İnternat məktəbində bayram sevinci
Dekabrın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnı oxuyublar. Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub. Media nümayəndələri internat məktəbində şagirdlər üçün yaradılan tədris və məişət şəraiti ilə yaxından tanış olub və şagirdlərlə birgə nahar ediblər. KİV təmsilçilərinə məlumat verilib ki, Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra cari ilin noyabrında şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı mövcuddur. İnternat məktəbi şagirdlərinin beynəlxalq səviyyəli idman yarışlarında, respublika rəsm sərgilərində iştirakı və qazandıqları nailiyyətlər barədə də media nümyəndələrinə məlumat verilib. Qeyd edək ki, internat məktəbində təlim-tərbiyə alan 198 nəfər şagirddən 104-ü bu təhsil ocağının nəzdində fəaliyyyət göstərən Reabilitasiya Mərkəzinə cəlb edilib. Şagirdlərin təlim-tərbiyəsi ilə 103 nəfər pedaqoji heyət məşğul olur.
24/12/2015 16:16
Zaqatala və Astarada yeni məktəblər
Dekabrın 24-də Zaqatala rayonu Yengiyan kənd və Astara rayonu Artupa kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib. Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbinin açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Astara rayonu Artupa kənd tam orta məktəbinin açılışında isə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Hər iki tədbirə yerli icra hakimiyyətlərinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri qatılıb. Açılış mərasimlərində çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın bütün bölgələrində yeni məktəblər inşa olunur və köhnə məktəb binaları əsaslı təmir edilir. Yeni tədris ocaqları vahid standart əsasında müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur. Bilidirilib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan xüsusi qayğısını əks etdirir. Qeyd edək ki, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbi 264, Astara rayonu Artupa kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. Tədris ocaqları sinif otaqları, fənn laboratoriyaları, kompüter və müəllimlər otağı, akt və idman zalı, yeməkxana, hərbi hazırlıq, əmək təlimi, inzibati, texniki və tibb otaqları, kitabxana və yeməkxanadan ibarətdir. Hər iki məktəb müasir tələblərə cavab verən mebel və avadanlıqla təmin olunub. Məktəb binalarında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri mövcuddur, həmçinin təhsil ocaqlarına internet və telefon xətləri çəkilib. Təhsil müəssisələrinin istiliklə təminatı üçün müasir tələblərə cavab verən qazanxana quraşdırılıb. Məktəblərin ərazisində inşa olunmuş futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edir. Təhsil müəssisələri üçün ayrıca transformator yarımstansiyası quraşdırılıb və ehtiyat su anbarı tikilib. Tədris ocaqlarının ərazisi abadlaşdırılıb, ağaclar və gül kolları əkilib.
24/12/2015 15:21
Gəncə şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb
Dekabrın 24-də Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. 3500-dən artıq müəllimin iştirak edəcəyi imtahanlar Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilir. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Gəncə şəhərində 24-26 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
24/12/2015 10:19
Atletika üzrə Nərimanov rayon birinciliyi keçirilib
“Olimpiya hərəkatı” proqramı çərçivəsində atletika idman növü üzrə Nərimanov rayon birinciliyi keçirilib. “Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqi məqsədi ilə həyata keçirilir. Yarışlar Bakı şəhəri Nərimanov rayonunda yerləşən Respublika Olimpiya Mərkəzində baş tutub. Rayon birinciliyində 22 ümumtəhsil məktəbinin komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın ümumi nəticələrinə görə I yeri "Ankara məktəbi" məktəb-liseyi, II yeri 112 saylı, III yeri isə 177 saylı ümumtəhsil məktəblərinin komandaları tutaraq final mərhələsinə vəsiqə qazanıb. Qalib və iştirakçılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
23/12/2015 17:46
Azərbaycan alimlərini sevindirən xəbər - Şərhlər
Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan alimləri öz tədqiqatlarını aparmaq, impakt faktorlu jurnallarında çap olunmaq üçün dünyanın ən məşhur elm platforması olan “Web of Science” bazasından istifadə edə biləcəklər. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunacaq jurnalları da tədqiqat üçün Azərbaycan alimlərinin ixtiyarına verəcək. Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında bağlanan müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi ilə yanaşı, Milli Elmlər Akademiyasının alimləri də bu imkandan istifadə edə biləcəklər. “Qafqazinfo” bununla bağlı millət vəkilinin, universitet rektorlarının və təhsil ekspertlərinin fikirlərini sizə təqdim edir: Şahlar Əsgərov- Təhsil üzrə ekspert Dünən elm və təhsil həyatımız üçün yeni gün idi. Mən 50 il təcrübəsi olan müəllim kimi deyə bilərəm ki, biz 1970-ci illərdən bəri məqalələrimizə istinad olunduğunu Moskvada Lenin adına kitabxanada “Science Station İndeks” adlı jurnaldan çətinliklə axtarıb tapırdıq. Ancaq indiki dövrün tələbinə uyğun olaraq, Təhsil Nazirliyi bizim alimlərimizin, tədqiqatçılarımız, aspirantlarımız və tələbələrimizin işini asanlaşdırdı. Yəni, milyonlarla məlumat arasında sənə lazım olan informasiyanı çətinlik çəkmədən tapa bilirsən. Elə mənim üçün də maraqlıdır ki, görəsən yazdığım məqalələrə hansı laboratoriyalarda istinad olunur? Tam əminliklə deyə bilərəm ki, bu gün Avropanın elm dünyasına bir pəncərə açıldı. Fərid Əhmədov Azərbaycan Universitetinin rektoru Elmin inkişafı üçün çox əhəmiyyətli bir anlaşmadır. “Thomson Reuters” dünyanın ən böyük elm bazalarından biridir. Azərbaycan alimlərinin dünyanın məlumat bazasına çıxışının olması elmin inkişafı üçün çox böyük əhəmiyyət daşıyır. Xüsusi ilə, bizim elm mərkəzləri , AMEA, universitetlərimiz üçün uğurlu bir anlaşmadır. Qənirə Paşayeva millət vəkili Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında imzalanan bu müqaviləni elm və təhsilimiz üçün çox önəmli hadisə hesab edirəm. Yazılan məqalələrin xarici mətbuat orqanlarında nəşr olunması, onların reytinqinin artması üçün müsbət üçün addımdır. Bu, alimlərimizin inkişafına böyük təkan verəcək. Həm də elmlə məşğul olan təhsil ocaqlarımız üçün yeni bir imkan yaratmış oldu. Azərbaycanlı alimlərin bu resurslardan yararlanması böyük uğurdur. Mustafa Babanlı- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Bu sənəd Azərbaycan ali təhsili, elmi ictimaiyyəti və elmlə məşğul olan bütün azərbaycanlılar üçün yeni imkanlar açır. Alimlərin, tədqiqatçıların və magistr səviyyəsində təhsil alan tələbələrin imkanları qat-qat yüksəlir. Ümid edirəm ki, yaxın müddətdə elmi işlərin sayının artması ilə yanaşı, Azərbaycan elmində və ali təhsilində mövcud olan elm tutumlu jurnalların da bu səhifəyə düşməsinə imkan yaranacaq. Etibar Əliyev XXI əsr Təhsil Mərkəzinin rəhbəri Dünyanın nüfuzlu “Thomson Reuters” Agentliyi ilə Təhsil Nazirliyi arasında bağlanılan müqavilə Azərbaycanda elmi tədqiqatlara yeni üfüqlər açdı. Əsas məqamlardan biri də ondan ibarətdir ki, bu imkan Azərbaycanda “elmi tədqiqatların aktivlik indeksini” yüksəldəcək. Hesab edirəm ki, bu cür faydalı işlər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illiyində irəli sürdüyü “Elmdən Təhsilə” paradiqmasının tərkib hissəsidir. Bu paradiqmada elmə qayıdışın və daha doğrusu elmlə təhsilin üzvi şəkildə bağlantısının konturları var. Fikrimcə, elm və təhsillə məşğul olanların çoxu bu cür ideyaların praktiki əhəmiyyət kəsb etməsindən məmnundurlar. Biz orta məktəblərdən tutmuş böyük elm müəssisələrinə qədər elmə marağın artmasını artıq hiss edirik. Qafqazinfo.az
23/12/2015 12:02
AMEA alimlərinin növbəti nümunəvi dərsi
Dekabrın 22-də Bakı şəhəri 47 nömrəli tam orta məktəbin texniki fənlər təmayüllü 10-cu sinif şagirdlərinə kimya fənni üzrə “Hallogenlərin müqayisəli xarakteristikası” mövzusunda nümunəvi dərs tədris edilib. Nümunəvi dərs Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tərəfindən keçirilib. Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər tərəfindən tədris edilir. Nümunəvi dərsdə V.Abbasov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsində mühüm rol oynayır. Ölkə iqtisadiyyatında kimya sənayesinin rolundan danışan akademik bu sahədə baş verən mühüm yeniliklərdən söz açıb, şagirdlərə hallogenlərin insan həyatında əhəmiyyəti barədə geniş və əhatəli məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Nümunəvi dərsdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəbin kimya müəllimləri və KİV nümayəndələri iştirak edib.
22/12/2015 14:52
Təhsil Nazirliyi “Thomson Reuters”lə əməkdaşlıq haqqında müqavilə imzaladı
Dekabrın 22-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov çıxışında dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlığın rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslandığını və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıdığını qeyd edib. Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ali təhsil müəssisələri üçün qlobal elmi baza olan “Web of Science®” platformasına və “İnCites™” bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib. “Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sameh Əl-Din dünyada məşhur elmi platforma olan “Thomson Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və “Thomson Reuters”in Dövlət layihələri üzrə prezidenti Sameh Əl-Din imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkə alimlərinin beynəlxalq akademik platformaya daha geniş qoşulmasına verdiyi dəstək xüsusi qeyd edilməlidir. Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science®” platformasına (“Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edəcək. “Thomson Reuters İnCites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur. “Web of Science®” platforması məlumatlarının təhlili ali təhsil müəssisələrinə tədqiqatların daha səmərəli istiqamətlərini müəyyən etməyə və uğurlu inkişaf strategiyalarının qurulmasına xidmət edir. Azərbaycanın ali təhsil müəssisələrinin “İnCites™” informasiya platformasında yerləşdirilmış “Journal Citation Reports” məlumat bazasına çıxış imkanları da təmin ediləcək. “Journal Citation Reports”un köməkliyi ilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər. “Science Citation İndex Expanded®” müəllim, tələbə və tədqiqatçılara təbiət elmləri və texnologiya sahəsində lazımi elmi məlumatları toplamaq, biblioqrafik informasiyadan və istinadlar haqqında məlumatlardan səmərəli yararlanmaq imkanı yaradacaq. “Social Sciences Citation İndex®” və “Arts and Humanities Citation İndex®” bazaları ictimai, humanitar, incəsənət sahələrində nəşrlər və istinadlarla bağlı informasiyaya, “Conference Proceedings Citation İndex®” isə ən önəmli konfrans və səfərlər barəsində dərc olunan materiallara çıxış əldə etmək imkanı verəcək.
22/12/2015 14:33
Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü
Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri Sənət Qalereyasında “Açıq qapı” günü keçirilib. “Açıq qapı” gününün keçirilməsində məqsəd uşaq və gənclərdə təsviri sənətə maraq oyatmaq, onların yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdır. Ziyarətçilər Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi ilə tanış olublar. Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak edib. Sərgi “Mənim şəhərim-Azərbaycan inciləri”, “Milli irsimiz - dekoratov tətbiqi sənət nümunələri”, “Azərbaycan nağılları uşaqların gözü ilə” mövzularını əhatə edib. “Açıq qapı” günündə dərnək rəhbərləri sərgi iştirakçıları ilə birlikdə rəsmlər çəkib, kağız, gil və plastilinlə müxtəlif mövzularda ustad dərsləri keçiblər. Qonaqlar ebru sənətinin sirləri ilə tanış olub, Rəqəmsal təsvir dərnəyində sadə animasiyalar hazırlayıblar. Qeyd edək ki, Təsviri Sənət Qalereyası digər ölkələrin müvafiq qalereyaları ilə əməkdaşlığı genişləndirməyi, müxtəlif innovativ layihələr, Azərbaycan və xarici ölkələrin tanınmış rəssamları ilə ustad dərsləri təşkil etməyi planlaşdırılır.
21/12/2015 17:43
“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi
Dekabrın 20-də Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsinin respublika mərhələsi keçirilib. Müsabiqədə respublikanın bütün bölgələrindən olan 101 nəfər şagird iştirak edib. Qeyd edək ki, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planınına və həmin planın 8-ci bəndinin icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir. Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri cari ilin oktyabr-noyabr aylarında təşkil olunub. Rayon (şəhər) mərhələsinin qaliblərinin adları yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim olunub. İnşa yazıları Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq. Müsabiqə qalibləri müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcəklər.
21/12/2015 10:24
Növbəti diaqnostik qiymətləndirmə başa çatıb
16-20 dekabr 2015-ci il tarixlərində Sumqayıt şəhərinin, eləcə də Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 9000-ə yaxın müəllimin iştirak etdiyi diaqnostik qiymətləndirmə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. İmtahanlarda adı çəkilən bölgələr üzrə dəvət olunmuş müəllimlərin 99,04 faizi iştirak edib. İmtahanlar bitdikdən sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər. Növbəti diaqnostik qiymətləndirmə 24-26 dekabr tarixlərində Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanlarda Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan 3500-dən artıq müəllimin bilik və bacarıqları diaqnostik qiymətləndiriləcək.
21/12/2015 09:53
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı