Vətəndaş müraciətlərinin statistikası
Aprelin 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 27 525 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 18 575-i çağrı mərkəzləri, 710-u sosial media, 3 334-ü "WhatsApp" vasitəsilə, 986-sı elektron, 925-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 995 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin yerdəyişməsi və işə qəbulu, birinci sinfə qəbul, lisey və gimnaziyalara qəbul prosesi, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.
02/05/2024 09:41
Elm və Təhsil Nazirliyi ilə “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyi arasında görüş keçirilib
Mayın 1-də Elm və Təhsil Nazirliyində “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov ilə görüş təşkil edilib. Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ali təhsil müəssisələrinin rəqabətədavamlılığının artırılması və beynəlxalq göstəricilərə müvafiq olaraq inkişaf imkanları müzakirə edilib. Görüş zamanı ölkəmizin təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirmək, eləcə də əməkdaşlıq imkanları haqqında ətraflı müzakirələr aparılıb.
01/05/2024 18:00
“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb
Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiyası təşkil olunub. Panel sessiyasında çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ksenofobiya bəşəriyyətin tərəqqisini əngəlləyir, zorakılıq, münaqişə, terrorizm təhlükəsini artırır. Bəzi dairələr xalq və dinlər arasında münaqişələri alovlandırır. Problemin həllində isə təməl amil kimi təhsil olmalıdır. Təcrübə göstərir ki, təhsilli insanlar münaqişələrin daha asan həll olunmasına imkan yaradırlar. Firudin Qurbanov əlavə edib ki, ölkəmiz mədəniyyətlərarası dialoq tərəfdarı olaraq prosesə öz töhfəsini verir. Hazırda heç bir şübhə yoxdur ki, tolerantlıq olmadan ksenofobiyanın dəf edilməsi mümkün deyil. Azərbaycan irqindən, dilindən, dinindən asılı olmayaraq, hər bir vətəndaşın təhsil almasına imkan yaradır. Onlara öz mədəni irslərini qoruyub saxlamaları üçün hər cür fürsət verilir. Nazir müavini çıxışında Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin başlıca məqsədindən də söz açıb. Bildirib ki, bu layihə təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırır. Bu gün azərbaycanlı məktəblilər olimpiada və yarışlarda iştirak edirlər. Belə tədbirlər mədəniyyətlərarası dialoq və xalqlar arasında həmrəylik yaradır. Hazırda Azərbaycanda ali təhsil müəssisələrində 10 minədək əcnəbi təhsil alır. Firudin Qurbanov qeyd edib ki, dövlət proqramları çərçivəsində 4 500-ə yaxın gəncimiz dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bugünkü forum da mədəniyyətlərarası dialoq sahəsində fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu diqqətə çatdırıb. Fariz İsmayılzadə bildirib ki, universitetdə Afrika, Asiya ölkələrindən tələbələrin cəlb edilməsi üçün proqramlar var və onlar ölkəmizin mədəniyyəti ilə də tanış olurlar. Panel sessiyasında çıxış edən digər iştirakçılar ölkələrində ksenofobiya ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıblar. Panel sessiyası müzakirələrlə davam etdirilib.
01/05/2024 16:57
Elm və təhsil işçilərinə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edilib
Aprelin 30-da Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Nazir çıxışında ulu öndərin genişmiqyaslı fəaliyyətində elmin və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu qeyd edib. Emin Əmrullayev Heydər Əliyevin Azərbaycan təhsilinin tərəqqisindəki müstəsna xidmətlərindən birinin ölkəmizdən kənarda ali təhsilli kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, ümummilli lider 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıb. Nazir 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin 100 illiyinə həsr olunmuş tədbirlər barədə də iştirakçılara məlumat verib. Daha sonra "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülmüş bir qrup elm və təhsil işçisinə elm və təhsil naziri tərəfindən medallar təqdim edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Təltif olunanlar - fotolar
01/05/2024 11:03
2024–2025-ci tədris ili üzrə I siniflərə qəbul başlayır
Mayın 1-dən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək. Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibələr 7–30 may tarixlərində keçiriləcək. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri 12 iyun–13 sentyabr tarixlərində məktəb və müəllim seçimi edə biləcəklər. Birinci sinfə qəbulla bağlı digər suallarınıza müvafiq linkə daxil olaraq cavab əldə edə bilərsiniz. Birinci sinfə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək.
01/05/2024 10:00
Elm və təhsil nazirinin müavini Ankara şəhərinə səfər edib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. Aprelin 29-da nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib. Görüşlər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb. Aprelin 30-da nümayəndə heyəti Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə Türkiyə–Azərbaycan Universitetinin (TAU) fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib.
01/05/2024 09:30
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
Aprelin 30-da elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb. Proqram iştirakçılarını salamlayan Emin Əmrullayev “Maarifçi”lərlə bağlı gözləntilərini dilə gətirib. Nazir bu kimi proqramların tələbə və gənclərlə ünsiyyət, onların dövlət qurumlarının fəaliyyəti barədə məlumatlandırılması baxımından faydalılığını qeyd edib. Emin Əmrullayev həmçinin sözügedən proqramın əhatə dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Proqram iştirakçılarının təəssüratlarını öyrənən elm və təhsil naziri sonda onları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, 27 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçıların 9 nəfəri magistratura tələbəsi, 6-sı III kurs, 8-i IV kurs bakalavriat tələbəsi, 4-ü isə son 3 il ərzində məzun olmuş şəxsdir. Proqram ərzində 13 nəfər Elm və Təhsil Nazirliyi, 2 nəfər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 6 nəfər Peşə Təhsili üzrə Dövlət Agentliyi, 6 nəfər isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrində təcrübə keçəcək. Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarını formalaşdırmaq, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarını artırmaq, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələrinə, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. Proqram 3 ay müddətində davam edəcək. Sonda isə iştirakçılara sertifikat təqdim olunacaq.
30/04/2024 16:53
İnformatika üzrə fənn olimpiadalarının final nəticələri
Aprelin 28-də keçirilən informatika üzrə Respublika Fənn Olimpiadalarının (RFO) final turunun nəticələri açıqlanıb. Qaydalara əsasən, iki yaş qrupu üzrə 1-5-ci yerlər və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 6-15-ci yerlər və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 16-30-cu yerlər və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıblar. Qeyd edək ki, RFO Kapital Bankın baş sponsorluğu ilə keçirilir. RFO-nun informatika fənni üzrə final turunun nəticələri
29/04/2024 16:57
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 10 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
29/04/2024 14:30
“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilib
26–28 aprel tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hakaton formatında tələbə müsabiqəsi təşkil edilib. Layihə “Bir könüllü” Tələbə Təşkilatı və Gənclər Fondunun təşkilatçılığı, “bp Azərbaycan”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu, SABAH.HUB-ın tərəfdaşlığı, “Tetroid” şirkətinin media dəstəyi ilə həyata keçirilib. Müsabiqənin keçirilməsində məqsəd iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirmək olub. Müsabiqənin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov tələbələr üçün təşkil olunan belə layihələrin əhəmiyyətindən danışıblar. Ardınca Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxış ediblər və gənclərə tələbəlik illərində təhsil üzrə müxtəlif faydalı imkanları dəyərləndirməyə dair tövsiyələr veriblər. Tələbə müsabiqəsinin ilk günündə akademik İşıl Keskin Şahan, “Flower Turbines” şirkətinin baş icraçı direktoru Daniel Farb və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində milli proqram koordinatoru vəzifəsində çalışan Elməddin Namazovun təqdimatında interaktiv təlim proqramları həyata keçirilib. Günün ikinci yarısında su ehtiyatları üzrə idarəetmənin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, yaşıl texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin davamlılığı və ekoloji dayanıqlılığının təminatı olmaqla 4 əsas istiqamət üzrə həyata keçirilən hakatonun iştirakçıları ilkin ideyaların formalaşdırılmasına başlayıblar. Müsabiqə ərzində hər bir komanda mentor dəstəyi də alıb. Hakatonda müvafiq istiqamətlər üzrə təyin edilmiş 10 mentor tələbələrə konstruktiv rəylər verərək onlara ideyalarının təkmilləşdirilməsi istiqamətində dəstək olub. Hakatonun finalında isə tərkibi 10 nəfərdən ibarət 30 komanda 5 dəqiqə ərzində layihə təqdimatlarını həyata keçirib. Təqdimatlar BMT-nin ölkəmizdəki rezident əlaqələndirici ofisinin iqtisadçısı Hurşid Rüstəmov, “Tedroid” şirkətinin həmtəsisçisi Tariyel Ağazadə, SABAH.HUB-ın əməkdaşı İnqilab Süleymanov və Kapital bankın rəqamsal xidmət sahəsinin məhsul sahibi Cəlal Hüseynzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin qərarı ilə “Genesis” komandası I, “Cookers 404” komandası II, “Hexagon Bhos” komandası III yerə layiq görülüblər. Qaliblər müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində mükafat və “bp Azərbaycan” tərəfindən təqdim olunan hədiyyə ilə mükafatlandırılıblar. Tələbə müsabiqəsinin qalib komandası eyni zamanda layihənin tərəfdaşı olan SABAH.HUB Mərkəzində inkubasiya proqramına cəlb ediləcək. Qeyd edək ki, müsabiqədə 3 komanda region gənclərindən, 27 komanda isə paytaxt gənclərindən ibarət olub.
29/04/2024 12:01
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı