Müsabiqə qalibləri mükafatlandırılıb
Aprelin 7-də Təhsil Nazirliyi və “Edumedia Azərbaycan” şirkətinin birgə keçirdiyi “Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, təşkilatçılar, rayon təhsil şöbələrinin rəhbərləri, məktəb direktorları və KİV nümayəndələri iştirak ediblər.
Mərasimdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki,
müsabiqənin keçirilməsində əsas məqsəd təbiət fənləri üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqlarının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir.
Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük diqqət yetirildiyini vurğulayan nazir müavini Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair işlərin davam etdirildiyini və son illər ərzində mühüm işlər görüldüyünü bildirib. Ölkədə təhsil sisteminin informasiyalaşdırılması və kompüterləşdirilməsi, müxtəlif strateji əhəmiyyətli İKT layihələrinin həyata keçirilməsi, təhsil şəbəkə infrastrukturunun qurulması ilə bağlı tədbirlər həyata keçirilib.
C.Bayramov Azərbaycanda elektron dərsliklərin hazırlanması istiqamətində də yeniliklərin davam etdirildiyini söyləyib. Qısa müddət ərzində Azərbaycanda istifadə olunan bütün dərsliklərin platformaya yerləşdiriləcəyini diqqətə çatdıran nazir müavini bu günə qədər 70 min nəfərə yaxın istifadəçinin portalda qeydiyyatdan keçərək, elektron dərsliklərdən istifadə etdiyini bildirib. Portala daxil olan ziyarətçilərin sayı 700 min nəfəri keçib. Həmin ziyarətçilər tərəfindən elektron dərsliklərin yüklənərək istifadə olunma sayı 332 mindən artıqdır.
Sonra qeyd olunub ki, 2015-ci ilin aprel ayında Təhsil Nazirliyinin göstərişi ilə “Edumedia Azərbaycan” şirkəti tərəfindən 50 pilot məktəb üzrə Labdisk avadanlıqları paylanılıb. Bunlardan 41-i Bakı, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə məktəb və liseylərə verilib.
Bununla yanaşı, ötən ilin aprel-may aylarında həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən 300 müəllim 5 günlük təlimlərdə iştirak edib, avadanlıq və proqram təminatından istifadə bacarıqlarına yiyələnib. Müsabiqəyə yalnız avadanlıqla təmin olunmuş 50 məktəbin təlimdən keçmiş müəllimləri qoşulub.
İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə istifadəsinin təbliği məqsədilə “Edumedia Azərbaycan” şirkəti 2015-ci ilin dekabr ayında “Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” adlı müsabiqə elan edib. Müsabiqə “Ən yaxşı müəllim” və “Ən yaxşı təlimçi” olmaqla, iki nominasiya üzrə keçirilib. Müsabiqəyə 80-dən artıq resurs təqdim edilib. İşlər ekspertlər tərəfindən qiymətləndirilib, seçilmiş 21 nominant münsiflər qarşısında təqdimatla çıxış edib və qaliblər müəyyənləşdirilib.
Tədbirin sonunda müsabiqə qaliblərinə "iPad air", "Globimate" planşeti, "Samsung Galaxy Tab-3", digər xüsusi mükafatlar və fərqlənmə sertifikatları təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41 -
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
26.11.2024 - 14:00 -
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
26.11.2024 - 12:30 -
Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!
25.11.2024 - 14:44 -
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb
25.11.2024 - 11:00