Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır

Elm və Təhsil Nazirliyi və “OpenAI” arasında adaptiv öyrənmə platformasının hazırlanması üzrə əməkdaşlığa başlanılıb. Platformanın “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur.   Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və OpenAI arasında imzalanan Anlaşma Memorandumu 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur. Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər, məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində  fəaliyyət göstəricilərini təqdim etməyə imkan yaradacaq.   Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək və nəticələrə əsasən mərhələli şəkildə genişləndiriləcək. Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.   İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli istifadə imkanı yaratmaqla bu texnologiyalardan məsuliyyətli tətbiq formalaşdırılır. “OpenAI” ilə əməkdaşlıq süni intellektin təhsilə inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə uzlaşır.   “OpenAI”nin Təhsil və dövlət proqramları üzrə bazara çıxış rəhbəri Kevin Mills isə qeyd edib ki, Azərbaycan süni intellektin təhsilə tətbiqinə düşünülmüş və iddialı yanaşma nümayiş etdirir. “OpenAI” ilə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı güclü milli rəqəmsal infrastruktur və şagirdlərlə müəllimlərin süni intellektdən praktik və məsuliyyətli şəkildə istifadəsinə dəstək vermək öhdəliyi üzərində qurulur. O, “OpenAI”nin API texnologiyaları əsasında hazırlanacaq platformasının öyrənməyə dəstəyi, sinifdaxili təcrübəni gücləndirəcəyi və şagirdlərin gələcək üçün vacib bacarıqlarının formalaşmasına  töhfə verəcəyi ilə bağlı araşdırması barədə də danışıb.    Əməkdaşlıq çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Open AI” milli süni intellekt innovasiya ekosisteminin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcək. Qeyd olunan istiqamətdə hakatonların, “build days” formatlı tədbirlərin, eləcə də strukturlaşdırılmış tədqiqat və inkişaf əməkdaşlığının təşkili nəzərdə tutulur. Məqsəd Azərbaycanın süni intellekt əsaslı həllər üzrə regional mərkəz kimi mövqeyini gücləndirməkdir.

Doktoranturada SABAH proqramı

Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır.    Proqramın əsas xüsusiyyətləri aşağıdakılardır:  *Beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları;  *İlkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant; *Təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat;  *Yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil;  *Qəbul olunanlara doktorantura təqaüdü ilə yanaşı, əlavə olaraq yüksək məbləğdə SABAH təqaüdü;  *Doktorantlara qəbul olunduqları müəssisələrdə elmi-pedaqoji istiqamətdə rəsmi əmək fəaliyyəti.    Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plana əsasən respublika üzrə fəlsəfə doktoru proqramı üçün 1388 yer ayrılıb. Ötən illə müqayisədə qəbul yerlərinin sayı 213 yer (18%) artırılıb. 90 müəssisə üzrə 300-ə yaxın ixtisasa qəbul planlaşdırılır. Bu yerlərdən 65 % ali təhsil müəssisələri, 35% isə elmi müəssisələr üzrə nəzərdə tutulub.    Bildiririk ki, artıq son 2 ildə doktoranturaya qəbul yalnız fəlsəfə doktoru proqramı üzrə aparılır. Eyni zamanda son 2 ildə ölkə üzrə ali təhsil müəssisələrinə qəbul olan bütün doktorantlar yalnız dövlət sifarişli – ödənişsiz təhsil alır. Növbəti il üçün də müraciət edən bütün doktorantların yalnız dövlət sifarişi üzrə qəbulu proqnozlaşdırılır.   Xatırladaq ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi elektron qaydada  portal.edu.az vasitəsilə həyata keçirilir.  Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Nazir Qaxda tədris prosesi ilə tanış olub

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub.    Səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib. Nazir peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Eyni zamanda rəqəmsal bacarıqlar üzrə təşkil olunan dərslərdə şagirdlərin süni intellekt alətlərindən praktiki istifadə imkanları təqdim olunub, bu istiqamətdə tətbiq olunan müasir tədris yanaşmaları barədə məlumat verilib.    Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.    Görüş zamanı regionlarda keyfiyyətli təhsil imkanlarının genişləndirilməsi, şagirdlərin əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinin əhəmiyyəti vurğulanıb.

Nazir şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev Qax rayonuna səfəri çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin bir qrup direktoru, məktəbəqədər təhsil müəssisələrinin müdirləri və qabaqcıl müəllimlərlə görüşüb.   Görüş zamanı Emin Əmrullayev son illər təhsil sahəsində həyata keçirilən islahatlar və təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması barədə danışıb. Nazir müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, eləcə də qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflərə toxunub.   Çıxışının sonunda Emin Əmrullayev şimal-qərb bölgəsinin təhsil göstəricilərinin ölkə üzrə yüksək nəticələr sırasında yer aldığını vurğulayaraq müəllimlərə və təhsil müəssisələrinin rəhbərlərinə təşəkkür edib.    Görüşdə iştirakçıların rəy və təklifləri dinlənilib, çoxsaylı sualları cavablandırılıb.    Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkilib.

Elm və təhsil nazirinin müavini “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Mayın 25-də Xarici İşlər Nazirliyi, Bakı Dövlət Universiteti, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və Afrika ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlikləri ilə birgə “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans təşkil olunub.   Konfransın açılış mərasimində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, eləcə də Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adil Embarch çıxış ediblər.    Tədbirdə Afrika qitəsi ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər və ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak ediblər.   Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, hazırda 40 Afrika ölkəsindən 360-dan çox tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır. Nazir müavini afrikalı tələbələr üçün təqdim olunan təqaüd imkanlarını xüsusi vurğulayıb.    Sonda nazir müavini Afrika ölkələri ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.   Çıxış edən digər rəsmilər Azərbaycan ilə Afrika ölkələri arasında diplomatik, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayaraq bu cür tədbirlərin qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildiriblər.

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

Mayın 25-də elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub.   Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və millət vəkili Şahin Seyidzadə ilə birgə korpusdakı mövcud emalatxanaların fəaliyyəti ilə tanış olub, tədris prosesini izləyib. Daha sonra planlaşdırılan yenidənqurma işləri və yaradılması nəzərdə tutulan yeni emalatxanalar barədə məlumat lövhəsinə baxış keçirilib.   Bildirilib ki, həyata keçiriləcək yeniliklər peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğun müasir tədris mühitinin formalaşdırılmasına xidmət edəcək.   Sonra nazir korpusun müəllim və tələbə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsilinin inkişaf istiqamətləri, praktiki təlim imkanlarının genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığı və tələbələrin məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.   Emin Əmrullayev çıxışında peşə təhsilinin ölkənin iqtisadi inkişafı və əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazir həmçinin müasir infrastrukturun yaradılması, innovativ yanaşmaların tətbiqi və istehsalatla inteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının vacibliyini qeyd edib.   Qeyd olunub ki, Qobustan korpusu region üzrə kənd təsərrüfatı və texniki istiqamətlərdə ixtisaslı kadr hazırlığını həyata keçirən struktur bölmə kimi fəaliyyət göstərir. Korpusda hazırda bitkiçilik mütəxəssisi, baytar texniki, dərzi, kompüterlərin təmiri üzrə texnik və geniş profilli traktorçu-maşinist ixtisasları üzrə tədris aparılır. 2025–2026-cı tədris ili üzrə həmin ixtisaslar üzrə korpusa 78 nəfər tələbə qəbul olunub. 2026–2027-ci tədris ili üçün mərkəz üzrə ayrılmış 660 sifariş yerinin 180-i Qobustan korpusu üçün nəzərdə tutulub.   Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov korpusun fəaliyyəti, tədris prosesi, ixtisaslar, tələbə kontingenti və inkişaf perspektivləri barədə məlumat verib. Direktor müavini həmçinin peşə təhsilində praktiki bacarıqların gücləndirilməsi, müasir ixtisasların inkişafı və məzunların əmək bazarına inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edib.   Səfər zamanı korpusun gələcək inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

“Ana dili: kimlik və gələcək” gənclərin iştirakı ilə respublika konfransı keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib.   Konfrans Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunub.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Açılış mərasimində çıxış edən AMEA prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin saflığının qorunmasında nitq mədəniyyətinin xüsusi rolunu vurğulayıb, bütün sahələrində ədəbi dil normalarına riayət edilməsinin vacibliyini qeyd edib. O həmçinin AMEA-da müstəqillik dövrünün prinsipləri əsasında Azərbaycan dili qrammatikasının yeni konseptual model üzrə hazırlanması istiqamətində işlərin davam etdirildiyini bildirib.   Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı ana dilinin dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, qloballaşma, informasiya texnologiyalarının, süni intellektin sürətli inkişafı və kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dillər yeni çağırışlarla qarşılaşır. Nazir müavininin sözlərinə görə, ana dilinin unudulması və onun həddindən artıq alınma sözlərlə yüklənməsi milli şüura və milli kimliyə təsirsiz ötüşmür. Bu baxımdan ana dilinin qorunması yalnız dil məsələsi deyil, həm də milli özünüdərk, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin gələcəyi ilə bağlı mühüm məsələdir.   Firudin Qurbanov qeyd edib ki, ana dili insanın dünyagörüşünün formalaşmasında, mənəvi aləminin zənginləşməsində, keyfiyyətli təhsil almasında və milli mənsubiyyətinin ifadəsində mühüm rol oynayır.   ADPU-nun rektoru Cəfər Cəfərov isə ana dilini sevən və dərindən bilən müəllimin milli dəyərlərə bağlı, vətənpərvər vətəndaş yetişdirdiyini qeyd edib. O bildirib ki, dilin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir alim, müəllim və tədqiqatçının mühüm məsuliyyətidir.   ADPU-nun prorektoru Mahirə Hüseynova çıxışında Azərbaycan dilinin milli kimliyin formalaşmasında mühüm rolundan danışıb, dilçilik sahəsində mövcud məsələlərin həllində gənc tədqiqatçıların elmi fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O həmçinin tarixi toponimlərin və dialektizmlərin milli yaddaşın qorunmasındakı roluna diqqət çəkib.   Açılış mərasimində çıxış edən digər iştirakçılar tərəfindən Azərbaycan dilinin tarixi inkişaf yolu, müasir çağırışlar şəraitində dil siyasəti, rəqəmsallaşma dövründə ana dilinin qorunması, gənclərin nitq mədəniyyəti və dilə bağlılığının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.   Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ana dilinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycan dilinin saflığının qorunmasına, norma və qaydalarına riayət olunmasına, eləcə də rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsinə mühüm töhfə verir.   Rəsmi hissədən sonra konfrans panel müzakirələrlə davam edib. Panel sessiyalarında ana dilinin milli kimliyin formalaşmasındakı rolu, gələcək perspektivləri və rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin mövqeyi ilə bağlı fikir mübadiləsi aparılıb.   Qeyd edək ki, konfransın məqsədi dövlət dilinin qorunması və inkişaf etdirilməsi, gənclər arasında ana dilinə hörmət və bağlılığın gücləndirilməsi, Azərbaycan dilinin milli kimliyin və milli-mənəvi dəyərlərin formalaşmasındakı rolunun təşviqindən ibarətdir.

Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb

Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb.   Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib.

Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub.   Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.   Nümayəndə heyəti universitetin Elm, Mühəndislik və Tibb fakültələrinin, eləcə də Qlobal Dayanıqlı İnkişaf İnstitutunun nümayəndələri ilə görüşüb. Görüşlərdə yaşıl enerji keçidi kimi qlobal çağırışlara cavab verən təhsil və tədqiqat istiqamətləri təqdim edilib.   Nümayəndə heyəti universitetin Beynəlxalq İstehsalat Mərkəzi və tədqiqat laboratoriyaları ilə də tanış olub.   Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universitetinin birgə həyata keçirdiyi “Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramı barədə də məlumat verilib. Qeyd olunub ki, proqram strateji sahələr üzrə bacarıqların inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində ortaq hədəfləri əks etdirir.   Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.

27/07/2026

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı