Mart ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12669 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində 12669 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9582 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 dəfə çox, 2014-cü il ilə müqayisədə 4,3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 1,8 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3087 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1303 sənəd (582 məktub, 378 ərizə, 343 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil məktəblərinin 1-ci siniflərinə şagird qəbulu, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (2369 zəng) və cümə axşamı (2120 zəng) günləri əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (680 müraciət), çərşənbə (688 müraciət) və cümə axşamı (659 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
04/04/2016 10:00
Məktəb direktorlarının işə qəbulu ilə bağlı ikinci mərhələ başlayıb
Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı başa çatıb. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün 18-31 mart tarixlərində 3394 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib. Müsabiqəyə 600 vakant yer çıxarılıb. Aprelin 1-dən müsabiqənin ikinci - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi başlanılıb. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi vaxtı namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatları yoxlanılır və göstəricilərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, onun növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə müsabiqə iştirakçısı birbaşa məsuliyyət daşıyır. Ərizədəki qeyd olunan məlumatlar mövcud qaydalara uyğun olmadıqda namizədin elektron ərizəsi ləğv edilir. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün qeydiyyatdan keçən namizədlərə ərizələrinin təsdiq olunduğunu bilmək üçün şəxsi səhifələrini izləmələri tövsiyə olunur.
01/04/2016 14:06
“Tələbənin müəllimdən asılılığı minimuma endirilməlidir” - "Uğur formulu"
Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə layihəsi olan və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin budəfəki qonağı Böyük Britaniyanın Heriot-Vat Universitetinin tələbəsi Samir Məmmədovdur. Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü S.Məmmədov Böyük Britaniyanın Heriot-Vat Universitetində tətbiqi robototexnika ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Həmin müsahibəni təqdim edirik. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Bəli, xaricdə təhsil ümidlərimi doğruldur. Çünki təhsil aldığım müddətdə xaricdə təhsilin kifayət qədər üstünlüklərini və faydalarını gördüm. Burada təhsil aldığım qısa zamanda informasiyamın, biliyimin sürətlə artdığını deyə bilərəm. Əldə etdiyim akademik biliklərdən, praktiki təcrübələrdən çox razıyam. Bundan əlavə, xaricdə təhsilin sosial və mədəni həyatımdakı müsbət təsirlərini də hiss etməmək mümkün deyil. Artıq daha asan şəkildə yeni mühitə, yeni insanlara, yeni mədəniyyətə uyğunlaşa bilirəm. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Bakalavr səviyyəsini Azərbaycanda bitirdiyim üçün ölkəmizdəki təhsil sistemindən kifayət qədər məlumatım var. Bu məlumatlara əsaslanaraq, onu deyə bilərəm ki, buradakı təhsil sistemi ilə ölkəmizdəki təhsil sistemi kifayət qədər fərqlənir. Əvvəl təhsil aldığım ali məktəbdə dəyişilməsini istədiyim önəmli cəhətlərdən biri universitet daxilində təhsilin idarə edilməsi sistemidir. Məncə, bu sahədə tələbənin müəllimdən asılılığı minimum həddə endirilməlidir. Yeni sistem təhsil müddəti ərzində tələbədə müstəqil araşdırmaq və öyrənmək vərdişləri formalaşdırmalıdır. Bu da tələbənin gələcək elmi araşdırmalarına və fəaliyyətinə böyük kömək edən amillərdəndir. Bundan başqa, nəzəri dərslərin praktiki dərslərlə paralel şəkildə aparılmasını istərdim. Çünki, praktikasız nəzəri dərslər tələbədə tədris olunan fənn, elm haqqında ancaq “kağız üzərində mövcuddur” təəssüratı yaradır və “gələcək iş fəaliyyətində lazım olmayacaq” düşüncəsi formalaşdırır. Bu da son nəticədə tələbədə öyrənəcəyi fənnə qarşı soyuqluq və biganəlik yaradır. - Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? - Bura Təhsil Nazirliyi tərəfindən verilən materialları - “Azərbaycanın Etnik Turizmi”, “Azərbaycan Ənənəvi Əl Sənətləri” və digər kitabları gətirmişdim. Bunlardan əlavə, Azərbaycanın müstəqillik illəri ərzində müxtəlif sahələrdə - idmanda, incəsənətdə, sənayedə əldə etdiyi nailiyyətləri özündə əks etdirən kiçik kitabçalar və dövlət rəmzlərimizdən nümunələr gətirmişdim. - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Azərbaycan gənclərinə onu demək istərdim ki, heç vaxt nəyinsə, xüsusilə oxumağın, öyrənməyin gec olduğunu düşünməsinlər. Öncə də dediyim kimi, tədris olunan hər hansı bir fənnə “gələcəkdə lazım olmayacaq” düşüncəsi ilə yanaşmasınlar. Çünki tədris olunan bütün fənlər gələcək iş fəaliyyətində və ya elmi araşdırmalarda lazım olacaq. Qarşınıza məqsəd qoyun və həmin məqsədə çatmaq üçün hər gün az da olsa, yeni bir şey öyrənin. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Oxuduğum universitetdə müəllim-tələbə münasibəti çox yüksək səviyyədədir. Müəllimlərimiz tələbələrə qarşı çox təvazökar, səmimi, gülərüzlü, zarafatcıl olmaları ilə fərqlənir. Burada müəllimlər tələbələrin sadəcə yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi üçün deyil, eyni zamanda müstəqil şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayırlar. Müəllimlərimiz bizlərlə dost olmağa çalışırlar. Kiçik, çox da önəmli olmayan problemimiz də olsa, vaxt ayırır, qulaq asır, fikir mübadiləsi edir və məsləhətlərini verirlər. Bütün bunlar da tələbə ilə müəllim arasında səmimiyyətin və dostluğun yaranmasına gətirib çıxarır. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Bəli, əcnəbi tələbələrə münasibətdən çox razıyam. Bizim universitetdə demək olar ki, dünyanın hər yerindən, müxtəlif millətlərdən tələbələr və müəllimlər görmək olar. Bu səbəbdən uzun illər ərzində universitetimizdə çoxmədəniyyətli mühit formalaşıb. Bu da əcnəbi tələbənin mühitə asanlıqla uyğunlaşmasına yardımçı olur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Fikirləşirəm ki, Azərbaycan təhsil sisteminin üstünlükləri ilə yanaşı, müəyyən çatışmayan cəhətləri də var. Misal üçün, ölkəmizdə təhsil sistemi əsasən, nəzəriyyə üzərində qurulub. Tələbə universiteti bitirdikdən sonra güclü nəzəri biliklərə sahib olsa da, bu bilikləri praktikada necə tətbiq edəcəyi haqda demək olar ki, məlumatsız olur. Əvvəldə qeyd etdiyim kimi, bu səbəbdən praktiki dərs saatlarının artırılmasını arzu edərdim. Bunlardan əlavə, ölkəmizdə təhsilin idarəedilməsi sistemi Böyük Britaniya ilə müqayisə olunduqda, tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Böyük Britaniya təhsil sistemində tələbənin müəllimdən asılılığı minimum səviyyədədir. Burada mövcud olan təhsil sistemi təhsil müddəti ərzində tələbədə müstəqil araşdırmaq, öyrənmək qabiliyyəti formalaşdırır. Bu səbəbdən ölkəmizdəki təhsil ocaqlarında tələbələrə daha çox müstəqil işlərin verilməsinin tərəfdarıyam. Bununla da tələbədə müstəqil araşdırmaq, öyrənmək vərdişləri formalaşacaq və tələbənin gələcək elmi araşdırmalarında və fəaliyyətində böyük dönüş yaranacaq. - Çətinlikləriniz varmı? - Təbii ki, yeni mühitə düşdükdə hər bir insan müəyyən müddət çətinlik çəkir. İlk dövrlər mənim də müəyyən çətinliklərim oldu və zamanla bunların öhdəsindən gəldim. Bunlara misal olaraq, ünsiyyət zamanı yerli əhalinin çətin başa düşülən aksentinin olmasını və günəşli günlərin sayının ölkəmizlə müqayisədə azlığını göstərə bilərəm. Belə hava şəraiti istər-istəməz insanın əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Lakin zaman ötdükcə bu kimi müvəqqəti çətinliklər də öz həllini tapdı. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda adətən, yeni qazandığım dostlarımla vaxt keçirirəm. Müxtəlif mədəniyyətlərdən olan bu insanlarla ünsiyyətdə olmaq çox maraqlıdır. Həftə sonları isə əsasən şəhərin gəzməli, görməli yerlərinə gedirəm. Bəzən də maraqlı kino olanda, onu qaçırmamağa çalışıram. Həmçinin, mütəmadi olaraq idmanla məşğul oluram. Lent.az
01/04/2016 12:10
Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub
Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271, humanitar fənlər üzrə 415 şagird iştirak edəcək. Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) əldə edə bilərlər. Final mərhələsində şagirdlər iki qrup üzrə biliklərini sınayacaqlar. Belə ki, X və XI siniflər yuxarı yaş qrupu kateqoriyasında, IX və xüsusi istedadı ilə seçilən daha aşağı sinif şagirdləri isə aşağı yaş qrupu kateqoriyasında eyni materiallar üzrə sualları cavablandıracaqlar. Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər. Fənn olimpiadalarının dəqiq fənlər üzrə final mərhələsi 15-17 aprel, humanitar fənlər üzrə isə 22-24 aprel tarixlərində keçiriləcək. Final mərhələsinin ilk günü qeydiyyat və açılış mərasimi, ikinci günü - final mərhələsi, üçüncü günü isə nəticələrin elanı və apelyasiya olacaq. Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə 27 500-dən çox şagird iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib.
29/03/2016 09:22
Direktor vəzifəsinə təyinatla bağlı ərizə qəbulu davam edir
Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı davam edir. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qeydiyyatına martın 18-dən başlanılıb. Martın 28-ə qədər 600 vakant yerə 1700 nəfər elektron ərizə ilə müraciət edib. Ərizələrin qəbulu martın 31-dək davam edəcək. Ərizəsi təsdiq olunmuş namizədlər üçün növbəti mərhələ aprel ayında baş tutacaq. Yeni qaydalara əsasən, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək. Qeyd olunan göstəricilərə malik olan şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər bu səhifəyə daxil olmalıdırlar. “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müraciət edə bilərlər. “Uğur sertifikatı” olan şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.
28/03/2016 15:40
Təhsil naziri Bərdə şəhərində vətəndaşları qəbul edəcək
Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 4 aprel 2016-cı il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək. Qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 28, 29, 30, 31 mart və 1 aprel 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
28/03/2016 12:39
Təsviri Sənət Qalereyasında növbəti “Açıq Qapı” günü
Martın 22-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında uşaq və gənclər üçün növbəti “Açıq qapı” günü keçirilib. Burada artıq ənənəyə çevrilmiş “Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması, mövcud olan bacarıqların inkişaf etdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və qeyri-adi texnikalardan istifadə olunan uşaq rəsmləri ilə tanışlıq məqsədi daşıyır. Qalereyanın bayrama uyğun tərtibati, bütün sərgi zallarında nümayiş etdirilən rəsm və əl işləri, qədim İçərişəhərin "Qoşa qala" qapılarını əks etdirən panno xüsusi diqqətə səbəb olub, Novruz adət-ənənələrinin, atributlarının qalereyanın sərgi zallarında yer alması hər kəsin zövqünü oxşayıb və bayram əhvali-ruhiyyəsi bəxş edib. Dərnək rəhbərlərinin Novruz mövzusunda ustad dərsləri də uşaq və valideynlər tərəfindən böyük maraqla qarşılanıb, ebru sənəti, kağızdan müxtəlif aplikasiyalar, muncuq və toxumlardan ibarət bəzəkli rəsmlər, kompüterdə qrafik təsvirlər qalereyaya gələn qonaqlarla birgə işlənilib. Qonaqlar, həmçinin qalereyada uşaq və gənclərin “Gəl, Novruzum!” adlı müxtəlif texnika və janrlarda işləmiş 200 yaxın rəsm və əl işlərindən ibarət əsərləri ilə tanış olublar.
25/03/2016 16:48
İçərişəhər və Qala qoruqlarında “Novruz – Bahar Festivalı”
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini təmin edib. Belə ki, 20-21 mart 2016-cı il tarixlərində İçərişəhərdə “Novruz – Bahar Festivalı” keçirilib. Milli adət-ənənələrlə zəngin Novruz bayramına və baharın gəlişinə həsr olunmuş festival günlərində “Qoşa Qala” Qapısı meydanında “Meydan Bazarı” təşkil olunub. “Meydan Bazarı”nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunub. Novruz bayramı şənliklərində səhər saatlarından pəhləvanlar, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, kəndirbaz və sehrbazlar öz məharətlərini göstəriblər. Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artırıb. Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndirilib. Tədbirdə Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları da iştirak ediblər. “Novruz – Bahar Festivalı” çərçivəsində bu il də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində (Böyük Qala küçəsi, 19 və Kiçik Qala küçəsi, 13 ünvanlarında) “master-klass”lar təşkil olunub. Bayram tədbirləri çərçivəsində martın 20-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənliyi keçirilib. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə qonaqlar rəngarəng konsert proqramını, Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi və xalça toxunması prosesini izləyiblər. Tədbir zamanı qonaqlar, həmçinin müxtəlif ölkələrin mədəniyyətini əks etdirən tətbiqi sənət əsərləri, suvenirlər, açıqcalar, milli mətbəx nümunələri ilə tanış olub, Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dadıblar. Müxtəlif xalqların adət-ənənəsini və özünəməxsusluğunu ehtiva edən təqdimatlar yaşadığımız “Multikulturalizm ili”nə daha bir töhfə olub.
22/03/2016 16:35
Şamaxıda məktəb açılışı
Martın 19-da Şamaxı rayonu Şərədil kənd ümumi orta məktəbin açılış mərasimi keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, son illər təhsil sahəsində aparılan islahatlardan, yeni məktəb binalarının istifadəyə verilməsindən və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Yeni istifadəyə verilən bu məktəbdə də şagirdlərə təhsil almaq üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov ölkədə bütün təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, yeni məktəblərin tikildiyini bildirib. Təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən tikilən 80 şagird yerlik məktəb binasının inşasına 2014-cü ildən başlanılıb. Məktəbdə 9 sinif otağı, ümumiləşdirilmiş kimya və fizika laboratoriyası, kompüter otağı, 48 yerlik akt zalı, bufet, müəllim otağı, idman zalı, kitabxana var. Ərazidə basketbol və açıq idman meydançası tikilib. İdman zalı üçün paltardəyişmə otağı, duş və sanitar qovşaqlar istifadəyə verilib. Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Təhsil müəssisəsinin ərazisində abadlıq işləri aparılıb. Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.
19/03/2016 19:09
“Təhsil” TV-nin hazırladığı filmlər təqdim olunub
Martın 18-də YARAT Müasir İncəsənət Mərkəzində “Təhsil” televiziyasının hazırladığı filmlərin təqdimat mərasimi keçirilib. Öncə“Təhsil” televiziyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan televiziya tərəfindən qısa müddət ərzində 30-dan çox film çəkilib. Mərasimdə müəllim, tələbə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının obrazları canlandırılan filmlərdən 7-si nümayiş etdirilib. Daha sonra filmlərin qəhrəmanları və yaradıcı heyəti öz təəssüratlarını bölüşüblər. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, Novruz bayramı münasibətilə mərasim iştirakçılarına təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, bu televiziyanın yaranmasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədinə xidmət etdiyini bildirib.“Təhsil” televiziyasının maarifçilik missiyası daşıdığını deyən nazir televiziyanın gələcəkdə fəaliyyətini genişləndirməklə təhsil islahatlarına daha böyük töhfə verəcəyini vurğulayıb. Tədbirdə çıxış edənlər filmlərin peşəkarlıqla çəkildiyini qeyd edib, öz sahəsində uğur qazanan şəxslərin ictimaiyyətə tanıdılması məqsədilə həyata keçirilən bu layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Təqdimat mərasimində Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri, ali məktəblərin rektorları,dövlət və biznes qurumlarının nümayəndələri, tanınmış ziyalılar,təhsil ekspertləri və media qurumlarının rəhbərləri iştirak ediblər.
18/03/2016 21:32
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı