Avropa çempionatından 3 qızıl medal
Xorvatiyanın Poreç şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib. Yeniyetmələrdən ibarət milli yığma komandanın tərkibində çıxış edən Təhsil Nazirliyinin 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Nizami İmranov (60 kq), Fidan Əlizadə (57 kq), 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Şahin Oruczadə (55 kq) I yeri, həmin liseyin idmançıları Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq), Əli Hacızadə (73 kq) III yeri tutub. 40 ölkə, 428 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazanaraq medal sayına görə birinci yerə, komanda hesabında isə üçüncü yerə çıxıb. Qeyd edək ki, Azərbaycan yığma komandası Avropa çempionatında 14 nəfər idmançı ilə təmsil olunub. Onlardan 10 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələridir.
29/06/2022 15:25
"Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin məzunları təltif edilib
İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri üçün həyata keçirilən “Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov, "Alqoritmika" şirkətinin nümayəndəsi Qəmər Məmmədova, universitetin professor-müəllim heyəti, layihəyə qatılan tələbələr və digər qonaqlar iştirak ediblər. Salamlama nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov qeyd edib ki, 2021-2022-ci tədris ilində riyaziyyat-informatika müəllimliyi və informatika müəllimliyi ixtisasları üçün ilk dəfə məhz ADPU-da keçirilən təhsil layihəsi 160 tələbəni əhatə edib. Rektor bildirib ki, tələbələrin rəqəmsal bacarıqları daha dərindən mənimsəməsi üçün universitetdə ən son kompüterlərlə təchiz olunmuş 5 yeni laboratoriya qurulub. Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev layihə üzrə məzun olan tələbələri təbrik edərək, rəqəmsal bacarıqların müasir dünyadakı roluna diqqət çəkib. Nazir ADPU-nun ölkəmizin ixtisaslaşmış müəllim hazırlığı mərkəzi olduğunu və buna görə də məhz bu universitetdə bu cür yeni yanaşmaların tətbiqi, yeni nəsil müəllim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin strateji önəmini vurğulayıb. "Alqoritmika" şirkətinin nümayəndəsi Qəmər Məmmədova da öz növbəsində layihə haqqında daha ətraflı məlumat verib, Təhsil Nazirliyi ilə birgə tələbə və şagirdlərdə rəqəmsal bacarıqların təşviqi istiqamətində layihələri davamlı icra edəcəklərini bildirib. Tədbirdə qeyd edilib ki, cari ilin 15 fevral - 31 may tarixləri aralığında davam edən layihə fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanaraq təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Layihənin məzmununun universitetin tədris planına daxil edilməsi də nəzərdə tutulur. Layihənin gedişi haqqında qısa videoçarxın nümayişindən sonra təlimlərin yekun nəticələrinə görə ən yüksək nailiyyət göstərmiş üç tələbə təqdimatla çıxış edib. Sonda layihədən məzun olan tələbələrə sertifikatlar təqdim olunub.
29/06/2022 14:20
Beynəlxalq turnirdən yüksək nəticə
Rumıniyanın Georgeni şəhərində boks idman növü üzrə yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnir keçirilib. 12 ölkədən 212 idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycan milli yığma komandası 8 nəfər idmançı ilə təmsil olunub. Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Məhəmmədəli Aşurəliyev (54 kq) I yeri, qızların mübarizəsində həmin məktəbin idmançıları Mikayılova Aynur (52 kq), Nərmin Əlizadə (50 kq) və Tərtər rayon uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aysu İsmayılova II yeri tutub. Qeyd edək ki, beynəlxalq turnirdə əldə edilən xallara görə komanda hesabında oğlanlardan ibarət Azərbaycan millisi ikinci, qızlar üçüncü yeri tutub.
29/06/2022 10:30
Xaricdə təhsil üzrə müsahibələr davam edir
İyunun 28-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə start verilib. Proqram çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olaraq sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti müsahibə mərhələsinə keçid əldə edirlər. Müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə əsasən namizədlər haqqında yekun qərar verilir. Qeyd edək ki, iyunun 6-dan Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanılıb və son müraciət tarixi 15 iyul 2022-ci il saat 23:59 müəyyən edilib. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
29/06/2022 10:00
Təhsil naziri Mingəçevir Dövlət Universitetində olub
İyunun 28-də təhsil naziri Mingəçevir Dövlət Universitetində (MDU) olub. Nazir əvvəlcə MDU-nun cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət “Poster Sessiyası”na baxış keçirib. Mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunları ilə səmimi söhbət edən nazir onların tədqiqat işlərinin nəticələri ilə tanış olub və məmnunluğunu ifadə edib. Daha sonra təhsil naziri universitetin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Emin Əmrullayev ölkəmizdə ali təhsilin inkişafına dövlət başçısı və Birinci vitse-prezident tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, MDU-nun son illərdəki uğurlu inkişafını vurğulayıb, ali təhsilin əlçatanlığının artırılması istiqamətində görülən işlərdən danışıb, bu təhsil səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. Səmimi formatda keçən görüşdə təhsil naziri iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Emin Əmrullayev MDU Məzun Günü – 2022 tədbirində də iştirak edib. Məzunları təbrik edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlara Fəxri Fərmanlar təqdim edən nazir məzunlarla xatirə şəkilləri çəkdirib. Sonda MDU-nun yeni kampusunun tikiləcəyi əraziyə baxış keçirilib və layihə haqqında nazirə məlumat verilib.
28/06/2022 20:00
Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizlik Laboratoriyasının açılışı olub
İyunun 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Kiber Təhlükəsizlik Laboratoriyasının açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və digər qonaqlar iştirak ediblər. Qonaqlar Laboratoriyada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, Laboratoriya Təhsil Nazirliyinin qrantı əsasında həyata keçirilən “Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb. Cari ilin yanvar-iyun aylarında icra edilən layihənin əsas məqsədi İnformasiya texnologiyaları təhsili sahəsində MDU-nun potensialını artırmaqdan, kiber təhlükəsizlik üzrə modern təhsil modeli yaratmaqdan, tələbə, müəllim, məzun və tərəfdaşlar arasında kiber təhlükəsizliklə bağlı maarifləndirmə işini gücləndirməkdən ibarətdir. Laboratoriya kiber təhlükəsizlik və bütövlükdə İnformasiya texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssis-mühəndislər hazırlamağa imkan verəcək və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən platforma rolunda çıxış edəcək. Qeyd edilib ki, Laboratoriyanın yaradılmasında Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professorları Ercan Nurcan Yılmaz və Cemal Yılmaz yaxından iştirak ediblər. Laboratoriyada mövcud olan 22 kompüter kiber təhlükəsizliklə bağlı müvafiq proqram təminatına malikdir. İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə seçilmiş fənlərin tədrisinin həyata keçiriləcəyi Laboratoriya müvafiq istiqamətlər üzrə tədqiqatların aparılmasına da imkan verəcək.
28/06/2022 19:37
"Azərbaycan Rektorlar Konfransı" layihəsi çərçivəsində növbəti toplantı baş tutub
Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində növbəti toplantı baş tutub. Toplantıda təhsil nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihənin üzvü olan universitetlərdən 11 rektor və digər səlahiyyətli nümayəndələr iştirak edib. Görüşün əsas məqsədi layihə çərçivəsində Rektorlar Konfransının Nizamnamə layihəsinin və layihədə indiyə qədər görülən işlər, eləcə də perspektiv iş planlarının müzakirəsi olub. Tədbiri giriş sözü açan Bakı Biznes Universitetinin rektoru İbad Abbasov sözügedən layihənin icrası və uğurları barədə məlumatları diqqətə çatdırıb. Daha sonra təhsil nazirinin müavini İdris İsayev çıxış edərək təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdən və qarşıda duran tapşırıqlardan bəhs edib. İdris İsayev “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəminə toxunaraq qeyd edilən məqsədlərə nail olmaqda faydalı olacağını bildirib. Nazir müavini ali təhsil sistemində koordinasiya və əməkdaşlığın gücləndirilməsi, ali təhsil müəssisələri arasında müsbət təcrübələrin bölüşülməsi, beynəlxalq təcrübələrin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin əldə edilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından layihənin uğurlu addım olduğunu və bu baxımdan Təhsil Nazirliyinin dəstəyini ifadə edib. Nazir müavini ali təhsil müəssisələrinin layihədə yaxından iştirakının vacib olduğunu xüsusilə diqqətə çatdırıb və toplantının işinə uğurlar arzu edib. Layihənin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin icrası haqqında geniş təqdimatla çıxış edib. Toplantıda Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitinin rektoru Havar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov çıxış edərək layihənin ali təhsilin inkişaf etdirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Çıxışçılar Rektorlar Konfransının strukturu, fəaliyyət mexanizmi və digər məsələlər barəsində suallar və təkliflərlə müzakirələr aparıblar. Müzakirələrdə təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək Rektorlar Konfransının real nəticələr əldə etməklə beynəlxalq proses və çağırışlara daha yaxşı inteqrasiya olunmaq üçün mühüm vasitə olduğunu və bu istiqamətdə layihənin uğurla həyata keçirildiyini qeyd edib. Yekunda təhsil nazirinin müavini İdris İsayev toplantının yekunlarına dair çıxış edərək hər kəsə uğurlar arzu edib.
28/06/2022 18:05
Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib
İyunun 28-də Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyəti iştirak edib. Forumdan əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb. Sonra Forum öz işinə başlayıb. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ATİAHİ RK-nın fəaliyyətindən danışıb. Səttar Möhbalıyev qeyd edib ki, ATİAHİ RK-nın təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də UAESEB-dir. Bu birlik 2006-cı ildə “Türk Egitim-Sen”, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub. Bu birliyin yaradılması türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. AHİK sədri UAESEB-in XIV Forumunun fəaliyyətinə uğurlar arzulayıb. Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Forumun əhəmiyyətindən, təhsil sahəsində türkdilli ölkələr arasında əlaqələrin inkişafından və son illərdə Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərdən bəhs edib. Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və “Türk Egitim-Sen”in sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişafdadır. Çıxış edən Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, “Kipr Türk Məmur-Sen”in sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və Özbəkistan Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Ravşan Bedilov ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-in ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Tədbirin sonunda UAESEB-in XIV Forumunun yekun Bəyanatı səsə qoyularaq qəbul edilib. AZƏRTAC
28/06/2022 17:00
Azərbaycan-Fransız Universitetində "Məzun günü"
İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) "Məzun günü" keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ADNSU-nun rektoru professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, UFAZ-ın İcraçı Direktoru Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və məzunlar iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı UFAZ-ın bu il 39 magistr və 139 bakalavr məzununun olduğunu bildirib. Rektor qeyd edib ki, 7 UFAZ məzunu bu il dünyanın TOP 50 siyahısında olan universitetlərə tam təqaüdlə qəbul olunub. Mustafa Babanlı məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov UFAZ tələbələrinin məzun olduğu ixtisasların ölkə üçün vacibliyini qeyd edib və məzunları ölkəmizin müasir quruculuğunda və azad olunmuş ərazilərin yenidənqurulmasında aktiv iştirak etməyə səsləyib. Fransanın ölkəmizdəki səfiri Zakari Qross UFAZ-ı seçdiklərinə görə gənclərə təşəkkür edib. Səfir qeyd edib ki, inkişaf edən Azərbaycan qarşısında duran çağırışlardan biri də enerji tranzisiyası – karbon emissiyasının azaldılmasıdır. Səfir UFAZ məzunlarını öz bilikləri ilə bu işə töhfə verməyə çağırıb. UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və Baş katibi Elizaveta Bydanova tələbələrin nailiyyətləri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, bu il bakalavr pilləsini bitirən 29 nəfər UFAZ məzunu xaricdə təhsillərini magistratura pilləsində davam etdirəcək. UFAZ məzunları Ləman Cəlilova və İlkin Səfərli isə universitetdə təhsil aldıqları müddət ərzində aldıqları təəssüratları bölüşüblər. Rəsmi hissədən sonra məzunlara sertifikatlar təqdim olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.
28/06/2022 16:00
Mingəçevirdə STEAM Mərkəzi istifadəyə verilib
İyunun 28-də Mingəçevir şəhərində D.Nağıyev adına 9 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və digər qonaqlar iştirak ediblər. Qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, sözügedən Mərkəz ölkə üzrə 14-cü STEAM Mərkəzidir. Bu günədək Mingəçevir şəhər R.Muradov adına Texniki Humanitar lisey, 7 nömrəli tam orta məktəb, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə STEAM layihəsi tətbiq olunub. Mingəçevir üzrə 21 müəllim ümumilikdə təlimlərdən keçib. Layihə 575 şagirdi əhatə edir. Qeyd edək ki, STEAM layihəsinin hər kəsə əlçatanlığının təmin edilməsi, həmçinin bu istiqamətdə xüsusi bilik və bacarıqlara malik təhsilalanların dərsdənkənar fəaliyyətinin həyata keçirilməsi, dünya səviyyəli yarış, müsabiqə və olimpiadalara hazırlığının təşkili məqəsdilə ölkə üzrə müxtəlif regionlarda STEAM Mərkəzləri yaradılmaqdadır.
28/06/2022 14:15
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı