Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında çempionat

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının ikinci mövsümünə start verilib. Azərbaycan Şən və Hazırcavablar Klubu ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir. Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb. Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bakı şəhərindəki 1, 7, 160, 26, 18, 189-190, 227, 16, 86, 145 nömrəli məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin, 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, “Ankara məktəbi” məktəb-liseyin, 132-134 nömrəli təhsil kompleksinin,  Bakı Modern Məktəbin və Mahaçqala şəhərinin komandaları yarımfinal turuna vəsiqə qazanıblar.

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, məktəb binalarının tikintisi, təmiri, istiliklə təchizatı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Tələbələrin köçürülməsində daha bir yenilik

Fevralın 6-dan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi  məqsədilə elektron sənəd qəbuluna start verilir. Bu tədris ilindən etibarən tələbələrin köçürülməsində yenilik tətbiq olunub. Belə ki, fevralın 7-dən orta ixtisas təhsili müəssisələrinin tələbələri də transfer.edu.az elektron portalı vasitəsilə köçürülmək üçün müraciət edə bilərlər. Sənədlərin elektron qəbulu fevralın 14-dək davam edəcək. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur. 2016-cı ilin avqust ayında istifadəyə verilən transfer.edu.az portalına ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib.

İdmançılarımız beynəlxalq turnirin qalibi olub

İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi "Alpe Adrea" beynəlxalq turnir keçirilib. Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən 1000–dən artıq cüdoçu mübarizə aparıb. Gərgin mübarizə şəraitində iki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticə qazanıblar. 55 və 81 kq çəki dərəcələrində Hacı Musayev, Naim Hüseynov I yeri tutaraq qızıl, 60 və 81 kq çəki dərəcələrində Tofiq Məmmədov və  Samir Məmmədov III yeri tutaraq bürünc medal qazanıblar.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin akademiyasının açılışı olub

Fevralın 2-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi olub. Mərasimdə çıxış edən BŞH-nin İnsan resursları şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova Bakı Şəhər Halqası akademiyasının açılmasında əsas məqsədin ölkəmizdə keçiriləcək Formula-1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığının daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib. O, könüllülərin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edərək vurğulayıb ki, akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, liderlik, layihələrin idarə edilməsi və başqa zəruri mövzularda təlimlər keçiriləcək. Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısı yerli mütəxəssislərdir. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qarşıya qoyulan əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaqdır. Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir.   AZƏRTAC

Məktəb rəhbərləri üçün təlim

Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyinin TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda  seminar keçirilib. Seminarın keçirilməsində məqsəd məktəblərdə keyfiyyət təminatını, məktəb özünüqiymətləndirmə sistemini və prosesini müzakirə etmək, uğurlu təcrübəni bölüşməkdir. İki gün davam edən seminarda Təhsil Nazirliyinin əməkdaşları, Bakı şəhəri üzrə 40-dan çox məktəb direktoru, ayrı-ayrı bölgələrdən təhsil menecerləri iştirak ediblər. Seminara Böyük Britaniyadan Donald Rolls, Niderland Krallığından Con Vierda, Maltadan Şarlot Kassar dəvət olunublar. Təhsil üzrə beynəlxalq mütəxəssislərlə birgə məktəb özünüqiymətləndirmənin əsas sahəsi kimi liderlik və idarəetmə, tədris və öyrənmə, keyfiyyət təminatı və nəzarət məsələləri ətrafında fikir mübadiləsi edilib. Məktəb rəhbərləri və müəllimlərin peşə standartları, onların qiymətləndirilməsi alətləri, məktəbin inkişaf planının hazırlanması, yoxlama prosesi, məlumatların toplanması və digər müxtəlif mövzular üzrə  işçi qruplarda müzakirələr aparılıb.

Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 438 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 12438 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9615 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2823 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1228 sənəd (586 məktub, 389 ərizə, 253 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2450 zəng) və çərşənbə axşamı (2176 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (769 müraciət) və çərşənbə axşamı (606 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib

Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub. Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır. Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb. Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur. 

“Maarifçi” Tələbə Kredit Fondu üçüncü elan sessiyasına start verir

Fevralın 1-dən “Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verir. Bu elan  2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.          Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında http://maarifci.az) qeyd olunub. Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Müraciətlər martın 15-dək davam edəcək.

Təhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 30, 31 yanvar və 1, 2 fevral 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı