Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qrupu tələbələrinin 2-ci Forumu

Dekabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2-ci SABAH Forumu öz işinə başlayıb. Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır. Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov iştirakçıları salamlayıb və forumun işinə uğurlar arzulayıb. Nazir qeyd edib ki, ölkəmizin regional və qlobal rəqabətdə üstünlük qazanması ücün ali təhsildə keyfiyyətin artırılması vacibdir. Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə islahatlar üçün mühüm zəmin yaradır.   Təhsil naziri ali təhsil sahəsində islahatların yeni mərhələsinin başlandığını qeyd edərək bildirib ki, müasir çağırışlara cavab verən, rəqabətəqabil kadr hazırlığı baxımından SABAH qruplarından gözləntilərimiz çox böyükdür. Nazir ali təhsil məkanında mövcud potensialı səfərbər etməyə imkan verən innovasiya mühitinin yaradılmasının önəminə diqqət çəkib. Çıxışının sonunda Mikayıl Cabbarov SABAH qruplarında təhsil alan tələbələrin yaxın gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə SABAH qruplarında təhsil alan 3-cü kurs tələbələri çıxış edib, 1-ci SABAH Forumu ilə bağlı videoxronika nümayiş olunub. Forumun ikinci günündə müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda müzakirələr aparılacaq, “ustad dərsləri”, eləcə də tələbələr arasında intellektual oyunlar keçiriləcək. Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunur.

“Xaricdə təhsil ümidlərimi tamamilə doğruldur” -“Uğur formulu”

Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə həyata keçirdiyi “Uğur formulu” layihəsi davam edir.   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Heriot-Vat Universitetinin tələbəsi Rəşad Mütəllimovdur. O, Böyük Britaniyanın Heriot-Vat Universitetində neft mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.  Lent.az R.Müttəlimovla söhbəti təqdim edir: - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsilin saymaqla bitməyəcək qədər faydaları var. Mən sadəcə onlardan bir neçə önəmlisini vurğulayacağam. Mənim üçün ilk və ən əsaslarından biri təhsil müddəti ərzində əldə etdiyim akademik biliklərdir. Yəni ixtisas və digər fənlər üzrə keyfiyyətli nəzəri, eyni zamanda tətbiqi bilik və bacarıqların əldə olunmasını nəzərdə tuturam. Təhsil aldığım universitet sənayedə baş verən yeniliklərin təhsil prosesinə dərhal tətbiqinə açıqdır. Bununla bərabər xaricdə təhsilin sosial və mədəni faydaları da var ki, mənə fərqli cəmiyyət və mədəniyyətlərə tez və asan şəkildə adaptasiya olunmağa imkan yaradır. Əldə etdiyim akademik faydalara və dünyagörüşümlə bağlı dəyişikliyə əsasən, onu deyə bilərəm ki, xaricdə təhsil ümidlərimi tamamilə doğruldur. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz? - İxtisasımla bağlı gərəkli olan bütün kitabları oxumağa çalışıram. Amma ilk növbədə, daha vacib olanlarını seçirəm. Bunlardan, “Ümumi geologiya və geomorfologiyanın əsasları” (Orxan Seyidzadə, 2010), “Earth: An Introduction to Physical Geology” (Edward J. Tarbuck, Frederick K. Lutgens, Dennis G. Tasa, 2010), “Earth Structure: An Introduction to Structural Geology and Tectonics” (Ben A. van der Pluijm and Stephen Marshak, 2003), “Petroleum Geology of the South Caspian Basin” (Leonid A. Buryakovsky, George V. Chilingar and Fred Aminzadeh, 2001) və digər kitabların adlarını çəkə bilərəm. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Azərbaycan Texniki Universitetində bir müddət oxuduğum üçün ölkəmizdəki ali təhsildən müəyyən qədər məlumatlıyam. Bu məlumatlara əsaslanaraq deyə bilərəm ki, əvvəl oxuduğum ali məktəbdə dəyişdirilməsini arzuladığım kifayət qədər məsələlər var. Onlardan ən əsası, universitet daxilində təhsilin idarə edilməsi sistemidir. Bu, bilavasitə təhsilin keyfiyyətinin yüksəlməsinə və tələbələrin biliklər əldə etmək üçün həvəslənməsinə gətirib çıxarır. Bura, eyni zamanda təhsildə səmərəliliyi təmin edən informasiya sistemlərinin təhsilə tam tətbiqi məsələsi də daxildir. Müvafiq istiqamətli ali məktəblərimizdə dəyişməsini arzuladığım digər məsələ isə müasir sənaye yönümlü praktik və tətbiqi dərslərin artırılmasıdır. Bunlara nail ola bilsək, ali məktəblərimizdə tədrisin səviyyəsi ciddi şəkildə yüksələr. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Təhsil Nazirliyinin təmin etdiyi materiallardan, Azərbaycan Ənənəvi Əl Sənətləri kitabı, YUNESKO-nun siyahısında olan Azərbaycan Mədəniyyətinin Şedevr Mirasları kitabı, Azərbaycanın Etnik Turizmi kitabı, Azərbaycanın Böyük İpək Yolunda olan əhəmiyyəti və tarixini əks etdirən kitab və Bakı şəhərinin böyük piyada xəritəsinə əlavə olaraq Azərbaycanımızın tanıdılması məqsədilə dövlət rəmzlərimizdən bir neçə bayraq və parça üzərində həkk olunmuş gerbimizi, musiqi alətlərimizi, milli geyimlərimizi, tarixi abidələrimizi, yeni binalarımızı və digər materialları özümlə gətirmişəm. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Qeyd etdiyim kimi, mən müəyyən müddət Azərbaycanda fərqli ixtisas üzrə təhsil almışam. Amma oxuduğum ixtisası sevmədiyim üçün uğursuzluqlarla qarşılaşırdım. Bunu anladıqdan sonra konüllü olaraq universitetdən çıxaraq arzularımın dalınca getməyi qərara aldım. Bu da mənim həyatımı kökündən dəyişdi. Ona görə də Azərbaycan gənclərinə ilk olaraq demək istərdim ki, sevdikləri ixtisasın dalınca getsinlər. Yalnız bu halda onlar öz sahələrində tanınar, ixtisasları üzrə peşəkarlığa yiyələnər və daha böyük uğurlar qazanarlar. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Onu deyə bilərəm ki, oxuduğum universitet tələbələrin ixtisaslı kadr kimi yetişməsində və müstəqil şəxsiyyət kimi formalaşmasında müəllim-tələbə münasibətlərinin rolunun önəmli olduğunu dəyərləndirərək, bu mövzuya çox həssas yanaşır. Universitetimizin müəllimləri öz təvazökarlıqları, tədris ili müddətində hər bir tələbənin fikirlərinə hörmətlə yanaşmaları və bu münasibətləri hər zaman eyni səviyyədə saxlama bacarıqları ilə tələbələrin bir şəxsiyyət kimi inkişafına hərtərəfli kömək edirlər. Onu da vurğulayım ki, ali məktəbimizdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrlə dostluq münasibətlərinə üstünlük verir, davranışlarında tam səmimiyyətlə ideal müəllim səviyyəsini qoruyurlar. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Əlbəttə ki, razıyam. Universitetimizdə elə səmimi, mədəniyyətli mühit var ki, hətta uzaq şərqdən gələn tələbələr belə, bu mühitə çox rahatlıqla uyğunlaşırlar. Belə mühiti Böyük Britaniyanın bütün təhsil ocaqlarına şamil edə bilərik. Gördüklərimə əsasən, deyə bilərəm ki, tələbələrarası və müəllim-tələbə münasibətlərinin müvafiq normalar çərçivəsində saxlanılması üçün Böyük Britaniya universitetlərində əllərindən gələn hər şeyi edirlər. Bu da xüsusən əcnəbi tələbələr üçün çox təqdirəlayiq haldır. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Xaricdən Azərbaycan təhsili potensialı olan, amma dəyişikliklərə ehtiyac duyulan bir təhsil sistemi kimi görünür. Yəni, həm təhsil sistemində, həm də təhsil ocaqlarının akademik heyətlərində gəncləşmənin və yüksək ixtisaslı kadrların ali təhsilə cəlb edilməsinin zəruri olduğu qənaətindəyəm. Eyni zamanda, ali təhsil ocaqlarının özəl və dövlət şirkətlərilə əməkdaşlığında əskikliklərin olduğunu vurğulamaq istərdim. - Çətinlikləriniz varmı? - İnanmıram ki, mühit dəyişdiyi halda, çətinlik yaşamayan insan olsun. Sadəcə, insanlar ancaq çətinliklərin öhdəsindən gələ bilmək bacarığı və müddəti ilə fərqlənirlər. Əlbəttə ki, hər bir insan kimi mən də ilk dövrlərdə müəyyən çətinliklərlə qarşılaşdım. Bunlardan, Azərbaycanla Böyük Britaniyanın 4 saatlıq vaxt fərqinin mövcudluğunu, ingilislərin, xüsusilə skotlandların özlərinə məxsus, çətin başa düşülən ləhcədə danışmasını, daha şimalda yerləşdiyinə görə, havanın burada Azərbaycana nisbətən soyuq olmasını qeyd edə bilərəm. Bir az təəccüblü görünsə də, avtomobillərin sükanının sağda olması və yol qaydalarının buna görə tənzimlənməsi də çətin alışdığım məsələlərdəndir. Tarixi ənənəyə uyğun olaraq, burada soyuq və isti su xətlərinin ayrı olması da əcnəbilər üçün maraqlı və ziddiyətli görünür. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Çalışıram asudə vaxtlarımı əsasən qeyri-akademik məşğuliyyətlərə həsr edim. Buna yeni qazandığım dostlarımla vaxt keçirmək kimi sosial fəallıq və bəzi idman növləri ilə məşğul olmaq–futbol oynamaq, fitneslə məşğul olmaq da daxildir. Yeni qazandığım dostlarla çox zaman şəhəri gəzməyə çıxırıq ki, bu da mənə şəhərin maraqlı yerlərini tanımağa və bura alışmağa imkan verir. Bundan başqa, dostlarımla kinoteatrda film izləyir və müxtəlif mövzular ətrafında maraqlı müzakirələr aparırıq.   Lent.az

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri davam edir

2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün 110 ümumtəhsil məktəbi,  600 müəllim Təşkilat Komitəsinə müraciət edib. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur. Müsabiqələrin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib,  nəticədə müvafiq bal toplamış 76 məktəb və 143 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin növbəti mərhələsinə buraxılmış məktəb direktorları Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edərək 10 ballıq sistemlə qiymətləndiriliblər. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 47 məktəb 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 3 ən yaxşı məktəb və 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə  50 məktəb, 100 müəllim qalib elan olunacaq.   "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının təəssüratları

Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirilməsi

4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir. Masallı Olimpiya İdman Kompleksində keçiriləcək  diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Artıq imtahanlara hazırlıq işləri yekunlaşdırılıb. Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrinin imtahanlarda iştirak edəcək müəllimlərinin imtahana dəvət olunduqları vaxt və məkan haqqında məlumatlar onlara çatdırılmaq üçün yerli təhsili idarəetmə orqanına təqdim edilib. Müəllimlər, həmçinin Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq imtahana dəvət olunduqları vaxt və  məkan barədə məlumat ala bilərlər. Diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2500-ə, Cəlilabad rayonu üzrə  2600-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.

Şəkidə məktəb açılışı

Dekabrın 1-də Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.    Tədbirdə Təhsil Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyəti iştirak edib. Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayon mərkəzindən 90 kilometr uzaqda yerləşən bu təhsil ocağının  indiyədək köhnə tikilidə yerləşdiyini bildirib. Qeyd edilib ki, Qaratorpaq kənd tam orta məktəbi təhsil göstəricilərinin yüksək olması ilə fərqlənib. Bu il məzun olan 9 nəfərdən 6-sı ali təhsil müəssisələrinə qəbul üçün ərizə verib və  tələbə adını qazanıb. Onlardan ikisinin qəbul balı 600-dən yüksək olub. Yeni məktəbdə hər bir fənn üzrə ixtisaslı müəllimlər tədris aparır. Məktəbdə 97 şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, məktəblər vahid standart əsasında müasir təhsil sisteminə uyğun inşa olunur. İlin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan 132 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbi 11 sinif otağı, 2 laboratoriya, kompüter otağı, 80 yerlik akt zalı, idman zalı, hərbi hazırlıq otağı, 2 əmək təlimi otağı, kitabxana və tibb məntəqəsinə malikdir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet avadanlıqları quraşdırılıb. Müasir tələblərə cavab verən qazanxana maye yanacaqla işləyir. Məktəbin ərazisində inşa olunan futbol meydançası, müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafını möhkəmləndirməyə xidmət edir.

Noyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13477 müraciət daxil olub

2015-ci ilin noyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8824 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 dəfə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4653 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 597 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (798 məktub, 405 ərizə, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2103 zəng) və çərşənbə axşamı (1868 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1025 müraciət) və bazar ertəsi (1009 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Təhsil naziri Beyləqanda vətəndaşları qəbul edib

Noyabrın 30-da təhsil naziri Mikayıl Cabbarov Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli, Ağdam və Tərtər rayon sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Xaçmaz rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi

28-29 noyabr 2015-ci il tarixlərində Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 2300-dən çox müəllim iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.  Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.

"Arzusunda olduğum ölkədə oxumaq istəmişəm” - "Uğur formulu”

Təhsil Nazirliyi və Lent.azİnformasiya Agentliyinin birgə layihəsi olan “Uğur formulu” layihəsinin ilk qonağını təqdim edirik.                 "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Birmingem Universitetinin tələbəsi Günel Ağabəylidir - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Xaricdə təhsil mənə öz ixtisasımla bağlı yeniliklərdən xəbərdar olmaq və bu yenilikləri mənimsəyib tətbiq etmək imkanı yaradır. Həmişə arzusunda olduğum ölkədə oxumaq və yüksək səviyyəli təhsil sistemi insanı dərslərində fərqlənməyə, yeniliklərə imza atmağa həvəsləndirir.  - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?  - İlk mərhələdə seçdiyimiz kitablar dərs cədvəlimizə salınmış modullar ilə əlaqəlidir. Məsələn, ilk mərhələdə kolloid kimya, mühəndisliyin əsasları, ölçmə texnikaları ilə əlaqəli bir çox ədəbiyyatlardan istifadə edirəm.  - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - İxtisasımla bağlı təhsil aldığım universitetdə bir çox fənlər mütləq şəkildə tədris olunduğu halda, tələbələrə də 6 fənni seçmək imkanı yaradılıb. Zənnimcə, belə bir sistem tələbəyə çox faydalıdır. Bu, bizə seçdiyimiz sahə üzrə lazım olan fənləri daha dərindən öyrənmək imkanı yaradır. Belə bir sistemi məncə, ölkəmizdəki təhsil ocaqlarına da tətbiq etmək olar. Mən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını bitirmişəm. Həmin təhsil ocağı ilə müqayisədə bu ali məktəbdəki tədris fərqi azdır. Amma bir çox digər ali təhsil ocaqlarımıza tətbiq ediləsi, tələbələrə lazım olan xeyli mütərəqqi qaydalar, yeniliklər var. Onların Azərbaycanın ali təhsil müəssisələrində tətbiqi çox faydalı olardı. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Milli yeməklərimizdən, tariximizdən bəhs edən ingilis dilində nəşr olunmuş kitabçalar təhsil aldığım ölkəyə gələrkən özümlə gətirdiyim əsas vəsaitlər oldu. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Həmyaşıdım olan gənclərə demək istərdim ki, gənclik illərinin verdiyi fürsətdən səmərəli istifadə etsinlər. Daim zirvələrə can atsınlar. Əllərində olan hər imkandan yararlansınlar, illərini faydalı keçirsinlər və ən əsası, məqsədli olsunlar. Çünki insan qarşısına məqsəd qoyaraq, hər gün bu məqsədə çatmaq üçün bir saat belə olsa çalışırsa, demək, nəticə arzuladığı kimi olacaq. Öz təcrübəmə əsaslanaraq, bunu əminliklə söyləyə bilərəm. Bir il əvvəl xaricdə təhsillə bağlı qarşıma qoyduğum arzum bu gün artıq reallığa çevrilib. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Əvvəl təhsil aldığım ali məktəbdəki kimi, bu təhsil ocağında da tələbələrlə müəllimlər arasında bir doğmalıq var. Müəllimlər nəinki tədris etdikləri fənləri tələbələrə dərindən aşılayır, eyni zamanda həyatı və onun çətinliklərinin öhdəsindən necə gəlmək lazım olduğunu da anladırlar. Tələbələrin yaxşı oxuması üçün əlverişli mühit və həvəsləndirmə yaradırlar. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Ölkəmizdə təhsil aldığım illərdən bir çox tədbirlərin iştirakçısı olduğum üçün istər əcnəbi tələbələr, istərsə də daha yaşlı nəsildən olan əcnəbilərlə qarşılıqlı münasibətlərin qurulmasına alışmışam. Odur ki, buradakı mühitə uyğunlaşmaq mənim üçün elə də çətin olmadı. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan son 10 ildə təhsil sistemində çox irəliləyişə nail olubdur. Bu uğurlarda xaricdə təhsilini başa vurub Vətənə geri dönən gənclərin də xüsusi rolu var. Xaricdə təhsil müddətində öyrəndiklərimizi Vətənimizdə tətbiq edə bilsək, gələcəkdə Azərbaycan da dünyanın reytinq siyahılarında öncül yer tutan, beynəlxalq səviyyəli təhsil ocaqları ilə tanınacaq. Bu güc isə tək bir nəfərdən asılı deyil. Ümumilikdə hər birimizdən, xüsusən də biz gənclərdən asılıdır. - Çətinlikləriniz varmı? - Çətinliklərim yoxdur desəm, məncə, düzgün olmaz. Çünki tələbəlik həyatı həm çətinliklər, həm də onların həlli yollarından ibarətdir. Əsas olan hər bir çətinlikdən çıxaracağımız dərslərdir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Xaricdə təhsil alan gənclər məncə yaxşı bilirlər ki, dərslərin, tədris proqramlarının ağırlığından asudə vaxtımız az olur. Amma belə zamanlar olanda, təhsil aldığım ölkənin incəsənəti, tarixi ilə maraqlanmağa, bizim tariximiz, mədəniyyətimiz haqqında olan məlumatları əcnəbi tanışlarımla, dostlarımla bölüşməyə və öz sahəm üzrə araşdırmalar aparmağa daha çox önəm verirəm.   Lent.az

“Elektron təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirilib

“Elektron təhsil” Respublika müsabiqəsinə təqdim olunan 900 layihədən 207-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Həmin layihələr növbəti mərhələdə münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcək. Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir. Müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və məktəblilər qatılıblar. Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.     Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.

05/06/2026

? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir

Ətraflı
04/06/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil

Ətraflı
04/06/2026

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı