Milli Olimpiya Komitəsinin idman yekunlarına həsr olunmuş “Olimpiya gecəsi” keçirilib
Dekabrın 6-da Milli Olimpiya Komitəsinin (MOK) idman yekunlarına həsr olunmuş təntənəli “Olimpiya gecəsi” mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, idman təşkilatları, federasiyalar, media qurumlarının rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək 2023-cü ilin Azərbaycan idmanı üçün uğurla keçdiyini və nailiyyətlərin ildən-ilə artdığını bildirib. Qazanılan uğurlara görə federasiya rəhbərləri və idmançıları təbrik edən Çingiz Hüseynzadə 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağına inamını bildirib. Ardınca Avropa Olimpiya Komitələri və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun video formatında təbriki nümayiş olunub. Spiros Kapralos tədbir iştirakçılarını ana dilimizdə salamlayaraq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib. Tədbirdə 2023-cü ilin idman yekunları ilə bağlı videoçarx təqdim olunduqdan sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi “İlin ən loyal tərəfdaşı” nominasiyası üzrə qalib olub. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər. Tədbir konsert proqramı ilə davam etdirilib.
08/12/2023 14:30
”Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik konfrans keçiriləcək
Dekabrın 11-də ölkəmizdə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik beynəlxalq konfrans təşkil olunacaq. Beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutacaq. Konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıqdır. Elm və təhsil naziri Emin Əmrullayevin açılış nitqi ilə çıxış edəcəyi beynəlxalq konfransa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, UNICEF-in nümayəndələri, o cümlədən Türkiyə və Estoniyadan məruzəçilər, yerli mütəxəssislər qatılacaqlar. Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”, “Məktəbəqədər təhsildə effektiv idarəetmə”, “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olacaq. Panellərdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Təhsil və bacarıqlar şöbəsinin analitiki Nataniel Raynartsn, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumi təhsil siyasəti departamentinin məktəbəqədər təhsil üzrə baş mütəxəssisi Tina Peterson, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin erkən inkişaf üzrə mütəxəssisi Vidur Çopra, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə təhsil mütəxəssisi Anna Berdzenadze, İstanbul Aydın Universitetinin müəllimi, Beynəlxalq Oyun Assosiasiyasının Türkiyə təmsilçisi, professor Belma Tuğrul, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində erkən inkişaf təhsili üzrə rəhbər Nigina Müzəffərova, Türkiyənin Məktəbəqədər Təhsilin İnkişafı Dərnəyinin sədr müavini, Çankırı Karatekin Universitetinin müəllimi Nihan Feyman Gök, Vaşinqton Universitetinin Braun sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi Aytəkin Hüseynli təqdimatla çıxış edəcəklər. Konfrans Təhsil TV vasitəsilə Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
08/12/2023 12:06
Peşə təhsili müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib
Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin baş mühasiblərinin iştirakı ilə növbəti praktiki seminar keçirilib. Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə sektorunun müdiri Vüqar Əsgərov seminarın məqsədi, maliyyə-mühasibatlıq işçilərinin müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətindəki rolu, onların vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, mühasiblərin bilik və bacarıqlarının artırılmasının vacibliyi, eləcə də dövlət büdcəsində təhsil xərclərinin, o cümlədən peşə təhsilinə ayrılan vəsaitlərin həcmi barədə iştirakçıları məlumatlandırıb, mühasiblərə bir sıra təklif və tövsiyələrini verib. Sonra Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini İlqar Bayramlı çıxış edərək büdcə və planlaşdırma, xərclərin proqnozlaşdırılması, ştat-smeta intizamı, adambaşına maliyyələşdirmənin mexanizmi, aidiyyəti müəssisələrin saxlanılması, həmçinin dövlət büdcəsində nəzərdə tutulan xərclər barədə bir sıra statistik məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra seminar Maliyyə, Təhsilin iqtisadiyyatı, Audit şöbələrinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələrlə davam etdirilib. Seminarın sonunda mühasibləri maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr verilib.
07/12/2023 15:22
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
15 – 16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək. İki gün davam edəcək qurultayın birinci günündə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçiriləcək. Qurultayın ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s.” mövzularında panellər olacaq. Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.
07/12/2023 14:42
BMU-da ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və konfrans keçirilib
Dekabrın 7-də Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib. Büstün açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Qonaqlar Azərbaycanın Xalq rəssamı, heykəltaraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevin müəllifi olduğu sənət əsəri ilə bağlı məlumatlandırılıb. Ardınca “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda tədbir iştirakçıları ulu öndərin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Daha sonra Heydər Əliyevin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev BMU-da ulu öndərin büstünün qoyulmasının böyük qürur olduğunu vurğulayaraq bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında BMU-da Heydər Əliyevin büstünün açılışını yüksək dəyərləndirib, bu addımın universitetdə çalışanlar üçün böyük məna kəsb etdiyini vurğulayıb. Konfransın aktual mövzuya həsr olunduğunu deyən nazir bütün sahələrdə olduğu kimi, təhsildə də Heydər Əliyev strategiyalarına sadiq qalındığını və ümumilli liderin elm və təhsil siyasəti konsepsiyası əsasında islahatların uğurla davam etdirildiyini vurğulayıb, Heydər Əliyevin zəngin irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsinin təmin ediləcəyini diqqətə çatdırıb. Konfrans digər çıxışlarla davam etdirilib.
07/12/2023 14:30
SAF 2023-ün üçüncü günündə dövlət rəsmiləri və millət vəkilləri yarışları izləyiblər
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir. Festivalın üçüncü günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə naziri Teymur Musayev, Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Ekspo Mərkəzini ziyarət ediblər. Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar. Qonaqlara məlumat verilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilir. Bildirilib ki, festivalda iştirak üçün 159 əcnəbi şagird ölkəmizdə səfərdədir. Onlar Türkiyə, Niderland, Çex Respublikası, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çex Respublikası və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət ediliblər. Festival dekabrın 8-dək davam edəcək.
06/12/2023 17:30
Məişət zorakılığına həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb
Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreeva və digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca isə məişət zorakılığı ilə mübarizəyə dair videoçarx nümayiş etdirilib. Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasından danışıb. Komitə sədri aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlərin məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verdiyini vurğulayıb. Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev valideynlər arasında olan konfliktin uşaqlara birbaşa təsirindən və ailədə baş verən zorakılığın cəmiyyətdə özünü büruzə verməsindən danışıb. Nazir əlavə edib ki, məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər olduqca vacibdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında vurğulayıb ki, Azərbaycanda 100-ü uşaq olmaqla 154 nəfər zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərilib. Daha sonra digər qonaqlar çıxış edərək məişət zorakılığı ilə mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ailədaxili münaqişələr uşaqların vətəndaş və şəxsiyyət kimi formalaşmasına əsaslı mənfi təsirlər göstərir, zorakılıq hallarının cəzasız qalmasının bu kimi hadisələrin yenidən təkrarlanmasına, problemin dövriliyinin yaranmasına, eləcə də həllinin daha da mürəkkəbləşməsinə səbəb olur. Əlavə edilib ki, qadın və qızların, ümumilikdə cəmiyyətin bütün üzvlərinin təhsilli olması, öz hüquqlarını bilməsi, ailə dəyərlərinin gücləndirilməsi bu problemlərlə mübarizəyə mühüm töhfələr verə bilər. Çıxışlardan sonra konfrans Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, mövcud problemlər və perspektivlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair panel müzakirələrlə davam etdirilib. Qeyd edək ki, konfrans dekabrın 7-dək davam edəcək.
06/12/2023 16:30
“Məktəbli könüllü” proqramına qeydiyyat davam edir
“Məktəbli könüllü” proqramına qeydiyyat prosesi davam edir. Proqrama qoşulmaq istəyən 8, 9, 10 və 11-ci sinif şagirdləri 31 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə admin@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Qeydiyyat üçün link: https://forms.gle/jY4cK2UxqNBQ7UgU7 Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər? məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması, abadlaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi; ekoloji problemlərin həlli və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün müntəzəm olaraq məktəblilərin maarifləndirilməsi, iməcilik aksiyalarının təşkili – ağacəkmə fəaliyyətləri, tullantıların təmizlənməsi, resurslardan səmərəli istifadə; məktəb daxilində karyera klublarının formalaşdırılması, həmçinin asudə vaxtın səmərəli təşkili üçün dil, idman, incəsənət kimi sahələrdə ictimai klubların təşkili və onlara məktəblilərin özlərinin rəhbərlik etmələri; məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlif mövzulu yay və qış düşərgələrinin təşkili; məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili; Bakı və region məktəbləri arasında kommunikasiya mühiti yaratmaqla şəbəkələşmənin təmin edilməsi və birgə fəaliyyətlərin təşkili. Qeyd edək ki, “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən proqramın məqsədi şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır.
06/12/2023 12:30
Yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə start verilib
Dekabrın 5-də yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turnirinin açılış mərasimi keçirilib. Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, tərəfdaş qurumların rəsmi şəxsləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca açılış mərasimi bədii hissə ilə davam etdirilib. Tədbirdə müxtəlif çəki dərəcələri üzrə final yarışları keçirilib və qaliblər mükafatlandırılıblar. 7 gün davam edəcək turnir 11 dekabr tarixində başa çatacaq. Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə beynəlxalq "Təhsil" turniri Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilir. Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın idmançı mübarizə aparır. Turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsindən ibarətdir.
06/12/2023 12:00
SAF 2023 davam edir
Dekabrın 5-də Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, mədəniyyət naziri Adil Kərimli, müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakı Ekspo Mərkəzində olublar. Qonaqlar SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar. Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışır. Qeyd edək ki, festival dekabrın 8-dək davam edəcək. SAF 2023 dair digər fotolar
05/12/2023 18:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı