Azərbaycan Texnologiya Universitetində memorandum imzalanıb
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi arasında memorandum imzalanıb. İmzalanmadan öncə ATU-da "Gənc Mühəndislərin İnkişafı" İB idarə heyətinin üzvləri ilə görüş keçirilib. Qonaqları salamlayan ATU-nun rektoru Akif Süleymanov onlara rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Rektor bildirib ki, ATU-nun mütəxəssis hazırlığı proqramında əsas istiqaməti mühəndis və mühəndis-texnoloq kadrlarının yetişdirilməsi təşkil edir. Ona görə də universitet bu sahə üzrə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır. A.Süleymanov qeyd edib ki, ATU əsasən qida sənayesi və yüngül sənaye üzrə, eləcə də bir sıra digər istiqamətlər üzrə mütəxəssis hazırlayan ali təhsil ocağı kimi, ölkədə bu sahələrin inkişaf etdirilməsində, mühəndislərin peşəkar hazırlığının yüksəldilməsində maraqlıdır. Texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə mühəndislik bu günün və gələcəyin ən vacib ixtisaslarındandır. "Gənc Mühəndislərin İnkişafı" İB idarə heyətinin sədri Yusif Yusifov da rəhbərlik etidyi təşkilatın məqsəd və fəaliyyətləri barədə məlumat verib. O, qeyd edib ki, ictimai birliyin əsas qayəsi mühəndislərin həyat və iş təcrübələrini ortaya qoyan bir platforma yaratmaq, dünyanın qlobal problemlərinə mühəndislik həlləri təklif edə bilən sosial məsuliyyətli mühəndislər yetişdirmək, mühəndislik qurumları ilə əlaqələndirici funksiyanı yerinə yetirməkdir. Y.Yusifov qeyd edib ki, "Gənc Mühəndislərin İnkişafı" İB-nin tərkibində 8 müəhəndislik klubu fəaliyyət göstərir ki, onlardan da 6-nın istiqaməti ATU-nun ixtisasları ilə eynilik təşkil edir. Məhz bu amil universitetlə ictimai birliyin əməkdaşlığı üçün real zəmin yaradır. O, qeyri-neft sektorunun inkişafının ölkəmizdə vacib məsələ kimi qarşıya qoyulduğu indiki zamanda sənayenin digər istiqamətləri üzrə mühəndis kadrların hazırlanmasının əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Görüşün yekununda ATU ilə "Gənc Mühəndislərin İnkişafı" İB arasında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq memoradumu imzalanıb. Sonra "Gənc Mühəndislərin İnkişafı" İB-nin ekspertləri universitetin akt zalında tələbələr qarşısında qida təhlükəsizliyi, ekologiya və İKT sahələrinə dair təqdimatlarla çıxış ediblər.
15/03/2016 06:07
İnternat məktəbində Novruz şənliyi
Martın 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlik Novruz bayramının simvolu Bahar qızın faytonla gəlişi ilə başlayıb. İnternat məktəbinin həyətində Novruz tonqalı yandırılıb, milli geyimdə olan uşaqlar tonqal ətrafında yallı gediblər. Bayram tədbirində şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət- ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar. Daha sonra tədris ilinin birinci yarımilində fərqlənən şagirdlərə Fəxri fərmanlar və Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri verilib. Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, tədris ocağının yeni inşa olunmuş korpusu ötən ilin noyabrından şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, evdarlıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur. İnternat məktəbində 155 nəfər şagirdin təlim-tərbiyəsi ilə 55 nəfər pedaqoji heyət məşğul olur.
14/03/2016 16:02
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib
Martın 13-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Olimpiadanın yarımfinal turu ölkənin 11 müxtəlif bölgəsində - Naxçıvan MR, Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, Şəki, Lənkəran, Xaçmaz, Şirvan, Şamaxı və Bakı şəhərlərində keçirilib. Bu mərhələdə 4500-ə yaxın şagird öz bilik və bacarıqlarını nümayiş etdirib. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir. Bununla yanaşı, olimpiadanın əvvəlki mərhələlərindən uğurla keçən beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin məşğələlərində iştirak edən VII və VIII sinif şagirdləri, habelə xüsusi istedada malik aşağı sinif şagirdləri də yarımfinal turuna qatılıb. Respublika mərhələsinin yarımfinal turunda da şagirdlərə tapşırıqlar qapalı test formasında təqdim edilib. Bu mərhələnin nəticələrinə əsasən, hər fəndən ən çoxu 60 şagird Respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanacaq. Respublika fənn olimpiadalarının final mərhələsinin aprel ayında keçirilməsi planlaşdırırlır. Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə 27 500-dən çox şagird iştirak edib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanıb.
13/03/2016 16:27
Təhsil Nazirliyində kollegiya iclası
Martın 11-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmə və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Kollegiya iclasında ali təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün tələbə qəbulu yerlərinin proqnozlaşdırılması, formalaşdırılması və təkmilləşdirilməsi, “Thomson Reuters” elmi məlumat bazasından səmərəli istifadənin təşkili məsələləri müzakirə edilib. İclasda kolleclərin ali təhsil müəssisələrinin nəzdinə verilməsi ilə orta ixtisas təhsili müəssisələrinin strukturunun rasionallaşdırılması, ali təhsil müəssisələrinin 2014-2015-ci illər üzrə akkreditasiyalarının nəticələri, xarici vətəndaşların Azərbaycanda təhsilinin genişləndirilməsi istiqamətində ali təhsil müəssisələri tərəfindən tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı mövzulara toxunulub. Sonra nazirliyin aidiyyəti qurumları rəhbərlərinin kollegiya iclasının gündəliyindəki məsələlərlə bağlı məruzələri dinlənilib, təklif və tövsiyələr səsləndirilib. Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edib, məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Təhsil naziri bu il ali təhsil müəssisələrində payız imtahan sessiyasının şəffaf keçdiyini və cəmiyyət tərəfindən razılıqla qarşılandığını vurğulayıb. Ali təhsil müəssisələrində işgüzar mühitin, tədris etikasının, tələbə-müəllim münasibətlərinin möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən nazir bütün bunların təhsilin inkişafı baxımından vacib olduğunu qeyd edib. Daha sonra Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribovu yeni təyinat münasibətilə kollegiya üzvləri adından təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Sonda nazir qarşıdan gələn Novruz bayramı münasibətilə kollegiya üzvlərini və iclas iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.
11/03/2016 15:22
Azərbaycan məktəblilərinin növbəti uğuru
Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə 11-ci sinif şagirdləri arasında riyaziyyat-mexanika üzrə Beynəlxalq Tədqiqat Layihə Olimpiadası keçirilib. Olimpiadada akademik Zərifə Əliyeva adına liseyin şagirdləri İlkin Musayev qızıl medal, Nigar Əsədova isə gümüş medal qazanıblar. Qeyd edək ki, hər iki şagird akademik Zərifə Əliyeva adına liseydə istedadlı şagirdlərdən ibarət yaradılmış “Kiçik Akademiya” nın üzvləridir.
11/03/2016 14:07
Təhsil Nazirliyi yeni müsabiqəyə start verib
Təhsil Nazirliyi tərəfindən “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə keçirilir. Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu baxımdan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə təşkil olunan müsabiqə mühüm əhəmiyyət kəsb edir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdən ibarətdir. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
11/03/2016 09:44
Növbəti “Novruz mühazirəsi”
Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə AMEA-nın alimləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib. Görüşdə AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanovun “Novruz fəlsəfəsi” və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyevin “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzularında mühazirələri dinlənilib. Akademik Muxtar İmanov mühazirəsində Novruz bayramının tarixi köklərindən, fəlsəfəsindən, qədim adətlərindən danışıb, Novruz çərşənbələri haqqında geniş məlumat verib. Novruzun “yeni gün”, “təzə ilin başlanğıcı” mənasını verdiyini deyən akademik bildirib ki, dünyanın bir çox ölkələrində hər il qeyd olunan bayram özündə bədii-estetik, mifik, mənəvi-əxlaqi və dünyəvi duyğuları təcəssüm etdirir. Qeyd olunub ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” kimi elan olunub. Daha sonra akademik Telman Əliyev “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzusunda mühazirə səsləndirib. Mühazirədə informasiya və hesablama texnikasının ilk element və qurğularının işlənib hazırlanması, Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı, qazanılan nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara olan tələbat nəzərə alınaraq, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu yaradılıb. Akademik yeni informasiya texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycanda neftqazçıxarma, neft emalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən sistemlərin tədqiqi, yeni texnologiyalar əsasında hazırlanmış seysmoloji cihazların ölkəmizdə tətbiqi haqqında danışıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. “Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
10/03/2016 17:46
Nardaranda “Olimpiya Hərəkatı” proqramı çərçivəsində idman tədbiri
Sabunçu rayonu Nardaran qəsəbəsi 130 nömrəli ümumi təhsil məktəbində “Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində idman tədbiri keçirilib. Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), həmçinin Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyilə həyata keçirilən tədbirin məqsədi “Olimpiya Hərəkatı” çərçivəsində Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanmış məktəbli idmançılara dəstək olmaq, həmçinin şagirdləri müxtəlif idman növləri vasitəsilə sağlam və fəal həyat tərzinə həvəsləndirməkdən ibarətdir. Tədbirdə layihənin tərəfdaşları olan Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, “Olimpiya Hərəkatı” proqramı və məktəblilərin sağlamlıqlarının qorunmasında idmanın əhəmiyyəti barədə danışıb. İdman tədbirində 130 və 295 nömrəli orta məktəblərin şagirdləri basketbol (3x3), futbol və atletika idman növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə tədbirin təşkilatçıları tərəfindən diplomlar təqdim olunub. Qeyd edək ki, “Olimpiya Hərəkatı” proqramı çərçivəsində paytaxtdakı 400-ə yaxın ümumi təhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol (3x3) və velosiped idman növləri üzrə yarışlara cəlb olunub. Bu idman növləri üzrə məktəbdaxili və rayon yarışları başa çatıb. Yarışlara “Bakı 2015” Avropa Oyunlarının keçirildiyi idman arenalarının birində təşkil olunacaq final qarşılaşması və idman festivalı ilə yekun vurulacaq.
09/03/2016 18:27
“Novruz mühazirələri” davam edir
Martın 9-da növbəti “Novruz mühazirəsi” keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetində baş tutan görüşdə təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda mühazirə səsləndirib. Tədbirdə təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər. Mühazirədə Asif Cahangirov səriştə əsaslı təhsil mühitində müəllimlərin qarşısında duran vəzifələrindən, tədris-təlim prosesinə yeni yanaşmalardan, səriştənin planlanlaşdırılmış səviyyədə formalaşdırılmasından danışıb, səriştə əsaslı təhsildən nümunələr səsləndirib. Qloballaşan dünyanın tələblərinə uyğun olaraq, təhsil sisteminin formalaşdırılmasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının mühüm əhəmiyyət daşıdığını bildirən A.Cahangirov strategiyada təsbit olunan əsas istiqamətlərdən birinin də məhz səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmunu olduğunu diqqətə çatdırıb. O, səriştə əsaslı pedaqoji təhsil, ali məktəblər üçün səriştə əsaslı təhsil proqramı və komponentləri ilə bağlı geniş məlumat verib, bu sahədə mövcud olan yerli və beynəlxalq təcrübəni müqayisə edib. Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzuya dair müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
09/03/2016 18:07
12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə başlanılıb
Martın 9-da Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə həsr edilmiş “Dəyirmi masa” keçirilib. Müzakirələrdə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri və əməkdaşları, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin rəhbərləri iştirak edib. Tədbirdə 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb. Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkil edilməsi, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiq edilməsi, bununla əlaqədar ictimaiyyətdə aparılacaq maarifləndirmə işi zamanı əhəmiyyətli tərəflərin qeyd olunmasına dair təkliflər səsləndirilib. Eyni zamanda Təhsil Problemləri İnstitutunda 12 illik ümumi təhsilə keçidin səmərəliliyinin müəyyən edilməsi üçün müvafiq tədqiqatların aparılmasının vacibliyi qeyd olunub. Sonda 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
09/03/2016 17:47
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı