Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb
2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb. Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub. Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar. Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir. Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir. Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21000-dən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.
25/03/2026 14:01
Nazir müavini UNESCO-nun Qlobal Təhsil Koalisiyasının illik iclasında çıxış edib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti 24 mart 2026-cı il tarixində UNESCO-nun mənzil-qərargahında keçirilən Qlobal Təhsil Koalisiyasının 6-cı iclasında iştirak edib. Tədbir çərçivəsində Həsən Həsənli “Təhsildə Rəqəmsal Transformasiyanın Təsiri İmkanları” adlı nazirlər panelində çıxış edib. Nazir müavini “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində son illərdə əldə olunnuş nəticələr, rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər və süni intellekt həllərinin təhsil sisteminə inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edək ki, Qlobal Təhsil Koalisiyası ilk dəfə 2020-ci ildə COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərinin azaldılması məqsədilə yaradılıb, daha sonra isə fövqəladə hallarda təhsilin davamlılığının təmin olunması və təhsil sistemlərinin transformasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətini genişləndirib. Hazırda 112 ölkədə fəaliyyət göstərən Koalisiya vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor daxil olmaqla 220-dən çox institusional tərəfdaşı bir araya gətirir. 2021-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Qlobal Təhsil Koalisiyasına maliyyə töhfəsi verərək onun əsas donarlarından biridir.
24/03/2026 18:00
İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub. Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib. Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb. Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib. Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir. https://president.az
23/03/2026 12:11
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 13.04.2026-cı il tarixindən başlayaraq 30.04.2026-cı il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18/03/2026 17:38
Emin Əmrullayev təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik mövzusunda təcrübəsini bölüşüb
Martın 17-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsi çərçivəsində baş tutan sayca 10-cu görüşün qonağı elm və təhsil naziri Emin Əmrullayev olub. Nazir çıxışına başlamazdan əvvəl görüş iştirakçılarını Torpaq çərşənbəsi münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. “Təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik təcrübəsi” mövzusunda çıxış edən nazir öz peşəkar fəaliyyət yolu və bu müddət ərzində qazandığı təcrübələr barədə iştirakçılarla fikirlərini bölüşüb. Nazir çıxışında uğur anlayışına da toxunaraq qeyd edib ki, uğurlu olmaq hər bir insan üçün fərdi məna daşıyır, uğur yalnız nəticə ilə deyil, eyni zamanda insanın özünü xoşbəxt və faydalı hiss etməsi ilə ölçülür. Emin Əmrullayev vurğulayıb ki, uğurlu olmağın əsas komponentləri sırasında fərdi bacarıqlar və fitri istedadla yanaşı, ən vacib amillərdən biri mühitdir. Nazir sağlam və inkişafyönümlü mühitin formalaşmasının həm fərdi inkişafda, həm də peşəkar uğurun əldə olunmasında həlledici rol oynadığını qeyd edib. Görüş zamanı eyni zamanda qərarvermə prosesində məsuliyyət, öyrənmə bacarığı, davamlı inkişaf və komanda ilə işləməyin əhəmiyyəti kimi məsələlərə də toxunulub. İnteraktiv formatda keçirilən görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb və açıq müzakirələr aparılıb. Qeyd edək ki, “Danışır təcrübə” layihəsinin əsas məqsədi müxtəlif sahələrdə uzunillik təcrübəyə malik peşəkarların iştirakı ilə nazirliyin və tabeli qurumların əməkdaşları üçün praktik bilik və bacarıqların paylaşılması, onların şəxsi və peşəkar inkişafına töhfə verməkdir.
18/03/2026 11:13
Emin Əmrullayev ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb
Martın 17-də elm və təhsil naziri Emin Əmrullayev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb. Görüş çərçivəsində elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
17/03/2026 21:30
İdris İsayev ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclasında iştirak edib
Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib. İclasda elm və təhsil nazirinin müavini İdris İsayev də iştirak edib. Milli Komissiyanın baş katibi, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev Katibliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qısa müddətdə Regional Ofisin fəaliyyətinin tam formalaşdırıldığını deyib. Bildirib ki, bu prosesdə dövlət başçısının göstərişi ilə Mədəniyyət Nazirliyi tərəfindən ofisin fəaliyyətinə zəruri dəstək göstərilib. Daha sonra Milli Komissiyanın 2026–2028-ci illərə dair Fəaliyyət planı müzakirə olunub, Komissiya üzvlərinin rəy və təklifləri dinlənilib. Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov Fondla ICESCO arasında gələcək əməkdaşlıq barədə məlumat verib. İclasda həmçinin Milli Komissiyanın internet səhifəsinin təqdimatı olub. Sonda birgə foto çəkdirilib.
17/03/2026 18:00
Elm və təhsil naziri Aqrar Biznes Festivalında iştirak edib
Martın 17-də Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində təşkil olunan festivalın məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerləri, sahibkarları, startapçıları və dövlət qurumlarını bir araya gətirmək, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də aqrar biznes imkanlarını geniş ictimaiyyətə təqdim etmək olub. Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahədə həyata keçirilən sistemli islahatlar, fermer və sahibkarlara göstərilən dövlət dəstəyi, eləcə də müasir texnologiyaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir. Nazirin sözlərinə görə, bu gün kənd təsərrüfatı yalnız istehsal sahəsi kimi deyil, həm də innovasiya, texnologiya və sahibkarlığın qovuşduğu strateji iqtisadi istiqamətlərdən birinə çevrilməkdədir. Aqrar sahədə rəqəmsal həllərin tətbiqi, startap təşəbbüslərinin təşviqi, elmi biliklərin və müasir texnologiyaların praktikaya inteqrasiyası sektorun rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edir. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu gün təşkil edilmiş festival məhz dövlət-özəl əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edir. Bu platforma dövlət qurumları, biznes nümayəndələri və gənclər arasında dialoqu gücləndirir, yeni tərəfdaşlıqların qurulmasına və aqrar sahədə innovativ təşəbbüslərin yaranmasına imkan yaradır. Gənclərə müraciət edən elm və təhsil naziri bildirib ki, aqrar sektor artıq yalnız ənənəvi fəaliyyət sahəsi deyil. Bu sahə innovasiya, texnologiya və sahibkarlıq imkanlarının, eyni zamanda, startapların sürətlə inkişaf etdiyi perspektivli istiqamətlərdən biridir. Gənclərin bu sahədə yeni ideyalar irəli sürməsi, texnologiyaların tətbiqi ilə bağlı təşəbbüslər göstərməsi və aqrar biznesə qoşulması ölkəmizin gələcək iqtisadi inkişafı üçün çox vacibdir. Nazir çıxışında əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, eləcə də peşə təhsili sisteminin potensialının gücləndirilməsi istiqamətində son illərdə görülən işlərdən də söz açıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında vurğulayıb ki, rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin prioritet istiqamətlərindən biri aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı və işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkilidir. Nazir bildirib ki, aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartları hazırlanıb. Bu standartlar beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasına və bacarıqlarının artırılmasına, habelə işəgötürənlər üçün ixisaslı işçi qüvvəsinin seçiminə xidmət edir. Son beş il ərzində özünüməşğulluq proqramı iştirakçılarının 65 faizinin proqram üzrə aqrar sahədə kiçik təsərrüfatlarının qurduğunu qeyd edən Anar Əliyev artıq özünüməşğulluq proqramına 110 mindən çox şəxsin cəlb olunduğunu deyib. O, aqrar sahədə dayanıqlı və formal məşğulluğun genişləndirilməsi istiqamətində də tədbirlərin davam etdirildiyini bildirib. Çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq aqrar sahədə innovasiyaların tətbiqinin, peşə təhsilinin inkişafının və məşğulluq imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, bu kimi festivallar fermerlər, gənclər və sahibkarlar üçün yeni əməkdaşlıq və inkişaf imkanları yaradır. Çıxışlardan sonra Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar. Açılış mərasimindən sonra iştirakçılar sərgi sahəsinə baxış keçiriblər. Festivalın sərgi bölməsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 10-dan artıq dövlət peşə təhsil mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlər öz xidmət və məhsullarını nümayiş etdiriblər. Tədbir iştirakçıları həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində təşkil olunan “Bootcamp” proqramının iştirakçıları ilə görüşüblər. Görüş zamanı “Bootcamp” iştirakçıları hazırladıqları layihələr və aqrar sahədə innovativ texnologiyaların tətbiqi imkanları ilə bağlı təqdimatlar ediblər. Sərgi çərçivəsində yaradılmış startap zonasında aqrar startapçılar innovativ layihə və həllərini təqdim ediblər. Bununla da startapçılar fermer və sahibkarlarla birbaşa ünsiyyət quraraq öz ideyalarını təqdim etmək və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.
17/03/2026 17:30
Nazir müavini Strasburq Universitetinin prezidenti ilə görüşüb
17 mart tarixində elm və təhsil nazirinin müavini Həsən Həsənli Strasburq Universitetinin (UNISTRA) prezidenti xanım Frédérique Berrod ilə görüşüb. Görüş zamanı Azərbaycan – Fransa Universitetinin (UFAZ) 10 illik fəaliyyəti ərzində görülən işlər və əldə olunan nəticələr müzakirə edilib, eyni zamanda universitetin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
17/03/2026 17:00
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib. İclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir. Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir. İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır. S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib. İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır. AZƏRTAC
16/03/2026 15:25
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində yenicə məzun adı qazanmış gənclərimiz dünyanın aparıcı universitetlərində əldə etdikləri bilik və təcrübə ilə Vətənə qayıdırlar! İnanırıq ki, onlar mənimsədikləri müasir yanaşmaları və qazandıqları beynəlxalq təcrübəni ölkəmizin inkişafına yönəldərək müxtəlif sahələrdə yeniliklərin və müsbət dəyişikliklərin təşəbbüskarına çevriləcəklər. Bütün məzunlarımızı ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayırıq! #dövlətproqramı #XaricdəTəhsil #dpeduaz
ƏtraflıElm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı