26 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
2016-cı ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmədə Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. 2015-ci ildə diaqnostik qiymətləndirmə keçirilən rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaqdır. Ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 12 bölgəsində dövlət ümumi təhsil müəssisələrində çalışan 60 min nəfərə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib və onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Növbəti diaqnostik qiymətləndirmədən sonra əməkhaqqı artırılan müəllimlərin sayının 100 minə çatacağı nəzərdə tutulur.
17/10/2016 11:33
Bakıda Alt komitənin dördüncü iclası keçirilib
Oktyabrın 14-də Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt komitənin dördüncü iclası keçirilib. Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyasının əməkdaşları və Avropa İttifaqının (Aİ) nümayəndə heyəti iştirak edib. Bir gün ərzində keçirilən iclas zamanı təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib. Aİ-nin nümayəndə heyəti isə öz növbəsində bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib. İclasın gedişində iki tərəf arasında əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
14/10/2016 17:08
Dövlət təltiflərinin təqdim olunması mərasimi
Oktyabrın 14-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Tədbirdən öncə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri, dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən bir qrup təhsil işçisini təbrik edib. Nazir bu sərəncamların ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparıldığını diqqətə çatdıran Mikayıl Cabbarov müəllim peşəsinin nüfuzunun artırılması, onun yüksək biliyə sahib olması, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb edilməsi ilə bağlı tətbiq olunan mexanizmlər barədə danışıb. Son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllimlik peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb. Mikayıl Cabbarov müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinin davam etdiriləcəyini, əməkhaqqısı artırılan müəllimlərin sayının 100 minə çatdırılacağını deyib. Təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu olduğunu vurğulayan nazir bildirib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50 faizi müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67 faiz təşkil edib. Mərasimdə təltif olunan müəllimlər təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində əzmlə çalışacaqlarını qeyd ediblər. Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.
14/10/2016 15:05
Təhsil naziri Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Oktyabrın 13-də təhsil naziri Mikayıl Cabbarov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.
14/10/2016 13:01
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
Oktyabrın 13-də “Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılmasıdır. Təlimdə Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova PR strategiyası mövzusunda təqdimatla çıxış edib.Təqdimatda PR etikası və media-planların hazırlanması, daxili PR-ın təşkili məsələlərinə toxunulub, beynəlxalq təcrübədən nümunələr səsləndirilib. Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov “Böhran vəziyyətlərdə kommunikasiya” mövzusunda çıxış edib. Spiker böhran zamanı kommunikasiya münasibətlərinin başlıca tələbləri, böhran menecementinin strategiyaları ilə bağlı iştirakçılara məlumat verib. Təhsil Nazirliyinin əməkdaşları ali təhsil müəssisələrinin veb saytlarının monitorinqinin nəticələrini açıqlayıb, bu saytların təkmilləşdirilməsində yeni alətlərdən istifadə olunması qaydalarını iştirakçıların diqqətinə çatdırıblar. Eləcə də sosial mediada PR texnologiyaları mövzusunda təqdimatla çıxış ediblər. Konfransda Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, UNEC-in Marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov iş təcrübələrini bölüşüb, ali təhsil müəssisələrinin və media əlaqələrinin qurulmasından danışıblar. Konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb. Sosial davranış qaydalarına dair platforma hazırlanması, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin vahid şəbəkəsinin qurulması, universitetlərdə tələbə mərkəzlərinin yaradılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Qeyd edək ki, təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca beşinci konfransdır.
13/10/2016 16:30
“Ümumdünya kosmos həftəsi” qeyd olunub
“Ümumdünya kosmos həftəsi” çərçivəsində “Tusi-Bohm” Planetariumunda məktəblilər arasında maarifləndirmə aksiyası keçirilib. “Məktəblərdə astronomiya və kosmos elminin təbliği” layihəsi çərçivəsində təşkil edilən tədbirdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdləri interaktiv şou izləyib, gənc alimlərin mühazirələrini dinləyib və həvəskar astronomların çəkdiyi fotolardan ibarət sərgi ilə tanış olublar. BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən tədbir Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, “Tusi-Bohm” Planetariumunun birgə əməkdaşlığı ilə reallaşdırılıb. Layihəyə uyğun olaraq 3 ay ərzində 3500 məktəblinin “Tusi-Bohm” Planetariumda təlim keçməsi nəzərdə tutulub.
12/10/2016 14:40
Futbol üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin final mərhələsi keçirilib. Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin 13-14 yaşlı perspektivli futbolçularını aşkar etmək və mərkəzin yığma komandasını formalaşdırmq olub. Final mərhələsində zona yarışları üzrə I və II yeri tutmuş 12 komanda yarışıb. Gərgin mübarizə şəraitində keçən final mərhələsində I yeri “Təhsil” RİM-in Gəncə filialının komandası tutub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (RİOEUGFM) komandası II, Təhsil” RİM-in Sumqayıt filialının komandası isə III yerə layiq görülüb. Qaliblər kubok və diplomlarla təltif ediliblər.
12/10/2016 14:08
Tanınan diplomlarla bağlı yeni məlumat bazası
Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib. Məlumat bazasına Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası”(http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar. Bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Məlumat bazasında ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcəkdir. Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.
11/10/2016 11:25
Təhsil naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib
Oktyabrın 10-da təhsil naziri Mikayıl Cabbarov Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrında vətəndaşları qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciəti dinlənilib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 65 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
10/10/2016 16:57
Tələbə-könüllülər “Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbirdə
"Bir" Tələbə-Könüllülər Gəncə şəhərində keçirilən “Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbirdə iştirak ediblər. “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirə dövlət rəsmiləri, Avropanın əksər ölkələrindən gənclər və aparıcı təşkilatların rəhbərləri qatılıb. 48 ölkədən 100-dən çox gəncin iştirakçısı olduğu festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək onları Azərbaycanın mədəniyyəti, adət-ənənələri, zəngin tarixi ilə tanış etmək, dünyaya sülh və birlik mesajı vermək olub. Beynəlxalq tədbir çərçivəsində münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu, gənclər siyasəti, incəsənət, idman və mədəniyyət mövzuları müzakirə olunub. Festival müddətində gənclər təşkilatlarının sərgisi də keçirilib. Sərgi zamanı ayrıca stenddə yer alan “Bir” Tələbə-Könüllülər Proqramı haqqında ziyarətçilərə ətraflı məlumat verilib. Festival idman yarışları, əyləncəli proqram və konsertlə davam edib.
10/10/2016 15:43
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı