İnklüziv təhsil üzrə təlim
Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş «İbtidai təhsil pilləsində İnklüziv təhsilin tətbiqi» layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Xətai rayonu 138 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Nərimanov rayonu 202 nömrəli məktəb-lisey və Sabunçu rayonu 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib. 2016-2017-ci tədris ilində qeyd olunan məktəblərin hər birində 2 sinif olmaqla, 16 nəfər əlilliyi olan şagird birinci sinfə cəlb olunacaq. Pilot məktəblərin pedaqoji heyətindən əlilliyi olan uşaqların təhsilinin inklüziv şəraitdə təşkili üzrə bir sıra bilik və bacarıqlar tələb olunur. Bu məqsədlə 29 avqust–2 sentyabr 2016-cı il tarixlərində 4 pilot inklüziv məktəbin pedaqoji heyəti üçün Təhsil Nazirliyi İnklüziv təhsil üzrə təlim təşkil edir. Təlim Bakı şəhəri Xətai rayonu 138 nömrəli tam orta məktəbdə keçirilir. Təlimdə pilot məktəblərin direktorları, loqoped-defektoloqları, ibtidai təhsil üzrə direktor müavinləri və inklüziv siniflərin sinif müəllimləri iştirak edir.
29/08/2016 15:14
“Məktəblinin dostu” pilot layihəsi üzrə qeydiyyat davam edir
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin dostu” pilot layihəsi üzrə qeydiyyat davam edir. “Məktəblinin dostu”nun ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçiriləcək. İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər “Məktəblinin dostu” təyin ediləcəklər. “Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, “Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. “Məktəblinin dostu” pilot layihəsində iştirak etmək üçün aşağıdakı müraciət anketi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: http://goo.gl/Ambd4d
29/08/2016 12:17
İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb
Avqustun 26-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11-26 avqust 2016-cı il tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb. “Asan peşə” layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri 27 avqust 2016-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixinədək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: 1. Təhsil haqqında sənədin əsli; 2. Tibbi arayış; 3. Şəxsiyyət vəsiqəsi (surəti); 4. 3 x 4 sm. ölçüdə dörd ədəd fotoşəkil; 5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); Boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı
26/08/2016 20:26
“Təlimçi hazırlığı” proqramına start verilib
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün “Təlimçi hazırlığı” proqramına start verilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən təlim-məşğələlərini məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloq aparır. Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək. Təlimlərdə ölkə üzrə seçilmiş 150 nəfər ali təhsilli müəllimin iştirakı nəzərdə tutulur. Təlimlərdə iştirak üçün müraciət edən 500 nəfərdən çox ərizəçinin sənədlərinin qoyulmuş meyarlara uyğunluğu təhlil edildikdən sonra 200 nəfər müəllim müsahibəyə dəvət olunub. Onlardan artıq 90 nəfəri müsahibə komissiyasının müsbət rəyini alıb və avqustun 25-dən təlimlərə qoşulublar. “Təlimçi hazırlığı” poqramı üçün iştirakçı seçimi müsahibələri davam edir. Növbəti həftə ərzində daha 60 müəllimin yeni qruplarda təlimlərə qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar ölkənin ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaqlar.
26/08/2016 12:08
Şagirdlərin və valideynlərin nəzərinə!
2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi artıq yekunlaşıb. Sentyabrın 5-nə qədər isə dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən şagirdlərin vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların valideynlərindən sentyabrın 5-nə qədər təhsil aldıqları məktəbə müraciət edərək dərsliklərin əldə edilməsi xahiş olunur. Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-nə qədər həll olunacaq. Dərsliklərin əldə edilməsi üçün məktəblərə vaxtında edilən müraciətlər dərslik təminatında yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağa imkan verəcək. Şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırırıq ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir. Onlar dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşmalıdırlar.
24/08/2016 12:03
Qubada məktəblilərin növbəti yay düşərgəsi
Quba rayonunda ekoloji yay düşərgəsi təşkil olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən düşərgədə 40-a yaxın məktəbli iştirak edib. 10 gün davam edən düşərgənin təşkil edilməsi uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramlar üzrə orta məktəb şagirdlərinin mənalı, sağlam istirahətini təmin etmək məqsədi daşıyıb. Düşərgədə məktəblilər üçün idman turizm əsaslarının inkişafına xüsusi önəm verilib, meşədə həyat fəaliyyətinin təhlükəsizliyi, yoqa meditasiyasının əsasları üzrə təlim məşgələlərində uşaqlara yeni bilik və bacarıqlar aşılanıb. Təklif olunan marşrutlar üzrə Quba və Nabran meşələrinə 3-15 km məsafəni piyada yürüş edən düşərgə iştirakçıları verilən tapşırıqları böyük maraq və həvəslə yerinə yetiriblər. Afurça şəlaləsinə turizm yürüşü zamanı meşədə təhlükəsizlik qaydaları ilə tanış olublar. İstirahət saatlarında məktəblilər üçün idman oyunları təşkil olunub. Qubanın II Nügədi kəndində yerləşən BDU-nun Təlim Təcrübə və İstirahət Mərkəzində keçirilən düşərgədə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası əməkdaşlarının iştirakı ilə məktəblilər üçün səmti müəyyənetmə üzrə təlimlər keçirilib. 3 gün davam edən təlimin ilk günü nəzəri məşğələlər, ikinci günü açıq şəraitdə qurulmuş labirintdə yarışlar, üçüncü gün isə Xaçmaz rayonu Şimal kəndinə yaxın (Tel-Bulaq) ərazidə səmti müəyyənetmə yarışları təşkil olunub. Yay düşərgəsində almaniyalı tələbələr öz təcrübələrini bölüşüb, alman və ingilis dillərində ekoloji treninqlər keçiblər.
22/08/2016 16:46
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başa çatıb
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Müsahibə mərhələsinə müvafiq keçid balını toplayıb vakant yeri tutmaq hüququ əldə edən 2371 nəfər dəvət olunub. Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb. Namizədlərin müsahibə nəticələri şəxsi səhifələrində yerləşdirilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər 30 avqust 2016-cı il tarixədək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Növbəti yerləşdirmədə tutulmayan və tədris ili başlayanadək yaranan yeni vakant yerlər elan ediləcəkdir. Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.
19/08/2016 12:29
“Müəllimi harada, hansı şəraitdə işləməsi düşündürməməlidir” - “Uğur formulu”
2010 və 2012-ci illərdə rayon üzrə 2 dəfə «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibi olmusunuz. Nailiyyətinizin uğurunu nədə görürsünüz və bu yolda çətinlikləriniz olubmu? - Ali məktəbi 2004-cü ildə bitirib təyinatımı Gədəbəy rayonuna təqdim edib hərbi xidmətə yollandım və 2005-ci ildə bitirib təyinatım üzrə müəllimlik fəaliyyətinə başladım. Bu başlanğıc üçün gözəl bir şans oldu. Qarşıma çıxacaq bütün çətinliklərə hazır idim. Təmirsiz məktəb, davamiyyəti aşağı olan siniflər, uşağının oxumasına maraq göstərməyən valideynlər, təhsilə marağı aşağı olan şagirdlər məni qorxutmadı, əksinə öz üzərimdə çalışmaq, məsuliyyətimi artırmaqla bərabər peşəmə bağlılığımı gücləndirdi. Müəllimlik şərəfli bir peşədir. Əlbəttə müəllimlik adının şərəfli olduğunu hələ mən şagirdlik illərimdən bilmişəm və bu da məni bu peşəyə gətirib. İlk dəfə sinif otağına girəndə çox həyəcanlı idim. Şagirdlər də çox sevincli və həyəcanlı görünürdülər, çünki onlara dərs deyəcək müəllim müasir, istedadlı, yeniliklərlə onların dünya görüşünü artıracaq gənc müəllim idi. Qısa bir müddətdə şagirdlərin, müəllim kollektivinin, rayon sakinlərinin rəğbətini qazandım və 2010-cu ildə « İlin ən yaxşı müəllimi» mükafatına layiq görüldüm. Bakıda anadan olmusunuz, burada yaşayıb, təhsil almısınız. Hazırda isə rayonların birində müəllim kimi çalışırsınız. Bu seçiminiz sizi qane edirmi ? - Bakıda anadan olsam da əslim, soyum-köküm böyük və canlı təbiətə malik olan Gədəbəydən olub. Hər yay tətilində valideynlərimlə bərabər bu rayona gəlmişəm. Gədəbəy rayonunun təbiəti məni hələ uşaqlıqdan özünə cəlb etmişdi. Elə bu sevgi də mənə coğrafiya fənini sevdirib və mən coğrafiya müəllimi olmuşam. Rayonda işləməyə başladığım vaxtdan bu günə qədər şagirdlərim coğrafiya fənnindən qəbul imtahanlarında və olimpiadalarda yüksək nailiyyət göstərib. Bu səbəbdən rayon rəhbərliyi 2012-ci ildə yenidən məni «İlin ən yaxşı müəllimi» mükafatına layiq bildi. Regionlarda çalışmaq istəyən gənc müəllimlərə nə tövsiyə edərdiniz ? - Regionlarda çalışmaq istəyən müəllimlərə əsas tövsiyəm odur ki, birinci öz peşələrini sevsinlər. Müəllim adının şərəfini və şərəfli olmağını yaddan çıxarmasınlar. Onları harada, hansı şəraitdə işləmələri yox, öz peşələrinə bağlı olmaları düşündürsün. Bu düşüncəylə də işə başlasınlar. Qoy gənc müəllimlərimiz vətənimizin, xalqımızın dünya səviyyəsində tanınması və gələcək nəsillərin savadlı olmasını düşünsünlər. Tədris etdiyiniz Gədəbəy rayonu Slavyanka kənd 1 saylı Q.Əhmədov adına orta məktəbində müəllim-şagird münasibəti necədir? - Müəllim - şagird münasibətləri həmişə cəmiyyəti düşündürən məsələlərdən olub. Hansı müəllim bu münasibəti qoruyub saxlayırsa, o tədrisdə də müəyyən irəliləyişlərə nail olur. Bu, əlbəttə mənim işlədiyim məktəbdə də belədir. Burada məktəb rəhbərliyinin də mühüm rolu var. Əsas sima isə sinifdə müəllimdir. Müəllimin davranışı və savadı, eləcə də şagirdlərlə işləmək bacarığı, pedaqoji ustalığı mühüm cəhətlərdəndir. Həm də müəllim bir şəxsiyyət kimi şagirdin nəzərində canlanmalı və şagirdinə də bir şəxsiyyət kimi baxmalıdır. Mənim işlədiyim məktəbdə müəllim-şagird münasibətləri də müvəffəqiyyətlə davam edir. Təhsil Nazirliyi məktəbimizin bu uğurlarına qiymət verərək «İlin ən yaxşı ümumtəhsil məktəbi» elan edib. Gənclərə, həmyaşıdlarınıza nə demək istərdiniz? - Gənclərə və həmyaşıdlarıma əsas tövsiyəm hansı sahədə işləyirlərsə, öz sənət və peşələrini sevməyi, əsas da vətənlərinə, yaşadıqları torpağa və xalqa, millətə bağlılıqlarını və vurğunluqlarını qoruyub saxlasınlar. Hər şeyi vətənin və xalqın gələcək taleyi naminə etsinlər. Bundan zövq alsınlar. Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda ölkə daxilində və xaricində baş verən hadisə və prosesləri izləyirəm. Özümü təkmilləşdirmək üçün xarici ölkə ədəbiyyatı və dərsliklərindən istifadə edərək yeniliklər yaratmağı çox sevirəm. Lent.az
18/08/2016 12:45
Təhsil naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov 29 avqust 2016-cı il tarixində saat 11:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edəcək. Qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında və Naftalan, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 18, 19, 22, 23, 24, 25 avqust 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
18/08/2016 10:52
“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir
2016-2017- ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi, ilk növbədə, pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılır. İlk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır. Hazırda 1070 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 26-da başa çatacaq. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir. Dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Bakı şəhərindəki 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580, Gəncə şəhərindəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 600 şagird qəbulu nəzərdə tutulub.
16/08/2016 23:50
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı