“İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib
08/09/2026 17:55
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə 2026-cı ilin birinci yarısında görülmüş işlərin nəticələrinə həsr olunmuş “İnsan kapitalı və təhsil” işçi qrupunun növbəti iclası keçirilib. İclasda təhsil sahəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti, əldə olunan nəticələr, mövcud çağırışlar və növbəti dövr üçün prioritet istiqamətlər müzakirə olunub. İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışı zamanı Strategiyanın icrası üzrə əldə olunan nəticələr barədə məlumat verib. Nazir müavini təhsilin keyfiyyətinin və beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın icra müddətinin cari ildə başa çatdığını nəzərə alaraq, qarşıda duran mühüm addımları diqqətə çatdırıb. O, müəyyən edilmiş strateji çərçivəyə uyğun olaraq yekun hədəflərə nail olunması üçün zəruri tədbirlərin vaxtında və nəticəyönümlü icrasının vacibliyini vurğulayıb. İİTKM-in İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov 2026-cı ilin birinci yarısı üzrə monitorinq hesabatını təqdim edib. Təqdimatda hədəf indikatorlar üzrə icra vəziyyəti, əldə olunan nəticələr, mövcud çətinliklər, təkliflər və növbəti dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. İclasda işçi qrup üzvləri, Elm və Təhsil Nazirliyinin aparatının və aidiyyəti struktur bölmələrinin nümayəndələri çıxış edərək fikir və təkliflərini bildiriblər. Çıxışlarda təhsil sahəsində həyata keçirilən islahatların nəticələri müsbət qiymətləndirilib.
PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri təqdim edilib
08/09/2026 16:00
Sentyabrın 8-də PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələrinin təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələri, Azərbaycanın əsas göstəriciləri və əvvəlki qiymətləndirmə dövrləri ilə müqayisəli nəticələr barədə təqdimatla çıxış edib. Bildirilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, bu bilikləri real həyat situasiyalarında tətbiq etmək qabiliyyətini qiymətləndirən beynəlxalq müqayisəli tədqiqatdır. PISA 2025-də 91 ölkə üzrə 760 min şagird iştirak edib. Azərbaycan ölkə üzrə 241 məktəbdən 7 432 şagirdlə tədqiqatda təmsil olunub. PISA 2025-in nəticələrinə əsasən, bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib: təbiət elmləri üzrə 34, riyazi savadlılıq üzrə 16 və oxu üzrə 18 ölkə. Azərbaycan isə nəinki irəliləyənlər sırasındadır, hətta hər üç istiqamət üzrə dünyada ən böyük sıçrayış edən 2-ci ölkədir. Nazir vurğulayıb ki, PISA nəticələri təhsil siyasətinin formalaşdırılması və islahatların nəticələrinin qiymətləndirilməsi baxımından mühüm göstəricidir. Bu nəticələr yalnız statistik göstərici kimi deyil, həm də təhsil siyasətinin təhlili baxımından əhəmiyyətlidir. PISA nəticələri dərin təhlil aparmaq, təhsil siyasətini araşdırmaq, yeni islahatları müəyyənləşdirmək, əvvəlki islahatların necə işləməsi ilə bağlı nəticəyə gəlmək baxımından vacibdir. Təhsil siyasəti yalnız rəqəmlərə və statistik göstəricilərə əsaslanmamalı, eyni zamanda müəyyən prinsiplər və qaydalar üzərində qurulmalıdır. Nazirin təqdimatından sonra tədbir sual-cavab formatında davam etdirilib.
“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüb
08/09/2026 14:00
IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurovla görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin məsul əməkdaşları, həmçinin proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və IV “Maarifçi” proqramının iştirakçıları iştirak ediblər. Kərəm Mansurov “Müasir məhkəmə sistemi və rəqəmsal gələcək” mövzusunda çıxış edib. Çıxış zamanı Məhkəmə-Hüquq Şurasının fəaliyyət istiqamətləri, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, məhkəmə mədəniyyətinin formalaşdırılması, eləcə də rəqəmsal idarəetmə və süni intellektin ədalət mühakiməsində gələcək rolu barədə məlumat verilib. Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri vurğulayıb ki, müasir məhkəmə sisteminin inkişafı hüquqi bilik və peşəkarlıqla yanaşı, yüksək etik davranış standartlarının qorunması, ictimai etimadın təmin edilməsi və yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə ilə sıx bağlıdır. Rəqəmsal gələcəyin yalnız texnoloji yenilikləri deyil, eyni zamanda yeni düşüncə tərzini, müasir idarəetmə mədəniyyətini və dəyişikliklərə açıq insan kapitalını ehtiva etdiyi qeyd olunub. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. Hazırda 53 nəfər IV “Maarifçi” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçir.
PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib
04/09/2026 16:37
Sentyabrın 4-də PISA (Programme for International Student Assessment – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. Görüşdə təhsil ictimaiyyəti və media nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər. Məlumatlandırma görüşündə Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimat zamanı beynəlxalq qiymətləndirmələrdə çərçivənin müəyyənləşdirilməsi, beynəlxalq standartların formalaşdırılması və bu standartların hansı meyarlar əsasında müəyyən edilməsi barədə məlumat verilib. Eyni zamanda PISA tədqiqatının məqsədi və əsas xüsusiyyətləri diqqətə çatdırılıb. Bildirilib ki, üç ildən bir keçirilən PISA tədqiqatında 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqları qiymətləndirilir. Tədqiqat çərçivəsində hər dəfə bu istiqamətlərdən biri əsas sahə kimi müəyyənləşdirilir. 2029-cu ildən etibarən tədqiqatın dörd ildən bir keçirilməsi nəzərdə tutulur. Elnur Əliyev çıxışında vurğulayıb ki, PISA uşaqların yalnız nə bildiyini deyil, əldə etdikləri bilik və bacarıqları real həyat situasiyalarında necə tətbiq edə bildiklərini də qiymətləndirir. Qeyd edib ki, PISA reytinq yarışı deyil, ölkələrə öz təhsil sistemlərini təhlil etmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı verən etibarlı beynəlxalq qiymətləndirmə platformasıdır. Bildirilib ki, Azərbaycan PISA tədqiqatında 2018-ci ildən iştirak edir. PISA 2025 tədqiqatında isə əvvəlki illərdən fərqli olaraq region məktəbləri də tədqiqata cəlb olunub. Çıxış zamanı təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Azərbaycanın müxtəlif milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak etdiyi diqqətə çatdırılıb. Bu çərçivədə müxtəlif yaş qruplarında təhsilalanların beynəlxalq və milli qiymətləndirmələrə cəlb olunduğu qeyd edilib. Təqdimatdan sonra görüş sual-cavab formatında davam etdirilib.
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
03/09/2026 14:05
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub. Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin nəticələrinə uyğun olaraq, dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili təmin ediləcək. Eyni zamanda maliyyələşmə müqavilələri çərçivəsində həmin müəssisələrin fəaliyyətinin monitorinqi həyata keçiriləcək. Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31/08/2026 14:21
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin XII görüşü keçirilib. Görüşün qonağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olub. STEAM İnnovasiya Mərkəzində təşkil olunan görüşdə Vüsal Hüseynov “Miqrasiya idarəçiliyi: rəqəmsallaşma, tendensiyalar və çağırışlar” mövzusunda çıxış edib. Görüş zamanı dövlət miqrasiya siyasəti, miqrasiya idarəçiliyində rəqəmsal transformasiya və yeni yanaşmalar, peşəkar inkişaf, beynəlxalq təcrübənin idarəçilikdə tətbiqi, insan kapitalının inkişafı məsələləri müzakirə olunub. Dövlət Miqrasiya Xidmətinin rəisi çıxışı zamanı təhsil və karyera yolu, rəhbərlik təcrübəsi, müasir idarəçilik yanaşmaları və dövlət qulluqçularının qarşısında duran çağırışlarla bağlı fikirlərini iştirakçılarla bölüşüb. Daha sonra görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafına, liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsinə, eləcə də müasir çağırışlara cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28/08/2026 17:45
Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə tədris, təlim və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müvafiq təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur. Bununla əlaqədar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul Texniki Universitetinin Rektorluğuna bağlı olaraq Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində akademik bölmələrin açılması haqqında” 27 avqust 2026-cı il tarixli 11647 nömrəli Qərarı imzalayıb. İTU-nun mühəndislik sahəsində zəngin akademik və elmi potensialının Qarabağ Universiteti ilə əlaqələndirilməsi müasir tədris və tədqiqat imkanlarının genişləndirilməsinə, yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına və birgə elmi fəaliyyətin inkişafına şərait yaradacaq. Əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub. Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28/08/2026 17:36
Avqustun 28-də elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27/08/2026 15:39
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 8 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyata start verilir
27/08/2026 15:00
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər. Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları ekranda əks olunur. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra qəbul məlumatları ilə tanış olur və növbəti mərhələyə keçirlər. Qeydiyyat zamanı elektron sistemdə mövcud olmayan hər hansı məlumat üzrə sənəd tələb olunarsa, həmin sənədi sistemə yükləyirlər. Abituriyent daha sonra “Güzəştli qəbul” bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edir. Həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını seçir. “Bəli” seçdiyi halda, uyğun sosial statusu və onu təsdiq edən sənədləri sistemə əlavə edir. Son mərhələdə daxil etdiyi məlumatların düzgünlüyünü yoxlayır, məlumatların toplanmasına və istifadəsinə razılıq verərək qeydiyyatı tamamlayır. Abituriyentlər müraciətinin statusunu “Xidmətin tarixçəsi” bölməsindən izləyə bilərlər. Müraciət “Ödəniş edilməlidir” statusunda olduqda təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəmək və ya ödənişi başqa üsulla həyata keçirdikləri halda ödənişi təsdiq edən sənədi “Qəbzi yüklə” seçimi vasitəsilə sistemə əlavə etmək mümkündür. Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur. Qeydiyyatın təsdiqlənməsi barədə məlumat vətəndaşa “mygov” platforması üzərindən bildiriş vasitəsilə göndərilir.
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
Zəfərlə ucalan bayrağımız daim zirvələrdə dalğalansın! ?? #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü
Ətraflı8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə təhsil müəssisələrində keçirilən tədbirlərdən fotolent #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü #Fotolent
ƏtraflıPrezident İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. Ətraflı: https://president.az/az/articles/view/74584 #Azərbaycan #PrezidentAz #QarabağUniversiteti #BöyükQayıdış
Ətraflı