İyul ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9501 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən eyni) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5950 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 717 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1376 sənədlər (738 məktub, 598 ərizə, 40 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə Dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2241 zəng) və cümə axşamı (2136 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1274 müraciət) və çərşənbə (1374 müraciət) günləri, əsasən saat 11:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.
03/08/2015 09:23
İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 45 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
31/07/2015 12:16
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə və idarəetməsinin yaxşılaşdırılmasına xidmət edən, mövcud maddi-texniki bazadan və elmi-pedaqoji potensialdan dövlətin sosial-iqtisadi siyasətinə uyğun səmərəli istifadə olunmasını təmin edən normativ aktlar qəbul edib.
Ölkə başçısının Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib, eyni zamanda digər Sərəncamla Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb. “Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına müvafiq olaraq ali təhsil şəbəkəsinin rasionallaşdırılması, müəllim kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bu sahədə pərakəndəliyin aradan qaldırılması məqsədini daşıyır. Kənd məktəblərində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırma tədbirlərinin həcminin və müddətinin artırılması, paytaxtda həyata keçirilmiş və yaxın vaxtlarda bölgələrdə də aparılacaq müəllimlərin dərs yükünün və vəzifə maaşının artırılması istiqamətində islahat tədbirləri nəticəsində bu peşəyə maraq xeyli artıb. Əvvəlki dövrlərdə mövcud olmuş müəllim çatışmazlığı problemi əsasən, öz həllini tapmaqdadır. Hazırda ixtisaslaşmış ali təhsil müəssisələri yetərli sayda müəllim kadrlarının hazırlanmasını təmin edir. 2009-2010-cu tədris ilindən başlayaraq hər il mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqələrində namizədlərin sayı vakansiya sayını bir neçə dəfə üstələyir. Belə şəraitdə əvvəlki sayda müəllim kadrlarının hazırlanmasına və ali təhsil müəssisələrinin saxlanılmasına lüzum qalmır. Digər tərəfdən tədris prosesindəki çatışmazlıqlar Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyət göstərməsi məsələsinə yenidən baxmağı tələb edir. Məlum olduğu kimi, ötən il neqativ hallara yol verildiyinə görə AMİ-nin Gəncə filialının fəaliyyəti dayandırılıb və tələbələr Gəncə Dövlət Universitetinə köçürülüb. Ləğv edilmiş filialların maddi-texniki bazası, işçi heyəti və tələbə kontingentinin müvafiq qaydada digər təhsil müəssisələrinə verilməsi və yerləşdirilməsi məsələləri ilə Təhsil Nazirliyi tərəfindən yaradılan səlahiyyətli komissiya məşğul olacaqdır. Azərbaycan Respublikasının regionların sosial-iqtisadi inkişaf planlarında yeni istehsalat və xidmət sahələrinin qurulması üçün ixtisaslı kadr təminatının olması xüsusi əhəmiyyət kəsb edir. Bu planlar eyni zamanda, mövcud təhsil şəbəkəsinin optimallaşdırılmasını tələb edir və bu istiqamətdə atılan addımlar gələcəkdə də davam etdiriləcək. Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması barədə Prezidentin Sərəncamı təsdiq edilmiş dövlət proqramlarına uyğun olaraq, ökənin sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinin və ətraf rayonlarının sosial-iqtisadi inkişafı və ali təhsilli kadrlara olan tələbatın ödənilməsi məqsədinə xidmət edir. Yeni yaradılan universitet regionda yaşayan və ali təhsil almaq arzusunda olan şəxslərin təhsillərinin davam etdirilməsi üçün imkan yaratmaqla yanaşı, yüksək ixtisaslı mütəxəssisləri iş yerləri ilə də təmin edəcəkdir. Bu da öz növbəsində, regionda müasir tələblərə cavab verən elmi-intellektual mərkəzin formalaşmasına şərait yaradacaqdır. Beləliklə, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri ilə yanaşı Mingəçevirdə də Dövlət Universitetinin yaradılması Azərbaycanın tarazlı inkişafının göstəricisidir.
29/07/2015 11:17
SABAH qruplarının tələbələri beynəlxalq tədbirdə iştirak edib.
“Fəal könüllülər–daha yaxşı vətəndaşlar” layihəsi çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələbələr Bolqarıstana səfər etmiş nümayəndə heyətinin tərkibində təmsil olunub. Erasmus+ və İnsan Resurslarının İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihəyə Azərbaycan ilə yanaşı, Bolqarıstan, Gürcüstan, Moldova, Latviya və Estoniyanın fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri qatılıblar. Layihə gənclərin fəallığını, könüllü fəaliyyət haqqında məlumatlılığını artırmaq, gənclərə könüllülük dəyərlərini mənimsətmək məqsədlərinə xidmət edir. Layihə çərçivəsində qeyri-formal təhsil metodologiyasına əsaslanan təlimlər gənclərin sosial, kommunikativ və dil bacarıqlarının, eləcə də mədəniyyətlərarası əməkdaşlıq mühitində fəaliyyət imkanlarının inkişafı istiqamətlərini əhatə edib. Tədbirdə SABAH qrupları tələbələrinin Azərbaycandakı könüllülük fəaliyyəti ilə bağlı təqdimatı nümayiş olunub. İştirakçılar tərəfindən yüksək qiymətləndirilən təqdimatda “Bakı 2015” 1-ci Avropa Oyunları zamanı ölkəmizdəki könüllülük fəlsəfəsindən danışılıb və iştirakçılara “SABAH-ın könüllüsü” proqramı haqqında ətraflı məlumat verilib. Növbəti günlərdə iştirakçılar Avropa Parlamentinin nümayəndəsi Andrey Novakov ilə keçirilən görüşdə iştirak ediblər. Görüş zamanı A.Novakov öz könüllülük fəaliyyətindən danışıb, uğur hekayəsini iştirakçılar ilə bölüşüb. Layihə çərçivəsində iştirakçı ölkələr tərəfindən loqalar hazırlanıb və nümayiş olunub. Tədbir çərçivəsində həmçinin, mədəniyyət gecəsi keçirilib. Mədəniyyət gecəsi Azərbaycanın milli mətbəxinin və rəqslərinin nümayiş olunması ilə yadda qalıb. Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq, alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 39 ixtisas üzrə 755 tələbəni əhatə edir.
29/07/2015 10:58
SABAH qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsi genişlənir.
Belə ki, növbəti tədris ilindən 7 baza ali təhsil müəssisəsinin sırasına daha 4-ü – Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti də daxil olacaq. Bu, SABAH qrupları üzrə ixtisasların sayının artması ilə bağlıdır. Ötən tədris ilində SABAH qruplarına qəbul 5 ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı 6-ya çatdırılıb. Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755 nəfəri ötən tədris ilində, qalan 881 nəfəri yeni qəbul olunanlardır. Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə 7 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda, cari ildə ixtisasların ümumi sayı 45 olacaq.
29/07/2015 09:57
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 2015-2016-cı tədris ili üzrə tələbə qəbulu başa çatıb.
Filialda ilk tədris ilində təhsil alacaq 100 tələbə artıq müəyyənləşdirilib. Tələbələrin 54-ü Bakı şəhərində, 14-ü Gəncədə, qalan 32-si respublikanın digər regionlarında orta təhsil alıb. Onlardan 89 nəfəri orta məktəbi rus dilində, 11 nəfəri Azərbaycan dilində başa vurub. Filialda tədris rus dilində aparılacaq. Filialın Elmlər Akademiyası şəhərciyində yerləşən binası tibb təhsili üçün müəyyənləşdirilmiş standartlara uyğun müasir avadanlıqlarla təchiz olunur. Burada ixtisas fənləri üzrə dərsləri Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti aparacaq. Humanitar və xarici dil fənləri üzrə dərsləri isə Azərbaycanın ali təhsil müəssisələrindən müsabiqə yolu ilə seçilmiş müəllimlər tədris edəcək. Xatırladaq ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən filiala aparılan qəbul imtahanlarına TQDK-nın IV qrup üçün keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər buraxılıb. Həmin abituriyentlər internet üzərindən onlayn olaraq Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyaya rus dili və kimya fənlərindən imtahan veriblər. Filialda tədris Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında keçiriləcək və məzunlara həmin ali təhsil ocağının diplomu təqdim olunacaq.
27/07/2015 11:53
Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında yaşayan vətəndaşların nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 31 iyul 2015-ci il tarixində saat 11:00-da Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 27, 28, 29 və 30 iyul 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
27/07/2015 08:50
Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir.
Artıq bir həftədir davam edən müsabiqə çərçivəsində 14 fənn üzrə test imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 12 076 nəfər iştirak edib. İyulun 27-dən 29-dək isə ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya ixtisasları üzrə test imtahanları keçiriləcək. İndiyədək keçirilən imtahanların nəticələrinə əsasən 1 733 nəfər seçdiyi vakant yeri tutmaq hüququ qazanaraq müsabiqənin müsahibə mərhələsinə buraxılıb. Müsahibəyə buraxılanların 186 nəfəri Azərbaycan dili və ədəbiyyat, 138 nəfəri ingilis dili, 39 nəfəri rus dili, 5 nəfəri rus dili və ədəbiyyatı, 9 nəfəri alman dili, 10 nəfəri fransız dili, 145 nəfəri riyaziyyat, 153 nəfəri informatika, 144 nəfəri fizika, 185 nəfəri kimya, 149 nəfəri biologiya, 261 nəfəri coğrafiya, 152 nəfəri tarix, 157 nəfəri fiziki tərbiyə müəllimləridir. Müsahibə mərhələsi test imtahanları başa çatdıqdan sonra - iyulun 30-dan avqustun 3-dək keçiriləcək. Müsabiqənin nəticələrinə əsasən, boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplamış, lakin vakant yer tutmamış namizədlər iştirak edə bilərlər.
27/07/2015 05:49
Bakıda Ümumdünya Kimya Olimpiadası davam edir
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının təşkilatçılığı ilə Ümumdünya Kimya Olimpiadası davam edir. Bu ümumdünya bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər, qrup rəhbərləri iştirak edirlər. MDU-nun Bakı filialından AZƏRTAC-a bildirilib ki, artıq Olimpiada çərçivəsində nəzəri və praktik kimya üzrə imtahanlar baş tutub. İyulun 23-də praktik tur, iyulun 25-də isə nəzəri biliklər üzrə sınaq imtahanı keçirilib. Yarışma iştirakçıları MDU-nun Bakı filialının auditoriya və laboratoriyalarında bilik səviyyələrini sınayıblar. Hər imtahan zamanı şagirdlər 5 saat ərzində qoyulmuş tapşırıqları icra etməyə çalışıblar. 75 ölkənin komanda üzvləri orijinal və qeyri-standart yanaşma tələb edən məsələlər üzərində işləyiblər. Bakıda keçirilən bu böyük elm yarışmasına dünyanın hər nöqtəsindən təşrif buyurmuş iştirakçılar tapşırıqları yerinə yetirərkən MDU-nun Bakı filialının zəngin maddi-texniki bazasından, laboratoriyalardakı modern avadanlıqdan, texnologiyanın ən son tələblərinə cavab verən cihazlardan yararlanıblar. Qaydalara əsasən, nəzəri imtahana maksimum 60 bal, laboratoriya işlərinə ən çoxu 40 bal verilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Nəticələr iyulun 28-də Olimpiadanın bağlanış mərasimində elan olunacaq. 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın rəhbərliyi altında Universitetin alim-pedaqoq heyəti bu möhtəşəm və əhəmiyyətli tədbirin gündəlik işinə ciddi nəzarət edir. AZƏRTAC
25/07/2015 17:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı