Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı görüş
Noyabrın 12-də Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektor və dekanları ilə görüş keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov iştirak ediblər.
Görüşdə ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələr ali məktəb əməkdaşlarına izah olunub. Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Ölkə başçısının imzaladığı bu sənədin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa və təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa xidmət etdiyi vurğulanıb. Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı həcmində yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək.
Qeyd olunub ki, sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradacaqdır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.
Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq.
Görüşün sonunda ali məktəblərin prorektor və dekanlarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
