Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Buraxılış imtahanlarında nümayiş etdirilən uğurlar bu ilin qəbul imtahanlarının nəticələrində də öz təsdiqini tapıb

Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu  üzrə 31 397, II ixtisas qrupu üzrə 22 135, III ixtisas qrupu üzrə 19 673, IV ixtisas qrupu üzrə 5 340 nəfər olub. Ümumilikdə, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.  Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur. Qruplar üzrə nəzər salsaq, I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7%, II qrup üzrə 5,3%, III qrup üzrə 0,5%, IV qrup üzrə 9,9% yaxşılaşma qeydə alınıb. Ali məktəblərə qəbul imtahanlarında bütün ixtisaslarda abituriyentlərin topladığı ballar üzrə müşahidə edilən artım tempi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun həyata keçirilən tədbirlərin, təhsilverənlərin, təhsilalanların və valideynlərin səmərəli əməkdaşlığının daha yaxşı təşkili baxımından görülən işlərin sayəsində mümkün olub. Ali məktəblərə qəbul imtahanlarında uğur qazanan bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini təbrik edir, tələbələrə gələcək təhsillərində uğurlar arzulayırıq. Ali məktəblərə qəbul imtahanlarında müvafiq keçid balını toplaya bilməyən abituriyentlərə isə ruhdan düşməməyi, zəruri bilik və bacarıqları əldə etmək üçün mövcud imkanları düzgün dəyərləndirməyi tövsiyə edirik. Hazırda ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun ilk peşə-ixtisas təhsilli mütəxəssislərə ciddi ehtiyac duyulmaqdadır. Təhsil Nazirliyi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan ilk peşə-ixtisas təhsili sisteminin formalaşdırılmasını və mövcud peşə təhsili şəbəkəsinin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyasını təmin etmək üçün kompleks tədbirlər həyata keçirir. Odur ki, müasir dövrün tələbinə uyğun ilk peşə-ixtisas təhsili ixtisaslarına yiyələnmək üçün yaradılmış imkan və potensialdan yararlanmaq abituriyentlərin seçimindən və istəyindən asılıdır. Bu il ilk-peşə ixtisası müəssisələrində qəbul planı üzrə müxtəlif ixtisaslar üzrə 19000- dən artıq yer nəzərdə tutulub.  Abituriyentlər ilk-peşə ixtisası təhsilinə yiyələnməklə müvafiq bilik və bacarıqlara sahib ola, bu sahədə təhsillərini uğurla bitirdikdən sonra ölkə iqtisadiyyatına töhfə verə, öz fərdi bizneslərinə başlaya bilərlər.   2014/2015, 2015/2016 və 2016/2017-ci tədris ili üçün l-IV ixtisas qrupları üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 200-dən artıq bal toplayan (müsabiqədə iştirak etmək hüququ qazanan) abituriyentlərin sayı haqqında MƏLUMAT

Fransız-Azərbaycan Universitetinə qəbul imtahanı keçirilib

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov və Fransanın Azərbaycandakı səfiri Orelia Buşez KİV nümayəndələrinin iştirakı ilə imtahan prosesini izləyiblər. Mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 303 nəfər qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. İki saat davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində iki esse yazıblar. İmtahanın nəticələri iyulun 29-da elan olunacaq. İmtahan prosesindən sonra abituriyentlərlə keçirilən görüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, yeni yaradılan universitet iki ölkənin təhsil əlaqələrinin daha da inkişaf etdirilməsində mühün rol oynayacaq. Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, Fransa və Azərbaycanın təhsil sahəsində əlaqələri Bakıda Fransız Liseyinin yaradılması ilə başlayıb və hazırda bu əməkdaşlığın davamı kimi yeni universitet yaradılıb. Səfir əlavə edib ki, Fransanın tədris proqramları əsasında aparılacaq təhsil geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər. Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin nümayəndələri yeni ali məktəbin yaradılmasını yüksək qiymətləndirib və tələbələrə gələcək təhsillərində uğurlar arzulayıblar.  Qeyd edək ki, Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin təşəbbüsü ilə yaradılan UFAZ-da 2016-2017-ci tədris ilində hər bir ixtisas üzrə dövlət sifarişi ilə 30 və ödənişli əsaslarla 10 nəfər olmaqla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.  

Şagirdlər üçün yay düşərgəsi təşkil olunub

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Quba rayonunda təşkil edilən yay düşərgəsi başa çatıb. 12 gün davam edən düşərgədə Təhsil Nazirliyinin tabeliyindəki pilot ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Ekoklub”lardan 30 məktəbli iştirak edib. Düşərgənin əsas məqsədi şagirdlər üçün uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramların hazırlanmasıdır. Yay düşərgəsində almaniyalı tələbələr öz təcrübələrini bölüşüb, alman və ingilis dillərində treninqlər keçiblər. Düşərgə müddətində ətraf mühit üzrə tematik, istirahət və yaradıcılıq məşğələləri, ekskursiyalar təşkil olunub.  “Tusi Bohm” Planetarium tərəfindən təqdim olunan teleskop vasitəsilə gənc ekoloqlar qalaktikanı müşahidə ediblər. Quba meşələrinə ekskursiyalar zamanı düşərgə iştirakçıları təbiət qoynundakı praktik məşğələlərdə ekosistem əlaqələrini və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, təbii əlamətlərə əsasən istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, flora və fauna haqqında treninqlərə qatılıblar.  İstirahətin sonunda “Düşərgənin ən yaxşı ekoloqu” müsabiqəsinin və idman yarışlarının qaliblərinə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplom və hədiyyələri təqdim olunub.

Yay məktəbi layihəsi başa çatıb

Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbi layihəsi başa çatıb. Layihəyə uyğun olaraq, 13-21 iyul tarixlərində Bakı, Lənkəran, Quba, Gəncə və Şəki şəhərlərində məktəblilər üçün hər biri iki gün olmaqla yay məktəbləri təşkil olunub. Yay məktəblərində sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 200-ə yaxın şagird iştirak edib. Layihə müddətində şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Biznesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. Həmçinin, məktəblilər "Mən bir aktyoram" sosial tamaşasına  və "Nə? Harada? Nə zaman?" intellektual oyununa qatılıblar.   Layihə Təhsil NazirliyiKapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-Könüllü Proqramının dəstəyi ilə həyata keçirilib. Layihənin rəsmi informasiya dəstəkçiləri “Təhsil” TV“Region” TV-dir. “Azərbaycan üçün öyrət" layihəsi ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.  

Beynəlxalq yay universitetinin açılış mərasimi keçirilib

İyulun 25-də “Ələddin” layihəsi, Avropa KomissiyasıYUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetinin açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru  Abe Radkin, yay universitetinə qatılan tələbələr, professor-müəllim heyəti və  KİV nümayəndələri iştirak edib. Ceyhun Bayramov bildirib ki, YUNESKO-nun himayəsi altında həyata keçirilən “Ələddin” layihəsi çərçivəsində 2013-cü ildən etibarən təşkil edilən Beynəlxalq yay universitetinə bu il Azərbaycan ev sahibliyi edəcək.  Nazir müavini qeyd edib ki, “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən Beynəlxalq yay universitetində iştirakçılara zəngin multikultural dəyərlərlə malik olan Azərbaycan reallıqları haqqında  məlumat veriləcək. Azərbaycanın dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanındığını deyən C.Bayramov bildirib ki, siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan və pozitiv imicə sahib Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  2016-ci ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması, ölkəmizin son dövrlər humanitar məsələlərlə bağlı bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələrdəndir. C.Bayramov bildirib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərinin araşdırılması imkanının genişləndirilməsindən ibarətdir.    “Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin bildirib ki, Beynəlxalq yay universiteti dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rol oynayır. Terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qloballaşan dünyada ciddi təhlükə təşkil etdiyini deyən A.Radkin mədəniyyətlərin dialoquna ehtiyac olduğunu bildirib. Daha sonra çıxış edənlər Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, bu cür tədbirləri cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndiriblər. Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçiriləcək Beynəlxalq yay universitetində iştirak etmək üçün 20-dən çox ölkənin 26 universitetindən 55 tələbə Azərbaycana gəlib. Avqustun 7-dək davam edəcək Beynəlxalq yay universitetində müxtəlif ölkələrin tanınmış alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılacaq. Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib. Beynəlxalq yay universiteti Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunur. Açılış mərasimindən sonra tədbir iştirakçıları Quba rayonuna yola salınıb.

Təhsil naziri Mikayıl Cabbarov Strasburqa səfər edib

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransaya rəsmi səfər edib. Səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə təsis olunacaq Fransız-Azərbaycan  Universitetinin (UFAZ) yaradılması prosesinin tamamlanmasıdır.  Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verildi

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanıb. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.  Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31.779 nəfərinin elektron ərizəsi təsdiq edilib.Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir. Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçirilən imtahanlar avqustun 3-dək davam edəcək.

Növbəti yay məktəbi Gəncə və Şəki şəhərlərində təşkil olunub

 İyulun 13-dən start verilən “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən  yay məktəbinin növbəti mərhələsi Gəncə və Şəki şəhərlərində təşkil olunub. Hər iki şəhərdə keçirilən yay məktəbinin açılış mərasimində Təhsil Nazirliyinin əməkdaşları, şəhər təhsil şöbələrinin, tərəfdaş qurumların nümayəndələri, KİV təmsilçiləri iştirak edib. Tədbirdə layihə haqqında məktəblilərə məlumat verilib, proqramın şagirdlər üçün əhəmiyyətindən danışılıb. Layihədə sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 100-ə yaxın şagird iştirak edib. Şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. "Mən bir aktyoram" sosial tamaşası  və "Nə? Harada? Nə zaman?" intellektual oyunlarına qatılıblar.   Şagirdlər təşkilatçılar tərəfindən hədiyyələr və sertifikatlarla təltif ediliblər. Layihə Təhsil Nazirliyi, Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilib. Layihənin rəsmi informasiya dəstəkçiləri Təhsil TVRegion TV-dir. “Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Bununla da paytaxt Bakıdan başlayaraq ölkəmizin digər 4 bölgəsində həyata keçirilən “Azərbaycan üçün öyrət” yay məktəbi layihəsi uğurla başa çatıb.

Prezident İlham Əliyev İtaliyanın təhsil, universitetlər və tədqiqat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannininin ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə çox yaxşı münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin yaradılacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında qəbul olunmuş Birgə Bəyannamənin rolunu qeyd etdi. Azərbaycanlı tələbələrin İtaliyada təhsil almalarının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluğun yaxşı nümunəsi kimi dəyərləndirdi. İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini ölkəsinin Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu dedi. Azərbaycanlı tələbələrin İtaliyada təhsilinə toxunan qonaq tələbələrin sayının getdikcə artmasının əhəmiyyətini qeyd etdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birinci Avropa Oyunlarının Romada təqdimatı zamanı görüşdüyünü məmnunluqla vurğulayan xanım Stefania Giannini görüş zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını dedi. İtaliyalı nazir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada, Vatikanda əhəmiyyətli layihələr həyata keçirməsinin önəmini də vurğuladı.   AZƏRTAC  

İtaliyalı nazir Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan, İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini iyulun 21-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra S.Giannini Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.     AZƏRTAC  

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı