Azərbaycan məktəblilərinin tarixi uğuru
Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə ediblər. Belə ki, 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu olimpiadada ölkəmiz uğurlu nəticə əldə edənlər sırasında olub. Ölkəmizi təmsil edən Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb liseyin X sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdləri Turan Bədəlli və Emin Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər. Bu olimpiadada ölkəmizi təmsil edən məktəblilər 2004-cü ildə 1 bürünc, 2005-ci ildə 2 bürünc, 2007-ci ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc, 2009-cu ildə 1 gümuş, 2 bürünc, 2010-cu ildə 2 bürünc, 2011-ci ildə 1 gümüş, 2 bürünc, 2012-ci ildə 4 bürünc, 2013-cü ildə 1 bürünc, 2014-cü ildə 1 bürünc medal qazanıblar. Qeyd edək ki, bu il Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələrinə görə, Azərbaycan top 50 ölkənin sırasına düşüb. Həmçinin, uzun illlik fasilədən sonra Beynəlxalq Biologiya Olimpiadasında və Asiya Fizika Olimpiadasında qazanılan bürünc medallar bu istiqamətdə düzgün işin qurulmasını göstərir. Bakıda keçirilmiş Beynəlxalq Kimya Olimpiadasında isə şagirdlərimiz 2 bürünc medal əldə ediblər.
10/12/2015 12:34
Badminton üzrə Nərimanov rayon birinciliyi
Dekabrın 8-də“ABU Arena”da “Olimpiya hərəkatı” proqramı çərçivəsində badminton idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib. “Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur. Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov “Olimpiya hərəkatı” proqramı haqqında ətraflı məlumat verib. O, rayon birinciliyinə vəsiqə qazanmış məktəb komandalarını təbrik edib və onlara uğurlar arzulayıb. Bundan sonra yarışa start verilib. 22 məktəbi təmsil edən 100 nəfərdən artıq qız və oğlan şəxsi, eləcə də qarışıq-qoşa formatda güclərini sınayıblar. Yarışlar komandalar arasında olimpiya sistemi üzrə keçirilib. Yarışın ümumi nəticələrinə görə, I yeri 212, II yeri 258, III yeri isə 45 saylı ümumi təhsil məktəblərinin komandaları tutaraq, final mərhələsinə vəsiqə qazanıblar. Qaliblərə təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub.
09/12/2015 16:36
Ümumi təhsil müəssisələrində nümunəvi dərslər
Dekabrın 10-dan Bakı şəhərinin ümumi təhsil müəssisələrində nümunəvi dərslərə start veriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək. İlk nümunəvi dərs Bakı şəhərindəki Texniki Humanitar Liseydə AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik Akif Əzizov tərəfindən təqdim olunacaq. . Qeyd edək ki, bu məqsədlə paytaxtda 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib. Nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Elmi və elmi-populyar mövzular üzrə tədris ediləcək dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və tanınmış alimlərin ardıcıllarının yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir.
09/12/2015 15:51
Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir
Dekabrın 9-da Şirvan şəhərində Hacıqabul, Sabirabad, İmişli, Saatlı rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. Şirvan Olimpiya İdman Kompleksində keçirilən imtahanlarda 6500-dən çox müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirmə proqram təminatı əsasında kompüterlər vasitəsilə həyata keçirilir. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Şirvan şəhərində 9-13 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış ola biləcəklər.
09/12/2015 09:58
Lerikdə yeni məktəb istifadəyə verilib
Dekabrın 8-də Lerik rayonu Anbu kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində qeyd olunub ki, 180 şagird yerlik bu təhsil ocağının tikintisinə 2014-cü ilin sentyabrından başlanılıb. Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan məktəb 12 sinif otağı, 2 laboratoriya, kompüter otağı, akt və idman zallarından ibarətdir. Məktəb ərazisində yanğın və içməli su anbarları, qazanxana inşa olunub. Məktəbin həyəti abadlaşdırılıb və yaşıllıq zolağı salınıb. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, bütün yeni məktəblər müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur.
08/12/2015 17:19
Məktəb icmaları layihəsinin təqdimatı keçirilib
Dekabrın 7-də Bakı şəhərindəki 60 nömrəli tam orta məktəbdə məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı keçirilib. Təqdimatda bildirilib ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir. Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib. Bu məqsədlə hər bir məktəbdə layihənin psixoloqu valideynlər, müəllimlər və uşaqların ilk birgə iclaslarının keçirilməsinə kömək edib. Hazırlıq dövründə pilot layihənin icra olunduğu məktəblərdə valideynlərin də fikirləri öyrənilib və nəzərə alınıb. Təqdimatda qeyd olunub ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri www.community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər. Artıq icmalar yaranan məktəblərdə ilkin müsbət nəticələr qeydə alınır. Belə ki, icmaların fəaliyyəti nəticəsində məktəblərdə dərsə davamiyyətdə müsbət istiqamətdə dəyişikliklər var. Valideynlər məktəb həyatında daha fəal şəkildə iştirak etməyə çalışırlar. Qeyd olunub ki, indi uğurlu məktəb formulu valideyn, şagird və müəllimlərin birgə məktəb həyatında iştirakına çox bağlıdır. Tərəflərdən birinin prosesdən kənarda qalması lazım olan nəticəni almağa imkan vermir. Daha sonra təqdimatda 60 saylı orta məktəbdə yaradılmış məktəb icmasının gördüyü işlər barədə məlumat verilib. Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb. Layihənin həyata keçirilməsinə qədər olan mərhələdə “Allianz Consult” şirkəti tərəfindən zəruri təşkilati tədbirlər görülub, valideyn və müəllimlər üçün tədris-seminarlar təşkil olunub.
07/12/2015 17:58
“Ən yaxşı müəllim” müsabiqəsi davam edir
2015-ci ildə keçirilən müsabiqədə iştirak üçün 600 müəllim Təşkilat Komitəsinə müraciət edib. Müsabiqənin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur. Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib və nəticədə 143 müəllim növbəti mərhələyə buraxılıb. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanmış müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə növbəti 100 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan olunacaq. "Ən yaxşı müəllim" müsabiqəsinin III mərhələsində uğurla iştirak edən müəllimlərin təəssüratları
07/12/2015 17:49
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq hər bir müəllimin arzusudur
Artıq bir neçə ildir ki, respublikanın ümumtəhsil məktəbləri və eyni zamanda müəllimlər ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində iştirak etmək imkanı əldə ediblər. Bir ənənəyə çevrilən və mütəmadi olaraq hər il keçirilən həmin müsabiqələrdə müvəffəqiyyət qazanan 50 ümumtəhsil məktəbinin hər birinin 10000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn 100 müəllimin hər birinin isə 5000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılması müəllim əməyinə, Azərbaycan məktəbinin inkişafına olan dövlət qayğısının bariz nümunəsidir. Bu il də keçirilən müsabiqələr təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın bütün bölgələrindən olan müəllimlərinin iştirak etdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin gedişini biz də izləyərək, iştirakçı müəllimlərin təəssüratlarını öyrəndik. Aynurə ORUCOVA, Gəncə şəhəri 22 nömrəli tam orta məktəbin biologiya müəllimi “Ən yaxşı müəllim” müsabiqəsi, belə deyək də, yaxşıların yaxşısı olan müəllimlərin seçilməsində, onların ictimaiyyətə daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. İnsan əməyinin qiymətləndirildiyini görəndə öz işinə məsuliyyəti daha da artır. Müsabiqənin təşkili, qiymətləndirilməsi, obyektivliyi şəxsən məndə qalibiyyətə inamı daha da artırır. Onu da yaxşı bilirik ki, respublikamızda təhsilin inkişafı biz müəllimlərin fəaliyyətindən, üzərimizə düşən vəzifələri necə yerinə yetirməyimizdən asılıdır. Belə bir müsabiqənin keçirilməsini müəllim əməyinə verilən ən yüksək qiymət hesab edirəm. Sona NURİYEVA, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi “Ən yaxşı müəllim” müsabiqəsi biz müəllimlərin ürəyincədir. Açığını deyim ki, bütün müəllimlər kimi mən də həmin müsabiqədə iştirak etmək arzusunda olmuşam. Ancaq daha yaxşı nailiyyətlərlə bu yarışmaya qoşulmaq istəyim yalnız bu il fikrimi reallaşdırmaq arzusunu daha da gücləndirdi və müsabiqədə iştirak etmək qərarına gəldim. 