• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb

Sentyabrın 9-da Gülüstan sarayında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb.
 

Forum Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə keçirilir. 23 ölkədən 80-dən çox azərbaycanlı alimin olduğu tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.
 

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onları yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparılması üçün şərait yaratmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.

 

Forumda əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.

 

Forumun açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, elmin inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanması istiqamətində işlər görülür. Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsinin vacibliyini vurğulayan elm və təhsil naziri deyib ki, dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirilir. Bu proqramlar çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və biliklərini paylaşması vacibdir.
 

Tədbir çərçivəsində Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiyanın vacibliyini xüsusi vurğulayan Emin Əmrullayev bildirib ki, xaricdə yaşayan alimlərimizdən gözləntilər çoxdur. Nazirin sözlərinə görə, xaricdə yaşayan azərbaycanlı alimlərin ölkəmizdə olduqları dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etmələrinin böyük faydası ola bilər. Qısamüddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz, elmi əməkdaşlıq da çox mühümdür. Bundan əlavə, gənc doktorantların 1 və ya 2 illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmalarında da fayda var.
 

Sonda forumun Azərbaycan elminin inteqrasiya nəticəsində inkişafına böyük töhfə verəcəyinə və elmin inkişaf etdirilməsi istiqamətində burada maraqlı müzakirələrin aparılacağına əminliyini bildirən Emin Əmrullayev tədbirin işinə uğurlar arzulayıb. 
 

Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, xaricdə artıq yeni nəsil alimlər yetişirlər. Komitə sədrinin sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın hər birinin uğuru birlikdən keçir. Onlardan əsas gözləntimiz isə dövlətə töhfə vermələri və təcrübələrini bölüşmələridir.
 

Gələn həftə xarici vətəndaşlar üçün “Azərbaycan dili” dərsliyinin çap olunacağını vurğulayan komitə sədrinin sözlərinə görə, bu dərslik həm də xaricdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün faydalı ola bilər.
 

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışı zamanı bildirib ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir. Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elm və təhsil sahəsində də yeniliklərin tətbiq olunması zərurəti yarandı. Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qaldırılması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etməyin lazım olduğu barədə düşünmək lazımdır. Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır. Bunun üçün isə biz alimlərimizdən təkliflər gözləyirik. 
 

Forum panel müzakirələri ilə öz işini davam etdirib. 
 

Sentyabrın 11-dək davam edəcək forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.


09.09.2024 - 17:00