“İşgüzar qızlar” adlı yarış keçirilib
Martın 7-də Respublika Uşaq Yaradıcılıq Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “İşgüzar qızlar” adlı yarışma keçirilib. Yarışmada “Gənc dizayner” dərnəyinin üzvləri iştirak edib. Altı tapşırıqdan ibarət olan bu yarışmada iştirakçı gənc qızlar iki komandaya bölünüb. İştirakçılar düymə tikib, gül toxuyub, şeir söyləyib, şəkərburaya naxış vurub, xonça bəzəyiblər. Dərnək üzvlərinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər nümayiş olunub. Sonda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, diplomlarla təltif olunublar.
07/03/2017 16:24
“Novruz mühazirələri” UNEC-də davam edib
Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçirilib. Budəfəki görüşdə UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri Məhiş Əhmədovun “Milli iqtisadiyyat üzrə strateji yol xəritəsi davamlı inkişafa keçid konsepsiyası kimi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə UNEC-in rektoru Ədalət Muradov, universitetin professor-müəllim heyəti, təhsil ekspertləri və tələbələr iştirak ediblər. Məhiş Əhmədov Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək və ondan sonrakı dövr üçün hədəf baxışdan ibarət olduğunu bildirib. Mühazirəçi sənədin təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meylləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin SWOT təhlilini (GZİT- güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələrin təhlili), görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə etdiyini vurğulayıb. Məhiş Əhmədov mühüm sənədin strateji hədəflərini açıqlayıb. Mövzuya Azərbaycan üçün qlobal və regional kontekstdən baxaraq, onilliklər ərzində iqtisadiyyata təsirlərin ilk əlamətlərinin artıq indidən görünməkdə olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
06/03/2017 18:12
Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edib
Martın 6-da təhsil naziri Mikayıl Cabbarov Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, tələbə köçürülməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. *** Təhsil naziri Qəbələ Peşə Məktəbinin yeni tikilən tədris binası ilə tanış olub. Açılışı bu ilin ilk yarısında planlaşdırılan yeni peşə məktəbi kənd təsərrüfatı üzrə ixtisaslı kadr və mütəxəssislər hazırlayacaq. Peşə məktəbində tədris olunacaq proqramların məzmunu BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilmiş “Heyvandarlıq mütəxəssisi” ixtisası və BP tərəfindən həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni ixtisasların hazırlanması" layihələrinə uyğun formalaşacaqdır.
06/03/2017 15:34
Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb
Təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatına təsir etdiyini və ölkəmizdə insan kapitalının formalaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması və ölkəmizdə son dövrdə bütün sahələrdə aparılan islahatlar dövlət–ictimai xarakterli və dövlət–biznes partnyorluğuna əsaslanan yanaşmaların tətbiqini ön plana çəkir. İnkişaf etmiş təhsil sistemlərinin təcrübəsindən aydın olur ki, dayanıqlı inkişafın təmin edilməsi baxımından təhsilin idarəolunması, çatdırılması və təkmilləşdirilməsində iştirak edən tərəflər arasında əlaqələr genişləndirilməli və işəgötürənlərlə sıx əməkdaşlıq qurulmalıdır. İlkin mərhələdə iki sahə üzrə yaradılan Daimi Şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcəkdir. “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şura dərslik və təhsil məzmunu sahəsində problemləri və təklifləri bütün maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərlərinə ən yüksək səviyyədə müzakirə etmək imkanı yaradacaq. “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın rəhbəri təhsil nazirinin müavini Ceyhun Bayramovdur. “Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayacaq. “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevdir. Daimi Şuralar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun fəaliyyət göstərəcək.
06/03/2017 12:25
Fənn müsabiqələri keçirilib
Martın 5-də ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagird iştirak edib. Bu, ötən tədris ilinə nisbətən 5000 nəfər çoxdur. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır. İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.