25 ildir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Bu illərdə bir sıra nailiyyətlərim olub. 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Müsabiqənin qalibi olaramsa bu mənim müəllimlik fəaliyyətimin ən unudulmaz bir hadisəsi olacaq. Tamella HƏMİDOVA, Oğuz şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi 35 il pedaqoji iş stajına malik müəllim kimi deyə bilərəm ki, işini dövrün tələblərinə uyğun qurmağı bacaran müəllim hər zaman cəmiyyət tərəfindən qəbul olunur, onun fəaliyyəti dövlət tərəfindən qiymətləndirilir. Mənim həyatım da belə xoş, əlamətdar hadisələrlə zəngindir. Dəfələrlə əməyimə müxtəlif səviyyələrdə qiymət verilmiş, fəaliyyətim yüksək dəyərləndirilmişdir. Ən böyük mükafatım isə 2013-cü ildə dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyimdir. “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmaqla əldə etdiyim uğurlarla kifayətlənmədiyimi, əksinə, mənə olan etimadı hər zaman doğrultmağa hazır olduğumu göstərməkdir. Gülnar HÜSEYNOVA, Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Mən işlədiyim müddət ərzində bir çox təlimlərdə iştirak etmişəm. 2012-ci ildən fənn kurikulumlarının tətbiqi üzrə təlimçi işləyirəm. 2015-ci ildən respublikanın müxtəlif bölgələrində mentor kimi təlim keçirəm. Təhsildə tətbiq edilən yenilikləri hər zaman izləyir və dərslərimdə müasir təlim metodlarından istifadə edirəm. Daim axtarışda olan yaradıcı bir müəllim kimi dərslərimdə elektron tədris vəsaitlərindən istifadə edərək resurslar hazırlamışam. Özüm bloq səhifə yaratmışam. Umid edirəm ki, müsabiənin bu gün keçirilən 3-cü mərhələsində Təşkilat Komitəsinin qarşısında etdiyim təqdimatda özümün potensial imkanlarımı, bilik və bacarığımı göstərə bildim. Belə bir nüfuzlu müsabiqənin qalibi olmaq ən böyük arzumdur. Adilə AŞUROVA, Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin informatika müəllimi Hər bir müəllimin qüruru uğurlu nəticələri ilə təhsil aldığı məktəbə başucalığı gətirən şagirdləridir desəm, məncə yanılmaram. Mən dərs dediyim şagirdlərimlə və vaxtilə şagirdlərim olmuş oğul və qızlarımla fəxr edirəm. Məktəb mənim ikinci evimdir. Müəllim kimi hər zaman öz üzərimdə çalışmışam. Bu müsabiqə biz bölgə təhsil işçilərinə də özlərini bir peşəkar, bacarıqlı müəllim olaraq göstərmək imkanı yaradır. Müsabiqənin artıq 3-cü mərhələsində iştirak edən bir şəxs kimi onu da deyim ki, qiymətləndirmənin tam obyektiv keçdiyini görürəm. İnanıram ki, ölkənin ən layiqli müəllimləri müsabiqənin qalibi olacaq. Söylü XƏLİLOVA, Qazax rayon Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin fransız dili müəllimi 33 ildir ki, fənnimi sevə-sevə tədris edirəm. Bu müsabiqədə artıq ikinci dəfədir ki, iştirak edirəm. Birinci dəfə 2010-cu ildə müsabiqəyə qatıldım və qalib oldum. Həmin sevinc hisslərini yenidən yaşamaq istəyirəm. Məhz bu məqsədlə yenidən müsabiqədə iştirak etmək qərarına gəldim. Onu da deyim ki, yola salmağa hazırlaşdığımız 2015-ci il mənim üçün uğurlu bir il kimi yadda qalacaq. Məhz bu il dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Ümid edirəm ki, “Ən yaxşı müəllim” müsabiqəsində növbəti dəfə öz müəllimlik fəaliyyətimi, peşəkarlığımı yüksək səviyyədə nümayiş etdirəcəyəm. Heyrət VƏLİYEV, Gədəbəy rayonu Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin coğrafiya müəllimi Pedaqoji fəaliyyətim zamanı öz üzərimdə daim işləyərək biliyimi təkmilləşdirməyə, təhsil sahəsində tətbiq edilən yenilikləri öyrənib tədris prosesində tətbiq etməyə çalışıram. Bu günün müəllimi müasir düşüncəyə, yaradıcı təfəkkürə malik olmalı, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır. Mən də öz fəaliyyətimdə məhz bu məsələləri xüsusi diqqətdə saxlayıram. İlk dəfədir ki, “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edirəm. Belə bir nüfuzlu müsabiqədə iştirak etməyimi müəllimlik fəaliyyətimdə ən uğurlu hadisə kimi qiymətləndirirəm. Buraya qatılmağımın özü belə mənim üçün qürurvericidir. 600 müəllimin içərisindən seçilərək 3-cü mərhələyə gəlməyim məndə özümə qarşı bir güvən oyadıb. Rübail ƏFƏNDİYEVA, Qax rayonu 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Bu müsabiqə, mən deyərdim ki, cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəlməsində, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasında əhəmiyyətli rol oynayır. Bəzən bölgə müəllimlərinin peşəkarlığına, bacarıqlarına bir qədər tərəddüdlə yanaşan insanlar da olur. Əslində bu müsabiqə həmin insanların nə qədər yanlış düşünmələrinə əyani bir sübutdur. Bütün ölkəni əhatə edən “Ən yaxşı müəllim” müsabiqəsi bölgələrdəki müəllimlərlə paytaxt müəllimləri arasında təcrübə mübadiləsinə, qabaqcıl tədris üsullarının yayılmasına imkan yaratmaqla yanaşı, peşəkarlıq, bilik və bacarıq baxımından da bizim şəhər məktəblərinin müəllimlərindən heç də geri qalmadığımızı göstərməyə şərait yaradır. Könül ƏLİYEVA, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Mən sənətimi çox sevirəm. Bu sevgi məni daim öyrənməyə və öyrətməyə yaxşı mənada sövq edir. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq ən böyük arzumdur. Bu müsabiqə biz müəllimlərə öz yaradıcılıq potensialımızı üzə çıxarmağa , pedaqoji ustalığımızı nümayiş etdirməyimizə əlverişli imkan yaradır. Paytaxt məktəblərinin müəllimləri ilə yanaşı, bölgələrdə çalışan müəllimlərin də nəyə qadir olduqlarını göstərmələri üçün əla bir şansdır. Artıq müsabiqənin 3-cü mərhələsini keçmişəm. Son nəticə yaxın günlərdə bilinəcək. Özümə və həmkarlarıma bu müsabiqənin qalibi olmağı arzu edirəm. "Azərbaycan müəllimi"
07/12/2015 16:06
Masallı və Cəlilabad müəllimlərinin diaqnostik qiymətləndirilməsi başa çatıb
4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Masallı Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 5000-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 99,17 faizi iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər. Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
07/12/2015 12:37
SABAH qrupu tələbələrinin 2-ci Forumu başa çatıb
Dekabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci SABAH Forumu öz işini başa çatdırıb. Forumda ölkənin ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələri iştirak edib. Forumun ikinci günü tələbələr üçün “Karyera inkişafı”, “Vaxtına sahib çıx”, “İnformasiya texnologiyaları gündəlik həyatda” və “Sən də bir brendsən” mövzularında "ustad dərsləri" təşkil olunub. "Ustad dərsləri”ndə karyera inkişafı, informasiya texnologiyaları və vaxtın idarə olunması ilə bağlı tələbələrlə interaktiv dialoq yaradılıb. Sonra panel müzakirələrə başlanılıb. Müzakirələrdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, R.İ.S.K Elmi İstehsalat Şirkətinin Müşahidə Şurasının həmsədri, biznesin inkişafı üzrə direktor Anar Əligülov iştirak edib. Müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda keçirilən panel müzakirələrdə uğurlu karyeranın qurulması, SABAH qruplarında təhsil alan tələbələrin müasir dünyanın çağırışlarına cavab verən, rəqabətəqabil kadr kimi formalaşması istiqamətində fikir mübadiləsi aparılıb. Tələbələrlə fəal dialoq mühiti yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb. Forum daha sonra intellektual oyunlarla davam etdirilib. Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub, eləcə də ikigünlük foruma dair videosüjet nümayiş etdirilib. Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.
05/12/2015 22:46
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı