Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Layihənin təqdimat mərasimi

Dekabrın 15-də “İş dünyası üçün bacarıqlar” layihəsinin təqdimatı keçirilib. Layihə Təhsil Nazirliyi, British Council və “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə ilk peşə-ixtisas təhsili sahəsində həyata keçirilir. Layihənin əsas məqsədi ölkədə ilk peşə-ixtisas təhsili və təliminin inkişafına töhfə vermək, məşğulluq imkanlarının genişləndirilməsi, iş təcrübəsi proqramının təşkil edilməsidir. Layihənin təqdimat mərasimində Təhsil Nazirliyi, British Council, Azercell və pilot ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak edib. Layihə üzrə ilk təlim 5 nömrəli Bakı Peşə Liseyində keçirilir. Təlimdə Bakıda yerləşən müxtəlif ilk peşə-ixtisas təhsili müəssisələrində İKT və telekommunikasiya üzrə tədris aparan 36 müəllim iştirak edir. İştirakçılar təlim boyu ilk peşə-ixtisas təhsili üzrə effektiv təlim modelləri, metodikalar, sinif mühitinin idarəedilməsi mövzuları üzrə bilik və bacarıqlar əldə edə biləcəklər. Dərslər Birləşmiş Krallıqdan dəvət olunmuş mütəxəssis tərəfindən dekabrın 17-dək davam edəcək. Təlimlərin şagirdlər üçün nəzərdə tutulmuş hissəsini Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatı icra edəcək. Bu məqsədlə təşkilat tərəfindən 500 nəfərdən çox İKT və telekommunikasiya peşə istiqaməti üzrə təhsil alan şagirdin bacarıqları yoxlanılıb,120 şagirdə təlimdə iştirak şansı verilib. Layihə müddətində həmin şagirdlər karyera və iş imkanlarının axtarılması üzrə bacarıqlara yiyələnəcək, telekommunikasiya və İKT sahəsində istehsalat təcrübəsi keçəcəklər. Şagirdlər üçün təlimlər 2016-ci ilin yanvar ayından etibarən start götürəcək.

Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Dekabrın 14-də Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan Könüllüləri: Dünən, Bu gün və Sabah” videoçarxı təqdim olunub. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, beynəlxalq təşkilatların nümayəndələri, QHT rəhbərləri, tələbə könüllülər və KİV təmsilçiləri iştirak ediblər. Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bu tədbirin mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirib. Təhsil naziri ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən irəli gələn vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Ölkə Prezidentinin Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan nazir dövlət başçısının könüllülərlə görüşü zamanı bu məsələlərə ətraflı yer verdiyini bildirib. Cənab Prezidentimizin qeyd etdiyi kimi, “könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər... Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir”. “Bakı 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində tələbə könüllünün özünəməxsus roluna toxunan təhsil naziri bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fikirlərinin də tələbə könüllülərə yeni ruh verdiyini nəzərə çatdırıb. Nazir qeyd edib ki, ali təhsil sahəsində aparılan islahatlar, tələbələr üçün yaradılan əlverişli mühit təhsilalanlara yeni imkanlar verir. Yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühiti daha da genişlənəcək. Yeni çağırışlara adekvat reaksiya verilməsinin zəruri olduğunu bildirən təhsil naziri tələbələrin gücündən, biliyindən daha səmərəli istifadə etmək və strateji məqsədlərin uğurla yerinə yetirilməsi məqsədilə “BİR” Tələbə-Könüllü Proqramının yaradılmasını yüksək dəyərləndirib. Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tələbə könüllülərə tövsiyələrini bildirib, forumun işinə uğurlar arzulayıb. Könüllülərin təhsil aldıqları ali məktəblərin və ölkəmizin ictimai, mədəni həyatında yaxından iştirak etməklə digər gənclərə də örnək olduğunu söyləyən şöbə müdiri yeni çağırışlara hazır olmaq üçün əzmlə çalışmağın vacib olduğunu qeyd edib. Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, BMT-in rezident əlaqələndiricisinin müavini  Nato Alkazaşvili və tələbə könüllülər forumun əhəmiyyətindən söhbət açıb, könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini bildiriblər. Çıxışlardan sonra “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı olub. Təqdimat zamanı iştirakçılara proqramın məqsədi, istiqamətləri və imkanları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim ediləcək. Proqrama qoşulmaq üçün gənclər www.facebook.com/birkonullu vasitəsilə müraciət edə bilərlər. Tədbir tələbələr tərəfindən Azərbaycanın məşhur “Tələbə” retro mahnısının ifası ilə başa çatıb.  

Müsabiqə qalibləri mükafatlandırılıb

Dekabrın 14-də “Fövqəladə hallar uşaqların gözü ilə” V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat tərzinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və fövqəladə hallarda yarana bilən problemlərə ictimaiyyətin diqqətini yönəltməkdən ibarətdir. Təhsil və Fövqəladə hallar nazirliklərinin birgə razılaşmasına əsasən keçirilən müsabiqə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunub. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunmuş mərasimdən öncə təhsil nazirinin müavini Ceyhun Bayramov, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və  BMT-nin  Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi uşaqların əsərlərindən ibarət sərgiyə baxıblar. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil və internat məktəbləri şagirdlərinin  iştirak etdiyi müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və respublika mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 503  rəsm, 305 plakat, 197 əl işi, 191 yanğın və qəza-xilasetmə texnikasının modeli və 167 yumşaq oyuncaq təqdim olunub. Bundan əlavə, I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinə Rusiya, Türkiyə, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Koreya, Macarıstan və Moldovadan ümumilikdə, 37 rəsm və 5 plakat təqdim olunub. Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunmuş işlər qiymətləndirilib və qaliblər müəyyən olunub. Müsabiqədə ümumilikdə, 166 qalib müəyyən edilib.  Bunlardan 31-i birinci, 45-i ikinci, 55-i üçüncü yeri tutub, 35-i isə fəal iştiraka görə təltif edilib. Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.  

Məktəb icmaları layihəsi çərçivəsində müsabiqə elan olunub

Məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində “Sinif icmalarının plan müsabiqəsi” elan edilib. Community.az saytı vasitəsilə keçirilən müsabiqədə sinif icmaları 5 nominasiyadan bir və ya bir neçəsini seçə bilərlər. “Sinif icmasının ən yaxşı planı” nominasiyasında təlimləndirici tədbirlər, bayramlar, peşəyönümlü tədbirlərin uyğunluğu, ailə üzvlərinin birgə işləri, “Xərcsiz sevinc” nominasiyasında isə maraqlı və əhəmiyyətli tədbirlərin təşkili ilə yanaşı, maliyyə vəsaitlərinin qənaətlə xərclənməsi bacarığı qiymətləndiriləcək. “Ən orijinal fikir” nominasiyası üzrə orijinal tədbirlər planı, “Sərhədsiz xeyirxahlıq” nominasiyası üzrə yardım məqsədi daşıyan yaradıcı işlər müsabiqəyə təqdim oluna bilər. “Ən fəallar” nominasiyasında isə sinif icmasının planına dair ilin əvvəlindən keçirilən bütün tədbirlər qiymətləndiriləcək. Müsabiqədə iştirak etmək üçün sinif icmasının ən az 20 iştirakçısı (şagirdlər, valideynlər, müəllimlər) www.community.az portalında qeydiyyatdan keçməlidir. Qeyd olunan nominasiyalar üzrə işlər www.community.az saytında 18 dekabr 2015-ci il tarixinə kimi qəbul ediləcək. Hər bir nominasiya üzrə qaliblər Fəxri fərman və müsabiqənin tərəfdaş şirkətləri (“Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC, “Baker Tilly Azərbaycan” MMC, “AZZA” şirniyyat evi, "Khazar Ventures" MMC) tərəfindən müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaq.                 Qeyd edək ki, Dünya Bankının maliyyə və “Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb.   Müsabiqə haqqında daha ətraflı məlumatı www.community.az saytından əldə etmək mümkündür.

Dekabrın 14-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsinə təyin edilmiş Əziz Cəmil oğlu Əliyev bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov, təhsil müəssisəsinin pedaqoji kollektivi və tələbələr iştirak edib. Təhsil naziri Əziz Əliyevin İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzu edib. İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin birinci prorektoru Andrey Svistunov Əziz Əliyevin bu ali məktəbin Bakı filialının rektoru təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Əziz Cəmil oğlu Əliyev 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika işi fakültəsinə daxil olub və 1992-1999-cu illərdə təhsilini ABŞ-ın Nyu-York Universitetində davam etdirib. 1999-2002-ci illərdə ABŞ-ın Pitsburq Tibb Universitetininin rezidenturasında oxuyub. Həmin ölkədə müdafiə edərək 2003-cü ildə tibb elmləri namizədi, 2008-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcələrini alıb, professordur.

Olimpiada qalibləri Vətənə dönüb

2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilmiş yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) 2 gümüş, 3 bürünc medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar. Qalibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil Nazirliyinin əməkdaşları, müəllimləri, sinif yoldaşları və media nümayəndələri qarşılayıb. Ölkəyə medalla qayıtmağı qarşılarına əsas məqsəd olaraq qoyduqlarını deyən məktəblilər bildiriblər ki, rəqiblərinin güclü olmasına baxmayaraq sonda istəklərinə nail ola biliblər. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında məktəblilərimiz həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər. 43 ölkənin iştirak etdiyi bu olimpiadada ölkəmizi təmsil edən Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb liseyin X sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdləri Turan Bədəlli və  Emin Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb. Qeyd edək ki, son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə ediblər. Bu il Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələrinə görə, Azərbaycan top 50 ölkənin sırasına düşüb.  

Şirvan şəhərində keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb

9-13 dekabr 2015-ci il tarixlərində Şirvan şəhərinin, Hacıqabul, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Şirvan Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 6500-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 98,4 faizi iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Qeyd edək ki, 16-20 dekabr tarixlərində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda 9000-ə yaxın müəllimin iştirakı gözlənilir.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdən öncə Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə tər çiçəklər düzüblər. Mərasimdə Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbirə həmçinin, ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılıblar. Anım mərasimidə tanınmış incəsənət ustaları ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi mahnıları ifa ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib. Dövlət başçısı əvvəlcə universitetin rektoru Liu Veylə görüşdü. Görüşdə ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirildi. Təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulandı. Bu sahədə əlaqələrin xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirildi. Sonra qarşılılıqlı hədiyyələr təqdim olundu. Universitetin prorektoru İ Cixon mərasimi açaraq bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu dedi. Rektor Liu Vey çıxış edərək Prezident İlham Əliyevi universitetdə bir daha salamladı. O, ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verdi. Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışan rektor Azərbaycan Prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirdi. Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi. Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu dövlətimizin başçısına təqdim edildi. Prezident İlham Əliyev mərasimdə çıxış etdi. Dövlətimizin başçısı bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi. Dedi ki, bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğuladı. Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs etdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirdi. Dövlətimizin başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğuladı, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğuladı, müvafiq proqramların həyata keçirildiyini qeyd etdi, ölkəmizdə savadlılığın səviyyəsinin 100 faiz olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı mübarizə apardığını, ölkəmizin multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırdı. www.president.az  

Təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması davam edir

2015-ci ilin oktyabr və noyabr ayları ərzində Bakı, Qazax, Şirvan, İsmayıllı, Samux, Ağstafa, Bərdə, Göygöl, o cümlədən Lənkərandakı 55 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Qeyd edək ki, bu iş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq aparılır. Bu günədək ATŞ-ə ümumilikdə 2051 təhsil müəssisəsi qoşulub. ATŞ-ə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası təmin edilib. ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb. Eyni zamanda 2015-ci ilin oktyabr-noyabr ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə 3000 ədəd Monoblok Lenovo stolüstü kompüter, 70 ədəd noutbuk, 153 ədəd proyektor və 183 ədəd interaktiv elektron lövhə paylanıb. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təchizatı zamanı avadanlıqlar, əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilir. 

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı