“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib
Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndiyini vurğulayıb. Nazir qeyd edib ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38 nəfəri son dörd ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar. “Sabahın alimləri” müsabiqəsinə ölkə miqyasında marağın və iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını deyən nazir bildirib ki, builki yarışmada ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edir. AMEA-nın prezidenti Akif Əlizadə müsabiqə iştirakçılarına akademiyanın 40-dan çox elmi müəssisəsində, elmi-tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq üçün şərait yaradıldığını nəzərə çatdırıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıb, gənclərin elmə həvəsləndirilməsi, onların elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət Münsiflər Heyəti yaradılıb. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkətidir. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730 nəfər şagird qatılıb, onlardan 30 şagird Intel İSEF-də iştirak etmək hüququ qazanıb.
16/02/2017 15:23
Ümumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlərin əlavə təlim ehtiyacları müəyyən olunacaqdır. Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır. Bu proses “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Nazirlər Kabinetinin ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərarına əsasən həyata keçirilir.
15/02/2017 15:13
Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başa çatıb
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbulu başa çatıb. 6-14 fevral tarixlərində keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib. 2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb. Orta ixtisas təhsili müəssisələrinin 280 nəfər tələbəsi bu portala müraciət edib ki, onlardan 104 nəfər sorğularını təsdiqləyib. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Portal 2016-cı ilin avqust ayında istifadəyə verilib.
15/02/2017 14:41
Təhsil naziri Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Fevralın 13-də təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşüb. Səfir Takahaşi Azərbaycanda diplomatik fəaliyyətinin başa çatdığını qeyd edib. Nazir səfirə fəaliyyəti ərzində iki ölkə arasında təhsil əlaqələrinin daha da genişləndirilməsində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Görüş zamanı, həmçinin Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişafı məsələləri müzakirə olunub.
13/02/2017 16:17
Çinin ali məktəblərində təhsil üçün yerlər ayrılıb
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb. Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat, laboratoriya, təcrübə (internship), yataqxana və aylıq yaşayış xərcləri, təhsil haqqı, tədris materialları və s. Çin tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur. Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Çin tərəfindən aparılır. Sazişə uyğun olaraq hazırda 37 nəfər azərbaycanlı tələbə “Beynəlxalq əlaqələr”, “Beynəlxalq iqtisadiyyat və ticarət”, “Turizm”, “Mülki və ticarət hüququ”, “Politologiya və dövlət idarəçiliyi”, “Yeni və ən yeni çin ədəbiyyatı”, “Kommunikasiya və informasiya sistemləri”, “Neft və təbii qaz mühəndisliyi”, “Maşınqayırma mühəndisliyi”, “Beynəlxalq maliyyə və investisiya” və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali təhsil müəssisələrində təhsil alır. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
13/02/2017 12:16
Müsabiqə qalibləri mükafatlandırılıb
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi ilə birlikdə keçirilən “Təbiətin insanlara hədiyyəsi” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərkəzin Təsviri Sənət Qalereyasının dərnək üzvləri tərəfindən çəkilmiş rəsmlərdə ilin fəsilləri əks olunub. Əsərlərin hazırlanmasında müxtəlif texnikalardan və təsvir materiallarından istifadə edilib. Qaliblərin rəsm əsərlərindən ibarət təqvim hazırlanıb. İştirakçılar sertifikat və müxtəlif hədiyyələrlə təltif edilib.
10/02/2017 15:14
SABAH Karyera Akademiyası təqdim olundu
Fevralın 9-da Təhsil Nazirliyində SABAH Karyera Akademiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak edib. SABAH Karyera Akademiyası ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiyanın peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə etdiyini bildirib. SABAH qrupları tələbələrin müxtəlif sahələrdə təcrübə topladığını diqqətə çatdıran Ş.Seyidzadə ötən tədris ildən başlayaraq 44 ixtisas üzrə 600 nəfərə yaxın SABAH tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçdiyini deyib. Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi SABAH qrupları layihəsinin fəaliyyətində öz əksini tapıb. Nazir müavini gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb. Azercell Telecom MMC-nin prezidenti Vahid Mürsəliyev, AMEA-nın Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov təmsil etdikləri qurumlarda Azərbaycan gənclərinin inkişafına dəstək göstərildiyindən, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində görülən işlərdən və SABAH tələbələrinin istehsalat təcrübə keçmələri üçün yaradılan şəraitdən danışıblar. SABAH Karyera Akademiyası proqramı çərçivəsində 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi layihəsi təqdim olunacaq. Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. 100-ə yaxın tələbənin iştirak edəcəyi Qış Məktəbində karyera planlaşdırılması, şəxsi brendinq, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə təlim keçiriləcək. Tədbirin sonunda tərəfdaş şirkətlərə, “Azercell”in təqaüdünə layiq görülmüş və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti olan SABAH tələbələrinə sertifikatlar təqdim olunub. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.
09/02/2017 17:47
Fransanın Dövlət katibi UFAZ-da olub
Fevralın 9-da Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrlə görüşüb. Görüşdə UFAZ-ın direktoru Vazeh Əsgərov bu ali təhsil müəssisəsinin fəaliyyəti və universitetdəki tədris prosesi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb. Bildirilib ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə tələbə qəbulu aparılıb və 141 nəfər bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək. Jean-Vincent Plase Azərbaycan-Fransa əlaqələrindən, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevlə görüşünü xatırladan Fransanın Dövlət katibi Azərbaycanın inkişafı üçün uğurlu tədbirlərin reallaşdırıldığını söyləyib. Jean-Vincent Plase ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Azərbaycan ilə Fransanın digər sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığı sürətlə inkişaf edir. Ölkəmizdə fransız dilinə böyük marağın olduğunu qeyd edən nazir müavini 314 məktəbdə 40 minədək şagirdin bu dili öyrəndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 126 azərbaycanlı gənc Fransanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. C.Bayramov Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə həyata keçirilən UFAZ layihəsinin əhəmiyyətini qeyd edib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-a göstərilən diqqətə görə minnətdarlığını bildirib. Sonra Jean-Vincent Plase tələbələri maraqlandıran sualları cavablandırıb. Sonra qonaq UFAZ-ın tədris şəraiti ilə tanış olub. Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iştirak edib. AZƏRTAC
09/02/2017 16:57
Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə
Fevralın 8-də “Maarifçi” Tələbə Kredit Fondu, Təhsil Nazirliyi və Dünya Bankı ilə birlikdə “Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda tədbir keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, dövlət və özəl qurumların nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd tələbə kreditlərinin verilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasıdır. Təhsil naziri Mikayıl Cabbarov ötən il fəaliyyətə başlayan “Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi sahəsində ilk təcrübə olduğunu və bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın vacibliyini bildirib. Təhsil naziri universitetlərin bu təşəbbüsə qoşulması ilə ölkəmizdə ilk dəfə olaraq tələbə krediti mexanizminin yaradıldığından bəhs edib. Ötən müddət ərzində “Maarifçi” Tələbə Kredit Fondunun uğurla fəaliyyət göstərdiyini, tərəfdaş universitetlərin sayının artdığını bildirən Mikayıl Cabbarov yeni təcrübələrdən bəhrələnmək üçün tədbirin rolunu xüsusi vurğulayıb. Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi, təhsil üzrə eksperti Kristian Aedo tələbə kreditlərinin ali təhsildə əlyetərlik imkanları yaratdığını, qurumun hazırladığı müzakirə sənədində Azərbaycanda tətbiq edilən təcrübənin innovativ olduğunu bildiriblər. “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ötən il 103 tələbə ilə təhsil krediti müqaviləsinin imzalandığını və artıq 3-cü elan sessiyasına başlanıldığını deyib. Dünya Bankının və Beynəlxalq Maliyyə Kooperasiyasının ekspertləri Brüs Çapman və Alexandro Kabalero tələbə kreditləri sahəsində çeşidli modellərin mövcudluğunu və gələcəkdə Azərbaycanın bu təcrübədən yararlanması üçün təmsilçisi olduqları qurumların əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıblar. Tədbirdə çıxış edənlər “Maarifçi” Tələbə Kredit Fondunun yaradılmasının ali təhsilə çıxış imkanlarının genişləndirilməsindəki rolunu qeyd ediblər. “Maarifçi" Tələbə Kredit Fondu 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən təsis edilib. “Maarifçi” Tələbə Kredit Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Fond Azərbaycanın 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.
08/02/2017 14:32
“Təhsilim həm həkim, həm də şəxsiyyət kimi formalaşmağıma səbəb oldu” - “Uğur formulu”
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nübar Rəsulovadır. Layihə Təhsil Nazirliyi və 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Nübar Rəsulova 1988-ci ildə Şəki şəhərində anadan olub. İlk təhsilini Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə alıb. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Azərbaycan Tibb Universitetində endokrinologiya üzrə rezidentura səviyyəsində oxuduğu zaman təhsilini xaricdə davam etdirmək qərarına gəlib. N.Rəsulova hazırda Türkiyənin Dokuz Eylül Universitetində tibbdə uzmanlıq təhsili alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Tibb gündən-günə yenilənən, bilgilərin sürətlə dəyişdiyi, eyni zamanda şəxsi təcrübənin də önəm kəsb etdiyi sahədir. Ona görə də dünya təcrübəsi ilə, yeni biliklərlə tanış olmaq hər bir həkim üçün vacibdir. Mən də savadlı, təcrübəli həkim olmaq, öz ixtisasım üzrə peşəkar olmaq üçün qarşıma xaricdə təhsil almaq məqsədi qoydum. Türkiyənin tibb üzrə ilk 10 ən yaxşı universiteti sırasında olan Dokuz Eylül Üniversitetində daxili xəstəliklər ixtisası üzrə təhsil alıram və seçimimdən də məmnunam. - Niyə məhz bu ixtisası seçdiniz? - Ailəmin istəyi və müəllimlərimin yönləndirməsi ilə Azərbaycan Tibb Universitetinə daxil oldum və təməl tibb təhsilimi sevə-sevə öyrəndim. 6 illik təhsilin sonunda özümü gələcəkdə daxili xəstəliklər və endokrinologiya uzmanı olaraq gördüyüm üçün bu ixtisası seçdim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Həkimlik, mərkəzində insan həyatı olan bir peşədir. Həkim yetişdirən bir ali təhsil müəssisəsinin də diplomunu alan hər kəsin bu adı tək öz ölkəsində deyil, dünyanın hər yerində doğrultması lazımdır. Təkcə tibbi bilgilərin yox, təcrübənin də tələbələrə öyrədilməsi lazımdır. Tibb tələbəsi həkimliyi parta arxasında deyil, xəstə başında öyrənməlidir. Bitirdiyim Azərbaycan Tibb Universitetində də tələbələrə həm tibbi biliklərin aşılanmasını, həm də hər tələbənin mütəxəssis həkim kimi yetişməsi üçün kifayət qədər təcrübi dərslərin olmasını istəyərdim. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? -Tanıdığım insanlara mümkün olduqca Azərbaycanın tarixi məkanları, təbiəti, yeməkləri, adət-ənənələri barədə məlumat verirəm. Dostlarım da Azərbaycanı görmək, maraqlı yerləri gəzmək istədiklərini bildirirlər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Uzmanlıq təhsili aldığımız və burda həkim işlədiyimiz üçün professorlar, dosentlər, uzmanlarla həmkar kimi çalışırıq. Onlara xəstə ilə bağlı düşündüklərimizi rahatca deyə bilirik. Eyni zamanda müəllimlərin tələbələrlə münasibəti də həmkar kimidir. - Daha çox hansı çətinlikləriniz olub? - Yeni fəaliyyətə başlayanda nə qədər yaxın olsaq da türkcə danışmaq, Türkiyənin müxtəlif bölgələrindən gələn pasientlərin dilini anlamaq çətin idi. Həm də təcrübi biliklərimin az olması türk həmkarlarıma nisbətən mənim işə daha gec uyğunlaşmağıma səbəb olurdu. Həkimlik çətin, həm də maraqlı bir peşədir. Hər gün bir çox xəstəyə faydalı olmaq, etdiyimiz müdaxilələrin müsbət nəticələrini görmək çox maraqlı və sevindiricidir. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Burada azərbaycanlılardan başqa Serbiya, Myanma, Rusiya kimi ölkələrdən də müxtəlif əcnəbi tələbələr təhsil alır. Türk insanı da Azərbaycan xalqı kimi qonaqpərvərdir, bütün əcnəbilərə həm universitetdə, həm də kənarda öz dost münasibətlərini və sevgilərini nümayiş etdirirlər. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycan dövləti 26 illik inkişafda olan gənc dövlətdir. Ona görə də təhsilimiz də inkişaf mərhələsindədir. Çatışmayan cəhətləri olsa da, qürurverici tərəfləri daha çoxdur. Ümid edirəm, mənim də Azərbaycan təhsilinin inkişafına bir töhfəm olacaq. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? -Türkiyədə ən çox iş saatı olan peşə sahibləri həkimlərdir. Günaşırı gecə növbəsi, gündüz də istirahət etmə vaxtı olmadan işə davam edirik. Asudə vaxt tapdığımda da tibb sahəsi üzrə təşkil olunan konqreslərə gedirəm. Tətil günlərində isə Türkiyənin gəzməli yerlərini görməyə çalışıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir? - Azərbaycan səhiyyəsi və təhsili üçün çalışmaq məqsədimdir. Savadlı həkimlərin yetişməsi, Azərbaycanda tibb elminin inkişafı üçün universitetdə akademik fəaliyyətlə məşğul olmağı və həkim-mütəxəssis kimi işləməyi düşünürəm. Həkim vəzifələri, dəyərləri ilə bağlı öz öyrəndiklərimi həmkarlarımla paylaşmaq istərdim. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Öz ixtisasım üzrə lazımi təcrübələri əldə etmişəm və öyrənməyə davam edirəm. Bütün bunlar özümə inam qazanmağıma, daha məqsədyönlü olmağıma, həm həkim, həm də şəxsiyyət kimi formalaşmağıma səbəb oldu. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Nə istədiyini bilmək və özünə inanmaq. Bunlar varsa, insan hər şeyə nail ola bilər. Önəmli olan insanlığımızı itirməyək. 1news.az
08/02/2017 09:41
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı