“ICMSEM 2016” Azərbaycanda keçiriləcək
“İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı (“ICMSEM 2016”) bu il Azərbaycanda keçiriləcək. 31 avqust–1 sentyabr tarixlərində keçiriləcək 10-cu konfransda əsasən, inkişaf etmiş ölkələrdən (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İspaniya, Türkiyə, Portuqaliya və s.) akademik səviyyədə təmsilçilik nəzərdə tutulur. Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir. Qeyd edək ki, “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il sözügedən konfransa MDB məkanında ilk dəfə olaraq, Azərbaycan ev sahibliyi edəcək.
16/08/2016 15:20
Gənc ekoloqlar “Xəzər günü”nə həsr olunmuş tədbirdə
Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə “Xəzər günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Ekoklub” və ekoloji dərnək üzvləri fəal iştirak edib. “Xəzər günü” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə 1995-ci ildən başlayaraq beş Xəzəryanı ölkə tərəfindən qəbul olunub. Hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir. “Xəzər günü”nün Xəzəryanı ölkələrdə hər il qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, davamlı istifadəsi və əhalinin maarifləndirilməsindən ibarətdir. “Xəzər günü”nə həsr olunmuş “Dəyirmi masa”da gənc ekoloqlar müvafiq mütəxəssislərlə birlikdə Xəzər dənizinin ekoloji problemlərini və görülən işləri müzakirə edib, ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına dair fikir mübadiləsi aparıblar. Məktəblilər Xəzərə həsr olunmuş rəsm müsabiqəsində də iştirak ediblər. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Sonra gənc ekoloqlar Xəzərin mühafizəsi məqsədilə yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun fəaliyyəti ilə tanış olub. Həmçinin, “Ekoklub” və dərnək üzvləri Novxanı qəsəbəsinin sahilboyu hissəsində ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyasında iştirak ediblər. Nəticədə 2 hektar ərazi tullantılardan təmizlənib. Təmizlik aksiyasında fəal iştirak edən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin gənc ekoloqları ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə və ətraf mühitə düzgün münasibəti təbliğ etməklə, yalnız birgə səylərlə Xəzərin qorunmasının mümkünlüyünü bir daha nümayiş etdiriblər.
16/08/2016 14:30
“Sərhədlərimizin keşiyində” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dövlət Sərhəd Xidmətində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş “Sərhədlərimizin keşiyində” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Təhsil Nazirliyi, Mətbuat Şurası, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan - peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumi təhsil məktəblərinin şagirdləri iştirak edib. Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan çoxsaylı əsərlərin sırasından 20 şer, 23 hekayə, 51 qəzet məqaləsi, 23 rəsm əsəri və 65 inşa yazısı seçilərək müsabiqənin finalına buraxılıb. Bu mərhələdə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib. Tədbirdə çıxış edənlər sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında müsabiqənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Sonda müsabiqə qaliblərinə diplom və pul mükafatı təqdim olunub, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilib.
15/08/2016 12:41
SABAH-ın memarları üçün yay məktəbi keçirilib
SABAH qruplarında memarlıq ixtisası üzrə təhsil alan tələbələr yay tətilini olduqca səmərəli keçirmək imkanı əldə ediblər. Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə İspaniyada "İnstituto de Empresa"da təhsil alan Ucal Qorçu öz təşəbbüsü ilə SABAH tələbələrinə memarlıq sahəsində 4 həftəlik interaktiv təlim keçib. Xızı rayonunda təşkil edilmiş təlimdə tələbələr öncə landşaftla tanış olub, sonra isə layihələrini gerçəkləşdirmək üçün nəzərdə tutduqları məkan haqqında material toplayıblar. Həmçinin, tələbələr yekunda təqdim edəcəkləri layihələrin real və virtual maketlərini hazırlayıblar. Yay məktəbinin son-təqdimat günündə tələbələr hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.
13/08/2016 12:14
SABAH tələbələri Londonda keçirilən yay məktəbində iştirak edib
SABAH tələbələri 31 iyul–7 avqust tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak edib. 700-dən çox tələbə arasından yüksək akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən, 10 nəfər SABAH tələbəsi seçilib. Müxtəlif baza ali təhsil müəssisələrindən olan tələbələr Londonda intensiv ingilis dili kursunda iştirak etməklə, dil biliklərini, eyni zamanda dünyagörüşlərini inkişaf etdirmək imkanı əldə ediblər. İkinci ildir keçirilən yay məktəbində SABAH tələbələri dünyanın bir sıra ölkələrindən olan tələbə və müəllimlərlə tanış olub, ünsiyyət və danışıq klubunda iştirak ediblər. Kursun sonunda tələbələrə sertifikatlar təqdim olunub. Asudə vaxtlarında SABAH tələbələri Britaniya Muzeyi, Viktoriya və Albert muzeyi, Elm muzeyi, Təbiət tarixi muzeyi, Müqəddəs Pol kilsəsi, Parlament binası, Biq Ben qülləsi, Bukinqem sarayı, Hayd park, Müqəddəs Ceyms parkı, Recent parkı, Kiçik Venesiya, həmçinin Oksford şəhəri və Oksford Universitetinin “Christ Church” kampusunu və digər tarixi-mədəni yerləri görmək imkanı əldə ediblər. Proqramın məqsədi əmək bazarının artan tələblərinə müvafiq olaraq, SABAH tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirmək və onların şəxsi inkişafına dəstək verməkdən ibarətdir. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.
11/08/2016 14:45
“Məktəblinin dostu” pilot layihəsinin icrasına başlanılıb
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin dostu” pilot layihəsinə start verib. Məktəblinin dostlarının ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçiriləcək. İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər “Məktəblinin dostu” təyin ediləcək. “Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, “Məktəblinin dostu” seçilən şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
11/08/2016 09:55
Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq
Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində Transfer.edu.az elektron portalı yaradılıb. Bununla bağlı avqustun 10-da Təhsil Nazirliyində press-brifinq keçirilib. Portalın yaradılması bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır və mərkəzləşdirilmiş qaydada aparılacaq. Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi ali təhsil müəssisəsini seçmək imkanına malik olacaq. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək. Köçürülmənin elektron qaydada həyata keçirilməsi üçün ali təhsil müəssisəsində illər üzrə hər bir ixtisasa dair boş olan yerlər barədə məlumatlar elektron portalda yerləşdiriləcək. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu cari ilin 10 avqust–5 sentyabr tarixlərində aparılacaq. Press-brifinqdə həmçinin bildirilib ki, 2016-2017-ci tədris ili üzrə pilot olaraq, Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “Təhsil Nazirliyi ilə “ASAN xidmət” tərəfindən birgə hazırlanmış “ASAN peşə” layihəsi çərçivəsində aparılacaq. Sonda jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
10/08/2016 12:47
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi yekunlaşıb
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb. 4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib. Vakansiya seçimi mərhələsindən sonra nəticələr və müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcəkdir. Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.
09/08/2016 18:27
Uşaqlar dövlət hesabına məktəbəhazırlıq təhsilinə cəlb ediləcək
2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 və 272 nömrəli qərarlarının icrası barədə əmrlər imzalayıb. Əmrlərə əsasən, məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılması nəzərdə tutulur. Yeni tədris ilindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdiriləcək. Həmçinin, məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək, məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
09/08/2016 15:00
Çin universitetlərinə azərbaycanlı tələbələrin seçimi başa çatıb
Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə Çinin “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Sun Yat-Sen University”, “Harbin Engineering University” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Həmin tələbələr Beynəlxalq münasibətlər, Hüquq, İqtisadiyyat, Kənd təsərrüfatının iqtisadiyyatı və idarəetməsi, Kompüter elmləri və texnologiyaları, Sosial inkişaf və ictimai siyasət, Geologiya mühəndisliyi, Pedaqogika və digər ixtisas istiqamətləri üzrə bakalavriat (3 nəfər), magistratura (12 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.
09/08/2016 12:30
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı