“Ekoklub” üzvlərinin I Ekoloji Forumu
Aprelin 9-da Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin birgə reallaşdırdığı “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib. “Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun keçirilməsində əsas məqsəd gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Ekoklub”lar şəbəkəsinin yaradılması, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir. Forumdan öncə təhsil naziri Mikayıl Cabbarov “Muğam Klub”da Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ekoklub” liderləri ilə görüşüb. Təhsil naziri məktəblilərlə görüşdə müasir dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən, onları yaradan səbəblərdən və həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Nazir ekoloji təhsil, bu istiqamətdə icra olunan layihələr barədə fikirlərini bildirib, daha böyük nailiyyətlərin əldə olunması üçün məktəblilərə tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb. Məktəblilər ekologiyanın qorunması ilə bağlı iştirak etdikləri aksiyalardan danışıb və yeni təkliflərlə çıxış ediblər. Sonra T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə forumun açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya üzrə beynəlxalq və yerli ekspertlər, 250-dən çox “Ekoklub” üzvü iştirak edib. Əvvəlcə vətənin ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçıları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov forumun işinə uğurlar arzulayaraq, ölkədə aparılan təhsil islahatları çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yarandığını, ekoloji təhsilin daha geniş tətbiq edilməyə başlanıldığını bildirib. Nazir müavini qeyd edib ki, ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə “Ekoklub”ların yaradılması prosesinə başlayıb. Hazırda Bakı şəhərindəki 28 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən “Ekoklub”ların 990 nəfər üzvü var. Daha sonra çıxış edən şəxslər məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, ətraf mühitin öyrənilməsi və qorunması sahəsində gənc nəslin fəal iştirakının təmin edilməsini müsbət qiymətləndirib, forumun ətraf mühitin mühafizəsi məsələsinə ümumi marağın və diqqətin artmasına, uşaq və gənclərin ekoloji problemlərin həllində mütəmadi iştirak etməsinə zəmin yaradacağına ümidvar olduqlarını bildiriblər. Forumda “Yaşıl iqtisadiyyat”, “Yaşıl dialoq”, “Yaşıl turizm”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl innovasiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” bölmələrində qruplarla müzakirələr təşkil olunub. Tədbirin yekununda iştirakçıların birgə bəyanatı qəbul edilib.
09/04/2016 19:29
Lester Universitetində təcrübə proqramı
Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan bir qrup İngilis dili müəllimi "İngilis dili üzrə resurs mərkəzləri" layihəsi çərçivəsində Böyük Britaniyanın Lester Universitetində təcrübə proqramında iştirak edib. Təhsil Nazirliyi və “British Council“un birgə əməkdaşlığı çərçivəsində icra olunan təcrübə proqramının əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsi və müasir tədris resurslarından istifadə qaydaları əsasında ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdan ibarətdir. Nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin əməkdaşları Elvin Nəsibov və İlaha Rasulova, “British Council“un ingilis dili proqramlarının rəhbəri Gülşən Hüseynova, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, Ankara liseyi, Elitar gimnaziya, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Z.Əliyeva adına lisey və 212, 207, 23, 7, 160, 158, 53 nömrəli tam orta məktəblərin İngilis dili müəllimləri təmsil olunub. Təlimlər universitetin əməkdaşları, təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesi dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər istiqamətləri əhatə edib. Təlimin sonunda hər bir iştirakçının bacarığı fərdi şəkildə qiymətləndirilib, müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib və müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar təqdim olunub. Eyni zamanda, müəllimlər Lester şəhərinin bir sıra məktəblərində ingilis dili dərslərini müşahidə edib və təlimçilərlə birlikdə geniş müzakirələr aparılıblar. Səfər çərçivəsində təlim iştirakçıları ingilis ailələrin evlərində qalıb və ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanları əldə ediblər. Müəllimlər bir həftə müddətində ingilis ailələlərində yaşamaqla onların adət-ənənəsi və mədəniyyəti ilə yaxından tanış olub, həmçinin onlara Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə geniş məlumatlar veriblər.
08/04/2016 17:42
Azərbaycan Dövlət Pedaqoji Kollecinə yeni direktor təyin olunub
Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunmuş Qulu Novruzov bu təhsil müəssisəsinin kollektivinə təqdim edilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov Q.Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. C.Bayramov bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan təhsil sistemindəki özünəməxsus yeri və zəngin inkişaf tarixi bu tədris ocağının daha böyük uğurlara imza atacağını söyləməyə imkan verir. Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov ona göstərilən etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçmiş direktoru Nurlana Əliyeva isə təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.
08/04/2016 16:54
“Şöhrət” ordeni təqdim olunub
Aprelin 8-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Asəf İsgəndərova bu ali mükafatı təqdim edib. Təhsil naziri A.İsgəndərova uğurlar arzulayıb, Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb. Nazir A.İsgəndərovun bundan sonra da elmi-pedaqoji fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu bildirib. Asəf İsgəndərov onun əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını ifadə edib.
08/04/2016 16:30
Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dəyirmi masa”
Aprelin 7-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “Dəyirmi masa” keçirilib. Öncə tədbir iştirakçıları cəbhə xəttində şəhid olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla yad ediblər. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tədbiri giriş sözü ilə açıb və “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda təqdimatla çıxış edib. Kamran İmanov təqdimatda plagiatla baglı məsələlərdən və bu sahədə görülən işlərdən danışıb, dünya təcrübəsi nəzərə alınmaqla antiplagiat informasiya axtarış sisteminin yaradılması zəruliyini qeyd edib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil sistemində plagiatın qarşısının alınması hər birimizin qarşısında duran əsas məqsədlərdəndir. Hazırda Azərbaycanda plagiatın qarşının alınması üçün beynəlxalq təcrübənin araşdırıldığını və mühüm işlərin həyata keçirildiyini vurğulayan nazir bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyi məsələsinə toxunub. Nazir həmçinin, belə bir tədbirin keçirilməsinin plagiata qarşı mübarizəyə öz töhfəsini verəcəyini nəzərə çatdırıb. Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi Teymur Kərimli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu, “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və Xəzər Universitetinin departament müdiri Muxtar Hacızadə çıxış ediblər. Çıxış edənlər bildirib ki, “Dəyirmi masa”nın mövzusu müasir dövrdə elm və mədəniyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri hesab edilən plagiatçılıq, yəni əqli oğurluq, onun müxtəlif təzahür formaları və bu sahədə aparılan mübarizə tədbirləridir. Qeyd etmək lazımdır ki, tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılıq müasir dövrdə daha da aktuallaşaraq, sosial iyerarxiyanın müxtəlif təbəqələrində özünü büruzə verir. Daha sonra plagiatın yaranma səbəbləri, aparılan mübarizə tədbirləri, bu sahədəki dünya təcrübəsi və müvafiq qanunvericiliklə bağlı fikirlər səsləndirilib, mövcud vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.
07/04/2016 15:23
Müsabiqə qalibləri mükafatlandırılıb
Aprelin 7-də Təhsil Nazirliyi və “Edumedia Azərbaycan” şirkətinin birgə keçirdiyi “Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, təşkilatçılar, rayon təhsil şöbələrinin rəhbərləri, məktəb direktorları və KİV nümayəndələri iştirak ediblər. Mərasimdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd təbiət fənləri üzrə dərslərin qurulmasında yeni, rəqəmsal laboratoriya avadanlıqlarının və XXI əsrin innovativ texnologiyalarının tətbiqini genişləndirməkdir. Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük diqqət yetirildiyini vurğulayan nazir müavini Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına dair işlərin davam etdirildiyini və son illər ərzində mühüm işlər görüldüyünü bildirib. Ölkədə təhsil sisteminin informasiyalaşdırılması və kompüterləşdirilməsi, müxtəlif strateji əhəmiyyətli İKT layihələrinin həyata keçirilməsi, təhsil şəbəkə infrastrukturunun qurulması ilə bağlı tədbirlər həyata keçirilib. C.Bayramov Azərbaycanda elektron dərsliklərin hazırlanması istiqamətində də yeniliklərin davam etdirildiyini söyləyib. Qısa müddət ərzində Azərbaycanda istifadə olunan bütün dərsliklərin platformaya yerləşdiriləcəyini diqqətə çatdıran nazir müavini bu günə qədər 70 min nəfərə yaxın istifadəçinin portalda qeydiyyatdan keçərək, elektron dərsliklərdən istifadə etdiyini bildirib. Portala daxil olan ziyarətçilərin sayı 700 min nəfəri keçib. Həmin ziyarətçilər tərəfindən elektron dərsliklərin yüklənərək istifadə olunma sayı 332 mindən artıqdır. Sonra qeyd olunub ki, 2015-ci ilin aprel ayında Təhsil Nazirliyinin göstərişi ilə “Edumedia Azərbaycan” şirkəti tərəfindən 50 pilot məktəb üzrə Labdisk avadanlıqları paylanılıb. Bunlardan 41-i Bakı, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə üzrə məktəb və liseylərə verilib. Bununla yanaşı, ötən ilin aprel-may aylarında həmin məktəblərdə biologiya, kimya və fizika fənlərini tədris edən 300 müəllim 5 günlük təlimlərdə iştirak edib, avadanlıq və proqram təminatından istifadə bacarıqlarına yiyələnib. Müsabiqəyə yalnız avadanlıqla təmin olunmuş 50 məktəbin təlimdən keçmiş müəllimləri qoşulub. İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə istifadəsinin təbliği məqsədilə “Edumedia Azərbaycan” şirkəti 2015-ci ilin dekabr ayında “Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” adlı müsabiqə elan edib. Müsabiqə “Ən yaxşı müəllim” və “Ən yaxşı təlimçi” olmaqla, iki nominasiya üzrə keçirilib. Müsabiqəyə 80-dən artıq resurs təqdim edilib. İşlər ekspertlər tərəfindən qiymətləndirilib, seçilmiş 21 nominant münsiflər qarşısında təqdimatla çıxış edib və qaliblər müəyyənləşdirilib. Tədbirin sonunda müsabiqə qaliblərinə "iPad air", "Globimate" planşeti, "Samsung Galaxy Tab-3", digər xüsusi mükafatlar və fərqlənmə sertifikatları təqdim olunub.
07/04/2016 14:47
Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatının proqramına daxil olan Veloidman növü üzrə yarışlar başa çatıb.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə reallaşdırılan yarışlar Respublika Veloparkında keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2-ci yeri Azərbaycan Kooperasiya Universiteti, 3-cü yeri isə Milli Aviasiya Akademiyasının komandası tutub. Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.
07/04/2016 10:18
Məktəblilər arasında çempionata start verilib
Rəşid Behbudov adına Mahnı Teatrında Şən və Hazırcavablar Klubunun məktəblilər arasında “ŞHK Respublika Çempionatı”nın rəsmi açılış mərasimi olub. Çempionatın keçirilməsində əsas məqsəd Şən və Hazırcavablar Klubunun ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Azərbaycan ŞHK-nin və ümumi təhsil müəssisələrinin rəhbərləri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər. Açılış mərasimində Bakı şəhəri üzrə Məktəb Çempionatına qatılmaq istəyən 12 komanda öz çıxışları ilə tamaşaçılarda çox böyük maraq və coşqu yaradıb. Komandaların hər biri cari ilin may ayında keçiriləcək növbəti oyunlarda iştirak hüququ əldə edib. Çıxışların sonunda münsiflər heyəti tərəfindən Bakı şəhərinin 7, 164, 227, 189-190 nömrəli ümumi təhsil məktəblərinin, “Ankara” məktəb-liseyinin, 132-134 nömrəli təhsil kompleksinin komandaları xüsusi kuboklarla təltif ediliblər.
06/04/2016 16:05
Cüdo üzrə açıq birincilik
Təhsil Nazirliyinin dəstəyi ilə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin 2002-ci, 2003-cü, 2004-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə açıq birincilik keçirilib. Yarışda 10 kulubdan 150-dən çox cüdoçu öz gücünü sınayıb. Birinciliyin keçirilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, yeniyetmələrin asudə vaxtının səmərəli təşkilinə dəstək vermək, uşaqları sağlam həyat tərzinə cəlb etmək, yerli və beynəlxalq yarışlara idmançılar hazırlamaq və onların yarış təcrübəsini artırmaqdan ibarətdir. Yarışı giriş sözü ilə açan 2 saylı RİOEUGİM-in direktoru Zabil Orucov iştirakçılara uğurlar arzulayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qalib gələn idmançılar müvafiq diplom, kubok, medal və xatirə hədiyyələri ilə təltif olunub.
06/04/2016 15:38
Paris Sorbonna Abu Dabi Universitetinə səfər
SABAH qrupları layihəsinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində yerləşən Paris Sorbonna Abu Dabi Universitetinə səfər edib. SABAH layihəsinin Paris Sorbonna Abu Dabi Universiteti ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş səfərdə SABAH tələbələri “Tənqidi düşüncə texnikası” adlı 5 günlük təlimdə iştirak ediblər. Təlimin məqsədi SABAH tələbələrinin savadlı, bacarıqlı və hazırlıqlı yetişməsinə dəstək olmaq, müasir dövrdə tənqidi və analitik düşüncə qabiliyyətinin əhəmiyyətinə diqqət çəkmək, tələbələrə tənqidi düşünmənin texnika və yollarını aşılamaqdan ibarətdir. Dərslər mühazirə, diskussiya və qrup işi formasında aparılıb. Qeyd edək ki, təlimdə iştirak etmək üçün tələbələrin seçimi ümumi orta müvəffəqiyyət göstəricilərinin qiymətləndirilməsi, xüsusi test imtahanı və müsahibə mərhələlərindən ibarət olmaqla, müsabiqə yolu ilə aparılıb. Təlimdə tələbələrin qrup lideri qismində SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak edib. Səfər müddətində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin Paris Sorbonna Universitetinin rektoru Erik Fuaşe, Qlobal əməkdaşlıq üzrə Abu Dabi Təhsil Şurasının sektor müdiri Cihad Mohaidat və Yüksək Təhsil üzrə Əmirliklər Kollecinin rektoru Robert Miln ilə görüşləri keçirilib. Təlimin sonunda Paris Sorbonna Abu Dabi Universitetinin rektoru Erik Fuaşe, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov, SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və SABAH İcra Komitəsinin üzvü Mehriban Nəzərovanın iştirakı ilə bağlanış mərasimi keçirilib, tələbələrə sertifikatlar təqdim olunub. Qeyd edək ki, 2014-2015-ci tədris ilində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sahəsində ən aparıcı layihələrdəndir.
06/04/2016 11:28
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı