Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Növbəti diaqnostik qiymətləndirmə başa çatıb

16-20 dekabr 2015-ci il tarixlərində Sumqayıt şəhərinin, eləcə də Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. 9000-ə yaxın müəllimin iştirak etdiyi diaqnostik qiymətləndirmə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. İmtahanlarda adı çəkilən bölgələr üzrə dəvət olunmuş müəllimlərin 99,04 faizi iştirak edib. İmtahanlar bitdikdən sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.  Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər. Növbəti  diaqnostik qiymətləndirmə 24-26 dekabr tarixlərində Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanlarda Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan 3500-dən artıq müəllimin bilik və bacarıqları diaqnostik qiymətləndiriləcək.

Dekabrın 18-də təhsil naziri Mikayıl Cabbarov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.  

“Olimpiya Hərəkatı” idman proqramı

Dekabrın 17-də “Olimpiya Hərəkatı” adlı yeni idman proqramı ilə bağlı mətbuat konfransı keçirilib. “Olimpiya Hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin  birgə tərəfdaşlığı ilə icra olunur. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri  üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etmək, şagirlərə sağlam və aktiv həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya Hərəkatı” proqramı müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə uşaqların, həmiçinin onların valideynlərinin fiziki aktivliyinin artmasına təkan verir. Mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Həmçinin, Atletika, Badminton, Basketbol və Velosiped idman federasiyalarının rəsmi nümayəndələri də konfransa qatılıblar. Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Olimpiya Hərəkatı” proqramı haqqında ətraflı məlumat verib: “Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsinin Avropada Niderland və Belçikadan sonra “Olimpiya Hərəkatı” proqramının Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərib. Bu layihənin icrasına görə Coca-Cola şirkətinə də təşəkkürümü bildirirəm. Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. 4 idman növünü birləşdirən bu layihədə dəstəyinə görə Coca-Cola, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə bərabər müvafiq idman federasiyalarına layihənin belə uğurlu və davamlı fəaliyyətinə görə dərin minnətdarlığımı bildirirəm”. Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışıb. Nazirin sözlərinə görə, Olimpiya Hərəkatı çərçivəsində 330-dan çox ümumi təhsil məktəbindən 50 000-ə yaxın məktəblinin proqrama cəlb olunması təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından yuksək göstəricidir. Onlardan 10 000-ə yaxını rayon birinciliklərində və 1000-dən artıq məktəblinin Bakı finalında iştirakı gözlənilir.  Mikayil Cabbarov proqrama cəlb olunmuş uşaq-gənclər idman mərkəzlərinin sayının 12-yə çatdığını qeyd edib. Gənclər və idman naziri Azad Rəhimov proqramın sosial inkişaf baxımından əhəmiyyətini vurğulayıb: “Bu proqramın Azərbaycanda keçirilməsi həm ölkəmizin inkişafının göstəricisidir, həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq böyük stimuldur. İlk Bakı birinciliyinə 50 000 şagirdin qoşulması sevindirici haldır.“Olimpiya Hərəkatı” proqramı əhalinin, gənclərin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Azərbaycanda idman və aktiv həyat tərzinə daha çox insanların cəlb olunacağına inanıram və bu vacib proqrama dəstəyinə görə tərəfdaşlara təşəkkürümü bildirirəm”. Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş müdiri Cem Becel də tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: “Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən Coca-Cola 1928-ci ildən bu günədək Olimpiya Oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək oluruq. Coca-Cola sistemi olaraq Avropa Oyunları sosial irsi çərçivəsində geniş sayda əhalinin sağlam və aktiv həyat tərzinə cəlb olunması üçün Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirməyə çox məmnunuq”.

“Beynəlxalq Erasmus+ informasiya günü” keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beynəlxalq Erasmus+ informasiya günü” keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, ADNSU-nun Beynəlxalq məsələlər üzrə prorektoru Rafiq Camalov, Avropa İttifaqının nümayəndəsi Toras Plis, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Karboliskayt, “Beynəlxalq Erasmus+”un Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov, Köln Tətbiqi Elmlər Universitetinin professoru Rza Tələbi Dəryani, Regional İnnovasiya Texnologiyaları Akademiyasının direktoru Tofiq Babayev, eləcə də ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib. Tədbirdə ali təhsil müəssisələrində həyata keçirilən təcrübə proqramları haqqında məlumat verilib, müvafiq proqramlar çərçivəsində reallaşdırılan layihələr əsasında Azərbaycanın ali təhsil müəssisələrinin Avropa universitetləri ilə əlaqələrinin genişləndiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın ali təhsil məkanının beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyasını irəliyə aparmaq istiqamətində Avropa layihələrinin böyük rolu var. Ali təhsil müəssisələrinin əldə etdikləri təcrübəyə əsaslanaraq Tempus proqramını əvəz edən yeni Erasmus+ proqramı çərçivəsində daha fəal iştirak imkanı əldə olunacaq. Proqram çərçivəsində artıq ilk müsabiqədə universitetlərin iştirakı ilə potensial olaraq üç layihənin maliyyələşdirilməsi həyata keçirilir. Avropa İttifaqının nümayəndəsi Toras Plis, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Karboliskayt Erasmus+ proqramının əhəmiyyəti və təcrübələri barədə öz fikirlərini bildiriblər.    

XII Beynəlxalq Elm Olimpiadasında tarixi uğur qazanan medalçılarımız “Təməl” verilişində

Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyətlər əldə ediblər. Dekabrın 2-dən 10-dək Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu olimpiadada Azərbaycan uğurlu nəticə əldə edənlər sırasında olub. Belə ki, məktəblilərimiz Avropada 3-cü, MDB ölkələri arasında isə 2-ci yeri qazanıb. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən bu olimpiadada şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər. "Təhsil" TV-nin “Təməl” verilişinin budəfəki buraxılışında XII Beynəlxalq Elm Olimpiadasında gümüş medal qazanan Cəfər İsbarov, Hüseyn Babayev və onların müəllimi Elxan Tahirov öz təəssüratlarını bölüşüblər. Proqram "Qafqazinfo"nun "Təhsil" televiziyası ilə birgə layihəsi çərçivəsində hazırlanıb.  

Respublika elmi konfransı

Dekabrın 16-da Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun (TPİ) birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib. Əvvəlcə tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar. Konfransı giriş sözü ilə açan TPİ-nin direktoru Qulu Novruzov tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıda duran əsas məqsəd Dövlət Strategiyasına uyğun olaraq, pedaqoji elmlərin vəzifələrinin müəyyənləşdirilməsi, respublikada səriştə əsaslı nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır. Təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsindəki mövcud problemlərdən, onların aradan qaldırılması üçün görülməli olan işlərdən söz açıb. Nazir müavini tədris prosesinin təşkili ilə bağlı müəllimlərə tövsiyələrini bildirib. Konfransda Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ölkəmizdə aparılan təhsil islahatlarından danışıb, bu sahədə mövcud problemlərin həllinin vacibliyini vurğulayıblar.

Təhsil naziri Mikayıl Cabbarov “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil ediləcək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir.   “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin seçimi başa çatıb

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-ci il üzrə qəbula dair yekun statistika açıqlanıb. Dövlət Proqramı çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb. Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, bu ilki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanan və 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədləri ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından respublikamızın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir. Sözügedən məqsədlərin icrasının həyata keçirilməsi üçün Dövlət Proqramının icrasının 9 ili ərzində müvafiq hüquqi baza formalaşdırılıb və icra müddətində meydana çıxan məsələlər əsasında daha da təkmilləşdirilib, namizədlərə elektron şəkildə sənədləri təqdim etmə imkanı yaradılıb, onlarla fərdi qaydada keçirilən müsahibələr təşkil olunub və tələbələrin təhsil şəraitinin yaxşılaşdırılması üçün islahatlar aparılıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar. İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir. Dövlət Proqramının icrası müddətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr əsas prioritetlərdən biri hesab olunan “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində görülən işlərə təkan verir.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir

Dekabrın 16-da Sumqayıt şəhərində Abşeron və Qubadlı rayonlarının, Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. İmtahanlar Sumqayıt Olimpiya İdman Kompleksində keçirilir. 9000-ə yaxın müəllimin iştirak edəcəyi imtahanlarda iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Sumqayıt şəhərində 16-20 dekabr tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanır. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilirlər. Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Basketbol üzrə Səbail rayon birinciliyi keçirilib

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində basketbol idman növü üzrə Səbail rayon birinciliyi keçirilib. “Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur. Yarışlar Bakı şəhərindəki 189-190 nömrəli tam orta məktəbdə keçirilib. Rayon birinciliyində 16 tam orta məktəbin komandasından 14-ü iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda I yeri Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli təhsil kompleksi, II yeri Bakı şəhəri H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar lisey, III yeri isə Bakı şəhəri 91 nömrəli tam orta məktəbin komandaları tutaraq final mərhələsinə vəsiqə qazanıb. Qalib və iştirakçılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı