Gəncə şəhərində məktəblilər üçün “Aqro düşərgə” keçirilib
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Proqramı çərçivəsində və “Kənd təsərrüfatı ili”nin uğurla davam etdirilməsi məqsədilə Gəncə şəhərində məktəblilər üçün 1-ci “Aqro düşərgə” təşkil edib. 31 iyul–7 avqust 2016-cı il tarixlərində keçirilən düşərgənin əsas qayəsi aqrar sahənin perspektiv inkişaf istiqamətləri haqqında məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etməkdən ibarət olub. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bazasında keçirilən “Aqro düşərgə”də 50 məktəbli iştirak edib. Onlar Bakı şəhərinin müxtəlif məktəblərində yaradılmış “Ekoklub”ların fəal üzvləri arasından seçilib. “Aqro düşərgə”nin rəsmi açılışında ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov, elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov və Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək, ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndirilməsinin vacibliyi haqqında fikirlərini bildiriblər. ”Aqro düşərgə”də məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemlənməsi, yoluxmayan daxili xəstəliklər, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilib, eləcə də anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilib. Həmçinin, məktəblilər kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə tanış olub, müxtəlif məhsulların hazırlanması prosesində bilavasitə iştirak ediblər. Düşərgə iştirakçıları Nizami Gəncəvinin məqbərəsinə və bir sıra muzey komplekslərinə səfər edərək, Gəncənin tarixi-mədəni irsi ilə yaxından tanış olub, Şəmkir rayonundakı “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində səmərəli asudə vaxt keçiriblər. Məktəblilərin “Göygöl” Milli Parkına səyahəti də yaddaqalan olub. “Aqro düşərgə”nin sonunda bütün iştirakçılar diplomla təltif olunublar.
08/08/2016 18:26
182 nəfər azərbaycanlı tələbə Macarıstan ali məktəblərində təhsil alacaq
Macarıstan ali məktəblərində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Tələbələrin böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” və digər ali təhsil müəssisələrində Kompüter elmləri, İqtisadiyyat, Kənd təsərrüfatı, Biznesin idarəolunması, Turizm, Mühəndislik, Kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 104 nəfər magistratura, 71 nəfər bakalavriat, 6 nəfər doktorantura və 1 nəfər isə baza ali tibb təhsili üzrə təhsil alacaq.
08/08/2016 14:23
Beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib
Avqustun 6-da “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin, yay universitetinə qatılan tələbələr, professor-müəllim heyəti və KİV nümayəndələri iştirak edib. Ceyhun Bayramov bildirib ki, “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən Beynəlxalq yay universitetinə iyulun 25-dən start verilib. Beynəlxalq yay universitetində müxtəlif ölkələrin nüfuzlu alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılıb. Nazir müavini qeyd edib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərinin araşdırılması imkanının genişləndirilməsindən ibarətdir. “Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin bildirib ki, Beynəlxalq yay universiteti dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rol oynayıb. Daha sonra çıxış edən tələbələr Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını söyləyib, iki həftə müddətində sabitlik və qarşılıqlı anlaşmaya xidmət edən təlimlərin keçirilməsini cəmiyyətin inkişafına təkan verən amil kimi qiymətləndiriblər. Tədbirdə Beynəlxalq yay universitetindən bəhs edən videoçarx nümayiş olunub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçirilən Beynəlxalq yay universitetində 20-dən çox ölkənin 26 universitetindən 56 tələbə iştirak edib. Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib. Beynəlxalq yay universiteti Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunub.
06/08/2016 15:28
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi yekunlaşıb
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci- test imtahanı mərhələsi başa çatıb. 22 iyul–3 avqust tarixlərində keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiq edilən 31 779 nəfərin 27 814 nəfəri iştirak edib. Artıq müsabiqənin üçüncü mərhələsinə–vakansiya seçimlərinə start verilib. Namizədlər 7 avqust saat 00:00-a kimi davam edəcək bu mərhələdə şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Hazırda respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Namizədlərin nəzərinə çatdırırıq ki, vakant yerləri seçdikdən sonra elektron ərizəni təsdiq etmək zəruridir. Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi ixtisasları üzrə namizədlərin sayı üstünlük təşkil edir.
04/08/2016 17:30
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri maliyyələşdiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planı”nda qeyd edildiyi kimi yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan metodiki vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasını stimullaşdıran müsabiqə və qrant mexanizmlərinin yaradılması, müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi üçün müsabiqələrin, o cümlədən qrant layihələrinin həyata keçirilməsi, keyfiyyətin yaxşılaşdırılması mexanizmlərinin tətbiqi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub Qrant proqramı çərçivəsində məzmun, tədris və qiymətləndirmə ilə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin müəyyənləşdirilməsi, əldə olunan nailiyyətlərin təhsil islahatlarında nəzərə alınması yolu ilə daha faydalı nəticələrin əldə olunması mümkündür. Layihələr üzrə fəaliyyətin monitorinqi maliyyə resurslarından daha səmərəli istifadə imkanı yaradacaq, müxtəlif səviyyəli məktəblər və müəllimlər əhatə olunduqları şəraitə uyğun, mövcud problemlərin həllinə yönəlmiş təşəbbüslər irəli sürə biləcəklər. Qrant mexanizmi Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində çevik alət olmaqla yanaşı, dövlətin maliyyə vəsaitlərindən daha səmərəli istifadəni də təmin edəcəkdir.
04/08/2016 17:07
"Bəbirləri mühafizə edək!"ekoloji yay düşərgəsi başa çatıb
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində "Bəbirləri mühafizə edək!" adlı ekoloji yay düşərgəsi keçirilib. Masallı, Astara və Lənkəran rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 27-30 iyul tarixlərində Masallı rayonunun Qəriblər kəndində təşkil edilib. "Bəbirləri mühafizə edək!" yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühitlə bağlı maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir. Düşərgədə məktəblilər Qafqaz bəbirinin qorunması, insan və ətraf mühit mövzularında seminarlarda, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər. Xatırladaq ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından olan məktəblilərin iştirakı ilə Masallı rayonunda təşkil olunub.
02/08/2016 09:32
İyul ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 19 815 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Vətəndaşlarla iş bölməsinə 19 815 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 15 212 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 603 vətəndaşa xidmət göstərilib.Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 461 sənəd (606 məktub, 526 ərizə, 329 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdən daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 875 zəng) və cümə (3 749 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 257 müraciət) və cümə (1 090 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
01/08/2016 17:14
Beynəlxalq olimpiadada azərbaycanlı məktəblilər yüksək uğur qazanıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində məktəblilərin 48-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. 23 iyul–1 avqust tarixlərində keçirilən mötəbər elm yarışmasında hər il olduğu kimi, azərbaycanlı məktəblilər də iştirak edib. Azərbaycanı təmsil edən komanda (4 şagird və 2 nəfər rəhbər) yüksək uğura imza atıb. Belə ki, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Məmmədov Ruslan Xanlar oğlu gümüş, həmin məktəbin 10-cu sinif şagirdi Mirişov Nəriman İrahid oğlu, Şirvan şəhəri 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi Babayev Hüseyn İlqar oğlu və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinfinin şagirdi Babazadə Ramil Tərlan oğlu bürünc medala layiq görülüblər. Beləliklə, komandamız 1 gümüş və 3 bürünc medal qazanaraq, 100 faizlik nəticə əldə edib. Nəzəri və praktiki turdan ibarət olan kimya olimpiadası 48-ci dəfədir ki, fərqli ölkələrdə keçirilir və dünyanın gənc kimyaçılarının aşkar olunmasında böyük rol oynayır. Bu il olimpiadaya dünyanın 80 ölkəsindən 300-dən çox şagird qatılıb. Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilib. Həmin olimpiadada şagirdlərimiz 2 bürünc medal qazanıblar. Sevindirici haldır ki, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin və Kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti nəticəsində şagirdlərimizin nailiyyətləri bu il daha da yaxşılaşıb.
01/08/2016 15:09
Beynəlxalq yay universiteti davam edir
“Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetində təlimlər davam edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində təşkil edilən Beynəlxalq yay universitetinin iştirakçıları fransalı professor Katerina Vitol Vendenin “Qloballaşan dünyada miqrasiya”, azərbaycanlı mütəxəssis Elnur Nəsibovun “İnsan alveri və immiqrant qaçaqçılığı” mövzusunda mühazirələrinə qatılıblar. Eləcə də iştirakçılar Bakı Dövlət Universitetinin professoru Məmməd Quluzadənin “Həbs yerlərində əcnəbilərin hüquqları: beynəlxalq hüquq, standartlar və prinsiplər” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirələrdən sonra iştirakçılar komandalar şəkilində mövzu ilə bağlı müzakirələrdə iştirak ediblər. Beynəlxalq yay universitetində 20-dən çox ölkənin 26 universitetindən 56 tələbə iştirak edir. Avqustun 7-dək davam edəcək Beynəlxalq yay universitetində müxtəlif ölkələrin tanınmış alimləri, Azərbaycanın müvafiq sahələr üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılacaq. Qeyd edək ki, Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib. Beynəlxalq yay universiteti Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunub.
01/08/2016 12:30
Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri açıqlanıb
Fransız-Azərbaycan Universitetinə (UFAZ) iyulun 27-də keçirilmiş qəbul imtahanın nəticələri açıqlanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən imtahanda 280 nəfər iştirak edib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb. İmtahanın nəticələri ilə http://ufaz.edu.az/?page_id=864 linki vasitəsilə tanış olmaq mümkündür. İmtahanın nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da appelyasiya ilə müraciət edə bilərlər. İmtahandan uğur əldə etmiş gənclər 31 iyul–2 avqust 2016-cı il tarixlərində sənədlərini ADNSU-da təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək. UFAZ-ın tələbəsi adını qazanan şəxslərin adı Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək. Həmin tələbələr artıq digər ali məktəblərə qəbul üzrə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a qəbul imtahanında uğur əldə edə bilməyən tələbələr isə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisasları seçə bilərlər. Qeyd edək ki, UFAZ 2016-2017-ci tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.
30/07/2016 11:30
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı