Məktəb həyatından maraqlı anlar
Artıq bir neçə gündür yeni tədris ili başlayıb. “Təhsil TV”nin əməkdaşları təhsil müəssisələrində olaraq tədris prosesindən ən maraqlı anları kameranın yaddaşına köçürüblər. Həmin anları sizə təqdim edirik.
23/09/2015 13:21
Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.
Azərbaycan Badminton Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə dərsdənkənar vaxtlarda keçirilən təlimlərin məqsədi fiziki tərbiyə müəllimlərini badminton idman növü üzrə məşq prosesi aparmağa hazırlamaq olub. Təlimlərdə 14 ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi iştirak edib. Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara bu idman növü üzrə qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ərtaflı məlumat veriblər.
23/09/2015 10:25
Sentyabrın 22-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Təhsil naziri səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıb. Görüş zamanı Azərbaycanla Belarus arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
22/09/2015 11:54
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü ilə Quba rayonunda məktəblilərin ilk yay ekoloji məktəbi - təhsil düşərgəsi təşkil olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin təhsil-idman istirahət kompleksində ilk dəfə təşkil olunmuş yay ekoloji məktəbində təbiəti mühafizə təşkilatlarının və gənc təbiətçilər klublarının ən fəal üzvü olan 8-14 yaşlı 30 məktəbli iştirak edib. Beynəlxalq Savadlılıq Gününə həsr edilmiş ekoloji məktəbinə dəvət olunmuş AMEA, BP və BDU-nin ekspertləri, RETTM-in əməkdaşları və ekoloq tələbələr uşaqlarla meşənin ekologiyasının əsasları, istiqamətin təyin olunması, yaşıl turizm, bitki və heyvan növlərinin təyini, bioindikasiya və bioakustika üzrə treninqlər keçiblər. Praktik məşğələlərlə birlikdə idman-sağlamlıq proqramlarının, futbol və üzgüçülük yarışlarının təşkili məktəblilərin istirahətinin mənalı keçməsinə şərait yaradıb. 5 gün ərzində uşaq və gənclər qrup halında ilk elmi tədqiqat layihələrini reallaşdırıblar.
22/09/2015 11:16
Sentyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu təhsil müəssisəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında imzalanmış memorandum çərçivəsində yaradılmış Maliyyə laboratoriyasının təqdimatı keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, ADİU-nun rektoru Ədalət Muradov, universitetin müəllim və tələbə heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. ADİU-nun rektoru Ədalət Muradov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Rektor yeni laboratoriyanın yaradılmasındakı dəstəyinə görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təşəkkür edib. QKDK-nın sədri Rüfət Aslanlı çıxışı zamanı ADİU ilə komitə arasında yaradılan səmərəli əməkdaşlıqdan, qarşılıqlı əlaqələrdən, universitet tələbələrinin bilik və bacarıqlarının artırılmasında, onların yüksək ixtisaslı kadr kimi hazırlanmasında rəhbərlik etdiyi qurumun rolundan danışıb. Bakı Fond Birjası İdarə Heyətinin sədri Fariz Əzizov “Maliyyə laboratoriyasının texniki imkanları və funksiyaları” mövzusunda çıxış edib. Bildirilib ki, laboratoriyada tədris-tədqiqat sahəsi yaradılıb. Qiymətli kağızlar və kapital bazarları mövzusunda 4 dildə çap edilən kitablar tələbələrin istifadəsinə verilib. Təhsil naziri Mikayıl Cabbarov ADİU-nun müəllim və tələbə heyətini Maliyyə laboratoriyasının istifadəyə verilməsi münasibətilə təbrik edərək bu işdə əməyi olanlara təşəkkürünü bildirib. Nazir yeni laboratoriyanın tələbələrin maliyyə biliklərinin daha da artırılmasında mühüm rol oynayacağını qeyd edib. Daha sonra universitetdə yeni yaradılan “Elektron universitet” modeli barədə məlumat verilib. Təhsil ocağında yeni sistemin tətbiqi nəticəsində kağız jurnaldan istifadə edilmədiyi bildirilib. Sistemin bazasına universitetdə təhsil alan bütün tələbələr, dərsləri tədris edən müəllimlər haqqında məlumat, dərs cədvəlləri, fənn üzrə qruplar, təqvim-tematik planlar, tələbələrin fərdi tədris planı və məzunlar haqqında məlumatlar daxil edilib. Qonaqlar SABAH qrupları tələbələrinin tədris auditoriyaları və yaradılan şəraitlə də tanış olublar. Universitetdə yeni yaradılmış onlayn “RADİO UNEC” ilə tanış olan Mikayıl Cabbarov və Rüfət Aslanlı radionun ilk qonaqları olaraq müsahibə verib, dinləyicilərə təbriklərini çatdırıblar.
22/09/2015 10:19
Sentyabrın 22-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, məktəblilər və media nümayəndələri iştirak ediblər. Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyası 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Əsaslı təmirdən sonra qalereya ən müasir təlim ava¬danlıqları ilə təchiz olunub və burada şagirdlərin təsviri sənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Yeni üslubda ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək qalereya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Qalereyada həmçinin, şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur. Qalereyada “Qrafika və rəngkarlıq”, “Rəqəmsal təsvir” dərnəkləri fəaliyyət göstərəcək. Yeni yaradılan “Rəqəmsal təsvir” dərnəyinin məqsədi təsviri sənət ənənələrini qoruyub saxlamaqla kompüter vasitəsilə təsvirlərin yaradılmasını öyrətməkdir. Bu dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Eyni zamanda qalereyada respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq. Mərasimdə qalereyanın açılışı münasibətilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub. Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak edib. Sərgi “Mənim şəhərim – Azərbaycan inciləri”, “Milli irsimiz – dekorativ tətbiqi sənət nümunələri”, “Azərbaycan nağılları uşaqların gözü ilə” mövzularını əhatə edib. Mərasim iştirakçıları “Çiçəyim” uşaq teatrı üzvlərinin ifasında mahnı və şeirlər dinləyiblər.
22/09/2015 09:22
Sentyabrın 21-də Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsinə start verib.
Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir. Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq. Müsabiqə “Dr. Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi, “Edumediya Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir. Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə keçirildiyi 6 il ərzində ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub. “Elektron Təhsil” Respublika müsabiqəsi
21/09/2015 05:27
Sentyabrın 18-də Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, YUNİSEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı rəhbəri Andro Şilakadze, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov layihənin əhəmiyyətini açıqlayıb. Nazir müavini bildirib ki, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir. İbtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib. Sözügedən ixtisasartırma proqramının modulları həmin təhlilin əsasında hazırlanıb. İki ay yarım davam edən təlim müddətində müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və s. kimi mövzularda mühazirə və praktik məşğələlərdə iştirak ediblər. Nəzəri və praktik məşğələlərin aparılmasına 20-dən çox mütəxəssis cəlb olunub. Təqaüd proqramında iştirak edən 114 nəfərdən 113-ü yekun qiymətləndirmədə iştirak edib. Onlardan 65 nəfəri imtahandan uğurla keçərək “Təməl” sertifikatına layiq görülüb. Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunur.
18/09/2015 13:24
Sentyabrın 17-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov İsrail Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
Təhsil naziri diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
18/09/2015 07:27
Sentyabrın 17-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin və Q.Qarayev adına Azərbycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş drijor xalq artisti Teymur Göyçayev) iştirakı ilə təşkil edilmiş “Üzeyir Hacıbəyli və Azərbaycan bəstəkarlıq məktəbi” adlı konsertdə məktəbin şagirdləri Ü.Hacıbəyli və digər bəstəkarların, eləcə də tədris ocağının Bəstəkarlıq şöbəsinin şagirdi E.Əliyevanın əsərləri səsləndirilib. Konsertdə, həmçinin Y.Kuxmazovanın bədii rəhbərliyi ilə məktəbin xoru da çıxış edib.
18/09/2015 07:17
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı