Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

114 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayacaq

2023-2024-cü tədris ilindən peşə təmayüllü siniflərin əhatə dairəsi genişləndiriləcək. Belə ki, növbəti tədris ilindən 114 yeni məktəbdə peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulur. Bununla da peşə təmayüllü siniflərin sayı 230-a çatmaqla ümumilikdə 194 məktəbdə 3500-dən çox şagirdi əhatə edəcək. Bildiririk ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi də layihənin məqsədlərindəndir.    Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Şagirdlərin səriştəliliyinin artırılması məqsədilə əsas səriştələr fənni və STEAM dərsləri də tədris edilir.     Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilindən həyata keçirilir. 

SABAH qruplarına tələbə seçimi davam edir

Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2023-2024-cü tədris ili üçün tələbə seçimi davam edir. Müsabiqədə iştirakla bağlı son müraciət tarixi 9 iyun saat 23:59 nəzərdə tutulub. Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür.  Qeyd edək ki, SABAH qruplarına qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə (http://student.sabah.edu.az/) doldurulmalıdır.     Müsabiqə barədə ətraflı məlumatla qeyd edilən linkdən (https://bit.ly/3N7Jayd) tanış ola bilərsiniz. 

Türkdilli ölkələrin məktəbliləri Fəxri xiyabanı ziyarət ediblər

Şuşa şəhərində keçiriləcək “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı ilk beynəlxalq uşaq rəqs festivalında iştirak üçün ölkəmizdə səfərdə olan türkdilli dövlətlərin rəqs qrupları mayın 29-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.   Məktəblilər Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.    Daha sonra festival iştirakçıları Şəhidlər xiyabanı, Türk şəhidliyi və II Fəxri xiyabanı ziyarət ediblər.    Qeyd edək ki, layihə çərçivəsində festival iştirakçıları 28 may – 3 iyun tarixlərində Bakı və Şuşa şəhərlərində təşkil edilən ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə yaxından tanış olacaqlar.    Türkdilli xalqların birliyini əks etdirən festival müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.    Festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də ilk dəfə olaraq türk dünyasının mədəniyyət paytaxtı Şuşada baş tutacaq.   Tədbirdə türkdilli dövlətlərin uşaq rəqs qrupları ölkələrinin musiqi mədəniyyətini tamaşaçılara təqdim edəcək. Ümumilikdə isə 150-dən çox məktəbli müxtəlif rəqs nömrələri ilə səhnədə çıxış edəcək.   Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 200-ə yaxın məktəbli tamaşaçı qismində iştirak edəcək.

Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib.   Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.   Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.   Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.   Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu.   https://president.az

Özəl məktəblərin rəhbərləri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyində özəl və digər qurumlara tabe ümumi təhsil müəssisələrinin icraçı direktorları, direktor müavinləri və əməkdaşları ilə görüş keçirilib.    Görüşdə uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, nazirlik tərəfindən təşkil edilən müsabiqə, yarış, olimpiadalar, eləcə də qiymətləndirmə layihələrində özəl və digər qurumlara tabe müəssisələrin iştirakının təşviq edilməsi, həmin müəssisələrə verilmiş lisenziyanın tələblərinə uyğun təhsilin təşkili barədə söhbət aparılıb. Bununla yanaşı, özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı nazirliyin mövqeyi də müzakirə edilib.    Görüşdə gündəlikdə olan digər məsələlər barəsində də danışılıb.     Daha sonra müəssisələrin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb və təkliflər dinlənilib.

“İnnovativ məktəb” layihəsi çərçivəsində müəllimlərimiz İsraildə təlimə qatılıblar

7-24 may tarixlərində Elm və Təhsil Nazirliyinin “İnnovativ məktəb” layihəsi çərçivəsində 50 nəfər təhsil işçisi İsraildə təhsildə innovativ yanaşmalar və təşəbbüslər istiqamətində keçirilən təlimlərə qatılıb.    Sözügedən təlimlərdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları, Bakı şəhəri, eləcə də regionlarda yerləşən ümumi təhsil müəssisələrinin rəhbər və müəllim heyəti iştirak ediblər.   Tel-Əviv şəhərində keçirilən təlimlərin açılış mərasimində çıxış edən ölkəmizin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov şagirdlərin gələcək çağırışlara hazırlanmasında təhsil işçilərinin rolu və bu istiqamətdə lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsinin vacibliyindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.   Təhsil işçiləri 18 gün ərzində bacarıqların mənimsənilməsini təşviq edən xüsusi proqramların hazırlanması, müasir tədris metodologiyaları, layihəəsaslı öyrənmə, XXI əsr bacarıqlarının şagirdlərə aşılanması, virtual və artırılmış reallıq, eləcə də süni intellektin təhsildə yaratdığı imkanlar mövzularında təlimlərdə iştirak ediblər. Təlim iştirakçıları “ChatGPT”, “Google Bard”, “ThingLink” və digər platformalardan tədris zamanı istifadə ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.   Bununla yanaşı, iştirakçılar səfər çərçivəsində İsrailin qabaqcıl ümumi təhsil müəssisələrini, eləcə də “Bloomfield” Elm Muzeyi və Peres Mərkəzini ziyarət ediblər.       Qeyd edək ki, sözügedən təlimlərin ikinci hissəsinin cari ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulub.        Artıq iki ildir davam edən “İnnovativ məktəb” layihəsi çərçivəsində bu günədək yüzdən çox təhsil işçisi təlimlərə cəlb edilib.

Nazir İsmayıllı şəhəri 6 nömrəli məktəbdə olub

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbi ziyarət edib.    Təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.    Bildirilib ki, Natiq Behdiyev adına İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb 720 şagird yerlikdir. 2021-ci ildə istifadəyə verilən yeni məktəb binası üçmərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Tədris ocağında 752 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 54 müəllim məşğul olur.    Emin Əmrullayev daha sonra məktəbin olimpiada və buraxılış imtahanlarında uğur qazanmış şagirdləri, eləcə də ulu öndərin 100 illik yubileyinə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi ilə görüşüb.   Məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində yaradılmış şəraitlə də tanış olan Emin Əmrullayev pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayıb.

Elm və təhsil nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşdə iştirak edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli İslam Əməkdaşlıq Təşkilatının İƏT – 15 Elm və Texnologiya üzrə Dialoq Platforması çərçivəsində təşkil olunmuş yüksək səviyyəli görüşdə iştirak məqsədilə Qazaxıstana səfər edib.    Mayın 25-də nazir müavini Almatı şəhərində yerləşən Əl-Fərabi Qazax Milli Universitetini ziyarət edib, ali təhsil müəssisəsində tələbələr üçün yaradılan imkanlarla tanış olub.    Mayın 26-da Həsən Həsənli Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbekin sədrliyi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil və elm üzrə yüksək səviyyəli məsul şəxslərinin iştirakı ilə keçirilmiş görüşdə iştirak edib.    Görüş zamanı çıxış edən nazir müavini ölkəmizdə elmin inkişafı üçün atılan addımlar və qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.   Həsən Həsənli həmçinin İslam Əməkdaşlıq Təşkilatı ilə elm və təhsil sahəsində mövcud əməkdaşlığa toxunaraq Azərbaycan tərəfindən sözügedən təşkilata üzv dövlətlərin vətəndaşları üçün təhsil qrantlarının ayrıldığını xüsusi qeyd edib.   Bundan başqa, nazir müavini Elm və Təhsil Nazirliyinin İƏT çərçivəsində təsis olunan Elm və Texnologiya üzrə Dialoq Platformasında aktiv iştirakda maraqlı olduğunu bildirib.

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edib

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev İsmayıllıda vətəndaş qəbulu keçirib. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.     Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

SABAH qruplarına tələbə seçimi başlayır!

Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsinə start verilir.    Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür.    Qeyd edək ki, SABAH qruplarına qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə (http://student.sabah.edu.az/) doldurulmalıdır.     Müsabiqə barədə ətraflı məlumatla qeyd edilən linkdən (https://bit.ly/3N7Jayd) tanış ola bilərsiniz. 

01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı
01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı