Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin məlumatı
2013-cü ildən dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi fəaliyyət göstərir. Mərkəz Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və onun elmi irsi üçün xüsusi və mühüm əhəmiyyət daşıyır. Elmi mərkəzin yaradılmasının təşəbbüskarı və onun Azərbaycan tərəfdən rəhbəri AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevadır. Mərkəzin Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq fakultəsinin professoru, Edmund Hersiqdir. Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Hal-hazırda Mərkəz Oksford Universiteti tərəfindən tərtib və təsdiq edilmiş 5 illik elmi-tədris proqram üzrə kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərir. Həmçinin Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intelektual birliyi ilə əlaqələr yaratmağa çalışır. Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi yarandığı gündən Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı onun ilkin partnyoru olmuş və həmin mərkəzlə ən sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Belə ki, MDU-nun Bakı filialı Azərbaycanda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatlar üçün də yeganə əlaqə mərkəzidir. MDU-nun Bakı filialında bu funksiyanı yerinə yetirən “Oxford Room” adlı xüsusi şöbə mövcuddur. Şöbə Mərkəzin fəaliyyəti ilə maraqlanan, onun ali missiyasına köməklik göstərmək istəyən təhsil və elm müəssisələrini, fiziki və hüquqi şəxsləri Mərkəzin fəaliyyəti haqqında informasiya ilə təmin edir. Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinə edilən bütün birbaşa müraciətlər “Oxford Room” şöbəsinə göndərilir və burada ilkin baxışdan keçirilir. Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyəti haqqında bütün məsələlərlə əlaqədar aşağıdakı ünvana müraciət edə bilərsiniz: Lomonosov adına MDU-nun Bakı filialı, “Oxford Room”. AZ 1144, Azərbaycan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1. Tel/fax : (+994 12)598 97 39 ; mob (+994 55) 222 98 87 e-mail: oxfordroom@msu.az; nizami.ganjavi@orinst.ox.ac.uk http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home
02/03/2017 15:42
Fevral ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 15 693 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 15693 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12687 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3006 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1283 sənəd (659 məktub, 401 ərizə, 223 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, müəllimlərin işə qəbulu, müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 018 zəng) və çərşənbə axşamı (2 700 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (808 müraciət) və çərşənbə axşamı (635 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
02/03/2017 11:40
Birinci vitse-prezident Mehriban Əliyeva Türkan qəsəbəsindəki 6 nömrəli xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub. Xüsusi internat məktəbi 1979-cu ildən fəaliyyət göstərir. 2005-2006-cı tədris ilindən internat məktəbi ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyətdədir. Birinci vitse-prezident Mehriban Əliyeva bu məktəbdə də yaradılan “Sağlam təhsil sinfi” ilə yaxından tanış oldu, aparılan tədris üsulları ilə maraqlandı. Məlumat verildi ki, burada sağlamlıq imkanları məhdud uşaqların biliklərə yiyələnməsi üçün lazımi şərait yaradılıb, müəssisə xüsusi avadanlıq və inventarla təchiz edilib. Bu isə öz növbəsində həmin sinifdə təhsil alan uşaqların müxtəlif yarışlarda iştirakını təmin edir. Ümumilikdə “Sağlam təhsil sinifləri” ölkəmizin 35 məktəbində fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti “Sağlam təhsil sinfi”ndə təhsil alan uşaqlara uğurlar arzuladı. Hazırda məktəbdə 176 şagird təhsil alır və onlardan 88 nəfəri müəssisədə yaşayır. Şagirdlər 15 sinif üzrə qruplaşdırılıb. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 101 nəfərdən ibarət işçi heyət məşğul olur. İnternat məktəbinin maddi-texniki bazası nəzərə alınaraq 2008-2009-cu tədris ilindən əmək dərslərində “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. İnternat məktəbinin şagirdləri ümumi təhsil almaqla yanaşı, Azərbaycan dekorativ xalq tətbiqi sənətinin çox qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq sənətinə yiyələnirlər. İnternat məktəbinin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu internat məktəbində Fondun təşəbbüsü ilə aparılan əsaslı təmirdən sonra 2014-cü il sentyabrın 15-də müəssisənin açılışında iştirak edib. Yenidənqurma işlərindən sonra məktəb kompleksində 4 korpus, 3 açıq tipli idman stadionu, 1 qapalı idman zalı istifadəyə verilib. Üçmərtəbəli böyük tədris korpusu, ikimərtəbəli tədris-istirahət korpusu, ikimərtəbəli məişət korpusu və birmərtəbəli yardımçı korpus məktəblilərin təhsil və müalicəsinə xidmət edir. İnternat məktəbi ilə tanışlıqdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsinin sakinləri ilə görüşdü. AZƏRTAC
02/03/2017 10:17
Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. Yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin “Rəşadətli Azərbaycan Ordusu” fotostendi də var. Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra şəhadətnamə alırlar. Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki, buradakı uşaqların işlərinin gələcəkdə beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakı nəzərdə tutulur. Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya filminə baxdı. Xüsusi təhsil proqramları ilə yanaşı, şagirdlər məktəbin tədris emalatxanalarında tikiş, naxışvurma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Şagirdlər, həmçinin məktəbdə “Bacarıqlı əllər” və rəsm dərnəklərində məşğul olurlar. İnternat məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur. Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə hədiyyəsi təqdim etdilər. Sonra xatirə şəkli çəkdirildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə məktəbin yataq və tədris korpusu əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidenti həmin il təmirdən sonra məktəbin açılışında, həmçinin kimsəsiz məzunlar Nərgizlə Vüqarın və Ceyranla Fərhadın məktəbdə keçirilən toy məclisində iştirak edib. 2013-cü ildə isə Fondun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub. 2004-2005-ci tədris ilindən internat məktəbinin nəzdində ümumtəhsil sinifləri açılıb və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, çətin həyat şəraitində və risk qrupuna daxil olan ailələrin uşaqları da təhsilə cəlb edilib. Hazırda müəssisədə 787 nəfər şagird ümumtəhsil siniflərində biliklərə yiyələnir. İnternat məktəbi Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdə də fəal iştirak edir. 2016-2017-ci tədris ilindən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində müəssisədə bir "Sağlam təhsil sinfi" yaradılıb. Əsaslı yenidənqurma işləri çərçivəsində internat məktəbinin tədris korpusu da müasir səviyyədə təmir edilib. Burada Ulu Öndərin büstü qoyulub, fizika, kimya, biologiya laboratoriyaları şagirdlərin ixtiyarına verilib. Korpusun kitabxanası, dərs və kompüter otaqları, həmçinin idman zalı da müasir səviyyədə qurulub. AZƏRTAC
02/03/2017 09:50
Fənn müsabiqələri keçiriləcək
Martın 5-də ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagirdin iştirakı gözlənilir. Bu, ötən tədris ilinə nisbətən 5000 nəfər çoxdur. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır. İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.
01/03/2017 14:09
Növbəti “Novruz mühazirələri” keçirilib
Fevralın 28-də Bakı Dövlət Universitetində növbəti “Novruz mühazirəsi” keçirilib. Mühazirədə BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevanın “Kiçik zərrələrin böyük qüdrəti: Nanotexnologiyalar” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, AMEA-nın müvafiq institutları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. BDU-nun rektoru Abel Məhərrəmov cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanını yaradan “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb. Dosent Flora Hacıyeva mühazirəsində XXI əsrin texnologiyası hesab olunan nanotexnologiya, onun tarixi, inkişaf xronologiyası, dünyada əsas tətbiq imkanları, o cümlədən BDU-da bu sahənin inkişafı və əldə edilən nəticələr barədə məlumat verib. Bildirib ki, universitetdə bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşıb, alimlərin araşdırmaları dünyanın bu istiqamətdə tədqiqat aparan mərkəzlərində çalışan mütəxəssislər, o cümlədən BDU-da mühazirə deyən Nobel mükafatları laureatları tərəfindən yüksək qiymətləndirilib. Mühazirəçi, eyni zamanda, nanotexnologiyanın hərbi sənaye, tibb, ekologiya sahələrində tətbiqi, nanorobotların gələcək fəaliyyəti, ətraf mühitin qorunmasında robototexnikanın rolu, nanotoksikologiya ilə alınan məhsulların artması, tətbiq sahələrinin genişlənməsi, xüsusilə ətraf mühitin qorunması və tibbi praktikada tətbiqi, aviasiya və kosmonavtikada istifadəsindən bəhs edib. Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb Təhsil nazirinin müavini Firudin Qurbanov “Novruz mühazirələri”nin əsas məqsədinin təhsil və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi olduğunu bildirib və Flora Hacıyevanın mühazirəsini yüksək qiymətləndirib.
28/02/2017 18:58
Təhsil naziri Ukrayna nümayəndə heyətini qəbul edib
Fevralın 28-də təhsil naziri Mikayıl Cabbarov Ukrayna təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
28/02/2017 17:54
Almaniyada təhsil alan azərbaycanlı tələbə: “Xaricdə təhsil sayəsində hədəflərim genişləndi” - Uğur formulu
Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nurdan Həsənzadədir. Nurdan Həsənzadə 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 160 saylı Klassik Gimnaziyada alıb. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Hazırda təhsilini Almaniyanın Berlin Humboldt Universitetində müalicə işi ixtisası üzrə davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Mən təhsilimi daha da təkmilləşdirmək məqsədilə bu seçimi etmişəm. Aldığım təhsildən tam məmnunam. İnteraktiv təhsil sistemi, distant təhsil texnologiyalarından aktiv istifadə, çoxsaylı təcrübələr, təhsilin ilk vaxtlarından pasiyentlərlə həftəlik kursların təşkili, təcrübəli müəllim heyəti, müasir standartlara cavab verən tibbi laboratoriyaların mövcudluğu tədrisin keyfiyyətini daha effektiv edir və səmərələliyini artırır. Bununla yanaşı, ölkə xaricində təhsil mənə müxtəlif ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağa geniş imkan yaradır, eyni zamanda dünyagörüşümü daha da şaxələndirir, bu isə özü-özlüyündə qiymətsiz bir təcrübəyə çevrilir. - Niyə məhz bu ixtisası seçdiniz? - Bu peşənin tələb etdiyi zirvədə məqam tutmaq yüksək iradə, səbr və fədakarlıq tələb edir. Hələ erkən vaxtlarımdan həkim kimi çalışan anamın iradəsindən güc alaraq təbabət sahəsində təhsil almağa qərar vermişdim. Mütəmadi olaraq valideynlərimin çalışdığı tibb müəssisəsinə baş çəkməyim, iş prosesini yaxından müşahidə etməyim, habelə təbiət elmlərinə olan marağım bu sahəyə olan sevgi və həvəsimi daha da artırdı. Bundan sonra birmənalı olaraq həkim olmaq qərarını qətiləşdirdim. - Fərqli ölkə və təhsil mühiti gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayırdınız? - İmtahanın daha təkmil formada həyata keçirilməsini, nəzəri-metodiki biliklərin aşılanması ilə yanaşı onların praktiki tətbiq edilməsini istərdim. - Oxuduğunuz ali məktəbdə müəllim - tələbə münasibəti necədir? - Müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulub.Tələbələr daha sərbəstdirlər. Auditoriyada, dəhlizdə müəllimlərlə tələbələrin münasibəti çox səmimidir. Bütün bunlar da təhsilin keyfiyyətinə təsir edən amillərdəndir. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Çalışdığım qədər hər il ölkəmizə aid xüsusi günlərdə, bayramlarda burada təhsil alan həmyerlilərimizlə bir araya gəlib, tədbirlər keçiririk və bu proseslərdə fəal iştirak edirik. Azərbaycan deyəndə hamı tanıyır, amma fürsət düşdükcə dilimiz, adətlərimiz, milli yeməklərimiz haqqında dolğun məlumat verirəm. - Daha çox hansı çətinlikləriniz olub? - Əlbəttə ki, ilk başlarda illərcə formalaşmış sistemə öyrəşmək çətin olurdu. Azərbaycanla müqayisədə burada tədrisə münasibət tamam fərqlidir. Gəldiyin ölkənin adət-ənənələrinin müxtəlifliyi, o cümlədən ilk vaxtlarda dil səddinin mövcud olduğunu nəzərə alsaq, adaptasiya prosesi müəyyən vaxt tələb etdi. Artıq 4 ildir burada yaşadığım üçün çətinliklərin çoxunu dəf etmişəm. - Universitetdə əcnəbi tələbələrlə münasibətdən razısınızmı? - Burada xarici və yerli tələbələr arasında heç bir fərq yoxdur. Hər şey dostluq və bərabərlik prinsiplərinə əsaslanır. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Xaricdə təhsil özümə olan güvəni artırdı, daha məsuliyyətli etdi. Hədəflərim genişləndi, qarşımdakı maneələr azaldı, önəm daşıyan faktorlardan biri olan vaxt bölgüsünün düzgün aparılmasını öyrəndim. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Burada gördüyüm təhsil mühiti və keyfiyyət baxımından yanaşdıqda, Azərbaycanda da eyni səviyyənin təmin edilməsi üçün sistemli yanaşma əsasında davamlı tədbirlərin keçirilməsinə ehtiyac olduğunu düşünürəm. - Asudə vaxtınızda nə işlə məşğul olursunuz? - Asudə vaxtlarım çox məhdud olur. Odur ki, asudə vaxtımı əsasən, ailəmlə internet vasitəsilə əlaqə saxlamağa, həmçinin doktorluq dissertasiyamla əlaqədar tədqiqat işlərinin aparılmasına sərf edirəm. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Təhsilimi başa vurduqdan sonra əlbəttə ki, mütləq vətənimə dönəcəyəm. Burada qazandığım bilik və təcrübəni ölkəmizdə tətbiq etməyi qarşıma məqsəd qoymuşam.Tibbin ən yeni və inkişafda olan sahələrindən biri olan invaziv radiologiya üzrə həkim-mütəxəssis kimi fəaliyyətimi davam etdirməyi hədəfləmişəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Azərbaycan gənclərini daha çox motivasiyalı görmək istərdim. Qarşıya qoyulmuş məqsədlərin pik nöqtəsinə çatmaq üçün var-qüvvələrini ortaya qoyub üzərlərində çalışmalıdırlar. 1news.az
28/02/2017 11:43
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək
28 fevral – 2 mart tarixlərində regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək. Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsində qiymətləndirmənin nəticələrindən istifadə olunacaq. Qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılacaq. Pedaqoji heyətin 60 sualı cavablandıracağı qiymətləndirmənin müddəti 90 dəqiqə müəyyən edilib. Qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək (Ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5 (Elmlər Akademiyası metro stansiyasının yaxınlığı). Qiymətləndirmənin bölgələr üzrə keçirilmə qrafiki
27/02/2017 15:40
“Təhsil” Respublika İdman Mərkəzinin idmançıları qalib olub
Ağır atletika idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda idman klubları, məktəbləri və cəmiyyətlərindən ümumilikdə 150-yə yaxın idmançı iştirak edib. Çempionatda çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin ağır atletika üzrə yığma komandasının üzvləri ümumilikdə 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Birinciliyin keçirilməsində məqsəd perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması olub.
27/02/2017 14:35
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı