Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb direktorlarının işə qəbulu başlayıb

Martın 18-də Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. 4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq. Yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər. Qeydiyyatdan keçmək istəyən şəxslər bu səhifəyə daxil olmalıdırlar. Əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər. Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur. Mətbuat konfransında həmçinin bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına uyğun olaraq, müəyyən edilmiş aylıq vəzifə maaşları aprelin 1-dən orta hesabla 10 faiz artırılıb. Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Liseydə mükafatlandırma mərasimi

Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə “Düşüncəyə Tamaşa” layihəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və DVC-nin tərəfdaşlığı ilə həyata keçirilən “Düşüncəyə Tamaşa” layihəsi gənclərin bədii qiraətə olan marağının artırılması, asudə vaxtlarının daha səmərəli keçirilməsi, özlərini daha dolğun ifadə etməsi və təhliletmə bacarığına yiyələnməsi məqsədlərinə xidmət edir. “Düşüncəyə Tamaşa” layihəsi çərçivəsində gənclər onlara təqdim olunmuş əsəri komanda şəklində müzakirə edərək, müəllifin oxucuya çatdırmaq istədiyi ideyanı səssiz film şəklində hazırlanmış videoçarxlar vasitəsilə təqdim ediblər. Videoçarxlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qalib gələn komandalar medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbirdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin böyük məsləhətçisi Hüseyn Mirzəyev, İ.M.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əskərov, rejissor Əfqan Yusibov, DVC-nın proqram meneceri Canoğlan İlyasov, eləcə də liseyin müəllim və şagirdləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi fəaliyyətə başlayan DVC cəmiyyətin maarifləndirilməsi məqsədilə “Milli Debat”, “Youth İnc.” və “Yaşıl ofis” proqramları çərçivəsində fəaliyyət göstərir. DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramı gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədlərinə xidmət edir. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik, eləcə də digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayon və iri şəhərlərini əhatə etməklə, 11 regional nümayəndəliyi özündə birləşdirir. İndiyə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 40 000-dən artıq gənc iştirak edib.

Bədii gimnastika üzrə “Təhsil” Respublika İdman Mərkəzinin “Təhsil Kuboku” na start verilib

15 mart 2016-cı il tarixində İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində Bədii gimnastika üzrə “Təhsil” Respublika İdman Mərkəzinin “Təhsil Kuboku” na start verilib. Yarışın açılış mərasimində “Təhsil” Respublika İdman Mərkəzinin, Gimnastika məktəbinin və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Yarışda idman məktəblərinin, idman cəmiyyətlərinin və idman klublarının idmançıları iştirak edir. Ümumilikdə yarışda 100-dən çox idmançı mübarizə aparır. Yarışlara Azərbaycan Gimnastika Federasiyasının təsnifat proqramında təsdiq edilmiş bədii gimnastikanın yaş qrupları üzrə bütün növləri daxil edilmişdir. Yarışlarda I, II, III yerləri tutan idmançılar  mərkəzin diplom və medalları ilə təltif olunacaqlar.

“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Martın 16-da 18 saylı tam orta məktəbdə “Məktəb icması" layihəsi çərçivəsində “Mənim ailəmin hekayəsindən” adlı ilk onlayn müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.     Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müsabiqənin  təşkilatçıları, məktəblilər, valideynlər və KİV nümayəndələri iştirak ediblər. Çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışaraq, yazıların şagirdlərin tədris nailiyyətlərinin yüksəlməsinə müsbət təsir göstərdiyini bildiriblər. Qeyd olunub ki, “Məktəb icması" layihəsi müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsində mühüm rol oyanır. Bu il ərzində Bakı şəhərində fəaliyyət göstərən daha 50 ümumi təhsil müəssisəsinin bu layihəyə cəlb ediləcəyi vurğulanıb. Müsabiqəyə yanvarın 27-dən start verilib. I-XI sinif şagirdlərinin qatıldığı müsabiqəyə 500–dən çox hekayə təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən, hər bir iştirakçı 1000 sözdən çox olmayaraq öz ailə hekayəsini və ona uyğun şəkil, yaxud illüstrasiyanı www.community.az portalında “Mənim ailə həyatı hekayəmdən” müsabiqə qrupunda yerləşdirib. Ən çox səs toplayan Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbinin şagirdləri Röya Abdullayeva və Lalə İmanəliyeva qalib gəliblər. Həmçinin, Münsiflər Heyəti tərəfindən ən maraqlı hekayə müəllifi kimi 6 şagird seçilib. Qaliblərə portalın tərəfdaşları “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC, "Azerfon" MMC şirkətləri tərəfindən dəyərli hədiyyələr təqdim olunub. Qeyd edək ki, Dünya Bankının maliyyə və “Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb.

12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam edir

Martın 15-də Sumqayıt şəhərində 12 illik ümumi təhsilə keçidlə bağlı “Dəyirmi masa” keçirilib. Müzakirələrdə Təhsil Nazirliyinin rəhbər işçiləri, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, şəhərin ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və valideynlər iştirak edib. “Dəyirmi masa”da 12 illik ümumi təhsilin üstünlükləri, bu sahədə dünya təcrübəsi, prosesə hazırlıqla bağlı atılacaq zəruri addımlar, ümumi təhsilin yeni modelinə keçidlə bağlı əsas hədəflər barədə məlumat verilib. Çıxış edənlər 12 illik ümumi təhsilə keçidlə bağlı XXI əsrin tələbləri və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla məzmunun və tədris yükünün optimal müəyyənləşdirilməsi, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, peşə təhsili imkanlarının artırılması zərurəti, məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla ümumi təhsilin mümkün modellərinə dair təkliflər səsləndirilib.

Növbəti “Novruz mühazirələri” keçirilib

Martın 15-də T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib. Mühazirədə təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin “Postmodernizm və təhsil” mövzusunda mühazirəsi dinlənilib. Tədbirdə təhsil ekspertləri, ali və ümumi təhsil müəssisələrinin müəllimləri, tələbələr iştirak ediblər. Təhsil eksperti mühazirədə postmodernizmin tarixi, fəlsəfəsi, sosial və milli kontekstlərindən danışıb, tənqidi pedaqogikanın əsaslarını izah edib. Mühazirədə şəxsiyyətin psixoloji xüsusiyyətlərinin nəzərə alın­ma­sı, təhsilin yaradıcı təşkili, yeni tərbiyəvi təsirlərin həyata keçirilməsi, təfə­k­kürün və fəaliyyətin məzmunun dəyişdirilməsi məsələlərinə toxunulub, cəmiyyətin postmodernizm istiqamətində yeni dəyərlərin yaradılmasına nail olması prinsiplərindən, ənənəvi və müasir dərslərin paradiqmalarından söhbət açılıb. Ənənəvi təhsil sistemini sosial, şəxsiyyətyönümlü təhsilin əvəz etməyə başladığını vurğulayan Etibar Əliyev yeni tədris metodologiyaları və texnologiyalarının sınaqdan keçirilməsi nümunələrindən, praktik fəaliyyətə əsaslanan tədris metodlarından, ümumi və peşəkar təhsildə pedaqoqun rolu və ona olan tələblərdən danışıb. Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzuya dair müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, fevralın 23-dən start verilən mühazirələrdə tanınmış alimlər, təhsil ekspertləri müasir elmin tendensiyaları və nailiyyətlərini daha anlaşıqlı formada geniş auditoriyaya çatdırıblar. Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.

Anlaşma memorandumu imzalanıb

Martın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında anlaşma memorandumu imzalanıb. Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. İmzalanma mərasimində Təhsil Nazirliyinin və AFFA-nın rəsmi şəxsləri, uşaq-gənclər futbol məktəblərinin direktorları iştirak ediblər. Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2016-2020-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi inkişafı üçün əngəl törədən zərərli vərdişlərdən çəkindirmək, ölkənin futbol üzrə milli və olimpiya yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə futbolu inkişaf etdirmək və bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir. Tədbirdə təhsil nazirinin müavini F.Qurbanov çıxış edərək təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün tədris metodikasının təkmilləşdirilməsi və digər  istiqamətlərdə nazirlik tərəfindən görülən işlərdən danışıb. O, futbolun maddi-texniki bazasının yaxşılaşdırılması, futbol meydançalarının yaradılması, məktəbli futbolçuların idman ustalıqlarının və futbolun kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib. AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşdırılması və futbolla məşğul olanların sayının artması istiqamətlərində həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verib. E.Məmmədov bu layihələrin gənc nəslin sağlam həyat tərzinə istiqamətləndirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu sahədə AFFA ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olacağını vurğulayıb.  

Badminton idman növü üzrə yarışlar başa çatıb, şahmat idman növü üzrə yarışlara start verilib

Martın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatının proqramına daxil olan badminton idman növü üzrə yarışlara yekun vurulub. Yarışlar Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilib. Yarışın nəticələrinə əsasən, kişilərdən ibarət komandalar üzrə 1-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2-ci yeri Azərbaycan Texniki Universiteti, 3-cü yeri isə Bakı Dövlət Universitetinin komandası tutub. Qadınlardan ibarət komandalar üzrə Bakı Dövlət Universiteti 1-ci, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2-ci, Bakı Slavyan Universiteti 3-cü yerə layiq görülüblər. Bununla yanaşı, martın 10-da Şahmat klubunda şahmat idman növü üzrə yarışlar start götürüb. Yarışlarda 14 ali təhsil müəssisəsinin komandası iştirak edir. Qeyd edək ki, ali təhsil müəssisələri arasında respublika çempionatı mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləri üzrə keçirilir. Çempionatın əsas məqsədi ali təhsili müəssisələri tələbələrinin kütləvi bədən tərbiyəsi, sağlamlıq və idman bölmələrində məşqlərə cəlb edilməsi, universitetlər arasında dostluq əlaqələrinin genişləndirilməsi, Bakı şəhərində keçiriləcək Dünya Şahmat Olimpiadasının və İslam Həmrəyliyi Oyunlarının tələbələr arasında təbliğ edilməsidir.

İnternat məktəbində Novruz şənliyi - foto anlar

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibətilə keçirilən şənlikdən foto anlar 

Təhsil naziri Hindistan Respublikasının səfirini qəbul edib

Martın 14-də təhsil naziri Mikayıl Cabbarov Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı