayiş etdirilib. Milli Məclisin deputatı Mehriban Vəliyeva "Azərbaycanın müasir mədəniyyət modeli üçün təhsildə mədəniyyət konsepsiyası" adlı təqdimatında “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na diqqət çəkərək milli-mənəvi dəyərlərə və qlobal çağırışlara cavab verən müasir mədəniyyət modelinin formalaşması məsələsinə toxunub. Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva və Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsil siyasəti və təhlili üzrə magistratura pilləsinin məzunu Lalə Əliyevanın təqdimatları ilə davam edib. Konfrans çərçivəsində "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə nazir müavini Kənan Kərimzadə ilə sual-cavab sessiyası keçirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsi”nə və “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına əsaslanıb. Konfransın keçirilməsində əsas məqsəd qabaqcıl müəllimlərin və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək və təşviq etmək, səmərəli əməkdaşlığa təkan vermək və regional diskussiya platforması yaratmaqdır.
28/02/2026 18:01
Həsən Həsənli Dövlət Proqramı məzunları üçün karyera sərgisində iştirak edib
ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib. Sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə iştirak ediblər. Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətimizin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb. Nazir müavini qeyd edib ki, xaricdə təhsilə dair Dövlət Proqramı ölkəmizdə rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur. ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev isə Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb. Rəsmi hissənin ardınca açıq elan olunan karyera sərgisində 40-dan çox nüfuzlu dövlət və özəl qurum təmsil olunub. Məzunlar birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
28/02/2026 17:02
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
Fevralın 27-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb. Görüş çərçivəsində ümumi və peşə təhsili sahələrində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
27/02/2026 17:30
Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib
Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
27/02/2026 17:00
Elm və təhsil naziri Sumqayıtda təhsil müəssisəsində olub
Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub. Məlumat verilib ki, təhsil müəssisəsi 2021-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda 3008 şagirdin təhsil aldığı məktəbdə 135 nəfər pedaqoji, 39 nəfər isə texniki işçi çalışır. Sinif otaqlarına baxış zamanı nazir STEAM və “Rəqəmsal bacarıqlar” layihələrinin tədris prosesi ilə yaxından maraqlanıb, dərslərin təşkilini izləyib və şagirdlərlə fikir mübadiləsi aparıb. Şagirdlərin təqdim etdikləri layihə və praktiki işlərlə tanış olan nazir sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfər çərçivəsində elm və təhsil naziri təhsil müəssisəsində yaradılmış, imtahanların təşkili üçün nəzərdə tutulan MİQ mərkəzinə də baxış keçirib. Nazir həmçinin məktəbin kitabxanasındakı mövcud şəraitlə tanış olub, şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması və oxu mədəniyyətinin təşviqinin təhsil prosesinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, məktəblə tanışlıq zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da iştirak ediblər.
27/02/2026 12:53
Elm və təhsil naziri Türkiyənin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin nümayəndələri ilə görüşüb. Görüş çərçivəsində təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
26/02/2026 17:00
Emin Əmrullayev Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb. Görüş çərçivəsində Macarıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
26/02/2026 15:00
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Fevralın 26-da Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib. Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub.
26/02/2026 12:00
Nazir müavini Firudin Qurbanov AMEA-nın Ümumi yığıncağında iştirak edib
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Anar İsgəndərov, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2025-ci il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər. Əvvəlcə 2025-ci ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub. İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, hesabat ilində dünyasını dəyişmiş müxbir üzvlərin, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli “Azərbaycanşünaslıqdan rəqəmsallaşmaya və beynəlxalq əlaqələrə” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bu gün elmi araşdırmaları, yaradıcı cəmiyyətləri, innovativ fəaliyyətləri yüksək olan ölkələr böyük inkişafa nail olublar. Nazir müavini xatırladıb ki, AMEA-nın 80 illik yubileyindəki nitqində Prezident İlham Əliyev süni intellekt, rəqəmsal texnologiyaların inkişafı və kibertəhlükəsizliyi ölkəmizin gələcək prioritet istiqamətləri kimi müəyyən edib, bunun üçün elmi potensialın səfərbər edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısının müvafiq Fərmanından irəli gələrək elm və təhsil sahəsində aparılan struktur islahatlarından danışan nazir müavini optimallaşma nəticəsində hazırda 15 elmi müəssisənin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyini, əsas məqsədin təhsil, elm və istehsalat arasında inteqrasiyanın təmin edilməsi olduğunu bildirib. Firudin Qurbanov diqqətə çatdırıb ki, qəbul olunan “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qarşıda mühüm vəzifələr müəyyənləşdirir, bu istiqamətdə yeni layihələr həyata keçirilir, təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki, təhsil, tədqiqat və innovasiyalar arasında əlaqələrin bundan sonra da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə sistemli tədbirlər davam etdiriləcək. Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “AMEA-nın, elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında” məruzəsi dinlənilib. Tədbirdə, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, AMEA-nın müşaviri Yaqub Mahmudov çıxış ediblər. Həmçinin akademik Əli Abbasovun “Rəqəmsal elm və süni intellekt”, AMEA-nın Gənclər Akademiyasının sədri Elmir Babayevin “Gənc Alimlər Şurasından – Gənclər Akademiyasına” və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavərinin “AMEA-nın tabeliyində olan elmi-tədqiqat müəssisələrinin elmimetrik reytinq göstəriciləri” mövzularında məruzələri dinlənilib. Sonda AMEA-nın Ümumi yığıncağının qərarı səsləndirilib.
25/02/2026 16:00
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib
Fevralın 25-də elm və təhsil nazirinin müavini İdris İsayev Xırdalan şəhərində vətəndaşları qəbul edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri əsasən direktorların işə qəbulu, iş yerinin dəyişdirilməsi, ali təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini İdris İsayev qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
25/02/2026 14:20
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı