İyunun 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 2009-cu il- “Uşaq ili” çərçivəsində 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin uşaqları çox sevdiyini, onların problemlərini hər zaman önə çəkdiyini qeyd ediblər. Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib, 2009-cu ilin ümumilikdə “Uşaq ili” elan edilməsini onlara göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Sonra “Uşaq ili” çərçivəsində yuxarıda adları qeyd olunan dövlət qurumları tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, tədbirdə mükafat alanlar arasında Təhsil Nazirliyi tərəfindən keçirilmiş rəsm və foto müsabiqələrinin qalibləri də olub. Mərasim incəsənət ustalarının və uşaq bədii kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatıb. Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin 2009- cu ili “Uşaq ili” elan etməsi haqqında Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm və foto müsabiqələri keçirilib. Müsabiqənin respublika mərhələsində 400-ə yaxın rəsm və foto şəkillər təqdim edilib. 4 yaş qrupu üzrə keçirilən müsabiqələrdə 24 nəfər I-II-III yerlərə layiq görülüb.
08/07/2015 16:52
2008-2009-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin XI sinfini 112.549 şagird bitirəcək.
Müqayisə üçün qeyd edək ki, bu göstərici 2006-cı ildə 116.389, 2007-ci ildə 116.812, ötən il 117.535 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2006-cı ildə 431, 2007-ci ildə 524, ötən il 311 nəfər olduğu halda, 2009-cu ildə onların sayı 637 nəfərə yüksəlib. 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119.600 şagird qəbul olunub. Bu göstərici 2006-cı ildə 116.958, 2007-ci ildə isə 117.921 nəfər təşkil edib. 2009-2010-cu dərs ilində isə I sinif şagirdlərinin sayının 125.114 nəfər olacağı proqnozlaşdırılır.
08/07/2015 16:52
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində “Azərbaycanı sev və öyrən” turist-diyarşünaslıq ekspedisiyasının respublika baxış-müsabiqəsi keçirilib.
Qeyd edək ki, respublika baxış müsabiqəsi 7 bölmə üzrə təşkil edilib. Bizim irs, doğma diyara yürüş, səyahət və ekskursiya bölmələrində iştirak edən uşaq və yeniyetmələr xalqımızın zəngin mədəni irsini dərindən öyrənməyə cəlb olunub, qədim adət-ənənələrimiz və bayramlarımız haqqında əhatəli məlumatlar toplayıblar. Müsabiqənin mayın 22-də Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində təşkil olunan final mərhələsində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri A. İbrahimov, həmin şöbənin baş məsləhətçisi A. Qarayev, böyük məsləhətçi E. Əlizadə iştirak ediblər. Tədbirə paytaxtın ümumtəhsil məktəbləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Şahbuz rayonlarının, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin tədris ocaqları da qatılıb. Final mərhələsində qalib gəlmiş işlər Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
08/07/2015 16:52
Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalareyasında mayın 20-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin respublika mərhələsi keçirilib.
Müsabiqə uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Texniki yaradıcılığın 5 növü-aviamodel, kosmik raket, gəmi modelçiliyi, avtomodel və radiotexnika üzrə 15 nominasiyada keçirilən müsabiqənin rayon və zona mərhələsində respublikanın 70 rayonundan 8-18 yaşlarında 300-ə yaxın uşaq və yeniyetmə iştirak edib. Müsabiqənin respublika mərhələsində isə 62 şəhər və rayondan 240 məktəbli iştirak edib. Bu mərhələdə hər nominasiya üzrə I, II və III yerlərə sahib olan məktəblilər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
08/07/2015 16:52
Mayın 23-də Xaçmaz rayonunda Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin ( AzETA) 6-cı regional konfransı keçirilib.
Konfransa Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) üzvləri ilə birgə ingilis dili üzrə mütəxəssislər və digər müəllimlər də qatılıblar. İngilis dili üzrə mütəxəssislər tərəfindən ingilis dilinin müasir təlim metodları ilə tədrisinə dair müxtəlif mövzularda çıxışlar və maraqlı təqdimatlar dinlənilib. Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ABŞ səfirliyinin və British Council təşkilatının əməkdaşları da iştirak edib.
08/07/2015 16:52
Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatı Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərində həyata keçirdiyi “Canlı hüquq” proqramının 5 illik fəaliyyətini qeyd edib.
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi ABA-CEELİ təşkilatı ilə birgə 2004-cü ildən “Canlı hüquq” proqramını həyata keçirir. Bu proqram çərçivəsində 2004-2009-cu illərdə 250 çox tələbəyə 2500-dən çox şagirdə hüquq dərsləri keçirilib. Təntənəli yubiley mərasimində layihəni həyata keçirən proqram rəhbəri və tələbələr 5 illik fəaliyyət barədə maraqlı təqdimat ediblər. Proqramda iştirakçısı olan tələbələr, proqramı həyata keçirən məktəb rəhbərləri mərasimdə iştirak ediblər. Həmçinin, ABA-CEELİ təşkilatının ölkə üzrə direktoru, şöbə müdiri, ”Hüquqi təhsil” proqramının hüquqşünası, proqramın koordinatoru, Təhsil Nazirliyinin və bir sıra səfirliklərin nümayəndələri də yubiley tədbirinə qatılıblar. Mərasimin sonunda proqramda uğur qazanan məkəblərə, tələbələrə və digər iştirakçılara sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
YUNİCEF-in regional ofisinin dəstəyi ilə Qırğızıstan hökuməti tərəfindən mayın 12-dən 14-dək Bişkek şəhərində Uşaq Qayğı Sisteminin İslahatı üzrə beynəlxalq forum təşkil edilib.
Tədbirdə uşaqların sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə əldə olunan təcrübənin iştirakçı ölkələr və təşkilatlar arasında bölüşdürülməsi məsələləri müzakirə olunub. Forumda Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan), eləcə də Azərbaycan və Türkiyənin nümayəndə heyətləri, YUNİCEF-in regional ofisinin və ölkələr üzrə ofislərinin nümayəndələri, o cümlədən İngiltərə, Rusiya, Xorvatiya, Bolqarıstan, Hollandiya və Moldovadan olan beynəlxalq ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Nazirlər Kabinetinin elm, xalq təhsili, mədəniyyət və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov “Uşaq Müdafiəsi Sisteminin İslahatı–Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plan” adlı təqdimatla çıxış edib. Bir sıra ölkələrin və YUNİCEF-in nümayəndələrinin, beynəlxalq ekspertlərin çıxışlarında Azərbaycanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb, transformasiya planının bir model olaraq digər ölkələrdə də tətbiq edilməsi, müvafiq planın işlənilməsi üzrə ölkəmizin təcrübəsinin öyrənilməsi tövsiyə olunub. “Dövlət uşaq müəssisələri nəzdində günərzi mərkəzlərin yaradılması, alternativ qayğı xidmətlərinin təşkili üzrə Azərbaycan təcrübəsi” adlı təqdimatla çıxış edən Dövlət Proqramının İdarəolunması üzrə İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva QHT-lər və dövlət tərəfindən təşkil edilən sosial xidmət mərkəzləri və əldə olunan müsbət nəticələr barədə fikirlərini bildirib. Daha sonra “Region üzrə islahat çərçivəsində uşaq qayğı sisteminin maliyyələşdirilmə prinsipləri üzrə təcrübə” mövzusunda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məruzə edib.
08/07/2015 16:52
Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkəmizin ümumtəhsil müəssisələrində son zəng 30 may 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız tədris ocaqlarının ərazisində keçiriləcək.
Təhsil sahəsində zəngin hadisələrlə əlamətdar olan 2008-2009-cu dərs ili başa çatmaq üzrədir. Bu tədris ilində ümumtəhsil müəssisələrində dərs məşğələləri 30 may 2009-cu il tarixdə sona yetir. Ənənəyə görə dərs məşğələlərinin başa çatması bir qayda olaraq son zəng mərasimi ilə yekunlaşdırılır. Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkəmizin ümumtəhsil müəssisələrində son zəng 30 may 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız tədris ocaqlarının ərazisində keçiriləcək. Qərara alınıb ki, ümumtəhsil müəssisələrində keçirilən son zəng tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilsin. Təhsil nazirinin müvafiq əmrində qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və bütün rayon (şəhər) təhsil şöbələri son zəngin məzmunlu və yaddaqalan keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırmalı, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, son zəngi məzunların həyatında ən əlamətdar hadisələrdən birinə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olmalıdırlar.
08/07/2015 16:52
Minsk şəhərində mayın 12-dən 16-dək MDB ölkələrinin təhsil nazirlərinin və peşə təhsili rəhbərlərinin XVI konfransı keçirilib.
Belarusiya Respublikası təhsil nazirinin təşəbbüsü və MDB ölkələrinin təhsil nazirlərinin birgə razılığı ilə təşkil edilən konfransda YUNESKO-nun Moskvadakı təşkilatı, Avropa Təhsil Fondu (ATF), Almaniya “İnWent” təşkilatı, Alman Xalq Universitetləri Assosasiyası, Beynəlxalq Texniki-Peşə Təhsili Mərkəzi (YUNESKO-UNEVOK), YUNESKO-nun təhsildə İnformasiya Texnologiyaları İnstitutu, MDB ölkələrinin icra komitələri, Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, təhsil nazirlikləri və elmi institutların əməkdaşlarının iştirakı ilə “Texniki-Peşə Təhsili sistemində İKT-nin tətbiqi” və “Texniki-peşə təhsili və təhsilin davamlı inkişafı” mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də, konfransda texniki-peşə təhsilinə ehtiyacların ödənilməsi, inkişafın effektiv formalarının və yollarının axtarılması, iqtisadi və sosial sferanın kadrlara olan tələbatının ödənilməsi, eyni zamanda MDB məkanında ixtisaslı fəhlə kadrların hazırlanmasında regional əməkdaşlığın möhkəmləndirilməsi məsələləri geniş müzakirə edilib. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi E. Cəfərov, Təhsil Problemləri İnstitutunun direktoru professor A. Mehrabov, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova Azərbaycanda texniki-peşə təhsilinin vəziyyəti, problemləri və inkişaf yolları haqqında təqdimat ediblər. Konfrans plenar iclasdan sonra altı bölmədə öz işini davam etdirib. Birinci bölmədə Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov “Yeniləşdirici təcrübə və istiqamətlər”, üçüncü bölmədə Təhsil Problemləri İnstitutunun direktoru A. Mehrabov “Azərbaycanda texniki-peşə təhsilinin inkişafının əsas istiqamətləri”, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova “Peşə təhsili və məşğulluq siyasəti–dayanıqlı iqtisadi inkişaf”, beşinci bölmədə Texniki-Peşə Təhsili şöbəsinin aparıcı məsləhətçisi E. Cəfərov “Texniki-peşə təhsilində İKT-dən istifadə” mövzularında təqdimatlar ediblər. Bölmələrdə müvafiq mövzular ətrafında geniş müzakirələr aparılıb, MDB ölkələrində texniki-peşə təhsili, təhsilin davamlı inkişafı və ixtisaslı fəhlə kadrlarının hazırlanmasının təkmilləşdirilməsi uzrə təkliflər qəbul olunub.
08/07/2015 16:52
Gürcüstanın Qudauri şəhərində mayın 14-dən 17-dək Cənubi Qafqaz İngilis dili müəllimləri birliklərinin 5-ci regional konfransı keçirilib.
AzETA-nın rəhbəri Rəqsanə Məmmədova konfransın açılış mərasimində çıxış edərək Azərbaycanda ingilis dilinin tədrisi sahəsində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə daha yaxşı nəticələrin əldə olunmasında belə konfransların əhəmiyyətindən söz açıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ingilis dili müəllimləri üçün yaratdığı əlverişli şəraitdən və bu konfransın təşkilinə göstərdiyi dəstəkdən bəhs edib. 4 gün davam edən konfransda Azərbaycan nümayəndələrindən H. Hüseynova, Q. Rüstəmova, R. Əliyeva, A. Musayeva, F. Səfərova, J. Əliyeva, S. Süleymanova, V. Mustafayeva, S. Əliverdiyeva, V. Abdullayeva və V. Hüseynova ingilis dilinin müasir təlim metodları ilə tədrisinə dair müxtəlif mövzularda maraqlı çıxışlar və təqdimatlar ediblər. Konfransa Cənubi Qafqaz respublikaları İngilis dili müəllimləri birliklərinin üzvləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Belarus, Moldova və Ukraynanın ingilis dili mütəxəssisləri də qatılıblar. Konfransın yekununda iştirakçılara sertifikatlar və müxtəlif mükafatlar təqdim olunub. Regionun ən qabaqcıl və aparıcı təşkilatı olan AzETA rəhbərinə isə kompüter (noutbuk) hədiyyə edilib.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı