Oktyabrın 19-da “Təhsil” Respublika İdman Mərkəzində futbol məktəbinin və futbol meydançasının açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və veteran futbolçular iştirak ediblər. “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda idman və xüsusilə futbol hər zaman dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini nəzərə çatdıran C. Hümbətov “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət Proqramı”nın respublikamızda bu sahənin hərtərəfli tərəqqisinə xüsusi təkan verdiyini vurğulayıb. Azərbaycan idmanının inkişaf yolunda olduğunu bildirən təhsil naziri Misir Mərdanov futbol məktəbinin və stadionun açılışı münasibətilə məktəbliləri və məşqçi-müəllimləri təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən nazir idmançılarımızın mötəbər beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruduqlarını diqqətə çatdırıb. Təhsil naziri yeniyetmə futbolçuların dünya arenasında öz sözlərini deyəcəklərinə, layiqli qələbələr qazanacaqlarına əminliyini ifadə edib. Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev azərbaycanlı idmançıların dünya və Avropa birinciliklərində və yüksək səviyyəli beyəlxalq turnirlərdə, eləcə də Olimpiya Oyunlarında daim öz uğurlarını artırdıqlarını, ölkəmizdə möhtəşəm çempionat və kubok turnirlərinin keçirildiyini qeyd ediblər.
08/07/2015 16:52
2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarına hazırlıq məqsədi ilə ölkənin şəhər və rayonlarında şagird, valideyn, məktəb direktoru və fənn müəllimlərini əhatə edən təlimati işlərə başlanılıb.
Hər iki təhsil kursu üzrə cari dərs ili ərzində bir dəfə yoxlama imtahanının keçirilməsi nəzərdə tutulub. Dərs ilinin II yarımilində (fevral-mart aylarında) keçiriləcək yoxlama imtahanı şagirdləri buraxılış imtahanlarına təlimati cəhətdən hazırlamaqla bərabər, onlara öz biliklərini yoxlamaq imkanı verir, eyni zamanda attestata yazılacaq yekun qiymətə öz təsirini göstərir. Əsas təhsil kursu üzrə yoxlama və buraxılış imtahanları ana dili və riyaziyyat, orta təhsil kursu üzrə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, cografiya və xarici dil fənlərindən aparılacaq. İmtahanlara lazımi səviyyədə hazırlaşmaq məqsədi ilə IX siniflər üçün yeni test bankı yaradılıb, XI siniflər üçün isə mövcud test bankı təkmilləşdirilərək yeniləşdirilib. Hər iki siniflər üzrə tərtib edilmiş test bankının cari dərs ilinin II yarımilinədək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Əsas və orta təhsil kursları üzrə imtahanlar səhər saat 10.00-da başlayacaq. IX siniflərdə imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə isə 3 saat davam edəcək. İmtahana 30 dəqiqə gecikən şagirdlər imtahana buraxılmayacaqlar. İmtahan müddəti ərzində IX sinif şagirdləri 50 suala, XI sinif şagirdləri 120 suala cavab verəcəklər. 50 sualın 25-i ana dilinə (1-25), qalan 25-i isə riyaziyyat fənninə (26-42 cəbr, 43-50 həndəsə) aid olacaqdır. Orta təhsil kursu üzrə imtahan sualları 1-dən 120-dək nömrələnməklə fənlər üzrə aşağıdakı ardıcıllıqla sıralanıb: ana dili və ədəbiyyat- 1-25, riyaziyyat- 26-50, Azərbaycan tarixi -51-65, fizika -66-75, kimya- 76-85, biologiya- 86-95, coğrafiya -96-105 və xarici dil -106-120. Xarici dil fənni üzrə cavablar hansı xarici dilin seçilməsindən asılı olmayaraq, 106-120-ci nömrələrlə qeyd olunur. Xarici dil fənlərinə aid cavab maketləri fərqli olduqları üçün hər bir şagirdin məktəbdə öyrəndiyi xarici dilin suallarına cavab verməsi zəruridir. Hər bir test sualına 5 cavab (distraktor) verilir. Şagirdlər cavab kartında hər suala düzgün hesab etdikləri cavaba uyğun dairəni qaralamalıdır. Şagird iki və daha artıq dairə qaralayarsa, həmin sualın cavabı səhv hesab edilir. Yoxlama imtahanının fənlər üzrə nəticələri jurnala yazılır və ikinci yarımilin qiymətləri çıxarılarkən nəzərə alınır. Şagird üzrlü səbəbdən yoxlama imtahanında iştirak etmədiyi halda, buraxılış imtahanlarına qədər lazımi sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir. Əks halda, "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın imtahanlarda üzrsüz səbəbdən iştirak etməyən şagirdlərə şamil edilən I.13 bəndinə əsasən attestata yazılacaq qiymətlər çıxarılarkən yoxlama imtahanının nəticəsi (0) götürüləcəkdir. Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX (X) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. Orta təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə attestata yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər düz cavab verən şagird 3, 50%-dən 80%-nə qədər düz cavab verən şagird 4, 80%-dən 100%-ə qədər düz cavab verən şagird 5 ilə qiymətləndirilir. Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird 3, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird 4, ən azı 20 və daha artıq suala düz cavab verən şagird 5 qiymət alır. Ötən dərs ilində imtahanlara buraxılmayan və ya buraxılış imtahanlarından qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri 2010-cu ilin aprel ayının 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edə bilərlər. Təkrar imtahan verən şəxslər yalnız "2" aldığı fəndən imtahan verəcəklər. Yoxlama və buraxılış imtahanları üçün tərtib olunan test bankına aid nümunələr və onların təhlilləri növbəti məqalələrdə veriləcəkdir.
08/07/2015 16:52
Oktyabrın 20-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru Çunq Nam Jonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Misir Mərdanov Koreya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra bu sahədə daha yüksək irəliləyişlərin olduğundan söz açıb. Misir Mərdanov təhsil sahəsindəki səmərəli əməkdaşlığın qarşılıqlı münasibətlərdə əhəmiyyətini nəzərə çatdırıb, Koreya Respublikasının Azərbaycanın təhsil sahəsində yeni texnologiyaların tətbiq olunması istiqamətində yaxından kömək göstərdiyini bildirib. Nazir ölkəmizin iki universitetində Koreya dilinin tədris olunduğunu, Koreya ali məktəblərində də Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlər aparıldığını vurğulayıb. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri qonaqların diqqətinə çatdıraraq qeyd edib ki, cari ildə Dövlət Proqramının xətti ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 300-ə çatıb. Koreya Respublikasının ali məktəblərində 60-dan çox tələbənin təhsil aldığını deyən Misir Mərdanov onlardan 25 nəfərinin Azərbaycan Prezidentinin təqaüdünə layiq görüldüyünü bildirib. Nazir çıxışının sonunda Bakıda Koreya universitetləri sərgisinin açılmasının mühüm əhəmiyyəti olacağına inamını ifadə edib. Nümayəndə heyətinin rəhbəri Çunq Nam Jo səmimi qəbul üçün nazirə təşəkkür edib. Təmsil etdiyi ölkənin təhsil sahəsində əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini açıqlayan qonaq bu istiqamətdə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib. Çunq Nam Jo Azərbaycan gənclərinin Koreya universitetlərində təhsil almasını yüksək dəyərləndirib, ölkələrarası tələbə mübadiləsinin önəmliliyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Koreya universitetlərinin təhsil sərgisində 13 ali məktəbin iştirak etdiyini bildirib. Sonra görüşdə iştirak edən Koreya universitetlərinin əməkdaşları təmsil olunduqları ali təhsil müəssisəsi haqqında məlumat veriblər. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Oktyabrın 20-də “Hyatt-Regency” otelində Koreya universitetlərinin təhsil sərgisi keçirilib.
Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə qonaqları salamlayıb və bildirib ki, sərginin keçirilməsində əsas məqsəd Koreyanın qabaqcıl universitetlərini Azərbaycanda tanıtdırmaq, iki ölkənin təhsil sahəsindəki əlaqələrini inkişaf etdirməkdir. Təhsil naziri son illər Koreya ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlıqdan, azərbaycanlı tələbələrin Koreya universitetlərində təhsil almasından, habelə müvafiq sahədə atılan addımlardan söz açıb. Nazir qeyd edib ki, sərgi Koreyada təhsil almaq arzusunda olan azərbaycanlı gənclər üçün əlverişli imkan yaradacaq. Misir Mərdanov sərginin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib və bu tədbirin iki ölkənin təhsil sahəsi üzrə əlaqələrinin genişləndirilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Tədbirdə Koreya Respublikasının ölkəmizdəki səfiri Lyu Kvanq Çul çıxış edərək, iki ölkə arasındakı əlaqələri xüsusi qeyd edib, eləcə də sərginin keçirilməsini yüksək dəyərləndirib. Məlumat üçün bildirək ki, Koreyanın 13 ali təhsil müəssisəsinin iştirak etdiyi sərgidə müvafiq ölkənin təhsil sisteminə və burada fəaliyyət göstərən universitetlərə dair ətraflı məlumat verilib.
08/07/2015 16:52
Oktyabrın 24-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məsələ müzakirə olunub. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən ixtisasartırma təhsili müəssisələri, bu sahədə görülən işlər, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələrdən bəhs olunub, 2009-cu ilin may ayında ixtisasartırma təhsilinin vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eləcə də bu sahədəki mövcud problemlər və onların aradan qaldırılması üçün əhəmiyyətli olan dünya təcrübəsindən söz açılıb. Daha sonra Misir Mərdanov ixtisasartırma təhsili üzrə təklif olunan yeni modelin əsas xüsusiyyətləri, ixtisasartırma təhsili proqramlarının qurulduğu modullar, onların mahiyyəti, tətbiqi üçün hazırlanan sənədlər və bununla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, bu sənədlərdən biri-«Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə» layihəsi müvafiq müəssisə və təşkilatlara rəyə göndərilib və verilən rəylər nəzərə alınıb. Monitorda yeni modelin mövcud ixtisasartırma sistemi ilə müqayisəli təhlilinə aid slaydlar nümayiş etdirilib. Məruzə-təqdimatdan sonra müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq problemlərin aradan qaldırılması məqsədilə təkliflər verilib.
08/07/2015 16:52
Oktyabrın 24-də Təhsil Nazirliyində “2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ötən dərs ilində ilk dəfə ölkəmizin bütün ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini və nəticələrin qənaətbəxş olduğunu qeyd edib. İmtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsinin əhəmiyyətinə toxunan nazir bildirib ki, burada əsas məqsəd təhsil işçilərinin, məktəb rəhbərlərinin müəllim, şagird və valideynlərlə əlaqəsini möhkəmlətmək, məktəbin və müəllimin nüfuzunu qaldırmaqdır. Nazir mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlar zamanı nəzarətçilərin fəaliyyətində ciddi nöqsanlara yol verildiyini, imtahanlara şagirdlər tərəfindən mobil telefon gətirilməsini, bəzi yerlərdən şagirdlər barədə baza məlumatların vaxtında çatdırılmamasını, variantlar, test tapşırıqları ilə bağlı problemlər yarandığını diqqətə çatdırıb, onların aradan qaldırılması məqsədilə tapşırıq və tövsiyələrini verib. Təhsil naziri 2009-2010-cu dərs ilində IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə qərar qəbul olunduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gələn il XI sinfi bitirənlər 8, IX sinif şagirdləri isə 2 fəndən imtahan verəcək. Nazir bununla əlaqədar təhsil işçilərinin qarşısında mühüm vəzifələr durduğunu bildirib, məktəb rəhbərləri və təhsil şöbə müdirlərinin qeyd olunan məsələyə daha məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb. Nazir öz çıxışında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imatahanlarının daha da təkmilləşdirilməsinin təmin edilməsi ilə bağlı atılacaq addımlardan da danışıb. Kollegiya iclasında Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva 2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və qarşıda duran vəzifələr mövzusunda təqdimat edib. T. Hacıyeva təqdimatında buraxılış imtahanlarının müxtəlif parametrlər üzrə aparılmış təhlilləri ilə kollegiya iştirakçılarını tanış edib, imtahanların nəticələrinə əsasən reytinq cədvəlində ən yüksək və ən aşağı 50 yer tutan məktəblərin adlarını açıqlayıb. Təqdimatda imtahanlarda yol verilən nöqsanlardan danışılıb, habelə qarşıda duran vəzifələrdən bəhs olunub.
08/07/2015 16:52
Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il - “Uşaq ili” çərçivəsində “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq qonaqları salamlayıb və sözü təhsil nazirinin müavini Elmar Qasımova verib. Elmar Qasımov keçirilən konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib və hazırda qlobal bəlaya çevrilən narkomaniyanın geniş yayılmasından, onun müasir dövrdə ciddi problemə çevrilməsindən bəhs edib. E.Qasımov mövcud problemə qarşı mübarizə aparılması işində təhsil müəssisələrinin rolunu diqqətə çatdıraraq, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların digər zərərli vərdişlərdən xilas olması üçün müxtəlif elmi-kütləvi tədbirlərə cəlb edilməsinin, ali məktəblərdə də bu istiqamətdə müvafiq iş aparılmasının vacibliyini vurğulayıb. Problemin aradan qaldırılması yollarından danışan nazir müavini yeniyetmələrə yaş dövrləri ilə əlaqədar təhsil müəssisələrində və ailədə daha artıq diqqət göstərilməsi məsələsinə də toxunub. Sonra Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri Ruhəngiz Rzayeva “Narkomanlığın profilaktikasında yeni pedaqoji üsulların tətbiqi” mövzusunda məruzə edib. Tədbirdə Milli Məclisin üzvü Fuad Muradov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Fərhad Hacıyev və başqaları bu qlobal bəlanın qarşısının alınmasında dövlət orqanlarının, təhsil ocaqlarının gördüyü işlərdən, pedaqoji kollektivlərin və valideynlərin qarşısında duran vəzifələrdən danışıblar. Konfransda yeniyetmə və gənclər arasında narkotik maddələrə, narkotiklərə qarşı kütləvi təbliğat işinin aparılması və orta məktəblərdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin təsir gücünün artırılması yollarından söhbət açılıb, konkret təkliflər irəli sürülüb.
08/07/2015 16:52
Bu günlərdə “Hyatt-Regency” otelində “Dünyaya Baxış” təşkilatının Azərbaycandakı fəaliyyətinin 15 illiyi münasibəti ilə tədbir keçirilib.
Təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə çıxış edərək “Dünyaya baxış” təşkilatının ölkəmizdə gördüyü işlərdən danışıb və bu qurumu yubiley münasibətilə təbrik edib. Tədbirdə “Dünyaya Baxış” təşkilatının rəhbərliyi, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Sonda iştirakçılara təşkilatın 15 illik fəaliyyətini əks etdirən qısa film təqdim olunub. Qeyd edək ki, “Dünyaya Baxış” təşkilatı 1994-cü ildən qaçqın və köçkünlərə ərzaq yardımı etməklə fəaliyyətə başlayıb. Bu təşkilat sığınacaqların tikilməsi və bərpası, icmaların təşkil olunması, mikro-maliyyə, təhsil müəssisələrinin təmir və tikintisi, inklüziv təhsil, eləcə də digər inkişafyönümlü layihələrlə işini davam etdirməkdədir. “Dünyaya Baxış” təşkilatı müxtəlif istiqamətlər üzrə 7 layihə həyata keçirir. Həmin layihələrdən ikisi təhsil sahəsində Dövlət Proqramlarının icrasına yardım etmək məqsədini daşıyır və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.
08/07/2015 16:52
27-28 oktyabr 2009-cu il tarixlərdə “Oriqamı” uşaq və yeniyetmələr ictimai birliyi “Uşaqlara şən, sağlam həyat bəxş edək!” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün 2 günlük seminar keçirib.
140 saylı orta məktəbdə keçirilən təlimdə 156, 183, 237, 282 və 290 saylı orta məktəblərin, eləcə də Uşaq-gənclər idman məktəbinin fiziki tərbiyə müəllimləri iştirak edib. Təlimin keçirilməsində məqsəd Suraxanı və Əzizbəyov rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin idmana cəlb edilməsi ilə onların hərəkət fəaliyyətini artırmaq və inkişaf etdirməkdən ibarət olmuşdur. Məlumat üçün qeyd edək ki, 2009-cu dərs ilindən Təhsil Nazirliyi Böyük Britaniyanın İdman Şurası, YUNİSEF, “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birgə “Uşaqlara şən, sağlam həyat bəxş edək!” layihəsini həyata keçirir. “Oriqami” təşkilatı da bu layihə çərçivəsində qeyd olunan qurumlarla yaxından əməkdaşlıq edir.
08/07/2015 16:52
Oktyabrın 31-də “Hyatt-Regency” otelində Malayziya universitetlərinin növbəti təhsil sərgisinin açılış mərasimi keçirilib.
İkigünlük sərgidə Təhsil Nazirliyinin və Malayziya universitetlərinin nümayəndələri, ali məktəb müəllimləri, elm adamları və tələbələr iştirak edib. Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə tədbir iştirakçılarını salamlayıb. Nazir bu sərginin Malayziya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin daha da inkişafı, müəllim, tələbə və şagirdlərimizin Malayziya universitetləri və ali təhsil sistemi ilə daha yaxından tanış ola bilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycan-Malayziya arasındakı əməkdaşlığın sürətlə inkişafından danışan Misir Mərdanov bundan sonra da təhsil sahəsində olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, sərginin işinə uğurlar arzulayıb. Sonra Malayziya nümayəndə heyətinin rəhbəri, Malayziya Ali Təhsil Nazirliyinin Ali təhsil departamentinin müdir müavini Siti Hamisah Tapsir çıxış edərək göstərilən dəstəyə və bu əməkdaşlığa görə minnətdarlıqlarını bildirib. Tədbirdə Malayziya universitetlərinin təmsilçiləri tədbir iştirakçılarını maraqlandıran suallara cavab veriblər.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı