Elm və təhsil naziri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb
Aprelin 5-də elm və təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovla görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.
05/04/2024 16:42
Nazir müavini Həsən Həsənli Biləsuvarda vətəndaşları qəbul edib
Aprelin 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Biləsuvar rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
05/04/2024 16:17
Məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusunda olimpiada təşkil olunacaq
Aprelin 4-də Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş olimpiadanın təşkilinə dair fikir mübadiləsi aparılıb. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Elxan Nəcəfov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü İbrahim Bayramov iştirak ediblər. Bildirilib ki, olimpiadanın təşkilində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Final mərhələsi iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək. Qeyd edək ki, olimpiadanın tərəfdaşları qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması çıxış edəcək. Sözügedən olimpiada ötən ilin noyabr ayında Naxçıvanda təşkil olunmuş “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində müzakirə edilən təkliflərin reallaşdırılmasının davamı kimi həyata keçiriləcək.
04/04/2024 16:45
Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə müdir təyin edilib
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib. Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb. Kamran İsmayılov Xətai Rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş, İctimai siyasət və humanitar məsələlər şöbəsinin müdiri, həmçinin "Azərsun Holdinq"də müxtəlif vəzifələrdə çalışıb. Qeyd edək ki, bu təyinata qədər Kamran İsmayılov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.
04/04/2024 12:41
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib. Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Azər Abizadə 2012-ci ildən ADA Universitetində baş müəllim, 2017-ci ildən isə dosent olaraq çalışıb. İşlədiyi müddət ərzində oyunlar nəzəriyyəsi ilə bağlı bir çox nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. ADA Universitetinin “İlin ən uğurlu müəllimi və alimi” mükafatını alan ilk müəllimidir.
03/04/2024 16:10
“Məktəblərdə Məhəmməd Füzuli ayı”na start verilib
"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilir. Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, ədəbiyyat, eləcə də incəsənət xadimləri ilə görüşlərin təşkili, şairə həsr olunmuş bədii, sənədli filmlərin nümayişi, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqənin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, may ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.
03/04/2024 12:26
Elm və təhsil naziri BDU-nun Elmi Şurasının iclasında iştirak edib
Elm və Təhsil Nazirliyi rəhbərliyinin iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib. İclasdan əvvəl nazir universitetin yeni təmir olunmuş 2 nömrəli tədris binası ilə tanış olub. Burada ulu öndər Heydər Əliyevin büstünün və şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib. Sonra BDU-nun Heydər Əliyev lektoriyasında Elmi Şuranın iclası keçirilib. İclasda nazir Qarabağda qazandığımız böyük zəfərdən sonra ölkəmizin inkişafının yeni mərhələyə keçdiyini, təhsil və elm sahəsi üzrə də yeni çağırışların olduğunu diqqətə çatdırıb. Emin Əmrullayev ölkənin ən böyük və qədim ali təhsil müəssisəsi kimi BDU-nun qarşısında dayanan yeni hədəflərin 3 əsas istiqaməti əhatə etməli olduğunu bildirib: "Bunlardan birincisi peşəkar kadr hazırlığıdır. BDU-nun tədqiqat potensialının daha da artırılmasını ikinci hədəf kimi götürmək olar. Milli ideoloji dəyərlərin inkişaf etdirilməsi də əsas hədəflər sırasındadır. Bu üç istiqamət arasında balans yaratmaq və hər birini inkişaf etdirmək çox vacibdir". Sonra nazir BDU-nun dünya reytinqlərində mövqeyinin daha da yaxşılaşdırılması, beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı tövsiyələrini verib və universitet kollektivinə uğurlar arzulayıb. BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, nazirin çıxışı BDU-nun inkişafının strateji istiqamətlərini müəyyənləşdirməyə kömək edəcək. Eyni zamanda universitetin elmi və tədris potensialı qarşıda duran hədəflərə çatmağa imkan verəcək.
02/04/2024 18:35
Dövlət Proqramı məzunları ilə görüş və karyera sərgisi keçirilib
Aprelin 2-də ADA Universitetində “2022–2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib. Tədbirin keçirilməsində məqsəd xaricdə təhsil almış gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləmək və ölkənin kadr potensialını gücləndirməkdir. Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Həsən Həsənli ötən il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil imkanı qazanmış 50 gəncin dünyanın 10 ən yaxşı universitetinə qəbul olduğunu xatırladıb. Nazir müavini əlavə edib ki, “2022–2026-cı illər üçün Dövlət Proqramı” məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir. "Dövlət Proqramı çərçivəsində xarici təhsil müəssisələrinin siyahısına baxsaq, görərik ki, ötən illərlə müqayisədə həm siyahının keyfiyyəti artıb, həm də potensialı daha yüksək olan gənclər proqrama qəbul ediliblər. Bu gün proqram çərçivəsində xaricdə təhsil alan gənclərimiz dünya miqyasında rəqabətədavamlı gənclərdir. Bu baxımdan gələcəyə nikbin baxa bilərik" – deyə nazir müavini qeyd edib. Ardınca Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova çıxış ediblər. Tədbirdə həmçinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının dövlət qulluğuna müraciət etmək qaydaları”, “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu”, “Əmək bazarına çıxış üçün nə tələb olunur?” mövzularında maarifləndirici çıxışlar olub. Tədbirin sonunda isə 30-a yaxın nüfuzlu dövlət və özəl sektorları təmsil edən qurumların iştirakı ilə karyera sərgisi təşkil olunub. Sərgidə həmin qurumlar tərəfindən iş imkanlarına dair məlumatlar paylaşılıb.
02/04/2024 14:24
Vətəndaş müraciətlərinin statistikası
Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i "WhatsApp" vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb. Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.
02/04/2024 09:10
“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib
Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib. Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, bu proqram tələbə və məzunlara təhsil sahəsi üzrə təcrübi bilik və bacarıqlar qazandırmaqla yanaşı, nazirliyin müxtəlif strukturları üçün kadr ehtiyatı bazasının formalaşdırılması baxımından da əhəmiyyətlidir. Mətin Kərimli əlavə edib ki, proqram müddətində iştirakçılar nazirliyin müvafiq bölmələrində təcrübə keçəcəklər, həmçinin müxtəlif təlimlərə cəlb olunacaqlar. Mətin Kərimli proqrama seçilən iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına qoşulmaqla bağlı müraciət etmiş 1 958 nəfərdən 690-nın test imtahanında iştirakı müvafiq hesab olunub. Onlardan uğurlu nəticə əldə edən 105 nəfər müsahibə mərhələsinə dəvət olunub və 28 namizəd proqramda iştirak hüququ qazanıb. Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi və 7 nəfər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcəklər. Poqramda ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər iştirak ediblər. Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. Proqram 3 ay müddətində davam edəcək. Sonda isə iştirakçılara sertifikat təqdim olunacaq.
01/04/2024 16:34
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı