2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərində 104037 şagird təhsil alır.
Müqayisə üçün qeyd edək ki, bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.
08/07/2015 16:52
Mayın 19-da Əl Oyunları Sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsil, Zaman və Biz” adlı sərgi keçirilib.
İlk dəfə belə geniş şəkildə keçirilən sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin nailiyyətləri 44 müxtəlif bölmə üzrə nümayiş etdirilib. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Milli Məclisin sədr müavini Bahar Muradova, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak ediblər. Qonaqları və sərgi iştirakçılarını salamlayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatlarının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Son illərdə Heydər Əliyev Fondunun təhsil sahəsinin inkişafına verdiyi layiqli töhfələrdən söz açan N.Rzaquliyeva belə tədbirlərin gələcəyimiz olan uşaqların hərtərəfli inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Sonra məktəblilər mahnı və rəqslər ifa ediblər. Qonaqlar sərgidə nümayiş olunan işlərlə tanış olublar. Media nümayəndələrinin suallarını cavablandıran təhsil naziri Misir Mərdanov ilk təşəbbüs olan sərginin yaxşı təşkil olunduğunu bildirib. Nazir uyğun tədbirlərin davamlı xarakter almasının, daha çox təhsil ocaqlarını əhatə etməsinin mümkünlüyünü nəzərə çatdırıb.
08/07/2015 16:52
Mayın 20-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri öncə Misirlə Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz açaraq təhsil sahəsində mövcud olan geniş əməkdaşlıq istiqamətlərindən danışıb. Nazir bildirib ki, qədim tarixi köklərə malik olan Azərbaycan-Misir əlaqələri başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməkdədir. Misir Ərəb Respublikası ilə təhsil əlaqələrinin müxtəlif istiqamətlər üzrə aparıldığını qeyd edən nazir tələbə mübadiləsi məsələsinə də toxunub. Misir Mərdanov bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 29 nəfər Misir Ərəb Respublikasının vətəndaşı təhsil alır, onlardan 26-sı magistratura və aspirantura səviyyələrində dövlət xətti ilə oxuyur. Eyni zamanda nazir Misir tərəfinin 2010-2011-ci tədris ilində daha 11 vətəndaşının Azərbaycanda dövlət xətti üzrə təhsil alması təklifi ilə Təhsil Nazirliyinə müraciət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov məlumat verib ki, bu ölkənin ali məktəblərində 21 azərbaycanlı tələbə təhsil alır. Nazir ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqdan da söz açıb, bir müddət öncə əldə edilən müvafiq razılaşmaya əsasən Azərbaycan Dövlət Neft Akademiyasının Misir Ərəb Respublikasında filialının açılması üzrə məsələyə də toxunub. Misir Mərdanov iki ölkə arasındakı əlaqələrdə təhsil sahəsinin böyük rolu olduğunu önə çəkərək Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavinin Azərbaycana səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb. Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Sabir Əbdülqədir Mənsur ölkələr arasındakı ikitərəfli təhsil əlaqələrinin səmərəliliyinin artırılması və daha da inkişaf etdirilməsi baxımından görülən işləri qeyd edib, tələbə mübadiləsinin genişləndirilməsi və bu istiqamətdə nəzərdə tutulan məsələlərdən danışıb. Ali təhsil nazirinin birinci müavini Məhəmməd Cabir Əbu Ali çıxış edərək, öncə Misir Ərəb Respublikasının ali təhsil nazirinin səmimi salamlarını çatdırıb. Məhəmməd Cabir Əbu Ali ötən gün Azərbaycanın ali məktəb rektorları ilə görüşdə müzakirə olunan istiqamətlərə diqqət çəkib, bu görüşün əməkdaşlıq üzrə yüksək əhəmiyyəti olduğunu vurğulayıb. Daha sonra qonaq Azərbaycan Dövlət Neft Akademiyasının Misirin Süveyş Kanalı Universitetinin nəzdində filialının açılmasının nəzərdə tutulduğundan, bununla bağlı görüləcək işlərdən söz açıb. Ali təhsil nazirinin birinci müavini Misir - Azərbaycan ali təhsil əlaqələrinin, tələbə mübadiləsinin inkişaf etdirilməsinin önəmli olduğunu bildirib. Çıxışının sonunda Məhəmməd Cabir Əbu Ali Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətini öz ölkəsinə rəsmi səfərə dəvət edib. Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darviş Təhsil Nazirliyi tərəfindən göstərilən dəstək üçün təşəkkürünü bildirib və mövcud əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər təhsil sahəsində əlaqələrin inkişafı üzrə digər məsələlər ətrafında da müzakirələr aparıblar.
08/07/2015 16:52
Mayın 20-də təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.
Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2010-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
08/07/2015 16:52
Mayın 21-də Təhsil Nazirliyində “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib.
Məlumat üçün qeyd edək ki, “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, uşaqların təhsil səviyyələrinin yüksəlməsi üçün həyata keçirilən çoxsaylı dövlət proqramı və layihələrin əhəmiyyətindən bəhs edib. Orta məktəblərdə uşaq hüquqlarına dair biliklərin şagirdlərə çatdırıldığını söyləyən E.Süleymanova bildirib ki, 2009-cu ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda “Uşaq ili” elan edilməsi respublikamızın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə zəmin yaradıb. “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin həyata keçirilməsində verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkürlərini bildirən Elmira Süleymanova nəzərə çatdırıb ki, layihə Bakı şəhərində pilot seçilmiş 3 orta ümumtəhsil məktəbini əhatə edib. İnsan Hüquqları üzrə Müvəkkil onu da vurğulayıb ki, layihə çərçivəsində şagirdlərə uşaq hüquqları tədris olunub, şagirdlər özlərindən aşağı siniflərdə təhsil alanlara öyrəndiklərini tədris ediblər. E.Süleymanova onu da deyib ki, tədris prosesində “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı tədris vəsaitlərindən istifadə olunub. Qonaqları, müəllimləri və məktəbliləri salamlayan təhsil naziri Misir Mərdanov “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin uğurla yekunlaşdığını və şagirdlərin zəruri biliklərə yiyələndiklərini qeyd edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi önəm verməsinin nəticəsidir ki, son illərdə 2000-dən çox yeni məktəb və tədris ocaqları üçün əlavə korpuslar inşa olunub, şagirdlərin təhsil şəraiti yaxşılaşdırılıb, dərsliklər yenilənib, təhsil müəssisələrinin İKT ilə təminat səviyyəsi yüksəlib, yeni kurikulumların tətbiqinə başlanılıb. Ölkə təhsilinin qazandığı nailiyyətləri uğurla aparılan dövlət siyasətinin və Heydər Əliyev Fondunun davamlı olaraq həyata keçirdiyi layihələrin nəticəsi kimi səciyyələndirən təhsil naziri hazırda respublikamızda 20 şagirdə 1 kompüter düşdüyünü və bu göstəricinin yaxın gələcəkdə daha da yaxşılaşacağına əmin olduğunu söyləyib. Təhsil Nazirliyi tərəfindən layihədə iştirak edən hər məktəbdə 10 kompüterdən ibarət 1 sinif otağının yaradılmasının qərara alındığını vurğulayan Misir Mərdanov fərqlənən şagirdləri və məktəb kollektivlərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Yasamal rayonundakı 31 saylı məktəbin direktoru Şükufə Məmmədsalahova gələcəyimiz olan uşaqların belə bir layihədə fəal iştirakının onların hərtərəfli yetişməsinə müsbət təsir göstərəcəyinə inandıqlarını bildiriblər. Mərasimin sonunda “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi çərçivəsində fərqlənən şagirdlər, dərsin keçirilməsinə cəlb olunmuş müəllimlər, eləcə də təşkilati məsələlərin həllində yardımçı olmuş məktəb direktorları hədiyyə, diplom və sertifikatlarla təltif olunublar. Mərasimdə təhsil nazirinin müavini Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva iştirak ediblər.
08/07/2015 16:52
Mayın 24-də Bakı Dövlət Universitetində Azərbaycan-Latviya Təhsil Forumu işə başlayıb.
Öncə forum iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan həmvətənlərimizin xatirəsi anılıb. Azərbaycan-Latviya Təhsil Forumunun iştirakçıları Latviya ali təhsil müəssisələrinin informasiya stendi ilə tanış olublar. Forum iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan-Latviya əlaqələrindən, xüsusilə təhsil sahəsindəki münasibətlərdən bəhs edib, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu nəzərə çatdırıb. Ali təhsil, tələbə, müəllim mübadiləsi istiqamətində əlaqələrin səmərəli olacağına diqqət çəkən nazir Azərbaycanın təhsil sistemi, həyata keçirilən davamlı islahatlar, əldə olunan zəngin nailiyyətlər barədə təqdimat-məruzə ilə çıxış edib. Təqdimatda Azərbaycanda təhsilin müxtəlif pillələri haqqında dolğun məlumatlar verilib, gələcək perspektivlərdən bəhs olunub. Azərbaycan-Latviya təhsil əlaqələrinin inkişafına dərin inamını ifadə edən təhsil naziri forumun işinə uğurlar arzulayıb. Ölkələrimizin təhsil sistemlərindəki oxşar cəhətlərdən söz açan xanım Tatyana Koke Latviyanın Azərbaycanla təhsil və elm sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdyini bildirib. Qonaq ali məktəblər arasında birbaşa əlaqələrin yaradılmasının üstün cəhətlərinə toxunub, hazırda 13 azərbaycanlı tələbənin Latviya universitetlərində təhsil aldığını nəzərə çatdırıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Riqa Texniki Universitetinin rektoru İvars Knets, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı çıxış edib, Azərbaycanla Latviya təhsil əlaqələrinin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər. Sonra Bakı Dövlət Universiteti ilə Riqa Texniki Universiteti arasında protokol imzalanıb. Azərbaycan-Latviya Təhsil Forumu mayın 26-da başa çatacaq.
08/07/2015 16:52
Mayın 26-da “Ankara məktəbi” məktəb-liseyində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”na uyğun olaraq ölkəmizin şəhər və rayonları üzrə orta məktəblərin VIII-X siniflərində təhsil alan istedadlı şagirdlərdən ən istedadlılarının riyaziyyat fənnindən son seçim turu aparılıb.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək öncə qeyd olunan Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərdən, xüsusi istedada malik uşaqların aşkarlanması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısını önə çəkən nazir onu da əlavə edib ki, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib. Misir Mərdanov xüsusi istedadlıların seçim turunun aparılmasının da məhz bu plan əsasında həyata keçirildiyini vurğulayıb. Daha sonra nazir qeyd edib ki, seçim turu iki gün ərzində riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə aparılacaq, riyaziyyat üzrə son seçim turunda VIII-X siniflərdə təhsil alan 353 şagird iştirak edir. Bu tədbirin üç ildir həyata keçirildiyini bildirən Misir Mərdanov şagirdlərin 3 saat ərzində 50 tapşırıq həll edəcəklərini, cavabların Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcəyini açıqlayıb. Təhsil naziri maraqlı fakt kimi onu da qeyd edib ki, iştirakçılar arasında 4-cü sinifdə təhsil alan şagird də var. Digər əsas bir məqamı da diqqətə çatdıran Misir Mərdanov hər il iştirakçıların sayının artdığını, builki iştirakçıların sayının əvvəlki 2 ildəki iştirakçıların birgə sayına bərabər olduğunu xüsusilə vurğulayıb. Çıxışının sonunda nazir xüsusi istedada malik uşaqlar üçün nəzərdə tutulan digər tədbirlərdən də söz açıb və seçim turunun iştirakçılarına qarşıdakı yarışda uğurlar arzulayıb. Sonra seçim turu öz işinə başlayıb.
08/07/2015 16:52
Mayın 26-da Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turuna həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini İradə Hüseynova olimpiadanın yekun turunda tələbələrin 11 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlarını bildirib. 2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun turuna 28 ali məktəbdən 544 tələbənin vəsiqə qazandığını söyləyən nazir müavini XV fənn olimpiadasının yekun turunda 34 ali məktəbdən 630 tələbənin iştirak edəcəyini nəzərə çatdırıb. İradə Hüseynova olimpiadanın yekun turuna Bakı şəhərindəki ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali məktəblərin də qatıldığını bildirib. Təhsil nazirinin müavini olimpiada iştirakçısı olan qeyri-dövlət ali məktəblərinin də sayının artdığını qeyd edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov Təhsil Nazirliyi ilə birgə keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ş.Əsgərov ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Daha sonra ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında müxtəlif fənlər üzrə I (11 nəfər), II (22 nəfər), III (33 nəfər) yerlərə layiq görülmüş tələbələrə, qalibləri hazırlaşdıran müəllimlərə və münsiflər heyətinin sədrlərinə Təhsil Nazirliyinin hədiyyələri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları təqdim edilib. Eləcə də ötən il bu olimpiadada fərqlənmiş daha 30 nəfər həvəsləndirici mükafatlara layiq görülüb.
08/07/2015 16:52
2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirəcək.
Müqayisə üçün qeyd edək ki, bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. Bu il Bakı şəhərindəki 324 orta ümumtəhsil məktəbini 23 minə yaxın XI sinif, 37 minə yaxın isə IX sinif şagirdi bitirəcək. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.
08/07/2015 16:52
Mayın 31-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyi və “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyi tərəfindən “Sülh göyərçiniyik biz” adlı 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbir iştirakçılarını və qonaqları salamlayan təhsil naziri Misir Mərdanov gələcəyimiz olan uşaqları 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara sağlam və firavan həyat arzulayıb, təhsildə qazandıqları uğurların sırasını daha da genişləndirməyi, vətənpərvər olmağı tövsiyə edib. Misir Mərdanov müstəqillik illərində ölkəmizdə uşaqlara xüsusi diqqət yetirildiyini, ulu öndər Heydər Əliyevin onlara daim qayğı ilə yanaşdığını nəzərə çatdırıb. Son illərdə Azərbaycanda uşaqların problemlərinin həlli baxımından atılan uğurlu addımlardan bəhs edən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq dövlət proqramlarının əhəmiyyəti barədə ətraflı söhbət açıb. Uşaq evlərində və internat məktəblərdə yaşayan uşaqlara Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğının həmin müəssisələrdə əsaslı dəyişikliklərə səbəb olduğunu bildirən nazir son illərdə respublikamızda 2000-dən çox məktəbin və tədris ocaqları üçün əlavə korpusların inşa edilməsini Azərbaycanda təhsil sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunması ilə əlaqələndirib. “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Kazımova hər zaman uşaqlara qayğının vacibliyini vurğulayıb, bu baxımdan ölkəmizdə dövlətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib. Bayram tədbirində uşaq evlərinin və internat məktəblərinin yetirmələri musiqi və rəqs nömrələri ilə çıxış edib, “Aqlamur” modalar evi tərəfindən 10 nəfər uşaq üçün son dəblə tikilmiş paltarlar nümayiş olunub, uşaqlara bayram hədiyyələri paylanılıb.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı