Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəflər müzakirə edilib
Fevralın 21-də STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları, xaricdə yaşayan azərbaycanlı alimlər və digər qonaqlar iştirak ediblər. Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar barədə təqdimat nümayiş etdirilib, həmçinin görülən işlər, hədəf və planlar barədə məlumat verilib. Görüş çərçivəsində universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib. Qeyd olunub ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi dövlət başçısı tərəfindən qarşıya məqsəd kimi qoyulub. Görüş iştirakçıları universitetin fəaliyyətinə dair tövsiyələrini bölüşüb, Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıblar. Görüşdə universitetin təhsilalanları və akademik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb. Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
22/02/2024 15:37
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Vətəndaşlar 146 – 8 xətti vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə yarada və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair suallarına cavab ala bilərlər.
22/02/2024 12:26
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş futzal turniri başlayıb
Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə start verilib. Turnir Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. Turnirdə Azərbaycan Tələbə Liqasında çıxış etməyən ali və orta ixtisas təhsili müəssisələrindən 19 komanda mübarizə aparacaq. Oyunlar 5 qrup üzrə Bakı, Gəncə və Şirvan şəhərlərində keçiriləcək. Mart ayında yekun vurulacaq turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq. Qeyd edək ki, turnirin keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala olan marağının artırılması, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.
21/02/2024 14:33
146 – Çağrı Mərkəzinin yeni region üzrə fəaliyyəti
Elm və Təhsil Nazirliyinin 146 – Çağrı Mərkəzi yeni region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar Qazax – Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair sorğu və şikayətlərinə 146 – 0 – 8 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.
21/02/2024 11:05
Vətəndaş müraciətlərinin statistikası
Fevralın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 797 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 13 303-ü çağrı mərkəzləri, 3 758-i sosial media vasitəsilə, 1 659-u elektron, 1 277-si yazılı formada yönləndirilib, 800-ü isə vətəndaş qəbulu zamanı qeydə alınıb. Müraciətlər müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.
20/02/2024 17:04
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı imzaladılar. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzaladılar. https://president.az
19/02/2024 17:35
VIII "InfO(1)Cup" proqramlaşdırma müsabiqəsindən ilk qızıl
9-18 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib. 13 ölkədən 135 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. Məktəblilərimiz sözügedən yarışda ilk dəfədir ki, qızıl medal qazanır. Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.
19/02/2024 14:01
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
20 fevral saat 11:00-dan etibarən sy.edu.az portalı üzərindən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Qeyd edək ki, 20 fevral tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.
19/02/2024 10:35
Apellyasiya Şurasının növbəti iclası keçirilib
Fevralın 16-da elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Ləman Əmirovanın müsahibə nəticəsi ilə əlaqədar şikayətinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntü əsasında şikayət araşdırılıb və təmin edilməməsi barədə qərar qəbul olunub.
16/02/2024 16:00
"İnsan kapitalı və təhsil üzrə" İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib
Fevralın 16-da "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq məqsədinə daxil olan hədəflər çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair “İnsan kapitalı və təhsil üzrə" İşçi qrupunun Elm və Təhsil Nazirliyində növbəti iclası keçirilib. Açılış nitqi ilə çıxış edən İşçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə hesabat barədə ümumi məlumat verib. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri, işçi qrupunun rəhbərinin müavini Günay Quliyeva XXI əsrin tələblərinə uyğun təhsil məqsədi üzrə hesabatı iclas iştirakçılarına təqdim edərək, hədəf indikatorları üzrə görülmüş işlər, çətinliklər və tövsiyələr, eyni zamanda gələcək planlar barədə ətraflı məlumat verib. Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən "İnsan kapitalı və təhsil üzrə" İşçi qrupu Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılıb.
16/02/2024 15:03
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı