Azərbaycan TALIS 2024-ün sınaq mərhələsində iştirak edir
TALIS 2024 – öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun sınaq mərhələsinin təşkilinə başlanılıb. Sorğunun Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 2023-cü ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulub. Beynəlxalq sorğu 55-ə yaxın ölkədə keçirilməklə müəllimlərin, məktəb direktorlarının peşəkar inkişafı, eləcə də təhsilə dair yanaşmalarını anlamaq, onların iş və tədris tərcübələrinin qiymətləndirilməsi kimi məsələləri tədqiq etmək məqsədilə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, həmçinin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 5 ildən bir keçirilir. Ötən il pilot mərhələsi həyata keçirilmiş sorğunun sınaq mərhələsində ölkə üzrə 30 ümumi təhsil müəssisəsindən 600-ə yaxın müəllimin və hər bir ümumi təhsil müəssisəsi üzrə direktorların iştirakı planlaşdırılıb. Qeyd edək ki, ölkəmiz TALIS 2024-də ilk dəfə iştirak edir.
21/02/2023 17:40
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalı keçiriləcək. Festivalın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların milli vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər. Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az portalı vasitəsilə aparılacaq. Festival ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimat və rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək: rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger); piano ifaçılığı; klassik simli alətlər ifaçılığı; klassik nəfəs alətləri ifaçılığı; Azərbaycan xalq çalğı alətləri ifaçılığı; akademik vokal; estrada oxuma; xanəndəlik sənəti; aşıq sənəti; xor; caz ifaçılığı; solo milli rəqs; milli rəqs ansamblı; solo müasir rəqs; müasir rəqs ansamblı; aktyorluq; bədii qiraət; hekayəçilik (stand-up); dekorativ-tətbiqi sənət; rəssamlıq; heykəltəraşlıq. Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilər. Kollektiv olaraq festivala qatılanların isə fərdi şəkildə əlavə bir nominasiyada da iştirak etməsi mümkündür. Ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala evsahibliyi edəcək. Festivalın ilk rayon (şəhər) mərhələsi aprel-iyun aylarında, ikinci mərhələsi isə iyun-avqust aylarında təşkil ediləcək. İkinci mərhələdə fərqlənən iştirakçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Festivalın final mərhələsi isə cari ilin sentyabrında Bakıda təşkil olunacaq. Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az/az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az/) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az/#main) rəsmi internet səhifələri üzərindən, (+994) 050 288 01 47 mobil, 147 qısa nömrələri ilə əlaqə yaratmaqla, həmçinin festivalın rəsmi internet saytı (https://uif.az/) və sosial şəbəkə hesablarından (https://www.facebook.com/uif.az/; https://www.instagram.com/uif.az/; https://www.youtube.com/@uif_az/; tiktok.com/@uif.az ) əldə edə bilərsiniz.
21/02/2023 11:00
Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçiriləcək
İyunun 1-də “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçiriləcək. Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şuşada baş tutacaq. Beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan ibarətdir. Festivalda 150-yə yaxın məktəblinin müxtəlif rəqs nömrələri ilə səhnədə çıxışları olacaq, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, 300-ə yaxın məktəbli isə tamaşaçı qismində iştirak edəcək. Layihə çərçivəsində festival iştirakçıları 28 may – 3 iyun tarixlərində Bakı və Şuşa şəhərlərində təşkil edilən ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə yaxından tanış olacaqlar.
20/02/2023 15:16
“İnsan Kapitalı” işçi qrupunun 2022-ci ilin yekunlarına dair hesabat iclası
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan Kapitalı” işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planının yekun nəticələrinə dair videokonfrans formatında iclas keçirilib. “İnsan Kapitalı” işçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev qrupun 2022-ci il ərzindəki ümumi fəaliyyəti, həmçinin tədbirlər planının icrasından danışıb. “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupun işçi qrupunun tərkibinə daxil edilməsi və altqrupun yenidən təşkili ilə bağlı qarşıda duran məsələlər də diqqətə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupunun fəaliyyəti sayəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin ötən illərlə müqayisədə irəlilədiyini vurğulayıb. Komissiyanın Katibliyinin rəhbəri bildirib ki, Qlobal İnnovasiyalar İndeksinin 81 alt indikatorundan 13-ü məhz "İnsan Kapitalı" işçi qrupunun mandatına düşür və sonuncu hesabatda “İnsan Kapitalı və elm” blokunda Azərbaycan “tədqiqat və inkişaf” inteqral göstəricisi üzrə mövqeyini yaxşılaşdıraraq 28 pillə irəliləyib. “İnsan Kapitalı” işçi qrupunun katibi Cabbar Hüseynli 2022-ci ilin 4-cü rübü ərzində qrupun tərkibinə yeni daxil olan qurum və təşkilatlar, eləcə də ümumilikdə 14 qurum tərəfindən 25 indikatoru əhatə edən tədbirlərin 90 faizinin uğurla icrası barədə məlumat verib. Daha sonra təhsil tələbə kreditlərinin verilməsi prosesində əldə edilən ümumi nəticələr, elektron sistem vasitəsilə fonda müraciət, müxtəlif statistik məlumatlar, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun yenidən təşkili və qarşıda duran vəzifələr, dövlət tərəfindən təhsilə çəkilən xərclərə dair məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsi ilə bağlı keçirilən birgə iclasın nəticələri, eləcə də əmək bazarının keyfiyyət təhlili ilə bağlı mövzularda təqdimatlar edilib.
20/02/2023 14:36
İnformatika fənni üzrə yarımfinal turu
18-19 fevral tarixlərində respublika fənn olimpiadalarının informatika fənni üzrə yarımfinal turu keçirilib. Yarımfinal turunda 8-ci sinif üzrə 185, 9-cu sinif üzrə 161, 10-сu sinif üzrə 99, 11-ci sinif üzrə isə 84 şagird iştirak hüququ qazanıb. Nəticələr www.olimpiada.edu.az saytı üzərindən elan olunub. Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil olunur.
20/02/2023 12:30
Şagird davranış qaydalarının pilot tətbiqinə başlanılıb
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb. Qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək. Qeyd edək ki, ötən ilin oktyabr ayından başlayaraq “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib. Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib. Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları
20/02/2023 11:40
Ümumi təhsil müəssisələrində idman həftəsi
27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçiriləcək. Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək. Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
17/02/2023 11:13
“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib
Fevralın 16-da Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib. Təlim-seminarın keçirilməsində əsas məqsəd elmi müəssisələrin və universitetlərin sosial media hesablarının təhlili, kommunikasiyanın düzgün təşkili və digər bu kimi mövzularla bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır. Təlim-seminarda nazirliyin tabeliyindəki elmi müəssisə və universitetlərin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan danışıb. Əhməd İsmayılov bildirib ki, bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir. Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında qeyd edib ki, nazirliyin tabeliyindəki müəssisələrin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Nazir müşaviri əlavə edib ki, ötən ilin dekabrından elm sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb. Yaxın zamanlarda elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də öz növbəsində bildirib ki, bu gün əsas məsələ elmin populyarlaşdırılmasıdır. İnformasiyaların daha çox fakta yönləndirilməsi, yanlış məlumatların verilməməsi olduqca vacibdir və elmin cəmiyyətdə təbliği üçün ciddi addımlar atılmalıdır. Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev sözügedən təlim-seminarın təşkilindən məmnunluğunu ifadə edib. Rasim Əliquliyev nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsini, kommunikasiya işinin effektiv təşkilinin vacibliyini önə çəkib, bu kimi təlimlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıb. Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Elmi müəssisə və universitetlərin sosial media hesablarının təhlili" mövzusunda təqdimatla çıxış edib. Təlim-seminarın davamında Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı", "Alibayov" Kommunikasiya və Konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", təlimçilər Toğrul Ələkbərov "Effektiv təqdimat bacarıqları", Fəxri Ağayev "Şəxsi və peşəkar inkişaf", Azər Nəzərov "Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları", həmçinin Təhsil TV-nin rəhbəri Rəşad Cəfərov "Təhsil TV ilə əməkdaşlıq imkanları" mövzularında çıxış edərək təcrübələrini bölüşüblər. Təlim-seminar çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
16/02/2023 17:48
Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib
Fevralın 16-da Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Natiq Əliyev müəssisə kollektivinə təqdim olunub. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak ediblər. Elm və təhsil naziri Natiq Əliyevin akademiyaya rektor təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzulayıb. Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.
16/02/2023 12:26
Şagird yerdəyişməsinə başlanılır
21 fevral saat 11:00-dan etibarən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Qeyd edək ki, sözügedən tarixdən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
16/02/2023 10:03
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
İyunun 2-də elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini Marat Minibayev ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin təhsilin rəqəmsallaşdırılması sahəsində tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. #ElmVəTəhsilNazirliyi #EduAz #EduGovAz
Ətraflı? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı