Sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi ilə bağlı məlumat
Mayın 18-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Belə ki, 20-23 iyun tarixlərində ibtidai sinif, 24 iyunda isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlər sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaqlar. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz: https://youtu.be/lpLKFasQtm4 Bütün müəllimlərə uğurlar arzulayırıq!
18/05/2023 12:55
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu davam edir
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesi davam edir. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər https://www.portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Sənəd qəbulu prosesi 31 avqust 2023-cü il saat 18:00-da bitəcək. Qeyd edək ki, qəbul qaydaları ilə aşağıdakı fayldan tanış ola bilərsiniz: Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə suallar və cavabları
18/05/2023 10:30
Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev xatirələrdə” layihəsinin açılışı olub
Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı görüş keçirilib. Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, MDU-nun tələbə və əməkdaşları, Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, gənc müəllim və şagirdlər iştirak ediblər. Görüşdən əvvəl ümummilli liderin MDU-nun inzibati binasındakı büstü önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyevin 100 illik yubileyi münasibətilə MDU tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Giriş nitqi ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov layihə barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi ümummilli liderin zəngin irsinin təbliği sahəsində ölkəmizdə reallaşdırılan kompleks və sistemli fəaliyyətlərə töhfə verməkdir. Layihə çərçivəsində ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərin MDU-nun tələbə və professor-müəllim heyəti ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Görüş iştirakçılarını salamlayan Firudin Qurbanov Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən bəhs edib, gənc nəslin bu irsdən örnək götürməsinin vacibliyini bildirib. Ulu öndərin Azərbaycan dövlətinə və xalqına misilsiz xidmətlərini vurğulayan nazir müavini akademik Zərifə xanım Əliyevanı qlobal səviyyəli siyasətçinin əsas silahdaşı kimi dəyərləndirib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafına xüsusi diqqət ayırdığını bildirən Firudin Qurbanov təhsilin bütün səviyyələri üzrə müvafiq göstəricilərin dinamik artımını əks etdirən məlumatlar bölüşüb. Ümummilli lideri gənclərin ən böyük himayədarı kimi xarakterizə edən nazir müavini tələbə və şagirdləri məsuliyyətli və təşəbbüskar olmağa səsləyib. Müstəqilliyimizi əbədi edən ulu öndərin siyasətinin bu gün uğurla davam etdirildiyini bildirən Firudin Qurbanov 44 günlük Vətən müharibəsi nəticəsində Heydər Əliyevin ən böyük arzusunun reallaşdırıldığını diqqətə çatdırıb. Daha sonra Firudin Qurbanov görüş iştirakçılarının suallarını cavablandırıb. Sonda xatirə şəkilləri çəkdirilib.
18/05/2023 10:00
Peşə təhsil mərkəzində TV studiya açılıb
Mayın 17-də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni inşa edilən televiziya studiyasının açılış mərasimi keçirilib. Açılış mərasimində qonaqlara məlumat verilib ki, televiziya studiyası kameralar, işıqlandırma vasitələri, səsyazma cihazları və müvafiq köməkçi alətlər daxil olmaqla media sənayesində mövcud olan ən son texnologiyalarla təchiz edilib. Studiyada sinif otağı, səsyazma və peşəkar videomontaj bölmələri, prodüser otağı, həmçinin 115 kvadrat metr çəkiliş sahəsi təklif edən səs keçirməyən divarlar mövcuddur. Studiya müasir və qabaqcıl öyrənmə mühiti yaratmaqla tələbələrə yaradıcı sənaye məhsulları istehsal etmək və peşə bacarıqlarını təkmilləşdirmək üçün dəstək məqsədi daşıyır. Bildirilib ki, televiziya studiyasının rəqəmsal öyrənmə resurslarının inkişafı mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Bununla yanaşı, studiyanın müxtəlif sağlamlıq imkanlarına malik şəxslərin təliminə dəstək məqsədilə istifadəsi də nəzərdə tutulur. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev son illər ölkə miqyasında peşə təhsilinin inkişafı istiqamətində atılan addımlara diqqət çəkib və yaradıcı sənaye üçün kadr hazırlığının əhəmiyyətini vurğulayıb. Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queniros isə qeyd edib ki, praktik və bazarın tələblərinə əsaslanan biliklərin öyrənilməsi üçün belə məkanların yaradılması olduqca əhəmiyyətlidir. Qeyd edək ki, yenidənqurmaya dəstək fəaliyyətləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
17/05/2023 15:36
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb
Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. Elektron qeydiyyat prosesində 2956 namizəd iştirak edib. Hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir. Yoxlama prosesi başa çatdıqdan sonra test imtahanı mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və əmək qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar.
17/05/2023 14:45
Elm və təhsil naziri media üçün brifinq keçirib
Mayın 16-da elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib. Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: - Mayın 18-də sertifikatlaşdırılma prosesində iştirak edəcək müəllimlərin imtahan tarixləri, saatı və imtahan məkanı şəxsi səhifələrə göndəriləcək; - Sertifikatlaşdırma prosesi ilə bağlı yaşı 60 və daha çox olan şəxslərin bu prosesdə könüllü əsaslarla iştirakı, ilk dəfə işə qəbul olunan təhsilverənlərin 5 il müddətinə deyil, 3 il müddətinə sertifikatlaşdırmadan keçməməsi kimi yeniliklər nəzərdə tutulur. Bu dəyişikliklər hazırda Milli Məclisdə müzakirədədir; - Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna növbəti həftə ərzində start veriləcək. Bu il 10 minə yaxın vakansiya elan olunacaq; - Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyəti üzrə 17 000 nəfərin sertifikatlaşmaya cəlb olunması əsas hədəflərdəndir; - Şagird sayı 500-dək olan 387, 500-dən çox olan 148 məktəbdə direktor vəzifəsi vakantdır; - “2022-2026 Dövlət Proqramı” çərçivəsində hazırda 14 prioritet sahə üzrə dünyanın 18 ölkəsinə aid 107 xarici ali təhsil müəssisəsində 80 bakalavriat, 258 magistratura təhsil səviyyələrində olmaqla, ümumilikdə 338 nəfər tələbə təhsil alır. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
16/05/2023 18:00
Texniki yardım layihəsinin açılış konfransı
Mayın 16-da “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış konfransı baş tutub. Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilir. Açılış nitqi ilə çıxış edən ARTİ-nin Təhsildə İnnovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Abutab Abbasova bildirib ki, konfransın məqsədi ömürboyu təhsil kontekstində peşə təhsili və təlimi də daxil olmaqla təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində maraqlı tərəflərin dialoqunu tərtib etmək və məzunların əmək bazarına inteqrasiya prosesini asanlaşdırmaqdır. Elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək orta ixtisas təhsilinin təhsil sistemində yeri, yüksək texniki peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsindən danışıb, yüksək texniki peşə təhsilində institutsional və proqram akkreditasiyasının vacibliyini vurğulayıb. Nazir müavini təhsil proqramlarının məzmununun əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanmasının mümkünlüyünü qeyd edib. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov çıxışında Aİ-nın təhsil sektoruna verdiyi dəstəklə bağlı ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb. Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışıb. Rüfət Əzizov layihənin komponentləri üzrə məzmun hazırlığında sənaye ilə əməkdaşlıq mexanizmlərinin, səmərəli peşəyönümü işinin təşkili məqsədilə tövsiyələrin hazırlanması, həmçinin institutsional potensialın gücləndirilməsində Təhsil İnstitutunun gözləntilərini açıqlayıb. Sonra layihənin əsas ekspertləri layihənin məqsədi, 3 komponenti və həmin komponentlərin Azərbaycan hökumətinin və Aİ-nin prioritetləri ilə əlaqələndirilməsi barədə təqdimatla çıxış ediblər. Konfransda layihə ilə bağlı əməkdaşlıq imkanları da müzakirə olunub. Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas (subbakalavr) və yüksək texniki peşə təhsili üzrə təhsil, təlimin gücləndirilməsi, bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə Azərbaycanda müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsidir.
16/05/2023 17:00
“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 16-da Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev açılış nitqi ilə çıxış edərək Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib. Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun fəaliyyət istiqamətləri və məqsədi barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. Elnur Nəsibov sözügedən müsabiqənin keçirilməsində əsas məqsədin ulu öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib. Bildirilib ki, müsabiqə zamanı 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. Tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər. Çıxışının sonunda Elnur Nəsibov qalibləri təbrik edib, onlara uğurlar arzu edib. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ümummilli liderin təşəbbüsü ilə 15 mindən çox gəncin Azərbaycandan kənarda 170-ə yaxın ali təhsil müəssisəsinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Daha sonra müsabiqə ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra I, II və III yerlərin sahibləri elan olunub və qaliblər mükafatlandırılıblar. 1-ci yerə Bakı Ali Neft Məktəbinin tələbəsi Zahid Abdullayev, 2-ci və 3-cü yerlərə isə müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli və Asim Əzizov layiq görülüblər. Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Lətafət Qardaşova çıxış edərək bu cür müsabiqələrin əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürlərini bildiriblər. Sonda münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar. Təltif fotoları
16/05/2023 16:00
Malayziyada 2023-2024-cü tədris ili üçün təqaüd proqramı
Malayziya 2023-2024-cü tədris ili üçün təqaüdlə təhsil imkanı elan edib. Təqaüd Malayziya universitetlərində magistratura və doktorantura təhsil səviyyələri üçün ayrılır. Son müraciət tarixi 18 may 2023-cü ildir. Qeyd edək ki, proqram çərçivəsində əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
16/05/2023 12:07
Lisey və gimnaziyalara qəbul davam edir
2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu davam edir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçirilir. Ərizə qəbulu prosesi 6 iyun tarixinədək davam edəcək. Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək. Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq: • 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün); • 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün); • 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün). Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı təqdim edilib. Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz. Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar: - Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası; - Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya; - Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya; - Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;- Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyi; - Şəki şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şəmkir şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şirvan şəhəri Kimya, biologiya təmayüllü lisey; - Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Ağdaş şəhəri M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; - Biləsuvar şəhəri texniki fənlər təmayüllü məktəb-lisey; - Gəncə şəhəri Xarici dillər təmayüllü gimnaziya. Digərləri: - Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey; - Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri Texniki-humanitar lisey; - Bakı şəhəri 291 nömrəli ekologiya liseyi; - Bakı şəhər 173 nömrəli tam orta məktəb; - Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; - Ağstafa şəhəri Texniki-humanitar təmayüllü lisey; - Şamaxı şəhəri Texniki, humanitar və təbiət təmayüllü lisey; - Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəb; - Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb; - Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey; - Sumqayıt şəhəri İstedad liseyi; - Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi; - Sumqayıt şəhəri Təfəkkür liseyi; - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya; - Qobustan şəhəri 2 nömrəli tam orta məktəb; - Masallı şəhəri Dəfinə məktəb-liseyi.
16/05/2023 11:39
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
ƏtraflıAli təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
Ətraflı