"İnsan öz hədəflərinə yalnız zəhmətlə çata bilər“ - "Uğur formulu”
Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə həyata keçirdiyi “Uğur formulu” layihəsi davam edir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Almaniyanın Köln Ali Musiqi Məktəbinin tələbəsi Toğrul Hüseynlidir. Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü T.Hüseynli Almaniyanın Köln Ali Musiqi Məktəbində solo-fortepiano ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.Lent.az T.Hüseynli ilə söhbəti təqdim edir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Mən artıq 4 ildir ki, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Almaniyanın Köln Ali Musiqi Məktəbində təhsil alıram. Ötən semestrdə bakalavriat səviyyəsini əla qiymətlərlə bitirərək, magistratura səviyyəsinə qəbul oldum. Almaniyada yaşadığım bu illər ərzində həm bir musiqiçi, həm də bir şəxsiyyət kimi həyatımda ciddi inkişaf hiss etməkdəyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq səviyyəli musiqi yarışlarında qazandığım mükafatlar, Avropanın bir sıra ölkələrində (İspaniya, Almaniya, Hollandiya, Latviya və s.) və həmçinin də ölkəmizdə solo və simfonik orkestrlərlə çıxış etdiyim konsert proqramları buna misal ola bilər. Belə demək mümkünsə, Almaniyaya gəlməmişdən öncəki ümidlərimdən daha artığı doğrulub. - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz? - Mənim seçdiyim ixtisas daha çox fərdi şəkildə musiqi məşqləri tələb edir. Məsələn, mən hər gün 5-6 saat olmaqla, fortepianoda məşqlər edirəm. Bundan əlavə, təbii ki, musiqiçi öz ixtisasını tam şəkildə mənimsəmək üçün musiqi nəzəriyyəsini və musiqi tarixini də gözəl bilməlidir. Bütün bu fənləri bakalavriat səviyyəsində təhsil aldığım zaman müxtəlif kitablardan və məqalələrdən istifadə edərək dərindən öyrənmişəm. Ancaq kitaba bağlılıq ixtisasından asılı olmayaraq, hər kəs üçün vacibdir. Bu baxımdan mütaliəni həyatımın əvəzolunmaz bir hissəsi kimi qəbul edirəm. Düşünürəm ki, dünya klassiklərinin mütaliəsi bir şəxsiyyət kimi formalaşmaq üçün mütləqdir. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Mən Almaniyaya gəlməmişdən öncə bir il Bakı Musiqi Akademiyasında təhsil almışam. Deməliyəm ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyli Bakı Musiqi Akademiyasının (o zamankı Konservatoriya) SSRİ məkanında layiqli yerlərdən birini tutması üçün əlindən gələni etmişdi. Məhz buna görə də Bakı Musiqi Akademiyası SSRİ-də musiqi təhsili üzrə ən yüksək səviyyəli tədris ocaqlarından biri idi. Təbii ki, hazırda da bir çox musiqiçilərimiz o irsi qoruyub saxlamağa çalışırlar. Lakin bir sıra dəyərli musiqiçilərimizin Bakı Musiqi Akademiyasında artıq fəalliyyət göstərməməsi təəssüflər olsun ki, təhsilin səviyyəsinə təsir edir. Bu problemin tez bir zamanda həll edilməsi üçün çox istərdim ki, Azərbaycana xarici ölkələrdən peşəkar musiqiçilər dəvət edilsin və gənc musiqiçilərə onlarla çalışmaq imkanı yaradılsın. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Mən təhsil illəri ərzində dəfələrlə Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqə yaratmışam. 2013-cü ildə Berlindəki Azərbaycan səfirliyində 20 Yanvar hadisələrinə həsr edilmiş solo konsertim təşkil edilib. Bundan əlavə, Almaniyada mövcud olan Azərbaycan tələbə təşkilatları ilə əməkdaşlığım nəticəsində Azərbaycanın tarixini, mədəni irsini əks etdirən müxtəlif materialları da konsert proqramlarıma gələn qonaqlara paylamışam. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Demək istərdim ki, gənc olmaqlarından istifadə edərək, öz üzərlərində mümkün qədər çox çalışsınlar. Çünki bu dünyada insan öz hədəflərinə yalnız zəhmət və şəxsi bacarıqları ilə çata bilər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Çox yüksək səviyyədədir. Ümumiyyətlə, Almaniyada və Avropanın bir sıra inkişaf etmiş ölkələrində şəxsiyyətə hörmət və qarşılıqlı xoş münasibət insan həyatında vacib rol oynayır. Buna görə də müəllim-tələbə münasibətləri də qarşılıqlı hörmət zəminində qurulur. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Bu məsələdə yaşadığım Köln şəhərində yüksək tolerantlıq hökm sürür. Belə ki, burada oxuyan tələbələr əsasən, öz təhsilləri ilə məşğul olurlar. Odur ki, yarana biləcək hər hansı şəxsi problemlərdən uzağıq. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Sırf bir musiqiçi kimi deyə bilərəm ki, bizim sahəmizdə yüksək ixtisaslı kadrlara ehtiyac böyükdür. İnanıram ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı yolu ilə təhsil alan azərbaycanlı gənclər gələcək illərdə ölkəmizin təhsil sahəsini daha da inkişaf etdirərək, çox yüksək bir səviyyəyə qaldıra biləcəklər. - Çətinlikləriniz varmı? - İnsan həyatının özü həm çətin, həm də maraqlıdır. Asan olsaydı, mənə görə bu həyatın mənası olmazdı. Çox şükürlər olsun ki, Dövlət Proqramının köməyi nəticəsində maliyyə çətinlikləri ilə üzləşmirik. Bu, gənc tələbə üçün əvəzolunmaz bir üstünlükdür. Sadəcə işimdə böyük uğurlar qazanmaq çox çətin və kəşməkəşli yollardan keçir. Ona görə də daim möhkəm iradə və böyük istəklə qarşıma çıxan bütün çətinlikləri arxada qoymağa çalışıram və ümidvaram ki, uca Tanrının köməyi ilə belə də davam edəcək. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda mütaliə edirəm, həmçinin klassik filmlər izləyirəm. Təbii ki, vaxtım məhdud olmayanda idmanla da məşğul olmağı unutmuram. Lent.az
27/11/2015 17:56
Təhsil naziri Mikayıl Cabbarov İranın təhsil naziri ilə görüşüb
Noyabrın 27-də təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən İran İslam Respublikasının təhsil naziri Əliəsgər Fani ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
27/11/2015 17:38
Xaçmaz rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi
28-29 noyabr 2015-ci il tarixlərində Xaçmaz rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək diaqnostik qiymətləndirmədə 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı veriləcək. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.
27/11/2015 17:14
AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər aparacaqlar
Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılığa əsasən, AMEA-da çalışan alimlər ümumi təhsil müəssisələrində nümunəvi dərslər tədris edəcəklər. Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqram ilə bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil ediləcək. AMEA alimlərinin elmi və elmi-populyar mövzular üzrə tədris edəcəkləri dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin əsas qayələrindəndir. Ümumi təhsil müəssisələrində elmi və elmi-populyar mövzular üzrə nümunəvi dərslər aparacaq alimlərin siyahısı Qafqazinfo.az
27/11/2015 16:59
Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və təşkilatın xoşməramlı səfirləri ilə görüşüb
Noyabrın 26-da Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və xoşməramlı səfirləri ilə görüşüb. Qonaqları salamlayan Mehriban Əliyeva ISESCO-nun Baş Konfransının XII sessiyasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib, bu tədbirin ölkəmiz və ümumilikdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. ISESCO-nun baş direktorunu Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edən Mehriban Əliyeva bu təşkilatla ölkəmiz arasında sıx dostluq əlaqələrinin olduğunu deyib. Bildirib ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar. Ölkəmizdə mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin keçirildiyi, tolerantlığın Azərbaycan cəmiyyətinin həyatında güclü ənənəyə çevrildiyi bildirilib. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və ənənələrini tanıtmaq üçün dünyada bir çox tədbirlər keçirdiyini və həmin tədbirlərdə Azərbaycanda hökm sürən tolerantlıq mühiti barədə ətraflı məlumat verildiyini söyləyib. Mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsində ISESCO-nun xoşməramlı səfirlərinin fəallıqlarını daha da artırmalarının əhəmiyyəti vurğulanıb. Mehriban Əliyeva ISESCO ilə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Əbdüləziz Osman əl-Tuveycri tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş direktor Azərbaycan ilə ISESCO-nun səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edərək qurumla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib. Heydər Əliyev Fondu
27/11/2015 09:50
Təhsil naziri Küveyt Dövlətinin təhsil nazirinin müavinini qəbul edib
Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən Küveyt Dövlətinin təhsil nazirinin müavini Heysəm Saleh Əhməd əl-Əsrini qəbul edib. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində hazırkı vəziyyət və əməkdaşlığın gələcək inkişafı imkanları müzakirə edilib.
26/11/2015 18:28
Təhsil naziri Pakistan İslam Respublikasının federal təhsil və peşə təlimi, daxili və narkotiklərə nəzarət üzrə naziri ilə görüşüb
Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən Pakistan İslam Respublikasının federal təhsil və peşə təlimi, daxili və narkotiklərə nəzarət üzrə naziri Məhəmməd Balığ Ur Rəhman ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
26/11/2015 18:11
Təhsil naziri Mikayıl Cabbarov Əfqanıstanın təhsil naziri ilə görüşüb
Noyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının XII sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edən Əfqanıstanın təhsil naziri Əsədullah Hənif Bəlxi ilə görüşüb. Görüşdə təhsil sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən Əfqanıstanın təhsil sisteminin inkişaf prosesinə dəstək, əfqanıstanlı müəllimlərin ixtisasartırma kurslarında iştirakı və bu ölkədən olan tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində təhsil imkanları kimi məsələlər müzakirə edilib.
26/11/2015 18:03
Məktəb-liseydə xeyriyyə yarmarkası
Noyabrın 26-da Bakı şəhərində yerləşən 62 nömrəli məktəb-liseydə xeyriyyə yarmarkası keçirilib. Yarmarka Təhsil Nazirliyinin təşəbbüşü ilə ölkənin 54 məktəbində yaradılan məktəb icmaları layihəsi çərçivəsində təşkil olunub. Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə olunan vəsaitin uşaq evlərinə yönəldilməsi nəzərdə tutulub. İlkin mərhələdə məktəbin 3 sinfini əhatə edən məktəb icması gələcəkdə daha da genişləndiriləcək. Yarmarkada II, VII və VIII sinif şagirdlərinin əl işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək gülləri, süni güllər, şirniyyat, kitablar, şəkillər və digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məktəb icmasının təşəbbüsünə Nizami Rayon İcra Hakimiyyəti, rayonun yerli özünüidarəetmə orqanları və özəl qurumlar da dəstəyini əsirgəməyib. Qeyd edək ki, “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında təşkil olunan icmalar məktəb həyatını daha maraqlı etmək üçün yaradılan müəllim, şagird və valideyn birliyidir. 2015-ci ilin sentyabrından həyata keçirilən məktəb icmaları layihəsinin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.
26/11/2015 14:38
İdman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyi keçirilir
VII-XI sinif şagirdləri arasında atletika, velosiped, badminton və basketbol idman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyi keçirilir. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktləbləri arasında əməkdaşlığı gücləndirmək, məktəblilərin idmanla məşğul olması üçün valideynləri həvəsləndirmək, “Bakı 2015” I Avropa Oyunlarının idman irsini təbliğ etmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir. Bakı şəhər birinciliyinin proqramına uyğun olaraq, şagirdlər məktəbdaxili, rayon və final mərhələləri üzrə mübarizə aparırlar. Yarışlara altmış min nəfərə yaxın məktəbli qatılıb. Yarışların ikinci mərhələsinin müxtəlif idman növləri üzrə qalibləri diplom və kubokla, finalda I, II, III yerləri tutan komandalar və onların məşqçiləri isə pul mükafatı ilə təltif olunacaqlar.
26/11/2015 11:14
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı