Elm və təhsil naziri media üçün brifinq keçirib
Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib. Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: - Ölkə Prezidentinin müvafiq sərəncamları ilə bir qrup təhsil işçisinin əməkhaqqı fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu qərar ümumilikdə 158 min təhsil işçisi ni əhatə edir. - Artımdan sonra 25 faizdən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. - Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb. - 2023-cü ildə dövlət ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif fənləri üzrə dərs deyən bütün müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. - Müəllimlərin işə qəbulu üzrə müsabiqədə imtahan müddəti 30 dəqiqə artırılacaq. - "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili üçün qəbul prosesi 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4126 təhsil proqramını əhatə edir. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
27/02/2023 18:00
İdman həftəsinə start verildi
Fevralın 27-dən ümumi təhsil müəssisələrində idman həftəsinə start verilib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək. Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
27/02/2023 11:44
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Fevralın 26-da Elm və Təhsil Nazirliyinin kollektivi Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Ana harayı” abidəsini ziyarət edib. Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzülüb, faciə qurbanları dərin ehtiramla yad olunub.
26/02/2023 15:47
Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirlər
Məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Uşaq-gənclər inkişaf mərkəzlərində “Unutsaq, unudularıq", "Tarixdən silinməyən faciə", "Xocalı – şəhid şəhər”, “Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət”, “Xocalı – qan yaddaşımız”, “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiyalar, “dəyirmi masa”lar, “açıq dərs”lər keçirilib, əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub, eləcə də “Ana harayı” abidəsi ziyarət edilib. Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzularında şeirlər səslənib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub. Uşaq-gənclər idman-şahmat məktəblərində və idman liseylərində Xocalı soyqırımı ilə bağlı məktəblilər arasında müxtəlif idman növləri üzrə yarışlar və daxili birinciliklər keçirilib. Qeyd olunan tədbirlərə 2000-dən çox iştirakçı qatılıb. Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara məlumat vermək və soyqırımda həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.
25/02/2023 15:46
Fənn olimpiadalarının yarımfinal turu keçirilir
Fevralın 25-də respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir. Aşağı (VIII, IX sinif) və yuxarı (X, XI sinif) yaş qrupları üzrə keçirilən yarımfinal mərhələsi respublikanın 19 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Ucar, İmişli, Bərdə, Tovuz, Şəmkir, Quba, Xaçmaz, Zaqatala, Şəki, Şirvan və Salyanda ümumilikdə 27 binada təşkil olunur. İmtahan 3 saat davam edəcək. Respublika fənn olimpiadalarında iştirak üçün 45 000-dən çox müraciət daxil olub və 9 000-dən çox şagird yarımfinal mərhələsinə keçid hüququ qazanıb. Nəticələrin 7 mart tarixinədək elan edilməsi nəzərdə tutulur. Yarımfinal turunun nəticələri www.portal.edu.az platformasında şəxsi kabinetlərə yerləşdiriləcək, eyni zamanda, şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri ilə də paylaşılacaq. Qeyd edək ki, sözügedən olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir. Respublika fənn olimpiadaları Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.
25/02/2023 10:45
Elm və təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib
Fevralın 24-də elm və təhsil naziri Emin Əmrullayev Yevlax şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
24/02/2023 17:38
STEAM İnnovasiya Mərkəzinə infotur
Fevralın 23-də STEAM İnnovasiya Mərkəzinə infotur təşkil olunub. İnfoturda media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. İştirakçılara əvvəlcə mərkəz barədə məlumat verilib. Bildirilib ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan STEAM İnnovasiya Mərkəzinin məqsədi şagirdlərin potensial və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Qonaqlar mərkəzdə ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma” və digər məkanlarla tanış olublar. İnfotur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
23/02/2023 17:17
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses 1 aprel 2023-cü il tarixində yekunlaşacaq. Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür.
23/02/2023 11:20
“Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar
Fevralın 22-də Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar keçirilib. Seminarda Prezident Administrasiyası, Nazirlər Kabineti, Hesablama Palatası, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbər və nümayəndələri, habelə Milli Məclisin Elm və təhsil, İqtisadi siyasət komitələrinin üzvləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri, ekspert və tədqiqatçılar iştirak ediblər. Seminarın məqsədi OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid prosesi ilə bağlı görülmüş işlər, o cümlədən təhsil sektorunda bu sahədə icra olunan tədbirlərin nəticələri barədə məlumat vermək, habelə islahat prosesində qarşıya çıxan çağırış və növbəti addımları müzakirə etməkdir. Maliyyə naziri Samir Şərifov çıxışında son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir çox sahələrdə olduğu kimi, dövlət maliyyəsinin idarəolunmasının təkmilləşdirilməsi sahəsində də genişmiqyaslı islahatlar aparıldığını qeyd edib, bu islahatların prioritet istiqamətlərindən birinin məhz OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid olduğunu diqqətə çatdırıb. Seminarda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən və hədəflərdən danışıb. Nazir son illərdə ölkə Prezidentinin təhsil sahəsində təsdiq etdiyi dövlət proqramlarının, imzaladığı fərman və sərəncamların, xüsusilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin nəticəəsaslı idarəetməyə keçid üçün vacib əhəmiyyət daşıdığını vurğulayıb. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və digər məruzəçilər OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizmi, ölkəmizdə həyata keçirilən büdcə islahatları barədə fikirlərini bölüşüblər. Sonra Maliyyə Nazirliyi Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov “Təhsil sektorunda OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunan istiqamətlərdə indiyədək görülmüş işlər, islahat tarixçəsi və onun əsas elementlərinə qısa nəzər salınıb, büdcə islahatının gedişində qarşıda duran əsas çağırış və növbəti addımlarla bağlı məqamlara toxunulub. Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kənan Kərimzadə “Təhsil islahatları və OMXÇ-nin tətbiqində əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Nazirliyin nəticəəsaslı idarəetmə mexanizmlərinə keçid təcrübəsi, bu sahədəki nailiyyətlər və tətbiq edilmiş ölçmə indikatorları, strategiya və OMXÇ sənədlərinin uyğunlaşdırılması ehtiyacları, bilik və bacarıqların artırılması istiqamətində növbəti illərdə görüləcək işlərlə bağlı məsələlər təqdimatda öz əksini tapıb. Dünya Bankının dövlət idarəetməsi üzrə böyük mütəxəssisi, “OMXÇ üzrə potensialın gücləndirilməsi” layihəsinin tapşırıq qrupunun rəhbəri Andj Ubelis “Azərbaycanda OMXÇ islahatları Dünya Bankının perspektivindən” mövzusunda təqdimatla çıxış edib. Seminarda qeyd olunub ki, cari ildən pilot sektorlarda nəticəəsaslı büdcəyə keçid prosesinin tamamlanması və proqraməsaslı büdcənin təkmilləşdirilərək tam olaraq tətbiqi, eyni zamanda, islahat prosesinə digər sektorların da cəlb edilməsi nəzərdə tutulur. Çıxışlar və təqdimatlardan sonra seminar sual-cavab və mövzu ətrafında müzakirələrlə davam etdirilib. AZƏRTAC
22/02/2023 16:00
“Qlobal Koreya” təqaüd proqramı
Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir. Magistratura, doktorantura, eyni zamanda, tədqiqat sahəsi üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqramda iştirak etmək istəyənlər martın 7-dək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
22/02/2023 11:01
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
İyunun 2-də elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini Marat Minibayev ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin təhsilin rəqəmsallaşdırılması sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. #ElmVəTəhsilNazirliyi #EduAz #EduGovAz
Ətraflı? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı