Dövlət Bayrağı Günü ilə əlaqədar növbəti “Bayraq yürüşü”
Noyabrın 7-də Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib. “Bayraq yürüşü”nün əsas məqsədi milli atributlarımızın və Dövlət Bayrağı Muzeyindəki tarixi Azərbaycan dövlətləri rəmzlərinin təbliğindən ibarətdir. Yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər. “Bayraq yürüşü” Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, başımızın üstündə dalğalanan üçrəngli bayraq, milli istiqlalımızın simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Ölkəmizin varlığının təcəssümü olan Dövlət Bayrağı hər bir azərbaycanlının qürur yeri və mənəvi dayağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Nazir müavini qeyd edib ki, Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq, təsdiq edilib: “Azərbaycan prezidenti İlham Əliyev dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqda sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısı Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə də sərəncam verdi. Bütün bunlar Azərbaycan bayrağına olan ehtiramın yüksək göstəricisidir Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Elmir Bağırov, millət vəkilləri və digər qonaqlar belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub, “Bayraq yürüşü” iştirakçılarının sayının ilbəil artmasının təqdirəlayiq olduğunu bildiriblər. Daha sonra məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa ediblər. 2000 nəfərdən çox iştirakçının qatıldığı yürüş “Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam edib. Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
07/11/2015 11:29
“Təmiz Şəhər” Mərkəzi istifadəyə verilib
Noyabrın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təmiz Şəhər” Mərkəzinin açılış mərasimi keçirilib. “Təmiz Şəhər” Mərkəzində Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə ətraf mühit, eləcə də tullantıların idarə olunması mövzusunda “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və digər mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova qonaqları salamalayaraq “Təmiz Şəhər” Mərkəzinin ətraf mühitin qorunması və tullantıların idarə olunması sahəsi üzrə mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacağını bildirib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, prioritet sahələr üzrə kadrların yetişdirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Təhsil ocaqlarının bu yöndəki fəaliyyətini nəzərə çatdıran C.Bayramov “Təmiz Şəhər” ASC-nin bu sahəyə göstərdiyi diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında tullantıların idarə edilməsinin yeni bir sahə olduğunu, bu istiqamətdə ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini bildirib. ASC sədri qeyd edib ki, “Təmiz Şəhər” ASC-nin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin tələbələri “Təmiz Şəhər” ASC-də iş təcrübəsi keçib, yay məktəblərində və maarifləndirici turlarda iştirak ediblər. Sonra tədris auditoriyalarina baxış keçirilib və qonaqları maraqlandıran suallar cavablandırılıb.
05/11/2015 12:53
Azərbaycan ilə İran arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri genişlənir
YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iranlı həmkarı Əli Əsgər Fani ilə görüşüb. İran Prezidentinin qonşu ölkələrlə ikitərəfli münasibətlərə önəm verdiyini bildirən və təhsil əlaqələrinə toxunan iranlı nazir azərbaycanlı həmkarını ölkəsinə dəvət edib. Ölkələrimiz arasındakı qədim tarixi əlaqələrdən danışan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov dövlətimizin Ermənistandan başqa digər qonşu ölkələrlə ikitərəfli münasibətləri möhkəmlətməkdə maraqlı olduğunu qeyd edib. O, təhsil sahəsindəki münasibətlərə toxunaraq ötən il Bakı Dövlət Universitetinin 95 illik yubileyinə Tehran Universitetinin rektorunun dəvət olunduğunu və bu səfər çərçivəsində iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətə çatdırıb. Mikayıl Cabbarov 2007-ci ildə qəbul olunan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanı qazandıqlarını vurğulayıb. Azərbaycanlı nazir təhsil sektorunda əməkdaşlığın yollarını birlikdə müzakirə etməyi təklif edərək iranlı həmkarına onu ölkəsinə dəvət etdiyinə görə təşəkkür edib. Şəhla Ağalarova AZƏRTAC-ın xüsusi müxbiri Paris
05/11/2015 10:02
Növbəti “Bayraq yürüşü”
Noyabrın 7-də saat 11:00-da Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak edəcəklər. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir. “Bayraq yürüşü”nün “Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etdirilməsi nəzərdə tutulur.
05/11/2015 06:58
Azərbaycanın təhsil naziri fransalı həmkarı ilə görüşüb
YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı Najat Vallo-Belkasem ilə görüşüb. Nazirlər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar. İkili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Şəhla Ağalarova AZƏRTAC-ın xüsusi müxbiri Paris
05/11/2015 06:49
YUNESKO-nun Baş Konfransı çərçivəsində təhsil nazirlərinin görüşü olub
Noyabrın 4-də YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşü olub. Görüşdə təhsilin inkişafı məsələlərinə toxunulub, növbəti il üçün bu sahədə büdcə layihəsi qəbul olunub. Tədbirdə ölkəmizi təmsil edən təhsil naziri Mikayıl Cabbarov çıxışında “İncheon” bəyənnaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O, bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir. “Təhsil -2030 Fəaliyyət Planı”nın qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir. Belə addımların YUNESKO-nun səmərəliliyini bir daha aydın şəkildə nümayiş etdirdiyini bildirən M.Cabbarov yeni ruh yüksəkliyi ilə innovativ yolların axtarışının vacibliyini vurğulayıb. O, təhsilin inkişafının yoxsulluq və ekstremizmlə mübarizədə ən yaxşı vasitə, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdırıb. Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayaraq Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında yenidən seçildikdən sonra imzaladığı ilk sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olduğunu bildirib. Strategiyanın Fəaliyyət Planının həyata keçirildiyini bildirən nazir ilk növbədə uşaqların səmərəli təhsil modelinə uyğun inkişafına dair proqramların reallaşması istiqamətində görülən işlərdən danışıb. Nazir çıxışında uşaqlara təkcə oxumaq, yazmaq və öyrətmək deyil, eyni zamanda inkluziv təhsilin tətbiqi məsələlərinə də toxunub. Nazir, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırdığını bildirərək, ölkəmizdə məktəblərin 70 faizinin əsaslı təmir olunduğunu və ya yenidən tikildiyini bildirib. O, son on il ərzində qaçqın və məcburi köçkün uşaqlarının əsas təhsil hüquqlarını təmin etmək məqsədilə yüzlərlə məktəb tikildiyini qeyd edib. Bu faktlar və rəqəmlər Azərbaycan dövlətinin əsas məqsədinin öz vətəndaşlarına ən yaxşı təhsil şəraiti yaratmaqdan ibarət olduğunun göstəricidir. Çıxışının sonunda “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir”,- deyən Mikayıl Cabbarov təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb. Qeyd edək ki, Mikayıl Cabbarovun çıxışı zamanı söylədiyi “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir” fikri YUNESKO-nun “Tvitter” səhifəsində paylaşılıb.
05/11/2015 06:32
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi. Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə aparılan islahatlar Qoxmuq kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılıb. Sahəsi 5277 kvadratmetr olan bina üçmərtəbəlidir. Bildirildi ki, 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompyuter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman meydançası yaradılıb və idman qurğuları quraşdırılıb. Hazırda Şəki rayonunda 97 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və həmin məktəblərdə 24 minə yaxın şagird təhsil alır. www.president.az
04/11/2015 14:37
Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.
2012-ci il mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ Zaqatala rayonunda da ciddi fəsadlar törətmişdi. Çoxlu sayda evlər, sosial təyinatlı binalar dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. Hadisədən dərhal sonra fəlakət zonasına gələrək zəlzələnin törətdiyi fəsadlarla şəxsən tanış olan Prezident İlham Əliyev zərərçəkmiş insanlara təcili yardım göstərmək, dağılmış binaların yerində yeni tikililərin inşası üçün sərəncam və tapşırıqlarını vermişdi. Zəlzələ zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası da tamamilə qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2012-ci ildə filial üçün yeni binanın tikintisinə başlandı. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada linqafon otağı, kompyuter mərkəzi tələbələrin ixtiyarına veriləcək. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Tədris prosesində müasir informasiya-kommunikasiya sistemlərindən istifadəyə diqqət yetirilib. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən istifadə edəcəklər. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, tamamilə yeni infrastruktur yaradılıb. Transformator yarımstansiyası, su və kanalizasiya şəbəkəsi quraşdırılıb, istilik təchizatı üçün qazanxana tikilib. Yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında öz yeri olan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binada daha səmərəli işləməsi üçün hərtərəfli şərait yaradılıb. www.president.az
04/11/2015 14:11
Təhsil nazirinin Fransa Respublikasına işgüzar səfəri
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun Fransa Respublikasına işgüzar səfəri davam edir. Səfər çərçivəsində noyabrın 3-də YUNESKO-nun Baş direktorunun müavini Qian Tanq ilə görüş keçirilib. Mikayıl Cabbarov Azərbaycan-YUNESKO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu vurğulayıb. Nazir ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib. Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş direktorunun müavini Qian Tanqı ölkəmizə səfərə dəvət edib. Həmin gün nazir Fransa Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elm və Sənaye Muzeyinə baş çəkib, elmin təbliği məqsədilə təşkil edilən sərgilərlə tanış olub.
04/11/2015 05:56
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçiriləcək
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçiriləcək. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədi daşıyır. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparacaq. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olacaq. Yarış 3 turdan ibarət olacaq və onların hər birində 12 sual səsləndiriləcək. Suallar ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edəcək. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən ediləcək. Birinci, ikinci və üçüncü yerləri tutan komandalar mükafatlandırılacaq. Qeyd edək ki, yarış ərəfəsində hazırlıq məqsədi ilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunur. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olur, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edir, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparırlar. Xatıqladaq ki, Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda birinci ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Birinci bilik yarışında Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetindən olan komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərin qalibi olub.
03/11/2015 11:49
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı