Şagird sayı 500-dək olan məktəblərə direktor seçimi üçün elektron sənəd qəbulu başa çatıb
İyunun 30-da şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb. Sənəd qəbulu prosesində 1500-dən artıq namizəd iştirak edib. Hazırda yerli təhsili idarəetmə orqanları tərəfindən namizədlərin sənədləri yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra növbəti mərhələlərə start veriləcək. Belə ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Həmçinin ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər. Sözügedən kateqoriya üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi başa çatdıqdan sonra şagird sayı 500 nəfərdən artıq olan və direktor vəzifəsin vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi həyata keçiriləcək. Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında 5 ballıq şkala ilə qiymətləndirilir. - emosional intellekt; - kommunikasiya və komanda qurmaq bacarığı; - təqdimetmə bacarığı; - liderlik; - problem həlletmə bacarığı. Namizədlər hər bir meyar üzrə minimum 3 bal toplamaq şərtilə ortalama 3,5 bal topladıqda müsahibə mərhələsində uğur qazanacaq.
01/07/2022 15:35
Təhsil naziri Lənkəranda vətəndaşları qəbul edəcək
Təhsil naziri Emin Əmrullayev 22 iyul 2022-ci il tarixində Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qeyd olunan şəhər və rayonların sakinləri 1 – 15 iyul 2022-ci il (saat 18:00-dək) tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcəkdir. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
01/07/2022 14:40
UNEC-də "Məzun günü" keçirilib
İyunun 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Məzun günü" keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov 3478 bakalavr, 1678 magistr olmaqla, 5166 tələbənin məzun olduğunu deyib. Məzunları təbrik edən rektor, onları qarşıda yeni sınaqların gözlədiyini, bu parlaq gənclərin bütün sınaqların öhdəsindən layiqincə gələrək, uğur qazanacaqlarından əminliyini ifadə edib. Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev UNEC-in ali təhsil müəssisələri arasında özünəməxsus yeri olduğunu və ölkənin iqtisadi inkişafına dəyərli töhfələr verdiyini bildirərək, ölkənin bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu deyib. Məzunlara təbriklərini çatdıran təhsil naziri, onlara özlərini daim inkişaf etdirməyi tövsiyə edib. "Məzun günü"ndə iştirak edən Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə konsulu, Fransız İnstitutunun direktoru Kelle Jerome UNEC ilə Fransanın Montpellier Universiteti arasında 6 ildir ki, reallaşdırılan ikili diplom proqramının əhəmiyyətindən söz açıb. Sonra UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramlarının məzunlarına həmin universitetin diplomları təqdim olunub. "Məzun günü"ndə UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,58) ilə bitirən və adı UNEC-in Fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Nihad Paşazadə çıxış edib. Sonra bütün məzunların andiçmə mərasimi keçirilib və UNEC bayrağı III kursu ən yüksək ortalama ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Ayan Nəbiyevaya təhvil verilib. "Məzun günü" konsert proqramı ilə davam etdirilib.
01/07/2022 14:05
Lisey və gimnaziyaların seçimi davam edir
İyulun 4-dək mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlarda uğur qazanan şagirdlər əldə etdikləri nəticələrə əsasən, 3 fərqli lisey və ya gimnaziya seçimi edə bilərlər. Eyni zamanda qeyd edilən tarixədək valideynlər tərəfindən seçilən lisey və gimnaziyalar yenilənə və ya ardıcıllığı dəyişdirilə bilər. Bugünədək artıq 9491 şagird təhsil almaq istədikləri lisey və ya gimnaziya üçün seçim edib. Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçirilən lisey və gimnaziyaların siyahısı ilə tanış ola bilərsiniz. Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar: • Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası; • Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya; • Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası; • Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi; • Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey; • Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey; • Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey; • Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey; • Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; • Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey; • Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey; • Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya. Digərləri: • Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey; • Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi; • Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; • Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; • Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey; • Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.
01/07/2022 12:30
Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu davam edir
2022-2023-cü il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi işləmək istəyən şəxslərin qeydiyyat prosesi davam edir. Namizədlər 13 iyul tarixinədək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər. 20 iyul tarixinədək ərizələri təsdiq edilən namizədlər 1 avqustda baş tutacaq qanunvericilik və məntiqə aid suallardan ibarət imtahanda iştirak edəcəklər. Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi isə elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Peşə təhsili müəssisələrinə direktorların və direktor müavinlərinin işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir: * Direktor - Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər; * Direktor müavinləri – Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər. Namizədlər vakant yerlərin siyahısı və təlimat videosu ilə onlayn qaydada https://vet.edu.gov.az/az saytı vasitəsilə tanış ola bilərlər. Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub. Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik!
01/07/2022 12:00
Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi keçiriləcək
11 – 16 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Qubada siyasi elmlər və diplomatiya üzrə yay məktəbi təşkil ediləcək. Yay məktəbinin keçirilməsində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır. Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə siyasi elmə marağın artırılmasına hədəflənən yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: • Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri; • Yuxarıda qeyd olunan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son iki ildə məzun olmuş gənc peşəkarlar.; • Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə bacarığı, komanda işi, şəxsi səmərəlilik, düzgün qərarlar qəbul etmək bacarıqların sahib gənclər. Yay məktəbində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur: https://forms.gle/AjNQm8kc9nNaBgU78 Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi 5 iyul 2022-ci il müəyyən edilib. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq. Yay məktəbinin bir çox sessiyaları ingilis dilində nəzərdə tutulduğundan, ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyətinin olması (Digər dilləri bilmək üstünlükdür) arzuolunandır. Qeyd edək ki, yay məktəbi zamanı yüksək ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır. Əlaqə: apply@konullu.edu.az (Subject: Summer School) Qeyd: Təlimlər ingilis və azərbaycan dillərində keçiriləcək.
01/07/2022 10:00
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi
İyunun 30-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Şagirdlərimizin beynəlxalq olimpiada nəticələrinin ildən-ilə yaxşılaşdığını diqqətə çatdıran Emin Əmrullayev deyib ki, Azərbaycanın bütün beynəlxalq olimpiadalarda göstərilən nəticələrə əsasən tutduğu yerlər yüksək qiymətləndirilməlidir və hər olimpiadadan medalla geri dönüş sevindirici bir haldır. İşğaldan azad edilmiş ərazilərimizdə məktəblilərimiz üçün olimpiadalara hazırlıq mərkəzlərinin, laboratoriyaların yaradılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri olimpiadanın coğrafiyasının genişləndirilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Emin Əmrullayev çıxışının sonunda olimpiadanın təşkilində dəstək olan hər kəsə təşəkkür edib, bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb. Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya – “Birincilərin birincisi"nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim edilib. Bildirilib ki, olimpiadaların nəticələrinə əsasən, 186 şagird bürünc, 139 şagird gümüş, 72 şagird isə qızıl medal qazanıb. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
30/06/2022 19:45
“Planet Calling” adlı sərgi keçirilib
Bakı Dənizkənarı Bulvarda NARGIS nəşriyyat evinin ətraf mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunmuş “Planet Calling” adlı sərgisinin açılışı həyata keçirilib. Sərgidə təkrar emalı çətin olan materiallar və sənaye tullantılarından hazırlanmış 13 instalyasiya, həmçinin Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının gənc ekoloqlarının təqdim etdiyi “Gələcəyin enerjisi” əsəri nümayiş edilib. Açılışda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov sərginin adının çox mühüm çağırışlar etdiyini vurğulayıb. Nazir müavini cənab Prezident İlham Əliyevin səyləri əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə ekoloji tarazlıq probleminə böyük diqqət yetirildiyini və bu prosesdə NARGIS nəşriyyat evinin fəaliyyətindən bəhs edib. Firudin Qurbanov həmçinin gənc nəslin ekoloji maarifləndirilməsi və tərbiyəsi probleminə toxunaraq sərgidə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin işlənmiş batareyalardan hazırladıqları instalyasiyanı xüsusi qeyd edib, Mərkəzin “Yaşıl Şəbəkə” hərəkatının nəzdində fəaliyyət göstərən “Ekoklub”un dəstəyi ilə təhsil müəssisələrində keçirilən təlimlərin əhəmiyyətindən danışıb. "Gələcəyin Enerjisi” instalyasiyanın hazırlanmasında iştirak edən ekoklub dərnək üzvləri sərginin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib. Çıxış edən məktəblilər ətraf mühitin mühafizəsi ideyalarından ilhamlanan enerjinin heç zaman tükənməməsi və yalnız bir formadan digər formaya keçməsi konsepsiyasını reallaşdıraraq, batareyaların elektrik enerjisini incəsənət və yaradıcılıq enerjisinə çevirə bildiklərini qeyd ediblər. Qonaqlar ekspozisiya ilə tanış olduqdan sonra bulvarda ağac əkilib. Qeyd edək ki, sərgi Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Baku Steel Company QSC, Bakı Nəqliyyat Agentliyi, Dövlət Radiotezliklər İdarəsi, “Space 13”-ün dəstəyi ilə həyata keçirilib. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və NARGİS nəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilən “Planet Calling” adlı ekoloji layihə çərçivəsində cari ilin may-iyun aylarında Bakı şəhəri 40 ümumtəhsil məktəbində fəaliyyət göstərən ekoloji profilli dərnəklərdə Mərkəzin peşəkar rəssam və heykəltəraşları tərəfindən xüsusi təlimlər keçirilib.
30/06/2022 14:20
Bakı Dövlət Universitetində "Məzun günü" keçirilib
İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) "Məzun günü" keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetin 103 illik zəngin tarixinə toxunub. Qeyd edib ki, BDU bundan sonra da ölkəmizin yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcək. Rektor çıxışının sonunda məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Sonra tələbələrin ifasında BDU-nun himni səsləndirilib. Məzunları təbrik edən təhsil naziri Emin Əmrullayev bildirib ki, BDU Azərbaycan təhsil tarixinin ən vacib flaqmanıdır. BDU yalnız burda oxuyanların deyil, hər bir azərbaycanlının universitetidir. Çünki Azərbaycanın ali təhsil tarixi məhz bu universitetlə başlayır. Nazir çıxışının sonunda məzunları təbrik edib, onlara Azərbaycana layiqli vətəndaş olmağı arzu edib. Gənclər və idman naziri Fərid Qayıbov da öz növbəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Çıxış edən BDU-nun Himayəçilər Şurasının üzvü, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Vətən Müharibəsi dövründə 1-ci korpusun qərargah rəisi, “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Suqovuşanın”, “Ağdamın azad edilməsinə görə” medalları ilə təltif edilən, ehtiyatda olan polkovnik Məhərrəm Həmidov, Milli Məclisin və BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Avropa çempionu olan milli mini-futbol komandamızın kapitanı, Tarix fakültəsinin builki məzunu Ceyla Həsənzadənin atası Ramin Həsənov məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Daha sonra BDU haqqında videoçarx nümayiş etdirilib. Sonra xüsusi fəallığı ilə seçilən 33 məzuna sertifikat və hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam etdirilib.
29/06/2022 21:00
Sumqayıt Dövlət Universitetində "Məzun günü" keçirilib
İyunun 29-da Sumqayıt Dövlət Universitetində "Məzun günü" qeyd edilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, universitetin rektoru Elxan Hüseynov, professor- müəllim heyəti, məzun tələbələr və digər qonaqlar iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsi ziyarət edilib və önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək son illərdə Sumqayıt Dövlət Universitetinin fəaliyyətində yeniliklər və müsbət dəyişikliklər müşahidə edildiyini diqqətə çatdırıb. Firudin Qurbanov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Sumqayıt Dövlət Universitetinin də fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına və inkişafına böyük zəmin yaradıb. Nazir müavini çıxışının sonunda tələbələri təbrik edib və məzunlara Vətən üçün layiqli, savadlı vətəndaşlar olmalarını tövsiyə edib. Daha sonra universitetin rektoru Elxan Hüseynov çıxış edərək məzun tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, 60 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Universitetində tədris prosesi müasir tələblərə uyğun olaraq həyata keçirilir. Son illərdə sözügedən təhsil ocağında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni ixtisaslar açılıb. Bütün bu işlər savadlı kadrların yetişdirilməsinə, gənclərin vətənpərvərlik və sağlam ruhda tərbiyəsinə xidmət edir. Sonra elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara Fəxri Fərman, mükafat və hədiyyələr təqdim olunub. Təqdimatdan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək məzunları təbrik edib və onlara uğurlar arzulayıb. İcra başçısı çıxışında Sumqayıt Dövlət Universitetinin bir qrup məzununun şəhərdə işlə təmin olunmasına şərait yaradılacağını diqqətə çatdırıb, universitetin bir qrup müəllimini səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib. Tədbir konsert proqramı ilə davam etdirilib.
29/06/2022 20:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı