Mayın 6-da "Gülüstan" sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Respulikası Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüblər. Mərasimi təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, müstəqil Azərbaycanın hər yerində çağdaş dövlətçiliyimizin memarı və qurucusu, təhsil strategiyasının müəllifi, uşaqların, məktəblilərin, gənclərin böyük dostu ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd edilməkdədir. Nazir ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsi haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. "Ulu öndər Heydər Əliyevi düşünərkən" nominasiyası üzrə ümumtəhsil məktəbləri və peşə liseylərinin 600 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışının 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) təşkil edildiyini vurğulayan təhsil naziri onlardan 5 nəfərin I yerə, 5 nəfərin II yerə, 11 nəfərin III yerə layiq görüldüyünü, 56 nəfərin isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunduğunu nəzərə çatdırıb. Misir Mərdanov inşa yazılarında məktəblilərin ulu öndər haqqında fikir və düşüncələrini özünəməxsus səmimi hisslərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə etdiklərini bildirib. Təhsil naziri onu da qeyd edib ki, müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yoluna, parlaq siyasi və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş inşa yazılarının "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab şəklində nəşr olunub qaliblərə və onların oxuduqları məktəblərə hədiyyə edilməsi artıq bir ənənəyə çevrilib. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında həmin nominasiya üzrə keçirilmiş müsabiqənin 10 nəfər qalibinin inşa yazıları da adıçəkilən kitaba daxil edilib. Təhsil naziri müstəqil Azərbaycanın milli təhsil quruculuğu strategiyasının banisi Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən təhsil sisteminin davamlı inkişaf yolunun bir sıra məqamlarından bəhs edib. Son illərdə Azərbaycan təhsilinin dinamik inkişafının əsas səbəblərini sadalayan nazir çıxışının sonunda bütün təşkilatçılara və müsabiqənin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirib. Yeni Azərbaycan Partiyası sədrinin müavini, millət vəkili Əli Əhmədov müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsini, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib. Əli Əhmədov ötən il olduğu kimi bu il də I, II, III yerləri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən aylıq təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb və qaliblərə uğurlar arzulayıb. Azərbaycan Respulikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu məsələnin ölkə başçısı cənab İlham Əliyev tərəfindən də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Millət vəkili müsabiqənin qaliblərinə nailiyyətlər arzulayaraq onların pulla mükafatlandırılacaqlarını bildirib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən layihələrdən söz açıb. Fondunun icraçı direktoru müsabiqənin əhəmiyyətli olduğunu, Heydər Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevanın qərarına əsasən bu müsabiqənin 21 qalibinin Belçika Krallığına, Fransa Respublikası və Almaniya Federativ Respublikasına göndəriləcəklərini bildirib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müsabiqə qaliblərini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. Sonra I, II, III yerlərin qalibləri olan 21 nəfər və Fəxri fərmana layiq görülən 56 nəfər səhnəyə dəvət edilib. I, II, III yerlərin qaliblərinə noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə xatirə hədiyyələri təqdim olunub.
08/07/2015 16:52
Mayın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə gerçəkləşdirilən "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfransın yekun toplantısı keçirilib.
Toplantını Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfransın istedadlı şagirdlərin aşkara çıxarılması və potensial imkanlarının inkişaf etdirilməsi sahəsində paytaxt müəllimlərinin yaradıcı fəaliyyətinə böyük təkan verdiyini bildirib. Toplantının əlamətdar bir vaxtda keçirildiyini söyləyən Nailə Rzaquliyeva ulu öndərin istedadlı uşaq və gənclərin inkişafına həmişə böyük diqqət yetirdiyini, onun 1996-cı il 22 iyun tarixli fərmanı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nın yaradıldığını diqqətə çatdırıb, bu siyasətin hazırda ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın istedadlı gənclərə böyük diqqət və qayğı göstərdiklərini vurğulayıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri konfrans çərçivəsində keçirilmiş müsabiqənin yekunları ilə toplantı iştirakçılarını tanış edərək yaradıcılıq yarışında paytaxtın 65 müəlliminin qalib gəldiyini, onların məqalələrinin toplu şəklində dərc olunduğunu, daha çox fərqlənən 21 müəllimin isə Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldığını söyləyib və qalibləri təbrik edib. Müsabiqə qaliblərindən Bakının 8 nömrəli məktəbinin biologiya müəllimi Sevinc Əliyeva, 1 nömrəli məktəbin müəllimi Vüsalə Həsənova, bağça-məktəb-lisey kompleksinin psixoloqu Elnarə Məmmədova, 8 nömrəli məktəbin müəllimi İlhamə Əkbərova və 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlünün təqdimat çıxışları dinlənilib. Toplantıda çıxış edən BDU-nun professoru Qasım Hüseynov, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov ümummilli lider Heydər Əliyevin Vətənimiz, xalqımız qarşısındakı xidmətlərindən, istedadlı gənclərin inkişafına göstərdiyi qayğıdan söz açıblar. Sonra qaliblərə mükafatlar təqdim olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov qalibləri təbrik ediblər. Təhsil naziri təbrik çıxışında bu günlər ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün əsl bayram təntənəsi ilə qeyd olunduğunu bildirib. Bütün dünyada istedadların cəmiyyətin sərvəti, aparıcı qüvvəsi kimi dəyərləndirildiyini diqqətə çatdıran nazir ölkəmizdə də onların dövlətin qayğısı ilə əhatə olunduğunu, istedadların vaxtında aşkara çıxarılıb inkişaf etdirilməsində müəllimlərin böyük rol oynadığını söyləyib. Misir Mərdanov konfransın əhəmiyyətini yüksək qiymətləndirib, onun keçirilməsinə dəstək verdiyinə, təhsil işçiləri ilə bağlı bir çox tədbirlərin təşəbbüsçüsü kimi çıxış etdiyinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə minnətdarlığını bildirib.
08/07/2015 16:52
Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 1003 müraciət daxil olub.
Müraciətlərin 919-u (91.6%) telefonla, 84-ü (8.4%) elektron poçt vasitəsilə qəbul edilib. Daşıdığı informasiyanın əhəmiyyətindən, mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq qaydada araşdırılıb, ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb. Ötən aylarda olduğu kimi müraciətlərin böyük əksəriyyəti yenə də anonim olub, sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Aprel ayı ərzində “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri, bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar rəy və təkliflər, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin gələcəkdə geniş tətbiqinin səmərəliliyi barədə mülahizələr, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması qaydaları ilə əlaqədar olub. Həmin müraciətlər ümumi sorğuların 75-80 faizindən çoxunu təşkil edib. Başqa sorğularda isə müəllimlərin əmək haqqının dərəcələr üzrə hesablanması qaydaları, təhsil sənədlərinin alınması və sair məsələlərlə bağlı olub. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi isə Gəncə, Sumqayıt və Şirvan şəhərlərindəndir. Bakıdan 74, Sumqayıtdan 5, Gəncədən 3, Mingəçevirdən 3, Şirvandan 1 müraciət daxil olub. Rayonlar üzrə Abşeron, Goranboy, Qəbələ, Gədəbəy, Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar, Fizuli və Şamaxıdan daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciət əsasında Bakı şəhərinin 63 nömrəli məktəbdə yaranmış vəziyyət araşdırılıb, burada şagird-müəllim-valideyn münasibətlərinin düzgün qurulması, sanitar-gigiyenik normalara əməl olunması istiqamətində zəruri işlərin aparılmadığı müəyyən olunub, məktəbin direktoruna töhmət elan edilib. Daxil olmuş digər müraciətlər əsasında Cəlilabad şəhər 1 və 8 saylı məktəblərdəki vəziyyət araşdırılıb, işdə yol verdikləri nöqsanlara görə hər iki məktəbin direktoru tutduqları vəzifədən azad olunublar. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət etmiş şəxslərdən onların şikayətlərinə operativ şəkildə baxıldığına görə təşəkkür məktubları da daxil olub.
08/07/2015 16:52
Mayın 7-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb.
Mayın 7-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Azərbaycanla Norveç arasında mövcud olan əlaqələrin, xüsusilə, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini qeyd edib. Nazir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq öncə səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirib. Ölkələrimiz arasındakı təhsil əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan səfir universitetlərin birgə əməkdaşlığı məsələsinə də toxunub. Səfir Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında həyata keçirilən layihənin əhəmiyyətindən söz açıb və bu layihəyə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Sonra səfir Norveç universitetlərində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı tələbələrin təhsili, Beynəlxalq İqtisadiyyat Məktəbi (İSET) proqramının Azərbaycanda reallaşdırılması, Norveç Humanitar Elmlər Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasındakı əlaqələrin inkişafı, eləcə də digər yeni layihələrin həyata keçirilməsi məsələlərindən söz açıb. Təhsil naziri Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında reallaşdırılan layihəyə xüsusi önəm verdiyini vurğulayıb və müzakirə olunan digər məsələlərə öz münasibətini bildirərək lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib. Sonra Norveç Xarici İşlər Nazirliyi baş direktorunun müavini Bard Svendsen, Oslo Universitetinin professoru Vibeke Roggen həyata keçirilən layihələr və nəzərdə tutulan məsələlərlə bağlı fikirlərini bildiriblər. Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov da iştirak edib.
08/07/2015 16:52
Mayın 7-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, Fuad Muradov iştirak ediblər. Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb. Keçirilmiş müsabiqə barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan rəsm müsabiqəsi 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) keçirilib. Elmar Qasımov ümumtəhsil məktəblərinin on minlərlə şagirdinin qatıldığı müsabiqənin respublika mərhələsinə təqdim olunmuş 300-ə yaxın rəsmdən 18-nin qalib hesab edildiyini, yaradıcılıq işlərində gənc rəssamların ulu öndərə sonsuz məhəbbətlərinin duyulduğunu nəzərə çatdırıb. Nazir müavini çıxışının sonunda müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib, qalibləri təbrik edib. Çıxış üçün söz alan millət vəkili Fəttah Heydərov dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından, Azərbaycan xalqının ulu öndərə tükənməz sevgisindən söz açıb. Təhsil naziri Misir Mərdanov bu günlər ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün təntənə ilə qeyd edildiyini bildirib. Nazir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı söhbət açıb. Keçirilən rəsm müsabiqəsinin əhəmiyyətinə toxunan təhsil naziri qaliblərə yeni-yeni uğurlar arzulayıb. Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimindən sonra iştirakçılar uşaqların yaradıcılıq işləri ilə tanış olublar.
08/07/2015 16:52
Bakı şəhərindəki 1 nömrəli uşaq evinin rəqs kollektivi bu günlərdə Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.
Uşaq evinin “Azəri” milli rəqs ansamblı 15 ölkənin iştirakı ilə keçirilən beynəlxalq festivalda uğurla çıxış edib və tamaşaçıların rəğbətini qazanıb. Rəngarəng və maraqlı çıxışlarına görə uşaq evinin yetirmələri festivalda fəxri fərman və medallarla təltif olunublar. Onu da qeyd edək ki, uşaqlar əvvəlcədən seçilmiş ailələrdə yerləşdiriliblər. Festivalın son günü Qaziemir bələdiyyəsinin başqanı Xəlil İbrahim Şenol festivalda iştirak edən ölkələrin nümayəndələri ilə görüşüb. Azərbaycanlı uşaqlar bələdiyyə başqanına xatirə hədiyyələri təqdim ediblər. Festivalın təşkilatçıları uşaqlar üçün ən görməli yerlərə gəzintilər də təşkil ediblər. Belə ki, uşaq evinin yetirmələri İzmirin ən məşhur heyvanat parkında, Egey dənizi gəzintisində, “Uzay-Space Kamp” beynəlxalq astronomik, aerokosmik texnologiya, kosmik tədqiqatlar tədrisi mərkəzində olub və müqəddəs Məryəmin məzarını ziyarət ediblər. Uşaqlar digər ölkələrdən gəlmiş festival iştirakçıları ilə yaxından ünsiyyət qurub və onlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” kitablarını və Xocalı soyqırımını əks etdirən diskləri təqdim ediblər.
08/07/2015 16:52
Mayın 12-də Təhsil Nazirliyində Braziliya Federativ Respublikasına tədris səfəri etmiş nümayəndə heyətinin təqdimat-məruzəsi dinlənilib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti Braziliya Federativ Respublikasının təhsil sistemini və həyata keçirilən islahatları öyrənmək məqsədi ilə Braziliyada tədris səfərində olub. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov Azərbaycan təhsil işçilərindən ibarət nümayəndə heyətinin Braziliya Federativ Respublikasının təhsil sistemini və həyata keçirilən islahatları öyrənmək üçün 10-16 aprel 2010-cu il tarixli tədris səfəri haqqında təqdimat-məruzə edib. İsgəndər İsgəndərov Braziliya Federativ Respublikasında təhsil sisteminin strukturu və təhsilin idarə olunması qaydaları barədə ətraflı məlumat verib. Braziliyada dövlətə məxsus tədris müəssisələrinin daha nüfuzlu olduğunu qeyd edən nazir müavini bu ölkədə kurikulum islahatlarına 2006-cı ildən başlanıldığını nəzərə çatdırıb. Azərbaycanla Braziliya arasında təhsilin müxtəlif pillələri üzrə tədris ocaqları ilə təhsilalanların nisbət fərqini müqayisə edən İ.İsgəndərov dərslik siyasəti, təhsilin idarəolunması sahəsindəki tədqiqatlar, qiymətləndirmə proqramları, büdcədən təhsilə ayrılan vəsait və digər müvafiq məsələlər haqqında ətraflı söhbət açıb.
08/07/2015 16:52
Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu bu günlərdə Türkiyənin Fəthiyə şəhərində beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.
20 ölkənin uşaq rəqs kollektivinin iştirakı ilə keçirilən beynəlxalq festivalda xüsusilə fərqlənən kollektiv minlərlə tamaşaçı qarşısında Azərbaycanı layiqincə təmsil edib. Festival çərçivəsində “Qızıl günəş” adı altında rəqs yarışması keçirilib. Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, İndoneziya, Rusiya, Gürcüstan, Litva və digər ölkələrdən gələn rəqs qrupları gözəl rəqslər nümayiş etdiriblər. “Azəri inciləri” rəqs qrupunun 3 rəqsi (Nəlbəki, Naz eləmə, Qaytağı) özündə birləşdirən kompozisiyası tamaşaçıların alqışları ilə qarşılanıb. Münsiflər heyəti qrupun çıxışına yüksək qiymət verib, rəqqaslarımız III yeri tutub və medallar qazanıblar. Fəthiyə şəhərində keçirilən böyük qala konsertdə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Dram” dərnəyinin üzvü Elnur Əliyev Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini ifa edib. Tamaşaçılar onun çıxışını sürəkli alqışlarla qarşılayıblar. Sonra rəqs qrupumuz öz şux rəqsləri ilə konserti daha da rövnəqləndirib. Çıxışdan sonra şəhər bələdiyyəsinin rəhbəri kollektivə uğurlar arzulayıb, hədiyyə və medalları uşaqlara təqdim edib.
08/07/2015 16:52
Mayın 26-da 13-15 yaşlı yeniyetmələr arasında Milli Qurtuluş gününə həsr olunmuş “məhəllə kuboku” layihəsinə start veriləcək.
İlk dəfə keçirilən layihənin təşkilatçıları sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil İdman Mərkəzinin uşaq-gənclər futbol məktəbi, Bakı şəhərinin Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələri yer alıb. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”nda nəzərdə tutulan futbolun kütləviləşməsi, uşaq futbolunun inkişafı və istedadlı gənclərin üzə çıxması məsələlərinə töhfə vermək, yeniyetmələrin sağlam həyat tərzinə meylini daha da artırmaqdır. Layihənin I mərhələsində Bakı şəhəri Nizami, Səbail, Yasamal, Nərimanov və Qaraçuxur bələdiyyələrinin ərazilərində daxili turnirlər təşkil olunacaq. Oyunlar olimpiya sistemi üzrə keçiriləcək. İlk mərhələnin yekununda hər bələdiyyə ərazisində qalib gələn məhəllə final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsində isə komandalar dairəvi sistem üzrə yarışacaqlar. Yarışda iştirak etmək istəyən komandalar öz ərazilərinin bələdiyyələrinə və ya Azərbaycan Respublikası Təhsil İdman Mərkəzinin uşaq-gənclər futbol məktəbinə (tel: 012-520-18-50) 13-24 may tarixlərində müraciət edə bilərlər.
08/07/2015 16:52
Mayın 13-də təhsil naziri Misir Mərdanov YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen, Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Mark Herevard və nümayəndəliyin məsul əməkdaşları ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığına xüsusi önəm verdiyini qeyd edən nazir bu qurumun Azərbaycanda təhsil sahəsi üzrə həyata keçirdiyi layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Nazir qeyd edib ki, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində fəal təlim metodlarının tətbiqi, müəllimlərin ixtisasının artırılması, məktəbəqədər təhsil, Valideyn-Müəllim Assosiasiyasının yaradılması və digər istiqamətlər üzrə uğurlu nəticələr əldə olunub. Nümayəndəliyin təhsil sahəsi ilə bağlı gördüyü işləri, bu qurumun əməkdaşlarının əməyini yüksək qiymətləndirən Misir Mərdanov qarşılıqlı əməkdaşlıq nəticəsində daha mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib. Sonra nazir “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işləri qeyd edərək YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin bu sahəyə olan dəstəyindən söz açıb. Misir Mərdanov xüsusi olaraq qeyd edib ki, YUNİSEF-in ölkəmizdəki keçmiş nümayəndəsi Hanaa Singerə uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondu tərəfindən təsis edilən “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olunub. Səmimi qəbul üçün nazirə təşəkkürünü bildirən YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen bu qurumun Azərbaycandakı nümayəndəliyinin Təhsil Nazirliyi ilə səmərəli və məhsuldar əlaqələrinin yaradılmasından və birgə əməkdaşlıqdan söz açıb. Regional direktor son illər Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya texnologiyalarının tətbiqi və digər sahələr üzrə uğurlu addımlar atıldığından məlumatlı olduğunu qeyd edib. Stiven Allen bildirib ki, cari ilin iyununda Azərbaycan Hökuməti ilə YUNİSEF arasında 2011-2015-ci illəri əhatə edən birgə Fəaliyyət planının müzakirə edilməsi nəzərdə tutulub. Məhz bu məqsədlə də təmsil etdiyi qurumun Azərbaycanın müxtəlif dövlət təşkilatlarında görüşlər keçirməyə, aparılan işlərlə yaxından tanışlığa xüsusi əhəmiyyət verdiyini və səfərin əsas məqsədinin buna xidmət etdiyini vurğulayıb. Uşaq hüquqlarının qorunması, onların düzgün tərbiyə olunması kimi məsələlərin əhəmiyyətini diqqətə çatdıran qonaq Valideyn-Müəllim Assosiasiyasının rolundan da söz açıb. Çıxışının sonunda Stiven Allen YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi üçün xoş sözlərə görə Misir Mərdanova təşəkkür edib. Təhsil naziri Misir Mərdanov qeyd olunan Fəaliyyət planında məktəbəqədər təhsil sahəsi üzrə müvafiq işlərin aparılması, bu istiqamətdə yeni kurikulumların işlənilməsi, tərbiyəçilərin və müvafiq vəsaitlərin hazırlanması, Valideyn-Müəllim Assosiasiyasının işinin daha da artırılması və digər mühüm məsələlərin öz əksini tapması təklifini irəli sürüb. Nazir, həmçinin, qonağın paytaxtın bir neçə məktəbəqədər təhsil müəssisəsi ilə yaxından tanış olması təşəbbüsü ilə çıxış edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı söhbət aparılıb.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı