Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

AMEA ilə Təhsil Nazirliyinin birgə tədbiri

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti  Akif Əlizadə açıb. AMEA rəhbəri "Elm və təhsil: problemlər və perspektivlər" adlı məruzə ilə çıxış edib. Akademik bildirib ki, son illər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq  AMEA-nın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb. Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini xüsusi qeyd edən Akif Əlizadə akademiyanın elmi müəssisələrində təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. AMEA-nın prezidenti  ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilməsi zəruri hesab edilən vəzifələrin həlli üçün sistemli fəaliyyətin tələb olunduğunu bildirib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov "Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası" mövzusunda məruzə ilə çıxış edib. Nazir bildirib ki, ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində keçirilən bugünkü birgə tədbir xüsusi əhəmiyyətə malikdir. Tədbirin elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolundan, bu sahədə aparılan islahatlardan, mövcud problemlərdən və problemlərin həll yollarından danışmaq imkanı yaratdığını deyən nazir  aparılacaq müzakirələrin və qəbul olunacaq qərarların elm və təhsil sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsini, inteqrasiyasının təmin edilməsini təşviq edəcəyini nəzərə çatdırıb. Sonra təhsil naziri qeyd edib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə, yeni texnologiyalardan istifadə etməsinə və xarici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdırlar. Təhsil naziri həmçinin, universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasına başlanıldığını, bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib. Təhsil naziri  tədqiqat universitetlərinin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoyduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb. Keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq olmaz. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır. Daha sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib. Elmi sessiyada AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, akademik, millət vəkili Əhliman Əmiraslanov, AMEA-nın akademik-katibi Rasim Əliquliyev,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı,  AMEA-nın Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru  Ədalət Muradov çıxış ediblər.  

SABAH müəllimlərinə sertifikatlar verilib

SABAH qruplarının müəllimlərinə Paris-Sorbon Əbu Dabi Universitetinin sertifikatlarının təqdim olunması mərasimi keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və müəllimlər iştirak edib. Bildirilib ki, SABAH-ın 15 müəllimi cari ilin avqust ayında təcrübə mübadiləsi məqsədilə Fransada səfərdə olub,  digər 43 müəllim isə sentyabr ayında Bakıda keçirilən təlimdə iştirak edib. Paris-Sorbon Əbu Dabi Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi layihə iştirakçılarına təhsildə keyfiyyətin artırılması naminə müasir qiymətləndirmə metodlarına dair geniş məlumat vermək və təcrübə mübadiləsi aparmaqdır. Layihəyə Fransa Respublikasının Azərbaycandakı səfirliyi rəsmi dəstək göstərir.

SABAH tələbələri üçün məlumat sessiyası keçirilib

Azərbaycan-Alman Mədəniyyət Mərkəzi “Kapelhaus”da Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının tələbələri üçün məlumat sessiyası keçirilib. Təqdimatda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan üzrə koordinatoru Stefani Düfo, xidmətin əməkdaşı Rəna Hüseynova, Alman dili tədrisi mərkəzinin rəhbəri Zəhra Əliyeva, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak ediblər. Sessiyada tələbələrə Alman Akademik Mübadilə Xidməti və Alman dili tədrisi mərkəzi  ilə əməkdaşlıq çərçivəsində II kursda təhsil alan SABAH tələbələri üçün alman dilinin tədrisi, həmçinin, DAAD təqaüd proqramları vasitəsilə Almaniyada təhsil almaq imkanları barədə informasiya verilib. SABAH tələbələri onlar üçün təklif olunan üstün imkanlar, həmçinin Almaniyada yay məktəbi və magistratura proqramlarına qəbul qaydaları ilə bağlı geniş məlumat əldə ediblər.

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib. Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib. Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılıblar. Beləliklə, noyabrın 21-dən start verilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 36 min nəfər iştirak edib. Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin,  həmçinin, Sabirabad, Şirvan, Hacıqabul, Abşeron, Qubadlı rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin əvvəlki illərdə imtahanda iştirak etməyən müəllimləri üçün dekabr ayının 25-dən sonra qiymətləndirmə keçiriləcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

“İdeya-2017” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “İdeya-2017” müsabiqəsinə yekun vurulub. Müsabiqənin həyata keçirilməsində əsas məqsəd valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdən ibarətdir. Müsabiqədə iştirak edən valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi daşıyan layihələrini təqdim ediblər. Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib. Qaliblərdən ilk üç yerin sahibinə “Məktəb İcmaları” layihəsinin baş tərəfdaşı olan “Accessbank”, digər yeddi yerə layiq görülənlərə isə “Sağlam Ailə” Tibb Mərkəzi“Şərq-Qərb” Nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub. Tədbirdə “Məktəb icmaları” layihəsi və “İdeya 2017” müsabiqəsi haqqında geniş məlumat verilib, valideynlərin məktəb və şagird həyatındakı rolunun vacibliyi, müsabiqənin şagirdlərin praktik və sosial bacarıqların hərtərəfli inkişafına təsiri nəzərə çatdırılıb. Qeyd olunub ki, valideynlərin məktəb həyatında fəallığı məktəb-şagird-valideyn münasibətlərinə olduqca müsbət təsir göstərir. Daha sonra tədbir mükafatlandırılan layihələrdə əks olunan ideyalar və irəli sürülən təkliflərin müzakirəsi ilə davam edib. 

Məzunlar akademik fəaliyyətdə

Dekabrın 17-də “ADA” Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı işgüzar panel keçirilib.  Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru  Şahmar Mövsümov, AMEA-nın prezidenti Akif Əlizadə, ADA universitetinin rektoru Hafiz Paşayev, eləcə də digər ali təhsil müəssisələrinin rəhbərləri, xaricdə təhsil almış magistr və doktorant məzunlar iştirak edib.  Panelin  əsas məqsədi xaricdə təhsil almış gənclərin universitetlərin akademik və idarəetmə fəaliyyətində iştirakının təmin olunmasıdır.  Təhsil naziri Mikayıl Cabbarov giriş sözündə qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın əsas fəlsəfəsi  ölkəmizin  rəqabətəqabil  kadrlara tələbatı ilə bağlı olub. Bu məqsədlə ötən illər ərzində 3500-dən çox tələbə dövlətimizin verdiyi təqaüd imkanları ilə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb. AMEA-nın prezidenti Akif Əlizadə  bildirib ki, “Elm haqqında” qanuna əsasən tədqiqat universitetləri fəaliyyətə başlayacaq. Bu universitetlərin uğurlu fəaliyyəti həm də gənc elm adamlarının töhfələrindən asılı olacaq. ADA Universitetinin rektoru Hafiz Paşayev universitetlərin hər zaman hazırlıqlı müəllimlərə ehtiyacı olduğunu vurğulayıb və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin təcrübəsindən danışıb. Dövlət Neft Fondunun icraçı direktoru  Şahmar Mövsümov qeyd edib ki, əsas ideyası “neft kapitalından insan kapitalına" olan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" artıq özünü doğruldub. Bu gün həmin resurs universitetlərimizin auditoriyalarında məzunların akademik fəaliyyəti ilə əlavə dəyər yaratmalıdır. SABAH qruplarının təqdimatında universitetlərdə məzunların akademik fəaliyyəti üçün yaradılan imkanlardan bəhs edilib.  Sonra məzunlar açıq fikir mübadiləsinə qoşularaq akademik sahədə daha fəal iştirakı təmin edəcək nüanslar barədə rəy və şərhlərini söyləyiblər.  Paneldən sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri arasında işgüzar  görüşlər təşkil olunub.   

Növbəti diaqnostik qiymətləndirmə

Dekabrın 18-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılacaq.  İmtahanlar 3 gün ərzində keçiriləcək. Masallı Olimpiya İdman Kompleksində təşkil olunacaq imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılacaqlar. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.

Bakı Slavyan Universitetinin 70 illik yubileyi qeyd olunub

Dekabrın 16-da Bakı Slavyan Universitetinin 70 illik yubileyi qeyd olunub. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Universitetin akt zalında davam etdirilən tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, millət vəkilləri, Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Çexiya və digər ölkələrdən qonaqlar iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov BSU-nun Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin beynəlxalq səviyyədə təhsil əlaqələrinin inkişafında əhəmiyyətli fəaliyyətini diqqətə çatdırıb. BSU-nun rektoru Nurlana Əliyeva universitetin keçdiyi tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan danışıb. Çıxış edənlər universitetin kollektivini təbrik edib, onlara gələcək təhsil fəaliyyətində uğurlar arzu ediblər. Sonra təhsil naziri universitetin ölkə prezidentinin sərəncamı ilə təltif edilən əməkdaşlarına yüksək dövlət mükafatlarını təqdim edib. Tədbirin yekununda universitetin fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.

Azərbaycan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) qoşulub.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi statusu ilə qoşulmaqla bağlı müraciətinə ENQA-nın Direktorlar Şurası tərəfindən müsbət rəy verilib.  Azərbaycan ali təhsil müəssisələrinin Avropa Ali Təhsil Məkanına inteqrasiya edilməsi və təhsilin keyfiyyətinin maraqlı tərəflərin, əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması Azərbaycan hökumətinin 2005-ci ildə qoşulduğu Bolonya bəyannaməsindən irəli gəlir. Eyni zamanda bu öhdəlik “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub. Avropanın aparıcı akkreditasiya qurumlarını birləşdirən ENQA-da təmsil olunmaq Azərbaycana Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştiraka imkan verəcək. Bununla yanaşı, Avropa Ali Təhsil Məkanına daha da yaxınlaşmaq və keyfiyyətin təminatı üzrə Avropa standartları və qaydalarına (ESG) cavab verən akkreditasiya sistemini qurmağa şərait yaradacaq. 2000-ci ildə yaradılmış ENQA Bolonya prosesinə qoşulan və Avropa Ali Təhsil Məkanına üzv dövlətlərin təhsildə keyfiyyətin təminatına cavabdeh təşkilatlarının ən böyük şəbəkəsidir. ENQA-nın əsas missiyası Avropada ali təhsilin keyfiyyətinin təminatı sahəsində uğurlu təcrübələri yaymaqla əməkdaşlığı təşviq etməkdir. Hazırda ENQA-da (http://www.enqa.eu/index.php/enqa-agencies/affiliates/) 27 ölkəni təmsil edən 49 akkreditasiya qurumu tam üzv və 31 ölkəni təmsil edən 53 akkreditasiya qurumu isə müşahidəçi üzv qismində iştirak edir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı