Pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində “Tvininq” layihəsi çərçivəsində təqdimat keçirilib. Təqdimatda ali təhsil müəssisələrinin inkişafına dəstək göstərəcək yeni akkreditasiya standartlarının sınaqdan keçirilməsi ilə bağlı pilot qiymətləndirmənin nəticələri açıqlanıb. Qiymətləndirmə Finlandiya və Estoniyadan olan ali təhsil ekspertləri, eləcə də yerli mütəxəssislərin iştirakı ilə aprel ayında həyata keçirilib. Pilot qiymətləndirmənin həyata keçirilməsi üçün bir ilə yaxın hazırlıq işləri həyata keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə birgə Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tələbləri əsasında yeni qiymətləndirmə standartları hazırlanıb. Ali təhsil müəssisələlərinin əməkdaşlarının özünütəhlil hesabatını hazırlamaları üçün xarici ekspertlər tərəfindən üç mərhələdən ibarət təlimlər keçirilib. Qeyd edək ki, təqdim edilən hesabatlar pilot ali təhsil müəssisələrinin rəhbərliyi ilə müzakirə edilib, fikir və mülahizələr dinlənilib. Yeni akkreditasiya standartlarının Azərbaycan ali təhsil müəssisələrinin strateji inkişafına və keyfiyyət təminatı sisteminin yaradılmasına xidmət edəcəyi vurğulanıb. Həmçinin may ayında Azərbaycan Texniki Universitetində yeni akkreditasiya standartları əsasında keçirilən qiymətləndirmə prosesinin təşkilinin təhlil edilməsi və onun təkmilləşdirilməsi məqsədi ilə, eləcə də bu standartların ali təhsil müəssisələrində tətbiqi təcrübəsinə dair xarici və yerli ekspertlərlə birgə seminar da təşkil olunub.
09/06/2017 12:50
“Rəngli kvartet” rəsm sərgisi
Xətai Sənət Mərkəzində Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dörd istedadlı gənc rəssamı – Dəniz Quliyeva, Ayaz Nəcəfli, Gülay Əsədova və Hüseyn Cabbarovun “Rəngli kvartet” adlı rəsm sərgisi keçirilib. Bir çox müsabiqə və sərgilərin iştirakçıları olan bu rəssamların “Rəngli kvartet” ilk sərgisində müxtəlif mövzularda – nağıllar, heyvanlar aləmi, portret və digər mövzularda 50-yə yaxın rəsm əsərləri nümayiş olunub. Sərgidə valideynlər, dərnək üzvləri, balaca rəssamların təhsil aldıqları məktəblərin müəllim və şagirdləri iştirak edib. İstedadlı rəssamlara Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplom və hədiyyələr təqdim olunub. Sonda mərkəzin bədii kollektivləri öz maraqlı çıxışları ilə balaca rəssamları təbrik ediblər.
09/06/2017 11:24
Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə
Bakı şəhərindəki ümumi təhsil müəssisələrində “Narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “ Siqaretə yox deyək” və digər mövzularda “Dəyirmi masa”, seminar, mühazirələr təşkil edilib. Tədbirlərdə şagirdlər, valideynlər, müəllimlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir. Məktəblilərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün aparılan işlərdən bəhs olunan tədbirlərdə Azərbaycanda 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının, digər zərərli vərdişlərlə bağlı mövcud qanunvericiliyin və bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə qəbul edilmiş qərarların tələbləri ilə əlaqədar atılan addımlar diqqətə çatdırılıb. Tədbirlərdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilib, videoçarxlar nümayiş olunub. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.
08/06/2017 15:30
Müəllimlərin yerdəyişməsinin ilk mərhələsi başa çatıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb. Mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib. Bununla bağlı məlumat isə həmin müəllimlərin “Şəxsi səhifə”lərinə göndərilir. Məlumat üçün qeyd edək ki, proqram təminatında hər bir namizəd öz sosial statusuyla bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırmalı və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət etməlidir. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrupda dəyərləndirilərək müvafiq qərar qəbul edilir. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınır. Yerdəyişmə ailə vəziyyəti və yaxud səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilir. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. 8-12 iyun tarixlərində bir rayon (şəhər) məktəbindən başqa (rayon) şəhər məktəbinə yerdəyişmə də proqram təminatı vasitəsi ilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçiriləcək.
07/06/2017 17:52
Təhsil naziri Finlandiyanın Azərbaycan Respublikasındakı səfirini qəbul edib
İyunun 7-də təhsil naziri Mikayıl Cabbarov Finlandiyanın Azərbaycan Respublikasındakı səfiri Arya Makkoneni qəbul edib. Görüşdə Azərbaycan və Finlandiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
07/06/2017 17:02
“Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi
İyunun 7-də “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, dövlət və özəl qurumların əməkdaşları, Avropa İttifaqının, Avropa Komissiyasının rəsmiləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunub, yoxsulluğun səviyyəsi minimuma enib və ölkəmiz orta gəlirli ölkələr sırasında yer tutub. Nazir peşə təhsilinin əmək bazarına ən yaxın təhsil sahəsi olmaqla ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətindən danışaraq qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi dövlət-biznes əməkdaşlığına əsaslanan, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödəyə bilən və müasir iqtisadi çağırışlara çevik cavab verən peşə təhsili sisteminin yaradılmasına təkan verib. Layihənin əsas hədəflərinin peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına hüquqi dəstəyin göstərilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi olduğunu deyən Mikayıl Cabbarov bu layihənin peşə təhsilinin inkişafına öz layiqli töhfəsini verəcəyinə ümid etdiyini vurğulayıb. Peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışan təhsil naziri bildirib ki, Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 Dövlət Peşə Təhsili mərkəzlərində birləşdirilib. Qəbələ şəhərində fəaliyyət göstərən 2 peşə təhsili müəssisəsinin bazasında turizm və kənd təsərrüfatı profilləri üzrə ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mikayıl Cabbarov şəffaflığın təmin edilməsi məqsədilə ötən tədris ilindən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun “ASAN Xidmət” mərkəzləri tərəfindən aparıldığını və 2017-ci tədris ilindən başlayaraq bu prosesin “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Tədbirdə Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Regionu məsələləri üzrə direktoru Laurens Meredit əsas diqqəti gənclərin inkişafına ayırmaqla Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə perspektivlərindən, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı və Azərbaycan arasında təlim və təhsil sahəsində əməkdaşlıqdan, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycanda peşə təhsili sahəsində qanunvericilik islahatlarından və son illərdə peşə təhsilinə göstərilən diqqətdən danışıb. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev layihənin əhəmiyyətini və Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərin icrasında böyük rol oynayacağını vurğulayıb. Layihənin rəhbəri Herman Sonneveld layihənin məqsədi və planlaşdırma barədə danışıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.
07/06/2017 13:07
Təhsil İnstitutu yay olimpiada düşərgəsi təşkil edəcək
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək. Düşərgə iyunun 16-dan iyulun 16-dək Fizika, riyaziyyat və informatika təmayüllü liseydə reallaşdırılacaq. Yay olimpiada düşərgəsi həftənin 3 günü, hər gün 3 saat olmaqla həyata keçiriləcək. Düşərgədə məşğələlər ilkin olimpiada hazırlıq işini bilən mütəxəssislər tərəfindən aparılacaq. Yay olimpiada düşərgəsində V-VI və VII-VIII siniflər bir yerdə olmaqla məşğələlər aparılacaq. Sonda şagirdlərlə kiçik müsabiqə keçiriləcək və yay düşərgəsinin qalibləri müəyyənləşdiriləcək. Həmçinin məktəblilərə öncədən müəllimlər tərəfindən hazırlanan yay tapşırığı toplusu təqdim ediləcək. Yay olimpiada düşərgəsində iştirak edən bütün şagirdlərə sonda sertifikatlar veriləcək.
07/06/2017 11:34
Azərbaycan məktəbliləri beynəlxalq turnirdə uğur əldə edib
Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər. Kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb. Yarışda I yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gürcüstandan olan həmyaşıdları üzərində qələbə qazanıb. Turnirdə həmçinin, "Ankara məktəbi" məktəb-liseyinin 1 şagirdi II, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 1 yetirməsi III yerə layiq görülüb. Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar. Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan və Ermənistandan olan idmançılar mübarizə aparıblar.
07/06/2017 10:30
“Olimpiya Hərəkatı-2017” layihəsi çərçivəsində respublika birinciliyinin bağlanış mərasimi
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2016-2017-ci tədris ilində həyata keçirilən “Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin final oyunları və mükafatlandırma mərasimi keçirilib. Təşkilatçı qurumların rəhbər şəxsləri, millət vəkilləri, olimpiya çempionları, idman növləri üzrə federasiyaların rəhbərləri və digər rəsmi qonaqların iştirak etdiyi mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, "Azərbaycan Coca-Cola" şirkətinin baş direktoru Erdinc Güzel çıxış edərək qalib məktəbliləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, layihəyə növbəti tədris ilindən daha çox məktəblinin qatılacağına ümid etdiklərini bildiriblər. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bu layihənin şagirdlərin sağlam həyat tərzi seçmələrinə, idmana olan maraqlarının daha da artmasına müsbət təsirindən, məktəblilər arasında dostluq, birlik, əzmkarlıq kimi keyfiyyətlərin aşılanmasındakı əhəmiyyətindən danışıb və qalibləri təbrik edib. Daha sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok, diplom, medal, həvəsləndirici mükafatlar təqdim olunub. Final yarışlarının nəticəsinə görə velosiped idmanı növü üzrə Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin komandası I, Xətai rayonu 29 nömrəli tam orta məktəbin komandası II, Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin komandası III, atletika idman növü üzrə Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandası I, "Ankara məktəbi" məktəb-liseyinin komandası II, Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası III, badminton idman növü Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin komandası I, Yasamal rayonu 186 nömrəli tam orta məktəbin komandası II, Xətai rayonu 260 nömrəli tam orta məktəbin komandası III, voleybol (2x2) idman növü üzrə Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası I, Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin komandası II, Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası III, basketbol (3x3) idman növü üzrə Nizami rayonu 220 nömrəli tam orta məktəbin komandası I, Xətai rayonu 17 nömrəli tam orta məktəbin komandası II, "Ankara məktəbi" məktəb-liseyinin komandası III yeri tutub. Mərasimdə Təhsil Nazirliyin Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri bədii proqramlarla çıxış ediblər. Qeyd edək ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əmri, Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilən “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növləri üzrə keçirilib. Yarışlara Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu əhatə olunmaqla 406 məktəbdən 90 minə yaxın məktəbli qatılıb. “Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.
06/06/2017 17:39
“Muzey ayı” proqramı həyata keçirilib
“Muzeylər və İslam həmrəyliyi” adı altında “Muzey ayı” proqramı həyata keçirib. Proqram Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir. Muzey ayı proqramında Bakı şəhərindəki ümumtəhsil məktəblərinin şagirdləri paytaxtda fəaliyyət göstərən 16 aparıcı və 11 xatirə, ev, memorial ev muzeylərinə ekskursiyada olublar. Bu ekskursiyada 4269 məktəbli muzeylərin kolleksiya fondu ilə tanış olub. “Muzey ayı” proqramına Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi, Azərbaycan Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, H.Zərdabi adına Təbiət Tarixi Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, eləcə də daha 15 muzey və ev-muzeyi qoşulub.
06/06/2017 17:06
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı