Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Casbinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov öncə qonaqları salamlayıb, Azərbaycanla İran arasında münasibətlərin daha da möhkəmlənməsində təhsil sahəsindəki əlaqələrin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bakıda keçirilən İslam Dünyası Universitetləri Federasiyasının (İDUF) V baş konfransının uğurla başa çatdığını söyləyən nazir belə yüksək səviyyəli tədbirin təşkilində İSESKO-nun mühüm rolu olduğunu bildirib. Azərbaycanla və İran universitetlərinin əlaqələrinin potensial imkanlara uyğun gəlmədiyini qeyd edən təhsil naziri hər iki dövlət rəhbəri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığını bildirən Misir Mərdanov ali məktəblər arasındakı əlaqələrə diqqətin artırılmasının zəruriliyini önə çəkib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən İranın Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Casbi ölkələrimiz arasında ortaq mədəni əlaqələrin və səmərəli əməkdaşlığın mövcud olduğunu nəzərə çatdırıb. Qonaq ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətlərindən söz açıb, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Aparılan müzakirələrin əhəmiyyətli olacağını bildirən nazir gələcəkdə ölkələrimizin təhsil sahəsində əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
08/07/2015 16:52
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
Ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə (XI siniflərdə) buraxılış imtahanları 3 iyun Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında; 7 iyun Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 11 iyun Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 16 iyun Bakı və Sumqayıt şəhərlərində. Qeyd: Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanı 7 iyun 2010-cu il tarixdə keçiriləcəkdir. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir. Ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə (IX siniflərdə) buraxılış imtahanları 4 iyun Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında; 8 iyun Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 12 iyun Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 14 iyun Bakı və Sumqayıt şəhərlərində. Qeyd: Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə buraxılış imtahanı 8 iyun 2010-cu il tarixdə keçiriləcəkdir. Bu rayonların işğal altında olan ərazilərinə aid olan və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir. XI sinif şagirdləri buraxılış imtahanlarına şəxsiyyəti təsdiq edən sənəd əsasında buraxılacaqlar. Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaqdır. İmtahan test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir. Əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat fənlərindən keçiriləcəkdir. İmtahan test suallarının sayı 50-dir. Bu sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə fənninə) aiddir. Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, əsas təhsil pilləsi üzrə buraxılış imtahanlarının aparılmasına 1,5 saat vaxt ayrılır. İmtahanda qiymətləndirmə hər bir fənn üzrə ayrılıqda aparılır. Hər bir fənn üzrə sualların 20%-nə müsbət cavab verən şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. Məsələn, ana dili və riyaziyyat fənlərinin hər birindən olan 25 sualın 5-nə (yəni, 20%-nə) düzgün cavab verən şagirdin nəticəsi 3 (kafi) olur. Şagird Azərbaycan tarixi və xarici dil fənlərinin hər birinə aid olan 15 sualın 20%-nə, yəni 3-nə düzgün cavab verdikdə, o, 3 (kafi) qiymət alır. Digər (fizika, kimya, biologiya və coğrafiya) fənlərin hər birinə aid 10 sualın 2-ni (yəni, 20%-ni) düzgün cavablandıran şagirdin biliyi 3 (kafi) qiymətləndirilir. "Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 38-ci bəndinə əsasən şagirdlərin imtahanlara mobil telefon, dərslik və digər vasitələr gətirməsinə icazə verilmir. "Qaydalar"ın 39-cu bəndinə müvafiq olaraq şagirdlərin kalkulyatordan istifadə etmələrinə icazə verilir. Buraxılış imtahanlarında cari dərs ilində çap olunmuş "Buraxılış imtahanlarının test bankı"na daxil olan suallardan istifadə olunacaqdır. Bu "Qaydalar"ın aşağıda göstərilən (27, 29, 30, 31, 65-70-ci) bəndlərinə uyğun olaraq: 27. Bütün fənlərdən müsbət illik, həmçinin bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə imtahanlara buraxılırlar. 29. Bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif, peşə liseylərinin III kurs şagirdləri orta təhsil üzrə imtahanlara buraxılırlar. 30. Əvvəlki dərs ilində imtahanlara buraxılmayan və ya imtahanlarda qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin müşayiətedici məktubu və ilkin mərhələ imtahanlarının qiymətləri mayın 20-dək Təhsil Nazirliyinə təqdim edilir. 31. Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün imtahanlara buraxılmayan XI sinif, peşə liseylərinin III kurs şagirdləri, habelə müxtəlif səbəblərdən əsas və ya orta təhsil pilləsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər ekstern yolu ilə imtahanlara buraxılırlar. 65. Əvvəlki dərs ilində ən azı bir fəndən illik "qeyri-kafi" qiymət aldığı üçün imtahana buraxılmayan XI sinif şagirdləri növbəti dərs ilində imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Əvvəlki dərs ilində XI sinif şagirdi imtahana düşməyən fəndən (fənlərdən) illik "qeyri-kafi" qiymət almışsa, növbəti dərs ilində əvvəlcə oxuduğu məktəbdə həmin fəndən (fənlərdən) imtahan verir. Bu fənn (fənlər) üzrə imtahandan müsbət qiymət aldığı halda, o, müəyyən edilmiş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir. 66. Əvvəlki dərs ilində XI sinif şagirdi, sayından asılı olmayaraq, imtahan aparılan fənlərdən illik "qeyri-kafi" qiymət almışsa, bu halda növbəti dərs ilində müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir. 67. İmtahanlarda "qeyri-kafi" qiymət alan XI sinif şagirdləri növbəti il yalnız həmin fəndən (fənlərdən) müəyyən olunmuş mərkəzlərdə imtahan verirlər. 68. İmtahanlara buraxıldığı halda, imtahanlarda iştirak etməyən XI sinif şagirdləri növbəti il müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Həmin şagirdlərə orta təhsil haqqında attestat oxuduqları məktəb tərəfindən verilir. 69. Əvvəlki dərs ilində illik "qeyri-kafi" qiymətlər aldığı üçün imtahanlara buraxılmayan və ya imtahanlarda "qeyri-kafi" qiymətlər alan şəxslər növbəti dərs ilində keçirilən imtahanda ən azı bir fəndən "qeyri-kafi" qiymətlər aldıqda, yaxud üzürsüz səbəbdən imtahanlarda iştirak etmədikdə, gələcəkdə yalnız ekstern yolu ilə imtahan verə bilərlər. 70. Üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən IX və XI sinif, həmçinin peşə liseylərinin III kurs şagirdlərinin məsələsinə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdimatı əsasında, fərdi qaydada Təhsil Nazirliyində baxılır. İmtahanda üzürlü səbəbdən iştirak etməməsi təsdiq olunan şagirdlər (o cümlədən, imtahan zamanı xəstələnən şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən edilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada imtahan verirlər. Şagirdlərin attestatına yazılacaq yekun qiymət "Qaydalar"ın 12-ci bəndinə əsasən müəyyən olunur: IX və XI siniflərin, peşə liseylərinin III kurs şagirdlərinin imtahan aparılan fənlərdən yekun qiymətləri Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılır. Təhsil sənədinə yazılacaq yekun qiymət şagirdin fənn üzrə əsas təhsil pilləsi üçün IX, orta təhsil pilləsi üçün XI sinifdə yoxlama imtahanının nəticələri, IX siniflərdə VIII və IX, XI siniflərdə X və XI siniflərin, peşə liseylərinin II-III kurs şagirdlərinin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanır. "Qaydalar"ın 13-cü bəndinə əsasən, əsas və orta təhsil pilləsi üzrə yoxlama imtahanında üzürsüz səbəbdən iştirak etməyən şagirdlərin imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən yoxlama imtahanının nəticəsi "0" (sıfır) qəbul edilir. Şagird yoxlama imtahanında üzürlü səbəbdən iştirak etmədiyi halda, onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən imtahanda aldığı qiymət həm də yoxlama imtahanının qiyməti hesab olunur. İmtahanda üzürlü səbəbdən iştirak etmədiyi barədə şagirdin imtahan başlanan müddətədək təhsil aldığı məktəbə müvafiq sənəd təqdim etməsi zəruridir. Mobil telefondan istifadə etdikləri üçün imtahandan kənarlaşdırılan şagirdlərin nəticələri "0" (sıfır) qəbul edilir. İmtahan cavab kartı ilə düzgün rəftar etməyən şagirdlərin nəticələri oxuyucu qurğu tərəfindən oxunmadığına görə ləğv edilir. Bu dərs ilində əvvəlki dərs ilində buraxılış imtahanında müəyyən fənlərdən qeyri-kafi qiymət alan şagirdlər təkrar buraxılış imtahanında iştirak edə bilər və onlar ancaq qeyri-kafi qiymət aldıqları fənlərdən imtahan verirlər. 2007-2008-ci dərs ilində buraxılış imtahanında qeyri-kafi qiymət almış, lakin 2008-2009-cu dərs ilində üzürlü səbəbdən imtahanda iştirak etməmiş şagirdlər də təkrar buraxılış imtahanında iştirak edə bilərlər. Qeyd edək ki, əsas təhsil kursu üzrə şəhadətnaməsinə yazılacaq qiymətləri 2 (qeyri-kafi) olan IX sinif şagirdləri cari dərs ilində sentyabr ayının 2-dən 12-dək olan müddətdə Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məktəblərdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Bununla bağlı onların oxuduqları məktəblərin rəhbərlərinə müraciət etmələri və yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq sənədlərin hazırlanması və vaxtında Təhsil Nazirliyinə təqdim edilməsi vacibdir. Üzürlü səbəbdən payız imtahanında iştirak etməyən IX sinif şagirdləri sentyabrın 20-dək Təhsil Nazirliyinin müəyyən etdiyi məktəbdə mərkəzləşdirilmiş qaydada payız imtahanları verirlər. Üzürsüz səbəbdən payız imtahanına gəlməyən şagirdlər təkrar sinifdə saxlanılırlar. Yoxlama və ya buraxılış imtahanlarının birindən müsbət qiymət almış şagirdlərin imtahan fənləri üzrə attestata yazılacaq yekun qiyməti müvəffəq ola bilər.
08/07/2015 16:52
Mayın 14-də təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən Misir Mərdanov bu günlərdə Kür çayının daşması nəticəsində yaranmış vəziyyət və problemin həlli istiqamətində görülən tədbirlər barədə məlumat verib. Sonra nazir təhsil sahəsində səmərəli qarşılıqlı əlaqələrin qurulması üçün həyata keçirilmiş işlərdən və bu baxımdan qarşıda duran digər məsələlərdən danışıb, Azərbaycanda üç seçilmiş məktəbdə yapon dilinin xarici dil kimi tədrisi, azərbaycanlı gənclərin Yaponiyanın nüfuzlu ali təhsil müəssisələrində təhsili və peşə təhsili üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunub. Qonağa ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində atılan addımlar haqqında ətraflı məlumat verən Misir Mərdanov Təhsil Nazirliyi əməkdaşlarının, orta məktəb müəllimlərinin və peşə təhsili sahəsində çalışan mütəxəssislərin Yaponiyaya tədris səfərlərinin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürlərini bildirən Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki son günlər Azərbaycanda daşqınların törətdiyi fəsadlardan narahatçılıq hissi keçirdiyini, bu problemin vaxtında nəzarət altına alınmasının müsbət hal olduğunu qeyd edib. Səfir yapon dilinin orta məktəblərdə xarici dil kimi tədris olunması məsələsini yüksək dəyərləndirib, həmin tədris ocaqlarının müəllim və şagirdləri ilə görüşlərdən məmnun qaldığını, texniki peşə təhsili sahəsində əlaqələrin inkişaf etdirildiyini, azərbaycanlı gənclərin Yaponiya universitetlərində təhsil almasına dəstək göstərməyə hazır olduqlarını nəzərə çatdırıb. Görüşdə tərəflər Azərbaycanla Yaponiya arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduqlarını vurğulayıb, müzakirə olunan digər məsələlərlə bağlı fikirlərini bildiriblər.
08/07/2015 16:52
Mayın 14-də Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə III Respublika Çempionatının açılış mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə Respublika Çempionatının üçüncü ildir keçirildiyini nəzərə çatdırıb. Çempionatın təşkilində əməyi olanlara təşəkkürünü bildirən nazir ali məktəb tələbələrinin bu yarışlarda fəal iştirakını təqdirəlayiq hal kimi dəyərləndirib və onlara uğurlar arzulayıb. Tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və başqaları belə yarışların keçirilməsinin əhəmiyyətindən bəhs edib, ənənəvi çempionatın Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına layiqli töhfələr verəcəyinə inandıqlarını bildiriblər. “Şəfa” stadionunda keçirilən çempionatın ilk oyununda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları qarşılaşıblar.
08/07/2015 16:52
Mayın 14-də “Trend” informasiya agentliyinin mətbuat mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə “Müasir müəllimin nüfuzu - bu gün və sabah” mövzusunda mətbuat konfransı keçirilib.
Cəmiyyət, ictimaiyyət və KİV-in müəllim nüfuzunun bərpasında roluna həsr edilən bu konfransda valideynlər, müəllimlər, müxtəlif sahələrin nüfuzlu elm xadimləri və alimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova təhsilin, sağlamlığın, iqtisadiyyatın, mədəniyyətin, ümumilikdə bütün inkişaf sahələrinin yolgöstərəni olan, işinə məsuliyyətlə yanaşan, gənc nəslin formalaşmasında mühüm rol oynayan peşəkar müəllimlər və onların fəaliyyətindən danışıb, dövlətin onlara göstərdiyi qayğını xüsusi qeyd edib. T.Şərifova daha sonra ötən illərə nisbətən cəmiyyətdə müəllim nüfuzunun bir qədər aşağı düşdüyünü bildirərək bununla bağlı rəhbərlik etdiyi qurumun Bakıda və regionlardakı orta məktəblərdə 345 müəllim və valideyn arasında sosioloji sorğu keçirdiyini diqqətə çatdırıb. Mətbuat konfransında müasir müəllimin nüfuzuna dair keçirilən sosioloji sorğunun nəticələri slaydlar vasitəsilə iştirakçılara təqdim edilib və müvafiq təhlillər aparılıb. Daha sonra psixoloqlar tərəfindən IX-XI sinifdə təhsil alan 300 şagird arasında müəllim olmaq istəyi ilə bağlı sorğu keçirildiyi bildirilib və onun nəticəsi açıqlanıb. Cəmiyyətdə müəllim nüfuzunun yüksəldilməsi, onun bərpası istiqamətində lazımi işlərin görülməsinin əhəmiyyətini qeyd edən T.Şərifova bununla bağlı müvafiq təkliflər verilməsinin zəruriliyindən danışıb, həmin təkliflərin aidiyyəti qurumlara göndəriləcəyini vurğulayıb. Tədbirdə AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Südeyif İmamverdiyev, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 177 saylı orta məktəbin direktoru Həqiqə Məmmədova və başqaları çıxış edərək ölkəmizdə müəllim nüfuzunun aşağı düşməsinin səbəbləri, onu yüksəltməyin yolları ilə bağlı fikir və mülahizələrini bildiriblər.
08/07/2015 16:52
Mayın 15-də Təhsil Nazirliyində “Mədəd” təşkilatının İKT-nin təhsil sahəsi üzrə tətbiqinə dair təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində görülmüş mühüm işlərdən danışıb. Qeyd olunan Proqramın həyata keçirilməsi üçün 3 il ərzində dövlət büdcəsindən 30 milyon manat vəsaitin ayrıldığını diqqətə çatdıran nazir əlavə edib ki, vəsaitin 80,6%-i texniki avadanlıqların alınmasına, 15%-i elektron tədris vəsaitlərinin hazırlanmasına, 4%-i təlimlərin keçirilməsinə, 0,4%-i isə proqramın idarə edilməsinə sərf olunub. Daha sonra Misir Mərdanov məlumat verib ki, proqram çərçivəsində 3693 məktəbə 31677 kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlıqları, 28661 kompüter masası, 23346 stul verilib, məktəblərdə 1722 kompüter sinfi yaradılıb, elektron tədris vəsaitləri hazırlanıb. Azərbaycan tarixi fənni üzrə 20 adda 37900, kimya fənni üzrə 8 adda 15160, biologiya fənni üzrə 12 adda 22740, fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron tədris vəsaitinin hazırlandığından söz açan təhsil naziri yerli və beynəlxalq təşkilatlar tərəfindən 20000 nəfər müəllimin treninqlərdən keçdiyini qeyd edib. Sonra Misir Mərdanov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verərək bir sıra statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, qeyd olunan proqrama uyğun olaraq Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəb “Elektron məktəb” layihəsinə qoşulub, 2005-ci ildə “Elektron məktəb”lərə verilmiş 226 dəst kompüter avadanlığı götürülərək moderinizasiya edilib və rayon təhsil şöbələrinə çatdırılıb, əvəzində isə həmin məktəblərə 300 yeni kompüter paylanıb. Daha sonra nazir Bakı və Sumqayıt şəhərlərindən “1 şagird 1 kompüter” pilot layihəsi çərçivəsində seçilən məktəblərə Təhsil Nazirliyi tərəfindən 236, İntel korporasiyası tərəfindən 100 ədəd netbukun hədiyyə edildiyini vurğulayıb. Qeyd olunub ki, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət təlimlərə cəlb olunub, təhsil sisteminin informasiyalaşdırılması üzrə hüquqi normativ sənədlər hazırlanıb. Misir Mərdanov bildirib ki, bu mühüm işlərin həyata keçirilməsi üçün 2008-ci ildə 8 milyon 353 min, 2009-cu ildə 14 milyon 980 min manat vəsait xərclənib. Tədbirdə Dövlət Proqramı çərçivəsində 2010-cu ildə nəzərdə tutulan məsələlərdən də danışılıb. Nazir xüsusi olaraq vurğulayıb ki, ilin sonunadək daha 400 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin, 23000 isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərlərinin məktəblərinə 2005-ci ildə verilmiş kompüterlərin 1500-nün moderinizasiya edilərək bölgələrə göndərilməsi, eləcə də “Elektron məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması nəzərdə tutulur. Misir Mərdanov onu da qeyd edib ki, “1 şagird 1 kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə 1500 netbukun verilməsi planlaşdırılır. Sonra təhsil naziri Misir Mərdanov “Mədəd” təşkilatının təhsildə İKT-nin tətbiqi üzrə mühüm işlərin həyata keçirilməsində xüsusi fəaliyyəti olduğunu qeyd edərək bu qurumla əməkdaşlığın davamlı olacağına inamını ifadə edib. Nazir görülən işlər barədə ətraflı məlumat vermək üçün sözü “Mədəd” təşkilatının rəhbəri Emil Məmmədova verib. Tədbirdə Emil Məmmədov və bu qurumun əməkdaşı Ülkər Babayeva təşkilatın tarixi, onun məqsədi, fəaliyyət istiqamətləri, son 5 ildə görülmüş işlər, həyata keçirilmiş layihələr barədə təqdimatla çıxış ediblər. Təqdimatda, həmçinin, təşkilatın gördüyü işlərdən biri kimi müəllimlərin İKT-nin tədrisdə tətbiqi istiqamətində hazırlanması üzrə təlimlərin ölkəmizin 36 bölgəsini əhatə etdiyi, 2500 məktəb, 90 təlim mərkəzində müvafiq iş aparıldığı, həmin müəllimlərdən 95 nəfərinin “Ən yaxşı müəllim” müsabiqəsində qalib olduğu nəzərə çatdırılıb. Sonda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Bakıdakı 220 saylı orta məktəbin direktoru Almaz Əsgərova “Mədəd” təşkilatının xətti ilə görülən işlər barədə danışıblar.
08/07/2015 16:52
Avropa İttifaqı və Azərbaycan hökümətinin birgə həyata keçirdiyi, Britaniya Şurasının texniki dəstəyilə icra olunan “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində təhsil nazirinin müavini İsgəndər İsgəndərovun rəhbərliyi ilə 16-23 may tarixlərində Şotlandiyaya təcrübə səfəri təşkil edilib.
Səfərin məqsədi səriştəyə əsaslanan peşə təhsili və təlimi sisteminin formalaşdırılması və fəaliyyəti sahəsində Şotlandiyanın təcrübəsini öyrənməkdir. Səfər zamanı Şotlandiya İxtisas İdarəsi, Şotlandiya Parlamenti və bu ölkənin peşə təhsili kolleclərində görüşlərin keçirilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Mayın 17-də Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Artq üçüncü ildir ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirildiyini söyləyən təhsil nazirinin müavini Elmar Qasımov ilk öncə belə əhəmiyyətli tədbirin təşkil olunmasına görə təhsil naziri Misir Mərdanova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə təşəkkür edib. Nazir müavini bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirilməsi gənclərimizin hərtərəfli formalaşmasına və onların istedadının üzə çıxarılmasına əlverişli şərait yaradıb. Mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi və geniş təbliği baxımından ulu öndərimiz Heydər Əliyevin ideyalarının əvəzsiz rolu olduğunu vurğulayan Elmar Qasımov nəzərə çatdırıb ki, bu festivalın əsas məqsədi ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməkdən ibarətdir. Sonra festivalda kollektiv və fərdi çıxışlarda müxtəlif nominasiyalar üzrə uğur qazanmış tələbələrə Təhsil Nazirliyi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov fərqlənən tələbələrin festivala hazırlanmasında zəhmət çəkmiş müəllimlərə Fəxri fərmanlar təqdim edib. Azərbaycan gəncliyinin istedadından məmnunluqla söz açan xalq artistləri Təranə Muradova və Yalçın Rzazadə tələbələrə ən xoş arzularını bildirib, onlara yaradılan belə imkanlardan layiqincə bəhrələnməyi tövsiyyə ediblər. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının təşkil olunmasında zəhməti keçən hər kəsə minnətdarlıqlarını ifadə edən gənclər belə yüksək səviyyəli tədbirə qatılmaqdan zövq aldıqlarını vurğulayıblar.
08/07/2015 16:52
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunması çərçivəsində “Elektron təhsil” Respublika müsabiqəsi keçirilir. Müsabiqəyə 494 layihə təqdim olunub. “Elektron təhsil” Respublika müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP və “Mədəd” təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil edilib. “Müasir məktəbdə elektron tədris resursları” istiqamətinin “Fənlərin tədrisində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 168, “İbtidai təhsil sistemində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 106, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 177 layihə təqdim olunub. “Təhsildə internet texnologiyaları” istiqamətinin “Təhsildə internet resursları” nominasiyası üzrə 30, “Müəllimlərin bloqları” nominasiyası üzrə isə 13 layihə verilib. Məlumat üçün qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqəyə təqdim edilən layihələr üzrə iki mərhələdə keçirilən səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən olunan Münsiflər Heyəti aparacaq, 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar veriləcək.
08/07/2015 16:52
Mayın 18-də Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilən “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunan təlim kursunun açılış mərasimi keçirilib.
Tədbiri GRBS təlim şirkətinin Beynəlxalq peşəkar kvalifikasiyalar departamentinin direktoru Sübhan Qasımlı açaraq təlim kursunun vəzifələri və iştirak qaydaları haqqında məlumat verib. S.Qasımlı iştirakçıları GRBS şirkətinin beynəlxalq maliyyə hesabatları ilə bağlı nəşr etdiyi təlim vəsaiti ilə tanış edib. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin təlimlər üzrə müşaviri Araz Paşayev layihənin və kursun vacibliyini, beynəlxalq əhəmiyyətini qeyd edərək iştirakçılara fəal, səmərəli təlim arzulayıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi”nin milli əlaqələndiricisi Fərzəli Qədirov, Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmov layihə haqqında geniş məlumat verib, layihənin məqsədi-benefisiarlar qismində seçilmiş təşkilatlarda institusional dəyişikliklərə nail olunması və ünvanlı təlimlərin təşkili, davamlı təlim sisteminin yaradılması vasitəsilə dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi barədə fikirlərini bildiriblər. Nəzərə çatdırılıb ki, layihə dörd komponentdən-ümumi mövzular üzrə potensial quruculuğu, sektorlar üzrə potensial quruculuğu, potensial quruculuğunu dəstəkləyən fəaliyyətlər və layihənin icrasından ibarətdir. Qeyd edək ki, layihə dövlət investisiyaları ilə fəaliyyət göstərən strukturların kadr potensialının gücləndirilməsinə yönəlib. Layihənin icraçı agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi seçilib. Layihə 3 noyabr 2009-cu il tarixdən qüvvəyə minib. Layihənin ümumi dəyərini 10 milyon ABŞ dolları təşkil edir ki, bunun da 8 milyonu Dünya Bankı, 2 milyonu isə Azərbaycan Hökuməti tərəfindən ödənilib. Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə təlimdə Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «Azəryolservis» ASC, «Azərsu» ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Dövlət Dəmir Yolları QSC, «Azərenerji» ASC və digər dövlət qurumlarının mühasibləri və maliyyə mütəxəssisləri iştirak edəcəklər. Təlim kursu mütəxəssislərin beynəlxalq maliyyə hesabatları standartları üzrə beynəlxalq attestasiyadan keçmələrinə imkan yaradacaq və bu sahədə kadr potensialının gücləndirilməsinə, təşkilatların iş prinsiplərinin təkmilləşdırilməsinə təkan verəcəkdir.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı