Müsabiqə qalibləri mükafatlandırılıb
Aprelin 5-də Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran, Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları və müsabiqə qalibləri iştirak ediblər. Mərasimdən öncə torpaqlarımızın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov inşa müsabiqəsinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin qorunması, onun inkişafı və məktəblilərə vətənpərvərlik tərbiyəsinin aşılanmasında mühüm rol oynadığını bildirib. Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verildiyi qeyd olunub, gənc nəslin milli ruhda böyüməsi, adət-ənənələrimizin qorunub saxlanılması ilə bağlı aparılan məqsədyönlü işlərdən danışılıb. “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planının icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilib. Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri ötən ilin oktyabr-noyabr aylarında təşkil olunub. İnşa müsabiqəsinin ölkə mərhələsində bütün bölgələr əhatə olunmaqla 101 şagird iştirak edib. İnşa yazılar Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılıb. Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü, 20 nəfər həvəsləndirici yerə layiq görülüb. Müsabiqə qalibləri diplom, tərifnamə və hədiyyələrlə təltif ediliblər.
06/04/2016 09:18
Məktəblilərin Bakı şəhəri üzrə mini futbol çempionatı
Aprelin 4-də Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatına start verilib. Bakı şəhərindəki 305 məktəbdən 3660 şagirdin qatıldığı yarışlara paytaxtın 15 ümumi təhsil və 2 idman məktəbi ev sahibliyi edir. Yarışların birinci mərhələsi “Olimpiya” sistemi üzrə keçirilir. Bu mərhələdə hər məktəbin yığma komandası rayondaxili mərhələdə iştirak edir. Oyunları AFFA tərəfindən təyin olunmuş hakimlər heyəti idarə edir. Birinci mərhələ üzrə oyunlar aprel ayının 10-dək davam edəcək.
05/04/2016 12:52
Jurnalistlər üçün təlimə başlanılır
Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14-16 aprel 2016-cı il tarixlərində nazirliklə əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək. Təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Üçgünlük təlim “Jumeirah Bilgah Beac” otelində keçiriləcək. Təlimdə iştirak etmək istəyən media nümayəndələrindən 10 aprel 2016-cı il tarixinə qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. https://docs.google.com/forms/d/1eIsWmCkxfEEDVu7E0QZWeA4UGjHZWJgdNzkGcSSdG8Q/edit Yerlər məhdud sayda olduğu üçün qeydiyyatdan ilk keçmiş media nümayəndələri təlimdə iştirak hüququ qazanacaqlar.
05/04/2016 11:14
Təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması davam edir
2016-cı ilin fevral və mart aylarında Bakı, Mingəçevir, Şəmkir, Ucar, Ağcabədi, Ağstafa, Ağdam, o cümlədən Kəlbəcər şəhər və rayonları üzrə 10 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşululub. Bununla da ATŞ-ə qoşulan təhsil müəssisələrinin sayı 2073-ə çatıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində ATŞ-ə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası təmin edilib. ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edə bilir. ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən saytlara giriş məhdudlaşdırılıb.
05/04/2016 11:04
12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam edir
Aprelin 4-də Quba rayonunda 12 illik ümumi təhsilə keçidlə bağlı “Dəyirmi masa” keçirilib. Müzakirələrdə Təhsil Nazirliyinin rəhbər işçiləri, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayon təhsil şöbələrinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, müəllimlər və valideynlər iştirak ediblər. “Dəyirmi masa”da 12 illik ümumi təhsilə keçidin zəruri səbəbləri və əhəmiyyəti, bu sahədə dünya təcrübəsi, standartlar və təhsil proqramları (kurikulumlar), dərsliklər, kadr təminatı, məktəbəhazırlığın təşkili və prosesə hazırlıqla bağlı atılacaq digər zəruri addımlar, ümumi təhsilin yeni modelinə keçidlə bağlı qarşıda duran əsas hədəflər barədə məlumat verilib. Çıxış edənlər 12 illik ümumi təhsilə keçidlə bağlı müasir tələblər və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla, məzmunun və tədris yükünün optimallaşdırılması, səviyyələr üzrə fənlərin müəyyənləşdirilməsi və inteqrasiyası, dərslik hazırlığı, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, şagird sayı az olan məktəblərdə rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi, peşə təhsili imkanlarının genişləndirilməsi, ümumi təhsilin ölkəmiz üçün məqbul olan mümkün modellərinə dair təkliflər səsləndirib.
04/04/2016 18:02
Təhsil naziri Bərdə şəhərində vətəndaşları qəbul edib
Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
04/04/2016 17:14
Təhsil Nazirliyi yeni təlimlərə start verib
Təhsil Nazirliyi “Multikulturalizm ili” çərçivəsində Bakının pilot məktəblərində "Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlimlərə start verib. İlk təlim Bakı şəhəri 46 saylı tam orta məktəbdə Azərbaycan, rus və yəhudi dillərində təhsil alan şagirdlər üçün keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, UNİCEF-in, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin nümayəndələri iştirak ediblər. Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub. Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər. İnteraktiv formada keçirilən təlimdə təqdimatlar edilib. Bildirilib ki, layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm müsabiqələri keçiriləcək.
04/04/2016 17:00
Təhsil naziri yaralanmış şagirdə baş çəkib
Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edir. Qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb. Həmçinin, təhsil naziri Ağdam, Tərtər və Füzuli rayon təhsil şöbələrinin müdirləri ilə görüşüb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində qeyd olunan rayonlarda zərər görmüş təhsil müəssisələri, bununla əlaqədar tədris prosesinin pozulması halları barədə nazirə məlumat verilib. Təhsil naziri düşmənin atəşi nəticəsində zərər görmüş təhsil müəssisələrinin qısa zamanda bərpa edilməsi məsələsinin diqqət mərkəzində olduğunu bildirib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların müraciəti dinlənilir, əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.
04/04/2016 13:29
Təhsil müəssisələrinə ciddi ziyan dəyib
Məlum olduğu kimi, Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb. Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır. İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib. Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirir.
04/04/2016 12:04
Respublika çempionatı başa çatıb
Ali təhsil müəssisələrinin tələbələri arasında stolüstü tennis idman növü üzrə Respublika çempionatına yekun vurulub. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ‘‘Şüa” İdman Kompleksində keçirilən Respublika çempionatının proqramına daxil olan stolüstü tennis idman növü üzrə yarışlara yekun vurulub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, 1-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2-ci yeri Bakı Avrasiya Universiteti, 3-cü yeri isə Bakı Dövlət Universitetinin komandası tutub. Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.
04/04/2016 10:24
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı