Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SDU-nun əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Dekabrın 22-də Elm və Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.    Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə SDU-nun professor-müəllim heyətinin bir qrupunu yüksək dövlət mükafatlarına layiq görülməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.   Nazir 60 illik təcrübəsi olan bu ali təhsil ocağının müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına gələcəkdə də öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.    Daha sonra universitetin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.   Sonda SDU-nun rektoru Elxan Hüseynov çıxış edərək universitetin əməkdaşlarına göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.     

Emin Əmrullayev elmi-tədqiqat institutlarının direktorları ilə görüşüb

Dekabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarının direktorları ilə görüşüb.     Görüşdə elmin idarəolunması sahəsində əsas çağırışlar və nazirliyin bu sahədə görəcəyi işlər müzakirə mövzusu olub. Görüş çərçivəsində elm və təhsilin inteqrasiyasında beynəlxalq təcrübənin nəzərə alınması, elmin yeni maliyyələşmə mexanizmləri, elmi-tədqiqat institutları ilə birgə ali təhsil müəssisələrinin ikili magistratura proqramlarının hazırlanması ətrafında müzakirələr aparılıb. Eyni zamanda yeni qrant mexanizmlərinin yaradılması, elmi nəşrlərin keyfiyyət meyarları, 2023-cü təqvim ilində elmi-tədqiqat institutlarının qarşısında duran əsas problemlər, onların daha çevik həlli məsələləri ilə bağlı fikir və rəylər səsləndirilib.     Görüş zamanı elmi-tədqiqat institutlarının nəşrləri ilə bağlı təqdimat da nümayiş etdirilib.    

Təhsil tələbə kreditlərinin əhatə dairəsi genişlənir

Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda əlavə və dəyişikliklər edilib.    Qərara əsasən aşağıda qeyd edilmiş daha iki sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyadan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti ala biləcəklər:   Ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr;  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış tələbələr.           Qeyd edilən dəyişikliyə qədər mövcud qanunvericiliyə əsasən sosial təhsil tələbə kreditlərinin əhatə dairəsi aşağıdakı kimi idi:  Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;  Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;   Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:  Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;   İşsiz kimi qeydiyyatda olanlar;  Yaşa görə əmək pensiyası alanlar;  Yaşa görə sosial müavinət alanlar.  Qeyd edək ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr  www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.  

“Təhsil xərci” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Dekabrın 21-də sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib.    Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin sədr müavini Adil Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri iştirak ediblər.    Görüşdə çıxış edənlər qalibləri təbrik edərək ölkədə bütün istiqamətlərdə aparılan islahatlara savadlı kadrların fəal şəkildə cəlb edilməsinin vacibliyini, eləcə də gənclərin yeni çağırışlara cavab verən ölkə siyasətinə yaxından qoşulmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində gənclərin savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir və dövlət başçısının təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilir.    Görüş zamanı qalib gənclərlə bağlı infoqrafik videolar nümayiş etdirilib və onlarla müqavilələr imzalanıb.    Qeyd edək ki, 2022-ci ildə keçirilən müsabiqəyə əsasən 431 gəncin təhsil xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq.     

Azərbaycan Karyera İnkişaf Forumu keçirilir

Dekabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişaf Forumunun açılış mərasimi keçirilib.    Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri və digər qonaqlar iştirak ediblər.    “Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.    Forumda giriş nitqi ilə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanın çoxşaxəli məşğulluq siyasətindən danışıb.     Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev tələbələrin təhsil aldıqları dövrdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasının məşğulluğa töhfə verə biləcək vacib istiqamət olduğunu və bu yöndə təşviqedici təcrübə proqramlarının artırılmalı olduğunu qeyd edib. Nazir əmək bazarı ilə bağlı ciddi elmi-tədqiqatlara ehtiyac olduğunu, həmçinin özəl və dövlət sektorlarındakı işəgötürənlərlə ali təhsil müəssisələri arasındakı tələbə-təcrübə proqramlarının sayını dəfələrlə artırmağın vacibliyini vurğulayıb.    Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gənclərin işsizlik problemi ilə bağlı nazirlikdə müəyyən işlər və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.    Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də öz növbəsində rəhbərlik etdiyi qurum tərəfindən Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə 15-16 yaşlı yeniyetmələr arasında ixtisas seçimi ilə bağlı yeni metodikanın tətbiqinə başlanıldığını diqqətə çatdırıb.    Açılış mərasimindən sonra forum panellərlə davam etdirilib.    Qeyd edək ki, forum çərçivəsində “Karyera mərkəzlərinin yaratdığı fürsətlər”, “Peşəkar karyera mühitində yeni çağırışlar”,”İş mühitində davamlı inkişafı necə təmin etməli?” mövzularında panellər təşkil ediləcək.   

Tələbələr arasında minifutbol üzrə çempionat başa çatıb

Dekabrın 20-də Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən minifutbol üzrə çempionata yekun vurulub.      Çempionatın final qarşılaşmasında III yer uğrundakı oyunda Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə Bakı Dövlət Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.   Oyunlardan sonra çempionatın bağlanış mərasimi keçirilib.    Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, SDU-nun rektoru Elxan Hüseynov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, tərəfdaş qurumların rəhbər şəxsləri, rektorlar, veteran futbolçular və digər rəsmi şəxslər iştirak ediblər.    Sonda qalib komandalar diplom, medal, kubok, hədiyyələrlə mükafatlandırılıb və yarışlarda fərqlənən 3 tələbə-futbolçu “Ən yaxşı hücumçu”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub. Eyni zamanda SDU-ya xatirə kuboku da təqdim edilib.    Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, ATİAHİ Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “AzFar group” QSC-nin dəstəyi ilə keçirilən çempionatda ümumilikdə 480 tələbə qeydiyyatdan keçib. Oyunlarda isə 16 komanda iştirak edib.        Çempionatın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol idman növünü təbliğ etmək, perspektivli idmançıları aşkar etmək və onların ustalardan ibarət komandalara cəlb edilməsinə zəmin yaratmaqdır.   

2022-ci təqvim ili rəqəmlərdə - HTP çərçivəsində xaricdə təhsil

2022-2023-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda 149, Çində 31, Rumıniyada 3, Rusiyada (MGIMO) 10, Latviyada 10, Türkiyədə (YTB xətti ilə doktorantura üzrə) 7, Qazaxıstanda 1, ümumilikdə isə 211 tələbə dünyanın 7 müxtəlif ölkəsinə aid 44 ali təhsil müəssisəsində təhsil imkanı əldə edib.  

2022-ci təqvim ili rəqəmlərdə - Dövlət Proqramı çərçivəsində xaricdə təhsil

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 18 ölkəsinə aid 111 ali təhsil müəssisəsində 353 nəfər (80 nəfər bakalavriat, 273 nəfəri isə magistratura) təhsil almaq hüququ qazanıb.

Elm və təhsil naziri rektorlarla görüşüb

Dekabrın 20-də Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.    Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.     Görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri, mövcud resurslardan düzgün istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Eyni zamanda əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsi ilə bağlı inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.     Görüş zamanı İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov 2014-2020-ci illər ərzində bakalavriat səviyyəsi üzrə məzun olan tələbələrin məşğulluğu,  Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov isə pedaqoji profilli ixtisaslar üzrə ali təhsil müəssisələrindən məzun olmuş tələbələrin 2022-2023-cü tədris ilində keçirilmiş MİQ imtahanlarındakı nəticələrinə dair statistik təhlili iştirakçıların diqqətinə çatdırıb.     Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib. 

Beynəlxalq “Təhsil” turniri başa çatıb

19 dekabrda Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında keçirilən beynəlxalq “Təhsil” turnirinə yekun vurulub.    Yerli və əcnəbi hakimlərin idarə etdiyi yarışın ilk iki günündə sərbəst güləş, növbəti iki günündə isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.    Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Böyük Britaniya, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak edib.    Yarışda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları 8 çəki dərəcəsində sərbəst güləş üzrə 4 qızıl, 4 gümüş, 5 bürünc, yunan-Roma güləşi üzrə isə 4 qızıl, 4 gümüş, 8 bürünc olmaqla ümumilikdə 29 medal qazanıblar.    Turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsidir.     

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı