Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsinə dair tədqiqat və “Uşaqlar və hüquq” kitabı təqdim olunub
İyunun 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib. Tədbirin məqsədi uşaqların və yeniyetmələrin hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, eləcə də bu istiqamətdə aparılan elmi-praktik fəaliyyətin nəticələrinin ictimaiyyətə təqdim olunması olub. Tədbiri giriş sözü ilə açan komitə sədri Bahar Muradova qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən və dövlət qurumlarının əsas fəaliyyət sahələrindən biri olmaqla yanaşı, bu istiqamətdə elmi ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının, ictimai sektorun və digər aidiyyəti tərəflərin fəal iştirakı da mühüm əhəmiyyət kəsb edir. Çıxış zamanı Bahar Muradova aparılan tədqiqatın bu sahədə mövcud problemlər və imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb, əldə olunan nəticələrin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, elmi, siyasi və hüquqi əsasların daha da təkmilləşdirilməsinə töhfə verəcəyini deyib. “Uşaqlar və hüquq” kitabının hazırlanmasında əsas məqsədin uşaqların erkən yaşlardan milli-mənəvi və ailə dəyərləri əsasında formalaşmasına, hüquq düşüncəsinin inkişafına və məsuliyyətli vətəndaş kimi yetişməsinə dəstək vermək olduğunu qeyd edən sədr hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində uşaqlarda hüquq şüurunun erkən yaşlardan formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını söyləyib. Daha sonra təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, tədqiqatçı Qoşqar Məhərrəmov “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat işini təqdim edib. O bildirib ki, tədqiqatın əsas məqsədi ölkədə yeniyetmələrin hüquq düşüncəsinin mövcud vəziyyətini hərtərəfli təhlil etmək, bu sahəyə təsir göstərən amilləri müəyyənləşdirmək və mövcud boşluqların aradan qaldırılması üçün əsaslandırılmış tövsiyələr hazırlamaqdır. 2000-ə yaxın şagird arasında keçirilən sorğu əsasında hazırlanan təhlinin nəticələri, metod və strukturu barədə ətraflı məlumat verib. Uşaqların hüquq savadlılığına nail olmaq məqsədilə təklif və strateji təşəbbüsləri səsləndirib. Ardınca “Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib. Vəkillər Kollegiyasının üzvü Abil Bayramov nəşrin hazırlanmasında əsas məqsədin uşaqları öz hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin edilməsində ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından səmərəli istifadə etməyə və vəzifələrinə, davranışlarına məsuliyyətlə yanaşmağa təşviq etmək olduğunu bildirib. Qeyd edilib ki, kitab hazırlanarkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınıb, hüquqi biliklər bədii və həyati situasiyalara əsaslanan qısa hekayələr vasitəsilə təqdim olunub, eyni zamanda ədalət, empatiya və bərabərlik kimi bir çox dəyərlər də aşılanıb. Çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkədə uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu yanaşmanın ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikrinə əsaslandığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə uşaqların və həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Kamran Əliyev çıxışında “Azərbaycan Respublikasında uşaqlara dair 2020–2030-cu illər Strategiyası”nın əhəmiyyətini qeyd edərək qanunvericiliyin daim təkmilləşdirildiyini və uşaqların hüquqlarının daha etibarlı müdafiəsi üçün kompleks islahatların aparıldığını diqqətə çatdırıb. Təqdim olunan nəşrlərin uşaqların hüquqi biliklərinin artırılması və hüquq düşüncəsinin formalaşması baxımından əhəmiyyətini qeyd edib, bu istiqamətdə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, istənilən mövzu üzrə müzakirələrin elmi tədqiqatlara əsaslanması daha faydalıdır. Nazir bu baxımdan təqdim olunan tədqiqatın əhəmiyyətini vurğulayaraq onun nəticələrinə metodoloji yanaşmanın vacibliyini qeyd edib. Elm və təhsil naziri uşaqların informasiya əldə etmə mənbələrinin dəyişdiyini, sosial media və rəqəmsal platformaların artıq əsas mənbələrdən birinə çevrildiyini qeyd edib. Nazir həmçinin rəqəmsal dövrün təhsil və öyrənmə metodlarını dəyişdirdiyini, ənənəvi yanaşmalarla yanaşı yeni texnologiyaların, o cümlədən süni intellektin tədris prosesinə inteqrasiyasının zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd bu imkanlardan təhlükəsiz və səmərəli istifadə mexanizmlərinin formalaşdırılmasıdır. Sonda nazir təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının vacibliyini qeyd edərək təqdim olunan tədqiqat və nəşrlərin bu istiqamətdə müzakirələr üçün mühüm əsas yaratdığını bildirib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov təqdim olunan tədqiqat hesabatının yeniyetmələrin hüquq düşüncəsinin formalaşması prosesini hərtərəfli araşdıran mühüm elmi mənbə olduğunu vurğulayıb. Anar Bağırov “Uşaqlar və hüquq” kitabının bu sahədə mövcud ədəbiyyat boşluğunu dolduran mühüm nəşr olduğunu da deyib. Bildirilib ki, təqdim olunan tədqiqat və kitab hüquqi maarifləndirmə sahəsində mühüm resurs olmaqla yanaşı, dövlət qurumları, təhsil müəssisələri, valideynlər və mütəxəssislər üçün də faydalı vəsait rolunu oynayacaq. Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini İsmət Əliyev nazirlik tərəfindən uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən əməli və institusional tədbirlərin əhəmiyyətini vurğulayıb. Nazir müavini çıxışında müasir dövrdə uşaqların qarşılaşdığı risklərin təkcə fiziki mühitlə məhdudlaşmadığını, virtual məkanın da ciddi təhlükə mənbəyinə çevrildiyini qeyd edib. O bildirib ki, sosial şəbəkələr və digər rəqəmsal platformalarda psixoloji təzyiq, zərərli kontent, şantaj və onlayn istismar halları müşahidə olunur. Bu səbəbdən uşaqların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi və maarifləndirilməsi istiqamətində aidiyyəti dövlət qurumları, təhsil müəssisələri, ailələr və vətəndaş cəmiyyəti institutları ilə birgə kompleks tədbirlər həyata keçirilir, məktəblərdə görüşlər təşkil olunur və müvafiq monitorinqlər aparılır. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışı zamanı uşaqların hüquq anlayışının erkən yaşlardan formalaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bu prosesdə ailənin və xüsusilə valideynlərin rolunu ön plana çəkib. Eyni zamanda hüquqi maarifləndirmənin genişləndirilməsinin vacibliyini qeyd edən Samir Mahmudov bu istiqamətdə həyata keçirilən kampaniyaların əhəmiyyətini yüksək qiymətləndirib, təqdim olunan tədqiqat işi və kitabı mühüm elmi mənbə kimi dəyərləndirib. Tədbir müzakirələrlə davam edib.
10/06/2026 20:00
Respublika Fənn Olimpiadalarının texniki fənlər üzrə qalibləri mükafatlandırılıblar
İyunun 10-da ADA Universitetində Respublika Fənn Olimpiadalarının texniki fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Respublika Fənn Olimpiadalarının şagirdlərin intellektual potensialının inkişafında və gələcək uğurlarının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Nazir müavini qeyd edib ki, olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ əldə etməsi dövlətin istedadlı gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Firudin Qurbanov bildirib ki, müasir dövrün çağırışlarına cavab verə bilən, yaradıcı və innovativ düşüncəyə malik gənclərin yetişdirilməsi təhsil sisteminin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, olimpiadalar və digər intellektual yarışlar şagirdlərdə yaradıcı təfəkkürün, analitik düşüncənin və problem həll etmə bacarıqlarının formalaşmasına əhəmiyyətli töhfə verir. Nazir müavini bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq “Sabahın alimləri” müsabiqəsinin gənclərin elmə marağının artırılması və tədqiqat bacarıqlarının inkişafı baxımından mühüm rol oynadığını da diqqətə çatdırıb. Firudin Qurbanov olimpiadalarda iştirakın gənclər üçün yeni imkanlar yaratdığını və onların gələcək akademik nailiyyətlərinə mühüm zəmin formalaşdırdığını qeyd edib. ADA Universitetinin prorektoru Vəfa Kazdal çıxışında əldə olunan uğurların davamlı olmasının vacibliyini vurğulayıb. O bildirib ki, qazanılan nailiyyətlər yeni başlanğıclar üçün zəmin yaradır və uğurun qorunması üçün eyni əzmkarlıqla çalışmaq lazımdır. Prorektor həmçinin qeyd edib ki, dövlət tərəfindən yaradılan müxtəlif olimpiada və xaricdə təhsil imkanları gənclərin inkişafına xidmət edir və onlar ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməlidirlər. Tədbirin rəsmi hissəsindən sonra texniki fənlər üzrə 27 qızıl, 51 gümüş, 73 bürünc medal qaliblərə təqdim olunub. Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb. İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb. Respublika Fənn Olimpiadaları nədir? Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir. Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir. Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.
10/06/2026 18:00
Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə yekun vurulub
Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi baş tutub. III yer uğrunda mübarizədə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Dövlət Universitetinin komandasına qalib gəlib. Gərgin keçən final oyununda Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan İdman Akademiyasının komandasını məğlub edərək liqanın qalibi olub. Oyunlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Basketbol Federasiyasının nümayəndələri iştirak edib. Qeyd edək ki, Tələbə Basketbol Liqası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilir. 8 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2025-ci ilin noyabr ayında start verilib. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında basketbol idman növünün təbliği, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi və onlar arasında vətənpərvərlik, dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.
10/06/2026 15:10
Nazir müavini Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı tərəflər arasında cari əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə Sian Şiyou Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və elmi-akademik heyətin qarşılıqlı mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
10/06/2026 10:37
Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıblar
İyunun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADNSU-nun rektoru Rüfət Əzizov çıxış ediblər. Elm və təhsil nazirinin müavini Həsən Həsənli olimpiada qaliblərini təbrik edərək onların gələcəyin alimləri, ölkənin inkişafına töhfə verəcək, yeni kəşflərə imza atacaq və cəmiyyətin tərəqqisində mühüm rol oynayacaq gənclər olduğunu vurğulayıb. Həsən Həsənli qeyd edib ki, son illər Respublika Fənn Olimpiadalarının qaliblərinin nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da artıb. Onun sözlərinə görə, əldə olunan uğurlar Azərbaycan təhsilinin inkişafına və ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir. Nazir müavini çıxışında qaliblərin gələcək fəaliyyətinə də toxunaraq bildirib ki, onların bu gün nümayiş etdirdiyi bilik, bacarıq və keyfiyyətlər gələcək uğurlarının əsasını təşkil edir. Sonda qaliblərə uğurlar arzulayan Həsən Həsənli onların artıq məsuliyyətli və perspektivli bir yola uğurla qədəm qoyduqlarını vurğulayıb. Rektor Rüfət Əzizov çıxışında vurğulayıb ki, bu il respublika fənn olimpiadalarında 70 mindən çox şagird iştirak edib. Onun sözlərinə görə, bu göstərici ölkədə güclü olimpiada hərəkatının formalaşdığını göstərir. Rektor qeyd edib ki, Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlar artıq təsadüfi deyil, təhsil sahəsində uzun illər aparılan sistemli fəaliyyətin nəticəsidir. Tədbirin rəsmi hissəsindən sonra təbiət fənləri üzrə qaliblərə mükafatlar təqdim edilib. Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb. İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb. Respublika Fənn Olimpiadaları nədir? Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir. Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir. Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.
09/06/2026 18:00
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin G42 “Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib. Rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir. Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. Çətin fizika mövzusunun izahı və ya məktəbdən sonra riyaziyyat məsələlərinin addım-addım həlli kimi hallarda rəqəmsal köməkçi şagirdlərə yalnız dərs zamanı deyil, ehtiyac duyduqları istənilən vaxt fərdi dəstək göstərir. Rəqəmsal tədris köməkçisindən istifadə etmək üçün şagirdlər “Rəqəmsal məktəb” platformasında öz şagird kabinetlərinə daxil olmalı və “Tətbiqlər” bölməsində yerləşdirilmiş “Rəqəmsal köməkçi” xidmətini seçməlidirlər. Hazırda xidmət sınaq və öyrənmə mərhələsindədir. Rəqəmsal köməkçi əsasən riyaziyyat və təbiət elmləri üzrə təlimləndirilib. Digər fənlər üzrə təlim və təkmilləşdirmə prosesi davam etdiyindən cavablarda müəyyən qeyri-dəqiqliklər ola bilər. Təqdim olunan cavablar öyrənmə prosesinə dəstək xarakteri daşıyır və zəruri hallarda müəllim izahı ilə tamamlanmalıdır. Rəqəmsal tədris köməkçisinin istifadəyə verilməsi təhsildə rəqəmsal transformasiyanın dərinləşdirilməsi, təhsil xidmətlərinin əlçatanlığının artırılması və müasir texnologiyaların tədris prosesinə inteqrasiyası istiqamətində mühüm addımdır. Yeni həll şagirdlərin biliklərini möhkəmləndirməsinə, tədris materiallarını daha səmərəli mənimsəməsinə və öyrənməyə marağının artırılmasına xidmət edir. Qeyd edək ki, rəqəmsal köməkçi yerli generativ süni intellekt həlli kimi hazırlanıb və İqtisadiyyat Nazirliyinin yüksək məhsuldarlıqlı hesablama infrastrukturu üzərində, ölkə daxilində yerləşən texnoloji mühitdə yerləşdirilib. Həllin yerli infrastrukturda yerləşdirilməsi məlumatların ölkə daxilində saxlanılması və təhsil sahəsində süni intellekt imkanlarının milli rəqəmsal ekosistem çərçivəsində inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həllin yaradılması 2025-ci ilin sentyabrında Elm və Təhsil Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin G42 qrupuna daxil olan “Presight” şirkəti arasında təhsil sahəsində imzalanmış Anlaşma Memorandumu çərçivəsində mümkün olub. Sənəd təhsildə süni intellektin tətbiqini, şagirdlər üçün süni intellekt əsaslı mentorların, müəllimlər üçün rəqəmsal köməkçilərin hazırlanmasını, eləcə də təhsil yönümlü Azərbaycan dili modellərinin inteqrasiyasını nəzərdə tutur.
09/06/2026 16:31
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası çərçivəsində TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyev ilə görüşüb. Görüş zamanı Türk dünyasında ümumi və ali təhsil sahələrində birgə proqram və təşəbbüslərin həyata keçirilməsi, eləcə də Nazirlər iclası çərçivəsində qəbul olunmuş əsas qərarlar müzakirə edilib. Tərəflər həmçinin TDT çərçivəsində təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
09/06/2026 11:28
Elm və təhsil naziri qazaxıstanlı həmkarı ilə görüşüb
İyunun 8-də Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
09/06/2026 09:37
Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib
İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib. İclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil sahəsinə məsul qurumlarının rəsmi nümayəndələri, həmçinin Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib. Görüşdə Türk Akademiyasının 2024–2025-ci illər üzrə fəaliyyəti, cari ildə həyata keçirilən layihə və tədbirlər, eləcə də 2026-cı il üçün fəaliyyət planı, prioritet tədqiqat istiqamətləri və Türk dünyası üzrə yubiley tarixləri müzakirə olunub. İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Türk Akademiyası Elmi Şurasına sədrliyi dövründə birgə tədqiqat təşəbbüslərinin, akademik mübadilənin, habelə ali təhsil və elmi müəssisələr arasında institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Nazir Azərbaycanın elm və texnologiya sahəsində innovasiyayönümlü inkişaf modelinə xüsusi önəm verdiyini, süni intellekt, biotexnologiya, kvant texnologiyaları, rəqəmsal transformasiya və bərpa olunan enerji kimi sahələrin əsas istiqamətlər sırasında yer aldığını qeyd edib. Nazir Türk Akademiyasının Türk dünyasında ortaq elmi potensialın gücləndirilməsi, eləcə də tədqiqat mərkəzlərinin və bilik mübadiləsi mexanizmlərinin inkişafı baxımından mühüm rol oynadığını vurğulayıb. Həmçinin Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı tədbirlərin Türk dünyasının elmi, mədəni və dil irsinin qorunması və təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. İclasın sonunda Türk Akademiyası Elmi Şurasına sədrliyin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinə ötürülməsi və Elmi Şuranın 9-cu iclasının Qırğız Respublikasında keçirilməsi qərara alınıb.
08/06/2026 19:17
Emin Əmrullayev Qırğız Respublikasının maarif naziri Dogdurgul Kendirbayeva ilə görüşüb
İyunun 8-də Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının maarif naziri Dogdurkul Kendirbayeva ilə görüşüb. Görüş zamanı iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub.
08/06/2026 18:15
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır! ❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək. Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: ▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. ▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. ▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar. #ElmvəTəhsilNazirliyi #EduGovAz #MyGov #TSİİ #RəqəmsalTəhsil
ƏtraflıBu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək. Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olan gənclərimiz də var. Gəlin həmin təqaüdçülərimizi tanıyaq! #xaricdətəhsil #dövlətproqramı #dpeduaz
Ətraflı?Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək. Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ
Ətraflı