05/03/2017 15:09
Növbəti “Novruz mühazirələri”
Martın 3-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə növbəti "Novruz mühazirəsi" keçirilib. Budəfəki görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun "Keyfiyyətli və səriştəli ibtidai təhsil müəllimi hazırlığının müasir problemləri" mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti, Bakı şəhərinin ümumi təhsil müəssisələrinin direktor və müəllimləri, təhsil ekspertləri iştirak ediblər. Fərrux Rüstəmov mühazirəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığı məsələlərinə xüsusi diqqət yetirildiyini, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkildiyini vurğulayıb. Fərrux Rüstəmov müəllim əməyinin səciyyəvi xüsusiyyətləri, peşə keyfiyyətləri barədə danışıb, pedaqoji ustalıq anlayışının mahiyyətinə aydınlıq gətirib. Müəllimlərin peşəkarlığının yüksəldilməsi sahəsində görülən işləri təqdir edən Fərrux Rüstəmov ibtidai sinif müəllimi hazırlığının təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirib. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
03/03/2017 19:08
“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı
Martın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib. Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar. Sonra tədbirin rəsmi hissəsində universitetin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə töhfə verməsidir. Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır. Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir. Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov SABAH qruplarında təhsil alan tələbələrin təşəbbüsünü alqışlayıb, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Əli Həsənov tələbələrin bu cür layihələrlə ölkə Prezidentinin rəhbərliyi altında işğaldan azad ediləcək ərazilərimizin bərpası və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu vurğulayıb. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır. Milli Məclisin sədr müavini Bahar Muradova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov layihə münasibətilə tələbələri təbrik edib, onların bu təşəbbüsünün ölkə başçısı tərəfindən aparılan siyasətin məqsədinə tam uyğun olduğunu bildirib. Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə laqeyd yanaşmadığını, vətənpərvərlik və təəssübkeşliyin bariz nümunəsi olduğunu bildirib. Təhsil naziri tələbələrin yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayaraq bu layihənin tələbələrimizin potensialından xəbər verdiyini diqqətə çatdırıb. Layihənin yüksək təqdimatından xüsusi məmnunluğunu bildirən Mikayıl Cabbarov, bunun Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarında təhsil alan tələbələrin biliyi və əməyi nəticəsində ərsəyə gəldiyini deyib. Nazir bildirib ki, SABAH qrupları 3 il əvvəl ali təhsildə yenilikçi mühitin formalaşdırılması, savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin yetişdirilməsi, kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Sonda AzMİ-nun rektoru Gülçöhrə Məmmədova universitetin professor və müəllim heyəti adından qonaqlara təşəkkür edib.
03/03/2017 14:16
“Olimpiya Hərəkatı - 2017” lahiyəsi çərçivəsində yarışlara start verilib
“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin rayondaxili yarışlarına start verilib. Yarışlarda Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsinin komandaları idmanın voleybol, basketbol, badminton, veloidman və atletika növləri üzrə mübarizə aparacaqlar. Yarışların məktəbdaxili mərhələsinə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu üzrə 406 ümumtəhsil məktəbindən 90 minə yaxın məktəbli qatılıb. Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi respublika birinciliyinin məqsədi məktəblilər arasında ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək və olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.
03/03/2017 13:13
“SABAH” İnnovasiya Forumu keçirilib
Martın 2-də SABAH qruplarının təşkilatçılığı ilə “SABAH” İnnovasiya Forumu keçirilib. “SABAH” İnnovasiya Forumunun məqsədi bu il məzun olacaq SABAH qrupları tələbələrinin inkişaf istiqamətlərindən biri olan startap və sahibkarlıq sahəsində fəaliyyətlərinə dəstək olmaqdır. Forumda ötən il yaradılmış və “Microsoft” şirkətinin “İmagine Cup” 2016 müsabiqəsinin milli finalının, İKT Fondunun qrant müsabiqəsinin qalibi olan SABAH “Techsos” komandası öz layihələri haqqında məlumat verib və təcrübələrini bölüşüb. Daha sonra Bakı Dövlət Universitetini (“Dream Team” və “Agart” komandaları) və Azərbaycan Texniki Universitetini (“Nulls”, “Smart Energy” və “BeTa” komandaları) təmsil edən 6 SABAH startap komandası layihələrini təqdim edib. Layihələr münsiflər heyəti tərəfindən xüsusi meyarlara əsasən qiymətləndirilib. Forumda tərəfdaş şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələri aparılıb, tələbələrin informasiya texnologiyaları sahəsində sualları cavablandırılıb. Təhsil nazirinin müavini Ceyhun Bayramov forumda çıxış edərək SABAH qrupları haqqında məlumat verib və tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra nazir müavini forum çərçivəsində keçirilmiş startap müsabiqəsinin qalibi olan Bakı Dövlət Universitetinin “Dream-team” komandasına mükafatı təqdim edib. Qeyd olunub ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Layihənin əsas məqsədi ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərir və 2.300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ilində SABAH qruplarında 45 ixtisas üzrə 750-ə yaxın tələbə məzun olacaq. Diqqətə çatdırılıb ki, “SABAH” İnnovasiya Forumu SABAH Karyera Akademiyası çərçivəsində reallaşdırılır. SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin (işə qəbul, magistratura, startap və elmi araşdırma) müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
02/03/2017 22:25
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib. 3 gün davam edən qiymətləndirmədə 3616 nəfər müəllim iştirak edib. Bu da regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 faizini təşkil edir. 15 istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb. Pedaqoji heyətə 90 dəqiqə ərzində 60 sual təqdim olunub. Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsi üçün imtahan nəticələri nəzərə alınacaqdır.
02/03/2017 17:42
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı