Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub
Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib. Seminar təhsil texnologiyaları üzrə regional və qlobal trendlərin müzakirəsi, onların əsasında Azərbaycan təhsil sisteminin rəqəmsallaşma fürsətlərinin müəyyən edilməsi məqsədilə təşkil olunub. Seminarda əvvəlcə SABAH.HUB İnnovasiya Mərkəzinin icraedici direktoru Rəhim Bayramlı açılış nitqi ilə çıxış edib. Ardınca mərkəzin startapların inkişafı üzrə direktoru Orxan Abbasov “Regionda innovativ təhsil üzrə startaplar”, Strategiya və layihələrin idarə olunması şöbəsinin rəhbəri Nihat Məcidov “Müasir təhsil innovasiyaları” mövzularında təqdimat ediblər. Seminarda həmçinin ölkəmizin təhsil sisteminin mühüm çağırışları müzakirə olunub, SABAH.HUB və təhsil qurumlarının resursları əsasında bu çağırışlara cavab verə biləcək metod və texnologiyalar təklif olunub.
06/04/2024 10:47
Nazir müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Əvvəlcə məktəbin foyesində Goranboy şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra təhsil müəssisəsinin akt zalına, yeməkxana və idman zalına baxış keçirilib. Məktəbdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib. Bildirilib ki, məktəb binası 2021-ci ildə istifadəyə verilib. Hazırda məktəbdə 810 şagird təhsil alır.
05/04/2024 17:41
Nazir müavini Firudin Qurbanov Goranboyda vətəndaşları qəbul edib
Aprelin 5-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy rayonunda vətəndaşları qəbul edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Goranboy şəhəri “Şəhidlər” xatirə-abidə kompleksinin önünə gül dəstələri düzülüb. Daha sonra nazir müavini Goranboy Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Goranboy və Naftalan sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, çalışmanın yaş həddinin artırılması və digər məsələlərlə bağlı olub. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
05/04/2024 17:17
Elm və təhsil naziri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri ilə görüşüb
Aprelin 5-də elm və təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovla görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.
05/04/2024 16:42
Nazir müavini Həsən Həsənli Biləsuvarda vətəndaşları qəbul edib
Aprelin 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Biləsuvar rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
05/04/2024 16:17
Məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusunda olimpiada təşkil olunacaq
Aprelin 4-də Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş olimpiadanın təşkilinə dair fikir mübadiləsi aparılıb. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Elxan Nəcəfov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü İbrahim Bayramov iştirak ediblər. Bildirilib ki, olimpiadanın təşkilində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Final mərhələsi iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək. Qeyd edək ki, olimpiadanın tərəfdaşları qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması çıxış edəcək. Sözügedən olimpiada ötən ilin noyabr ayında Naxçıvanda təşkil olunmuş “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində müzakirə edilən təkliflərin reallaşdırılmasının davamı kimi həyata keçiriləcək.
04/04/2024 16:45
Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə müdir təyin edilib
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib. Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb. Kamran İsmayılov Xətai Rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş, İctimai siyasət və humanitar məsələlər şöbəsinin müdiri, həmçinin "Azərsun Holdinq"də müxtəlif vəzifələrdə çalışıb. Qeyd edək ki, bu təyinata qədər Kamran İsmayılov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.
04/04/2024 12:41
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azər Abizadə nazir müşaviri təyin edilib. Azər Abizadə bakalavr təhsilini Türkiyənin Boğaziçi Universitetində biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Məzun olarkən “İlin ən uğurlu xarici məzunu” mükafatına layiq görülüb. 2012-ci ildə ABŞ-nin Roçester Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Azər Abizadə 2012-ci ildən ADA Universitetində baş müəllim, 2017-ci ildən isə dosent olaraq çalışıb. İşlədiyi müddət ərzində oyunlar nəzəriyyəsi ilə bağlı bir çox nüfuzlu jurnallarda elmi məqalələri dərc olunub. ADA Universitetinin “İlin ən uğurlu müəllimi və alimi” mükafatını alan ilk müəllimidir.
03/04/2024 16:10
“Məktəblərdə Məhəmməd Füzuli ayı”na start verilib
"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilir. Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, ədəbiyyat, eləcə də incəsənət xadimləri ilə görüşlərin təşkili, şairə həsr olunmuş bədii, sənədli filmlərin nümayişi, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqənin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, may ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.
03/04/2024 12:26
Elm və təhsil naziri BDU-nun Elmi Şurasının iclasında iştirak edib
Elm və Təhsil Nazirliyi rəhbərliyinin iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib. İclasdan əvvəl nazir universitetin yeni təmir olunmuş 2 nömrəli tədris binası ilə tanış olub. Burada ulu öndər Heydər Əliyevin büstünün və şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib. Sonra BDU-nun Heydər Əliyev lektoriyasında Elmi Şuranın iclası keçirilib. İclasda nazir Qarabağda qazandığımız böyük zəfərdən sonra ölkəmizin inkişafının yeni mərhələyə keçdiyini, təhsil və elm sahəsi üzrə də yeni çağırışların olduğunu diqqətə çatdırıb. Emin Əmrullayev ölkənin ən böyük və qədim ali təhsil müəssisəsi kimi BDU-nun qarşısında dayanan yeni hədəflərin 3 əsas istiqaməti əhatə etməli olduğunu bildirib: "Bunlardan birincisi peşəkar kadr hazırlığıdır. BDU-nun tədqiqat potensialının daha da artırılmasını ikinci hədəf kimi götürmək olar. Milli ideoloji dəyərlərin inkişaf etdirilməsi də əsas hədəflər sırasındadır. Bu üç istiqamət arasında balans yaratmaq və hər birini inkişaf etdirmək çox vacibdir". Sonra nazir BDU-nun dünya reytinqlərində mövqeyinin daha da yaxşılaşdırılması, beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı tövsiyələrini verib və universitet kollektivinə uğurlar arzulayıb. BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, nazirin çıxışı BDU-nun inkişafının strateji istiqamətlərini müəyyənləşdirməyə kömək edəcək. Eyni zamanda universitetin elmi və tədris potensialı qarşıda duran hədəflərə çatmağa imkan verəcək.
02/04/2024 18:35
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış
Ətraflı? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura
Ətraflı? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər
Ətraflı